Məhkəmə qərarları › İş №1(006)-550/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-550/2025

03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-550/2025 03.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1995-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,116 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, atası X3 05 aprel 2025-ci il tarixdə DİN-in “102” xidmətizəng mərkəzi sisteminə verdiyi məlumat əsasında Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15:48-də ünvan 3 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan gödəkçənin cibindən 01 bükümdə təmiz çəkisi 1,116 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 aprel 2025-ci il tarixdə səhər saatlarında Papanin adlanan ərazidə olarkən orada tanımadığı, lakin narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxslə rastlaşmışdır. Ondan bir büküm psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs ona 10 manat qarşılığında sellofan kəsiyində olan metamfetamini satmış və o həmin bükümü əynində olan gödəkçənin sağ yan cibinə qoyub münasib vaxtda istifadə etmək məqsədi ilə saxlamışdır. Bundan sonra yaşadığı evə getmişdir. Evdə olarkən ağrıları olduğu üçün əldə etdiyi maddədən istifadə etmək istəmişdir. Ancaq atası X7 onun yaxşı olmadığını görmüş və narkotik vasitə istifadə etmək istədiyindən şübhələnmişdir. Evdə onu danlayacağını görüb evdən çıxmışdır. Gedərkən əldə etdiyi psixotrop maddəni də özü ilə aparmışdır ki, münasib vaxtda istifadə edə bilsin. Buna baxmayaraq bir müddət sonra saat 15:40 radələrində Nəsimi rayonu, 20 Yanvar küçəsi 24 ünvanında piyada hərəkət edərkən üç nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu söyləmişdirlər. Ardınca qanunla nəzərə tutulmuş hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkilişdən istifadə etməklə ondan üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet olub-olmamasını soruşmuşdurlar. O, əynində olan gödəkçənin sağ yan cibində saxladığı şəffaf sellofan kəsiyində həmin gün əldə etdiyi bir büküm psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən üzərində başqa əşya və predmet olub-olmaması yoxlanılmış və əlavə nəsə olmadığı müəyyən edilmişdir. Təqdim etdiyi büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq götürüldükdən sonra o Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində olarkən saxlandığı yerdə təqdim etdiyi bükümə videoçəkilişdən istifadə olunmaqla təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Daha sonra təqdim etdiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilib möhürlənmişdir. Müvafiq sənədləşmədən sonra ona dövlət hesabına müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonradan həmin bükümün içərisindəki maddənin 1,116 qram çəkidə psixotrop maddə metamfetamin olduğu məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən ona elan olunmuşdur. O, psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin maddədən kiməsə verməmiş və ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. 05 aprel 2025-ci il tarixdə səhər saatlarında Papanin ərazisində psixotrop maddə metamfetamin əldə etdiyi şəxsin anket məlumatlarını bilmir və onun haqqında hansısa məlumatı yoxdur. Ancaq onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bilir. Həmin şəxs özü haqda ona nəsə bildirməmişdir. Habelə həmin şəxsin mobil telefon nömrəsini bilmir və sonuncu ilə heç vaxt telefon əlaqəsi saxlamamışdır. Saxlanılarkən və ya saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zor və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə xidmət etdiyim şöbəyə DİN-nin 102 xidməti-zəng mərkəzi sistemi vasitəsi ilə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və üç nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri özü, digər üzvləri isə Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X6 ilə sahə inspektoru, polis kapitanı X8 olmuşdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs 05 aprel 2025-ci il tarixdə saat 15:48-də ünvan 3 ünvanında görüb saxlamışdırlar. Xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan tərəflərindən saxlandığını elan etmişdirlər. Ona hüquq və vəzifələrini izah etdikdən sonra üstünü yoxlamaq zərurətini bildirmişdirlər. Bununla əlaqədar ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs isə bu təklifləri ilə əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra üstünü yoxlamış və əlavə qanunsuz hər hansı əşya, predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs cibindən çıxardığı bükümün nə olduğunu soruşduqda o, bükümün içərisində “metamfetamin” adlandırılan psixotrop maddə olduğunu, onu tanımadığı şəxsdən öz istifadəsi məqsədi ilə aldığını etiraf etmişdir. Həmin büküm tərəflərindən qablaşdırılaraq götürüldükdən sonra çəkiliş yekunlaşmış və onlar birlikdə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin inzibati binasına getmişdirlər. Orada müvafiq qaydada əməliyyat-axtarış tədbirinin keçirilməsi və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair tərəfindən protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırmanın davam etdirilməsi Nəsimi RPİ-nin 19-cu PŞnin təhqiqatçısı, polis mayoru X10 tapşırılmış və o, Təqsirləndirilən şəxs təqdim etdiyi, qablaşdırılmış bükümə özünün, əməliyyat müvəkkili Elton Zeynalov, sahə rəisi Mobil Şahbazov və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. X15 həmin bükümün içərisində ağ rəngli kristallik psixotop maddə metamfetaminə bənzər maddə olduğunu müəyyən etdikdən və Təqsirləndirilən şəxs həmin bükümü özünün təqdim etdiyini təsdiqləməsindən sonra sözügedən bükümü ekpertizaya göndərmək məqsədi ilə yenidən qablaşdırmaqla götürmüşdür. Özü də daxil olmaqla iştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş yekunlaşmış və istintaq hərəkəti protokollaşdırılaraq o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində şübhəli olduğundan Bakı şəhəri 14 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, üstü yoxlanılarkən, eləcə də şöbəyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 05 aprel 2025-ci il tarixli, 3-16-16/2-6/1280 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №187” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,116 qram olan kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X17 Ambulator X1 haqqında 07 aprel 2025-ci il tarixli, 1918 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanseri qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1995-ci ildə Biləsuvar rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 05 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı Rəşad Nuri tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. - Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan palıdı rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofanda olan ağ rəngli, kristallik, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlanılan zaman əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən 1 ədəd “vinçester” markalı siqaret qutusu, əynində olan mavi rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd əl dəsmalı aşkar edilmişdir. Ardınca aşkar olunan psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış, götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddənin metamfetamin olmasını bildirmişdir. Üstünü yoxlama ünvan 3 ünvanında keçirilmişdir. Üstünü yoxlama zamanı «Samsung» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. -Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə baxış keçirilmiş, zərfdə qablaşdırılmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 bükümdə kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu aşkar edilmişdir. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Bir ədəd DVD diskə “HP” markalı kompüterdə baxış keçirilmiş, həmin görüntüdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı «Samsung» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi İsaq Həsənov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 1,066 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi 11 saat üçün nəzərdə tutulan 121 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 1,066 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi 11 saat üçün nəzərdə tutulan 121 (bir yüz iyirmi bir) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar