Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-556/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, işləməyən, evli, məhkum olunmuş və məhkumluğu ödənilməyən, Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, ev 18-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda azadlıqdan məhrum etmə cəzasını çəkən, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan “Bəsti” adlı şəxsdən 150 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1,782 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 16 iyul 2021-ci il tarixdə, saat 20:45də polis əməkdaşları tərəfindən ünvan 1 ünvanda saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə gətirilmiş, orada üzərinə axtarış keçirilərkən əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə həmin narkotik vasitə aşkar edilmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, dörd ildir heroin qəbul edir. 2021-ci il iyun ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə “Bəsti” adlı şəxsdən bir ədəd sellofan bükümdə 150 manata heroini əldə edib istifadə etmək üçün üzərində gəzdirmişdir. 16 iyul 2021-ci il tarixdə, saat 20:45 radələrində yaşadığı ünvan 1 ünvanda olarkən özlərini polis əməkdaşı kimi təqdim edən iki nəfər mülki geyimli şəxs yaxınlaşıb ona üzərində qanunsuz narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirərək onu polis bölməsinə dəvət etmişlər. Bölmədə üzərinə axtarış keçirilərkən o, əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə olan həmin narkotiki çıxarıb masanın üzərinə qoymuşdur. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində ifadəsində göstərdi ki, 16 iyul 2021-ci il tarixdə iş yoldaşı Şahid2la birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “İlham” adlı şəxsin qanunsuz narkotik vasitə əldə edib üzərində daşıması barədə məlumat əldə etmişdir. Bu məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış, həmin günü saat 20:45-də onlar ünvan 1 ünvanda məlumata uyğun “İlham” adlı şəxsə yaxınlaşıb özlərini təqdim edərək ona üzərində qanunsuz narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. Bölmədə bu şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmədən əvvəl ona özündə ola biləcək qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. O da əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümdə el içində “kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirmiş və onu “Kubinka” adlanan ərazidə “Bəsti” adlı şəxsdən aldığını demişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 17 iyul 2021-ci il tarixli, 6/2909 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №189” möhür əksi, “Təqsirləndirilən şəxs ...” və s. yazılar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,782 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 1,732 qram, aparılmış tədqiqatın dəyəri 109,90 manat təşkil edir (İ cild, i.v.62-65); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 Ambulator X1 haqqında 20.09.2021-ci il tarixli, 3541 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.147-148); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.07.2021-ci il tarixli, 4(006)- 280/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 iyul 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.99-102); “Sübutların qiymətləndirilməsi haqqında” 06.10.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra qalıq qalan 1,732 qram heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.149-153); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03.08.2021-ci il tarixli arayışı və məhkəmə hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.07.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03.07.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan əlavə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 06.08.2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.106-107, 114-120, 131-139). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdardaəldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətin törətməsini, bununla da bir şəxs kimi yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olmasını, habelə hazırda da azadlıqdan məhrum etmə cəzasını çəkməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və onun hazırda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Həmçinin onun cəzasının əvvəli hazırki iş üzrə həbsə alındığı andan – 16 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 1,732 qram narkotik vasitə olan heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 109,90 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 5 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun hazırda azadlıqdan məhrum etmə cəzasının çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 1,732 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 5 saylı Vəkil Bürosunun vəkili X3 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-556/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-556/2021
19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver