Məhkəmə qərarları › İş №1(006)-56/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-56/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-56/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolu küçəsi, ev 1-də yaşayan, hazırki iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,360 qram olan narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla özü ilə daşımış, Dəmir Yol X6nin və tabeçilikdə olan Biləcəri stansiyasının XPŞ-nin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə, saat 15:20-də Yeni Ələt dəmir yol stansiyasının ərazisində saxlanılaraq Dəmir Yol X6nin növbətçi idarəsinə gətirilmiş və həmin gün orada saat 17:45-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş ümumi təmiz çəkisi 0,360 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, üzərində narkotik vasitə aşkar olunub götürülənədək təxminən 1 il əvvəldən arabir narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif yerlərdən, tanımadığı şəxslərdən əldə etmişdir. xx xxxx 2020-ci il tarixdə Ələt qəsəbəsində yerləşən «Nərmin» şadlıq sarayının yanında dayanmış və bu vaxt tanımadığı bir şəxs yaxınlaşaraq bir qədər söhbət etdikdən sonra onun üzərində narkotik maddə olan heroin olduğunu, həmin narkotik vasitəni satmaq istədiyini bildirmişdir. O, narkotik vasitədən istifadə etdiyinə görə həmin şəxsdən narkotikin neçə qram olmasını və hansı qiymətə satmaq istədiyini soruşduqda həmin şəxs narkotik vasitənin qramını dəqiq bilmədiyini, lakin bir büküm olduğunu və 35 manata satmaq niyyətində olduğunu bildirmişdir. O, razılaşaraq narkotik vasitəni həmin şəxsdən 35 manata almış və oradan uzaqlaşaraq arabir istifadə etmək məqsədilə evə aparmışdır. xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində həmin bükümü götürərək Yeni Ələt dəmir yolu xətti ərazisinə gedərək həmin narkotik vasitədən istifadə etmək niyyətində olmuşdur. Lakin həmin vaxt 3 nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini X21 İdarəsinin əməkdaşları kimi təqdim edərək onu idarəyə dəvət etmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşlarının müşayiəti ilə X21 İdarəsinə aparılmışdır. Polis idarəsinin növbətçi hissəsində iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilmiş və baxış zamanı əynindəki tünd göy rəngli şalvarının sağ yan cibində olan siqaretin gümüşü kağızında olan bükümü masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisindən spesifik iyə malik tünd qəhvəyi rəngli, “kakos” kimi tanınan heroin aşkar edilmişdir. Həmin narkotik vasitəni tanımadığı şəxsdən Ələt qəsəbəsində 35 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərində aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək video çəkiliş aparılmışdır. Sonda ona elan olunan ittihamda özünü təqsirli bildiyini, himayəsində azyaşlı uşağının olmasını və narkotik vasitədən istifadə etməklə yalnız özünə zərər verdiyini bildirərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dəmir Yolu X6nin Biləcəri XPB-nin CAB-nin rəisi Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və xx xxxx 2020-ci il tarixdə onun həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə Yeni Ələt dəmiryol stansiyasının ərazisinə gələcəyi barədə məlumat daxil olduğu üçün dərhal bu barədə rəhbərliyə raportla məruzə olunaraq təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. İdarə rəisinin göstərişinə əsasən əməliyyat qrupu təşkil edilmiş və həmin qrupun tərkibinə onunla bərabər Dəmir Yolu X6nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 və həmin idarənin Biləcəri XPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 Təvəkkül oğlu daxil edilmişdir. Məlumatı verən şəxs Təqsirləndirilən şəxs zahiri görünüş məlumatlarını əvvəlcədən demiş, həmçinin qeyd edilən şəxs tərəfindən anket məlumatları dəqiqləşdirilmişdir. Bu səbəbdən həmin şəxsi tez müəyyən edərək əməliyyata uyğun şəkildə Yeni Ələt dəmiryol stansiyasında izləməyə başlamışlar. Belə ki, xx xxxx 2020-ci-ci il tarixdə, saat 15 radələrində barəsində əməliyyat keçirilməli şəxsə oxşar olan bir nəfərin həmin yerə gəldiyini və özünü şübhəli apardığını müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etməklə DYNPİ-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Ona görə də həmin şəxsi DYNPİ-nin inzibati binasına gəlməsi üçün dəvət emişlər. Bundan sonra birlikdə DYNPİ-nə gəlmişlər və idarənin inzibati binasına daxil olduqdan sonra raportla rəhbərliyə müraciət edilmiş və dövlət hesabına vəkil dəvət olunaraq, hüquq və vəzifələri izah edilmişdir. Video çəkiliş ilə inzibati binada təhqiqatçı saxlanılan şəxsə onun narkotik vasitələrin qanunsuz daşınmasında və istifadəsində şübhəli şəxs kimi gətirildiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoyması təklif olunmuşdur. Baxış zamanı o, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik olan kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu soruşduqda həmin maddənin narkotik vasitə olan heroin olduğunu və üç gün bundan əvvəl Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “Nərmin” şadlıq sarayının yanında olan tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 35 manat verərək aldığını bildirmişdir. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotikə bənzər maddə iştirak edən şəxslərin və müdafiəçisinin yanında təhqiqatçı tərəfindən ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənib götürülmüşdür. Baxış zamanı yuxarıda qeyd edilən maddədən əlavə Təqsirləndirilən şəxs üzərindən şübhə doğuran qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dəmir Yolu X6nin Biləcəri XPB-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 Təvəkkül oğlu da Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dəmir Yolu X6nin Təhqiqat Bölməsinin təhqiqatçısı Anar Rüstəmov tərəfindən tərtib edilmiş və Dəmir Yolu X6nin CAŞnin baş əməliyyat müvəkkili Şahid1 Ağayəddin oğlu, həmin idarənin Biləcəri XPŞ-nin CABnin rəisi Şahid2, Biləcəri XPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 Təvəkkül oğlu, Dəmir Yolu X6nin KTQ-nun kriminalist eksperti X10, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx xxxx 2020-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməmişdən öncə ondan xahiş edilmişdir ki, üzərində olan qeyri-qanuni əşyalar və maddələri könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs geyinmiş olduğu tünd göy rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində şəffaf sellofan aşkar edilmişdir. Həmin sellofan açıldıqda içərisindən spesifik iyə malik qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə olan “heroin”dir. Həmin bükümü o, tutulmazdan 3 gün əvvəl Ələt qəsəbəsində tanımadığı şəxsdən 35 manata alaraq öz istifadəsi üçün üzərində saxlamış və ondan istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə o, Qaradağ rayonu, yeni Ələt dəmir yolu stansiyası ərazisində olduğu zaman DYNPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən başqa əşya aşkar olunmamışdır. Aşkar olunmuş maddələr iştirakçıların müşayiəti altında qablaşdırılaraq möhürlənmiş və onların imzaları ilə təsdiqlənmişdir. Şəxsi axtarış zamanı video görüntü çəkilərək protokola əlavə edilmişdir. Protokol tərtib edildikdən sonra ucadan oxunmuş, heç bir irad və təklif daxil olmamışdır (i/v 25). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı xx xxxx 2020-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1174 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis X20 X6 Zərflər üçün” dairəvi möhür əksi adlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,360 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 31-34). İş materiallarına əlavə edilmiş “Toplanmış sübutların qiymətləndirilməsinə dair” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X4 üzərindən aşkar olunaraq götürülmüş 0,360 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından qalıq qalmış 0,310 qram narkotik vasitə heroin saxlanılması üçün NBPİ-nin maddi sübutlar otağına təhvil verilməsi qərara alınmışdır (i/v-107-111). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 1911 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v 104-105). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2016-cı il tarixdə Qaradağ rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş və Cinayət Prosessual Məcəllənin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (i/v 99- 100). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 20). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)- 343/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından və xx.xx.2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-343/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və DYNPİ-nin istintaq və Təhqiqat Bölməsinin müstəntiqi Amin Piriyev tərəfindən onun barəsində “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i/v 65-66, 67-68). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 4(002)- 108/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “xxxx” QSC İnfrastruktur Departamenti 3 nömrəli Ələt yol sahəsinin komendantı G.Ə.Qasımova tərəfindən tətbiq edilmiş xx xxxx 2020-ci il tarixli, 24 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1988-ci il tarixdə anadan olmuş və Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. 3 saylı Ələt yol sahəsi evlər idarəsinin komendantına heç bir şikayət tərkibli ərizə və müracətlər daxil olmamışdır (i/v 97). İş materiallarına əlavə olunmuş AA1499128 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X8 adlı yetkinlik yaşına çatmayan uşağı vardır (i/v 95). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilməli və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəməyədək icraat dövründə tutulduğu müddət cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ondan 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin NBPİ-nin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,360 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,310 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-288/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin NBPİ-nin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,360 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,310 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar