Məhkəmə qərarları › İş №1(006)-555/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-555/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-555/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, 24.09.2021-ci il tarixdə, saat 18:30 radələrində, ünvan 3 ünvanının qarşısında, yolun hərəkət hissəsində dayanmış vəziyyətdə olan, zərərçəkmiş Zərərçəkmiş şəxs idarə etdiyi, Lexus markalı ** RJ *** dövlət nömrə nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək, ön sağ oturacağın üzərindən, ona məxsus olan boz rəngli dəri materialdan hazırlanmış, üzərində marka və model yazısı olmayan pulqabını, qəsdən, tamah niyyəti ilə gizli şəkildə talayaraq, 1150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, daimi iş yeri olmadığı üçün, etibarnamə ilə idarə etdiyi Saipa markalı ** GE *** dövlət nömrə nişanlı avtomobil ilə fərdi olaraq taksi faəliyyəti ilə məşğul olur və Səməd Vurğun parkının yanında dayanır. 24.09.2021-ci il tarixdə, köhnə “Bakı Mehmanxanasının” yanında dayanıb müştəri gözləyən zaman, qara rəngli Lexus markalı ** RJ *** dövlət nömrə nişanlı avtomobilin xanım sürücüsü ilə digər avtomobilin xanım sürücüsü arasında mübahisə yaranmış, Lexus markalı avtomobilin sürücüsü avtomobildən düşüb, digər avtomobilin sürücüsünə yaxınlaşan zaman, həmin xanımın, öz avtomobilinin mühərrikinin işlək vəziyyətdə, qapılarının isə bağlamadan uzaqlaşdığını görmüşdür. Maddi durumu ağır olduğu üçün, həmin avtomobildən oğurluq etmək qərarına gəlmiş və o həmin Lexus markalı ** RJ *** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşmışdır. Ətrafdakı şəxslərin diqqətinin həmin mübahisə edən xanımlarda olduğunu görmüş və avtomobilin ön sağ qapısını açaraq, oturacağın üzərində olan boz rəngli pulqabını götürüb həmin yerdən uzaqlaşmışdır. Təxminən 50-100 metr aralandıqdan sonra heç kimin onu görmədiyini və təqib etmədiyini yəqin edib, pulqabının içinə baxmış və orada olan 800 manat, 200 ABŞ dollar pul olduğunu görmüşdür. Təxminən 10-15 dəqiqə sonra geri avtomobilinə yaxınlaşmış və oğurladığı pulları cibinə qoyaraq pulqabını avtomobilin yük hissəsində gizlətmişdir. 25.09.2021-ci il tarixdə axşam saatlarında adəti üzrə Nəsimi parkının yanında taksi kimi dayanıb, müştəri gözləyən zaman polis əməkdaşları ona yaxınlaşmış və onu polis bölməsinə dəvət etdikdə artıq o, etmiş olduğu əməli etiraf etmişdir. İfadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini bildirərək, məhkəmədən yüngül cəzanın təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanan 04 noyabr 2021-ci il tarixli teleqramdan görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Nadir Rza-zadə tərəfindən tərtib edilmiş “Elektron daşıyıcıda olan videogörüntüyə baxış keçirilməsi barədə” 05 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, elektron daşıyıcıda təqdim olunmuş video görüntü ümumilikdə 58 saniyə müddətində baş vermiş hadisləri qeydə almışdır. Görüntülər “Pepsi Market” mağazasının girişində yerləşdirilmiş kamera vasitəsi ilə qeydə alınmışdır. Görüntüdə ünvan 3 ünvanının qarşısında bir nəfər əynində ağ rəngli köynək, tünd rəngli şalvar, əlində kitaba bənzər predmet olan cavan oğlan, mağazanın girişi istiqamətində hərəkət edir, mağazanın qarşısından yola tərəf istiqamət alır, bu zaman yolun hərəkət hissəsində dayanan dövlət qeydiyyat nişanı görüntüyə düşməyən Lexus markalı avtomobilin ön tərəfinə keçib avtomobilə baxır. Daha sonra avtomobilin soluna keçib, avtomobilin salonuna baxır. Bundan sonra avtomobilin qarşısından dönüb, ön sol qapısını açaraq, avtomobilinin salonunun ön hissəsindən dəqiq görsənməyən predmeti götürüb, avtomobilin qapısını bağlayaraq oradan uzaqlaşır. Baxış zamanı vətəndaş Təqsirləndirilən şəxs görüntüdə əynində ağ rəngli köynək, tünd rəngli şalvar olan şəxsin özü olmasını, qapısını açıb pulqabı götürdüyü avtomobilin isə vətəndaş Zərərçəkmiş şəxs məxsus ** RJ *** dövlət nömrə nişanlı Lexus markalı avtomobil olduğunu bildirmişdir (i/v 26-27). Məhkəmə baxışı zamanı qeyd olunan videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 05.10.2021-ci il tarixli “Elektron daşıyıcıda olan videogörüntüyə baxış keçirilməsi barədə” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Nadir Rza-zadə tərəfindən tərtib edilmiş, hal şahidləri X5 və X6 və Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş 05 oktyabr 2021-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 24.09.2021-ci il tarixdə, saat 18:30-da vətəndaş Zərərçəkmiş şəxs məxsus olan Lexus markalı ** RJ *** dövlət nömrə nişanlı avtomobildən oğurlanmış olan, boz rəngli dəri materialdan hazırlanmış, içində “Umico”, “Bazar Store” kartları olan pulqabı təhqiqatçı Nadir Rza-zadə tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi ** GE *** d.n.n-lı avtomobildən götürülmüşdür. Götürmə istintaq hərəkəti baş çatdıqdan sonra tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən protokola hər hansı qeyd, əlavə və ya düzəliş daxil olmamışdır. Protokol iştirakçılar tərəfindən düzgün hesab edilərək imzlanmışdır (i/v 30-35). İş materiallarında olan əşyanın tanınması haqqında 10 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs X1 idarə etdiyi avtomobildən götürülmüş, ona məxsus pulqabını tanınmaya təqdim edilən zamanı tanımışdır (i/v 46-47). İş materiallarında olan 10 oktyabr 2021-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş, üzərində yazı olmayan, boz rəngli dəri materialdan hazırlanmış pulqabı maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təqdim edilmişdir (i/v 51). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 74). Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün etirafı, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus olan pulqabı sahibinə qaytarılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə material Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-555/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 25 oktyabr 2021-ci il tarixdən isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X2 göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus olan pulqabı sahibinə qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar