Məhkəmə qərarları › İş №1(006)-56/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-56/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-56/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Gürcüstan, Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan “X3" və “Mehrab Group" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru vəzifəsində işləyən, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törətməklə özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə hüquqi şəxslərin qanuni mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki o, 05.10.2015-ci ildən “X3" MMC və 14.07.2015-ci ildən "xxxx" MMC-nin direktoru olarkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək “X3" MMC-nin adından “Gloria Palace" MTK ilə 31 avqust 2020-ci il tarixdə müqavilə bağlayıb icazə tələb olunan bina və qurğuların “tikinti-quraşdırma işləri” üçün lazım olan icazəni (lisenziyanı) təşkil etməyi öhdəsinə götürüb həmin şirkətdən ilkin olaraq rəhbərlik etdiyi “X3" MMC-yə məxsus 600880 №-li mədaxil qəbzi ilə 31 avqust 2020-ci il tarixdə 9000 manat, həmçinin "xxxx" MMC-nin adından “S.S.S.-TTAS" MMC ilə 23 sentyabr 2020-ci il tarixdə müqavilə bağlayıb tikintisinə icazə tələb olunan bina və qurğuların “tikinti-quraşdırma işləri" üçün lazım olan icazəni (lisenziyanı) təşkil etməyi öhdəsinə götürüb həmin şirkətdən ilkin olaraq rəhbərlik etdiyi "Mehrab Group” MMC-nin “Paşa Bank" ASC-də olan AZ18PAHA40060AZNHC********** №-li hesabına 23 sentyabr 2020-ci il tarixdə 6000 manat, növbəti 2 ay ərzində əlavə 2000 manat pul alaraq qeyd olunan şirkətlər üçün lisenziyanın alınmasını təşkil etmək üçün müvafiq hərəkətlər etdikdən sonra 11.02.2021-ci il tarixdə, saat 09 radələrində yaşadığı Nəsimi rayonu, R.Rza küçəsi, ev 70, mənzil 17 ünvanında tikinti işlərində ölçmə proseslərində istifadə edilən “Sokkia” markalı, B40 seriyalı, 231620 nömrəli avtomatik nivelir cihazının "xxxx" MMC adından kalibrasiyasının təsdiq edilməsi haqqında iki ədəd NR-25/002-PS №-li sertifikatı skaner qurğusu və qrafik proqram təminatından istifadə edib axınlı printerdə çap etməklə saxtalaşdırmış, daha sonra bilə-bilə həmin saxta sənədlərdən istifadə edərək “S.S.S.- TTAS" MMC və Zərərçəkmiş şəxs1 MTK şirkətlərinə tikinti-quraşdırma işləri üçün lisenziyanın verilməsi ilə bağlı “Lisenziyalar və icazələr” portalına bilə-bilə yalan məlumat daxil edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət edib tamah niyyətilə vəzifə saxtakarlığı törətmiş, həmçinin lisenziyanın alınmasını təşkil etməyərək özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə hüquqi şəxslərin, yəni, “S.S.S.-TTAS" MMC və Zərərçəkmiş şəxs1 MTK şirkətlərinin qanuni mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2009-cu ildə Azərbaycan Turizm Universitetinin turizmin təşkili fakultəsini bitirmişdir. «X3» və "xxxx" şirkətlərini 2015-ci ildə təsis etmiş, şirkətlərin direktorudur. Hər iki şirkət mühasibatlıq, konsaltinq, tikinti ilə əlaqədar lisenziya tələb olunan fəaliyyətlərə xüsusi icazələrin alınması xidmətini göstərir. 31.08.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 MTK, 23.09.2020-ci il tarixdə isə "xxxx" MMC şirkətləri ilə müqavilə bağlamış, hər iki müqaviləyə əsasən tikinti-quraşdırma işləri üçün lazım olan lisenziyaları əldə edəcəyi barədə öhdəlik götürmüşdür. Hər iki şirkət tikinti işləri ilə məşğul olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən şirkət tərəfindən tikinti işlərini görmək üçün xüsusi icazə tələb olunur. Həmin icazə İqtisadiyyat Nazirliyi tərəfindən verilir, icazənin verilməsi üçün müvafiq sənədlər toplanıb onlayn qaydada İqtisadiyyat Nazirliyinə göndərilir. O, müqavilə bağlandıqdan sonra şirkətlər üçün tələb olunan maddi-texniki bazanın yaradılmasına dair sənəd toplamışdır. Belə ki, lisenziya əldə etməkdən ötrü dövlət tərəfindən müvafiq standartlar müəyyən olunmuşdur. Lisenziya əldə edilməsindən ötrü toplanan sənədlərə tikintidə çalışan işçilərə dair əmək müqavilələri, tikintidə istifadə olunan xüsusi nəqliyyat vasitəsiləri və texnikalara dair müqavilələr, anbar və ofisə dair icarə müqavilələri, tikinti prosesində istifadə olunan cihazlara dair akkreditasiya sertifikatları və qülləli kran əldə edilməsinə dair sənədlər toplanır. Həmin sənədlər toplusuna aid sertifikatlardan biri də nivelir cihazı ilə bağlı akkreditasiya sertifikatı idi. Belə ki, tikinti işlərində müxtəlif səthləri ölçmək üçün nivelir cihazından istifadə olunur. Həmin cihazı laborator şəraitdə yoxlayıb kalibrasiya və sertifikasiya edən şirkətlərdən biri "xxxx" MMCdir. O, müqaviləyə uyğun olaraq nivelir cihazına dair kalibrasiya sertifikatını əldə etməkdən ötrü Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC tikintidə istifadə olunan ölçmə cihazlarına sertifikat verməklə məşğuldur. Belə ki, hər hansı şirkət cihaz satılan dükandan nivelir cihazı alıb gətirə bilər. Həmin cihazın akkreditasiyadan keçirilməsinə "xxxx" MMC baxır. "xxxx" MMC müvafiq sertifikatı təqdim etdikdən sonra həmin cihazı tikintidə istifadə etmək mümkündür, yəni "xxxx" MMC cihazın yararlı olmasına dair sertifikat təqdim edərək Zərərçəkmiş şəxs1 və “S.S.S.-TTAS’’ MMC şirkətləri üçün nivelir cihazına müvafiq sertifikatları əldə etməsini və İqtisadiyyat Nazirliyinə lisenziya əldə etmək üçün müraciət etməsini bildirmişdir. "xxxx" MMC tərəfindən ona rəsmi müraciət olunması bildirilmişdir. O, "xxxx" MMC-də cihaza sertifikat almaq üçün olan prosesin çətinləşdiyini, uzun vaxt aparacağını, həmçinin əlavə pul verməli olacağını görüb nivelir cihazına dair kalibrasiya sənədini özü hazırlamaq qərarına gəlmişdir. "xxxx" MMC həmin sertifikatı 100 manata hazır edirdi. Belə ki, onda "xxxx" MMC tərəfindən başqa bir tikinti şirkətinə lisenziya üçün verilmiş nivelir cihazına aid sertifikat olmuşdur. Həmin sertifikat orijinal və rəsmi sənəd idi. O, həmin orijinal nivelir cihazına dair kalibrasiya sertifikatını 11 fevral 2021-ci il tarixdə Nəsimi rayonu, R.Rza küçəsi, ev 70, mənzil 17-də yaşadığı evdə «Epson» markalı skaner vasitəsi ilə «HP» markalı kompyüterinin yaddaşına köçürmüş, kompyuterdə olan «fotoshop CS6» proqramı vasitəsi ilə skan etdiyi sertifikatın üzərində qrafik dəyişikliklər etmişdir. Belə ki, "xxxx" MMC-ə aid «avtomatik nivelir Sokkia 840» cihazına aid setifikatın üzərində tarix qeyd olunmuş və sertifikat üçün müraciət etmiş müştəri şirkətin adı və VÖEN hissələri olan qrafaları pozmuş, daha sonra həmin boş qrafalara ona müraciət etmiş müştəri şirkətlərin, yəni Zərərçəkmiş şəxs1 və "xxxx" şirkətlərinin adlarını qeyd etmiş və VÖEN nömrələrini yazmışdır. Bundan sonra tarix qrafasına özünə uyğun tarixləri yerləşdirmişdir. Həmin saxta sertifikatlarda 18 dekabr və 25 noyabr 2020-ci il tarixlərini qeyd etmişdir. Sertifikatların üzərində möhür və imzalar olmuşdur. Daha sonra «Epson» markalı rəngli printer vasitəsi ilə kompyuterdə hazırladığı saxta iki ədəd sertifikatı çapa vermişdir. Sənədləri çapa verdikdən sonra lisenziya almaqda lazım olan digər sənədlərlə birlikdə lisenziya üçün müraciət etmiş şirkətlərin Zərərçəkmiş şəxs1 MTK və "xxxx" şirkətlərinin asan imzalarından istifadə etməklə «lisenziva.gov.az» icazə portalına 11.02.2021-ci il tarixdə yükləmişdir. İqtisadiyyat Nazirliyi tərəfindən iki ədəd Zərərçəkmiş şəxs1 MTK və "xxxx" MMC şirkətləri üçün saxtalaşdırdığı "xxxx" MMC-ə aid «avtomatik nivelir Sokkia B40» cihazına aid sertifikatların həqiqi olmadığı müəyyən olunmuşdur. O, saxta sənəd hazırladıqdan sonra skaner və kompyuterin yaddaşını format üsulu ilə təmizləmişdir. Sənədləri saxtalaşdırdığı proqramı da silmişdir. Belə ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunduğu üçün həmin proqramı silmiş və saxta sənəd hazırladığı qurğuların yaddaşını təmizləmiş və həmin qurğunu Əhmədli ərazisində zibil yeşiyinə atmışdır. Saxta sənədi tək hazırlamış, ona heç kim köməklik etməmişdir. Daha sonra zərər çəkmiş şəxslər “S.S.S.-TTAS" MMC və Zərərçəkmiş şəxs1 MTK ilə barışdığını, onlara dəymiş ziyanı tamamilə ödədiyini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbi olmadığını, ilk dəfə cinayət törətməsini və əməlindən səmimi peşman olmasını, azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, o, 15 mart 2021-ci il tarixdən Zərərçəkmiş şəxs1 MTK-da hüquqşünas vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs1 MTK əsasən Bakı şəhəri ərazisində pilot layihəsi əsasında tikinti işlərinin aparılması ilə məşğul olur. Bundan əlavə, gələcək layihənin həyata keçirilməsindən ötrü Zərərçəkmiş şəxs1 MTK tikintiquraşdırma işlərinin aparılması üçün İqtisadiyyat Nazirliyindən tələb olunan xüsusi lisenziyanın alınmasından ötrü tanışları vasitəsilə həmin lisenziyanın alınmasında lazımi sənədlərin əldə olunması üçün "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs ilə danışıqlar aparıldıqdan sonra 31 avqust 2020-ci il tarixdə 26 iş gününə təhvil verilməsi şərti ilə tikintiquraşdırma işləri üçün xüsusi lisenziyanın alınmasından ötrü 11000 (on bir min) manat dəyərində Zərərçəkmiş şəxs1 MTK-nın rəhbəri Rəhimli Sənanla müqavilə bağlamışdır. Müqavilə bağlanan zaman Təqsirləndirilən şəxs təsis sənədlərinin surətləri təqdim edilmişdir. 31 avqust 2020-ci il tarixdə 9000 manat ilkin olaraq nağd pul vəsaiti Təqsirləndirilən şəxs ödənilməklə "xxxx" MMC tərəfindən N699880 mədaxil qəbzi verilmişdir. Həmin müddətin keçməsinə baxmayaraq lisenziya verilməmişdir. Zərərçəkmiş şəxs1 MTK-nın hüquqşünası olaraq polis idarəsinə dəvət edilərkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs lisenziya üçün tələb olunan kalibrasiya təsdiq edən sertifikatın alınmasına dair İqtisadiyyat Nazirliyinə Zərərçəkmiş şəxs1 MTK-nın adından göndərilən yer səthinin mailliliyinin ölçülməsindən ötrü avtomatik “Nivelir Sokkia B40‘' cihazının “Geoid MMC” tərəfindən kalibrasiya sənədini saxtalaşdıraraq təqdim etmişdir. Həmin sənədin hazırlanmasına dair məlumatı yoxdur. Təqsirləndirilən şəxs əməli nəticəsində Gloria Palace MTK-ya 9000 manat ziyan dəymişdir. Belə ki, ilkin olaraq müqavilə şərtinə əsasən 9000 manat ilkin ödəniş Təqsirləndirilən şəxs ödənilmişdir. MTK ilə Təqsirləndirilən şəxs arasında 20.05.2021-ci il tarixdə tərtib edilmiş akta əsasən Təqsirləndirilən şəxs 2000 manatı həmin gün, qalan 7000 manatı isə 31.05.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin gün Təqsirləndirilən şəxs pulu ödəməmiş, may ayının sonlarında ilkin olaraq MTK-ya nağd şəkildə 5000 manat ödəmiş, məhkəmə istintaqı zamanı isə qalan 4000 manatı ödəmişdir. Daha sonra təqsirləndirilən şəxslə barışdıqlarını, təqsirləndirilən şəxsin vurulmuş ziyanı tam ödədiyini bildirmiş, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətləri olmadığından cəza təyin edilərkən nəzərə alınmasını, həmçinin, Təqsirləndirilən şəxs qarşı verdikləri mülki iddia üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş, məhkəmə istintaqında iştirak etməyən zərər çəkmiş hüquqi şəxs “S.S.S.-TTAS" MMC-nin nümayəndəsi Nümayəndə2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, o, 2012-ci ildə "S.S.S- TTAS” MMC-ni təsis etmişdir. MMC əsaslı təmir işləri, həmçinin çöl fasad işləri ilə məşğuldur. 2020-ci ilin sentyabr ayında tikinti fəaliyyətini həyata keçirmək üçün lisenziya lazım olduğundan "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs ilə əlaqə saxlanılmışdır. 23.00.2020-ci il tarixdə Azərbaycan Respubliakası İqtisadiyyat Nazirliyindən Tikinti Quraşdırma işləri üzrə lisenziyanın alınması üçün “Mehrab Group" MMC ilə “S.S.S.- TTAS" MMC arasında dəyəri 10200 manat olan müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən ilkin olaraq həmin şirkətə 23.09.2020-ci il tarixdə 6000 AZN ödəniş olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs lisenziyanı müqavilədə göstərilən müddətdə hazır edə bilmədiyindən müddəti uzatmışdır. Əlavə olaraq 2020-ci ilin oktyabr ayından 2021-ci ilin mart ayınadək o, hissə-hissə olmaqla əlbəəl 2000 manat da müqavilənin əlavə pulu kimi İzmirə ödəmişdir. 31.03.2021-ci il tarixdə BMCİ-ə çağırılarkən “S.S.S.-TTAS" MMC-nin adından İqtisadiyyat Nazirliyinə təqdim edilmiş “Geoid" MMC-dən avtomatik “Nivelir Sokkia B40" aparatı üçün alınmış akkreditasiya attestatının saxta olması ilə bağlı onlara məlumat verilmişdir. O, sertifkatın alınmasını Təqsirləndirilən şəxs həvalə etdiyindən, bu barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs həmin əməli nəticəsində “SSS-TTAS" MMC-yə 8000 maddi ziyan dəymişdir. Bu MMC üçün mühüm zərərdir, həmin vaxt MMC-nin aylıq dövriyyəsi təxminən 40 min manat təşkil etmişdir. Təqsirləndirilən şəxs MMC-yə vurduğu ziyanın hamısını artıq MMC-yə qaytarmışdır. Müqavilənin şərtlərində hər gecikdirilən iş günü üçün müqavilənin ümumi dəyərinin 2 faizi həcmində dəbbə pulu müəyyən olunması formal xarakter daşıyır. Təqsirləndirilən şəxs aldığı 8000 manat pulu qaytarması MMC-ni qane edir. “S.S.S.-TTAS" MMC-nin nümayəndəsi Nümayəndə2 həmçinin, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən “Geoid" MMC-nin direktorudur. MMC-nin fəaliyyət sahəsi mühəndislik xidmətləri, həmçinin tikintidə istifadə olunan ölçmə alətlərinin kalibrasiyasından ibarətdir. Ölçmə alətlərinin kalibrasiyası dedikdə ölçmə cihazları MMC-yə təqdim olunduqdan sonra həmin cihazlar labaratoriya şəraitində yoxlanılır, hər hansı xəta aşkar edildikdə, aradan qaldırılır və tam işlək vəziyyətə gətirildikdən sonra MMC tərəfindən həmin cihaza sertifikat verilir. Sertifikat bir iş günü ərzində hazır olur, qiyməti 100 manatdır. Həmin ölçmə cihazlarının yoxlanılmasını təşkil etmək üçün “Geoid" MMC-nin labaratoriyasına Dövlət Akkreditasiya Komitəsi tərəfindən 09.0391.01.19 nömrəli akkreditasiya verilmişdir. O, Təqsirləndirilən şəxs təxminən 2 il olar ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs 2 il ərzində dəfələrlə "xxxx" MMC-yə yaxınlaşaraq tikintidə istifadə olunan müxtəlif ölçmə cihazlarını təqdim etmiş, tərəflərindən həmin cihazlara sertifikat verilmişdir. Hər cihaza görə, yuxarıda göstərdiyi kimi Təqsirləndirilən şəxs 100 manat pul ödəmişdir. 24.02.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən MMC-yə daxil olmuş məktubda NR-25/002-PS nömrəli sertifikatların “Geoid" MMC tərəfindən tərtib olunub-olunmaması barədə sorğu edilmiş, həmçinin məktuba sertifikatların surətləri əlavə edilmişdir. Onlar dərhal MMC-nin elektron məlumat bazasında NR-25/002-PS nömrəli sertifikatın olub-olmamasını yoxladıqda müəyyən olunmuşdur ki, tərəflərindən Zərərçəkmiş şəxs2 MMC və Zərərçəkmiş şəxs1 MTK-ya həmin nömrəli sertifikatlar verilməmişdir. Həmçinin, həmin şirkətlərə ümumiyyətlə, MMC tərəfindən hər hansı sertifikat verilməmişdir. Bununla bağlı tərəfindən İqtisadiyyat Nazirliyinə məlumat verilmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-nin BMCMİ-dən müstəntiq onu və MMC-nin mühəndisini idarəyə dəvət edərək MMC-nin möhürünün və onların imza nümunələrini götürmüşdür. Təqsirləndirilən şəxs əməli nəticəsində "xxxx" MMC-yə hər hansı ziyan dəyməmişdir. Məhkəmə istintaqı zamanı dindirilən şahid “Geoid" MMC-nin mühəndisi Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Qətimkan tədbirinin seçilməsi haqqında” 19.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.71-72); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07.04.2021-ci il tarixli, 5/346 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "xxxx" MMC-nin 18 dekabr 2020-ci və 24 noyabr 2021-ci il tarixli kalibrasiyanı təsdiq edən Sertifikatların blankları, üz tərəfindəki möhür əksi və imzalar texniki qurğu (skaner) vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş "xxxx" MMC-nin 18 dekabr 2020-ci və 24 noyabr 2021-ci il tarixli kalibrasiyanı təstiq edən Sertifikatların üz tərəfindəki möhür əksinin təsvirləri ekspertizaya təqdim edilmiş “Geoid" MMC-nin möhürün eksperimental əks nümunələri eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 61,52 manat təşkil edir (İ cild, i.v.46-49); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08.04.2021-ci il tarixli, 4/414 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “Geoid" MMC-nin 18.12.2020-ci il tarixli və 25.11.2020-ci il tarixli kalibrasiyanı təsdiq edən sertifikatlarında “Kalibrlədi:" qrafalarındakı imzalar texniki qurğu (skaner) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmiş- Şahid1 tərəfindən icra olunmuş imzanın əksidir. Ekspertizaya təqdim olunmuş “Geoid" MMC-nin 18.12.2020-ci il tarixli və 25.11.2020-ci il tarixli kalibrasiyanı təsdiq edən sertifikatlarında “Yoxladı:" qrafalarındakı imzalar texniki qurğu (skaner) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmiş- Şahid2 tərəfindən icra olunmuş imzanın əksidir. Aparılmış tədqiqatın dəyəri 112 manat təşkil edir (İ cild, i.v.50-52); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09.07.2021-ci il tarixli, 5/722 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Epson L-350" markalı çoxfunksiyalı qurğusu skaner və rəngli printer funksiyalarına malikdir. Tədqiqata təqdim edilmiş “Geoid" MMC-nin 18.12.2020-ci il tarixli və 24.11.2021ci il tarixli kalibrasiyanı təstiq edən Sertifikatlarının ekspertizaya təqdim edilmiş “Epson L- 350" markalı çoxfunksiyalı (skaner,printer) qurğusunda çap edilməsi istisna edilmir. Aparılmış tədqiqatın dəyəri 62 manat təşkil edir (İ cild, i.v.145-148); - "X3" MMC (VÖEN: **********) ilə “Gloria Palace" MTK (VÖEN: **********) arasında bağlanmış 31 avqust 2020-ci il tarixli müqaviləyə əsasən sifarişçi-Zərərçəkmiş şəxs1 MTK “lisenziya almaq" xidmətinin ödəniş haqqını öncədən ödəməyi, icraçı "X3" MMC isə icazə tələb olunan bina və qurğuların “tikinti-quraşdırma işləri" üçün lazım olan icazəni (lisenziyanı) təşkil etməyi öhdəsinə götürmüşdür (İ cild, i.v.29-31); - 31.08.2021-ci il tarixli, 699880 №-li mədaxil qəbzindən görünür ki, “Gloria Palace" MTK tərəfindən “X3" MMC-yə 9000 manat pul ödənilmişdir (İ cild, i.v.32); - "Mehrab Group’’ MMC (VÖEN: **********) ilə Zərərçəkmiş şəxs2 MMC (VÖEN:**********) arasında bağlanmış 23 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən sifarişçi- “S.S.S.-TTAS" MMC “tikinti-quraşdırma işləri lisenziyası" xidmətinin ödəniş haqqını öncədən ödəməyi, icraçı "xxxx" MMC isə tikintisinə icazə tələb olunan bina və qurğuların “tikinti-quraşdırma işləri” üçün lazım olan icazəni (lisenziyanı) təşkil etməyi öhdəsinə götürmüşdür (İ cild, i.v.24-26); - “Kapital Bank" ASC tərəfindən verilmiş 23.09.2020-ci il tarixli sənədə əsasən “S.S.S.-TTAS" MMC tərəfindən "xxxx" MMC-nin “Pasha Bank" ASC-də olan hesabına 6000 manat pul ödənilmişdir (İ cild, i.v 27); - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 05.10.2021-ci il tarixli, İN-X/O- 9697/2021 №-li məktubundan görünür ki, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üçün lisenziyanın verilməsinə dair “S.S.S.-TTAS" MMC və “Gloria Palace" MTK-nın “Lisenziyalar və icazələr" portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə daxil olmuş 11 fevral 2021-ci il tarixli müraciətləri “Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən Qanunun tələblərinə uyğunluğu araşdırılmışdır. Araşdırma zamanı hər iki ərizəçi tərəfindən SOKKİA B40 seriyalı, 231620 nömrəli avtomatik nivelirin “Geoid" MMC-nin kalibrasiyanın təsdiq edilməsi haqqında eyni, NR-25/002-PS nömrəli sertifikatların surətləri təqdim olunmuşdur. Bu səbəbdən, həmin sertifikatların həqiqiliyinə şübhə yarandığı üçün məsələyə aydınlıq gətirilməsi məqsədi ilə sözügedən kalibrasiya müəssisəsinə müraciət edilmişdir. Adıçəkilən kalibrasiya müəssisəsindən daxil olmuş 1 mart 2021-ci il tarixli G/002 nömrəli cavab məktubunda NR-25/002-PS nömrəli sertifikatın onlar tərəfindən verilmədiyi və saxta olduğu qeyd edilmişdir. Bununla bağlı, müvafiq sənədlər məsələyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsi üçün 3 mart 2021-ci il tarixli İN-X/O-2222/2021 nömrəli məktubla Daxili İşlər Nazirliyinə təqdim edilmişdir (İ cild, i.v.254-255); - Nəsimi RPİ-nin 21-ci PB-nin 18.10.2021-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 11.02.2021-ci il tarixdə yaşadığı Nəsimi rayonu, R.Rza küçəsi, ev 70, mənzil 17 ünvanında iki ədəd saxta sənəd hazırlayaraq lisenziya.gov.az saytına daxil etmişdir (İİ cild, i.v.33); - “Sübutların qiymətləndirilməsi haqqında” 18.10.2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin 18.12.2020-ci il tarixli və 25.11.2020-ci il tarixli sertifikatları və 1 ədəd “Epson L-350” markalı çoxfunksiyalı qurğu iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq 18.12.2020-ci il tarixli və 25.11.2020-ci il tarixli sertifikatlar cinayət işinə əlavə edilmiş, 1 ədəd “Epson L-350” markalı çoxfunksiyalı qurğu Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmışdır (İİ cild, i.v.34-45); - “S.S.S.-TTAS" MMC-nin direktoru Nümayəndə2 tərəfindən verilmiş 13.10.2021-ci il tarixli ərizədən görünür ki, Nümayəndə2 “S.S.S.-TTAS" MMC-yə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilməsini, hazırda onunla barışmasını, ondan heç bir şikayət və tələbi olmadığını bildirmişdir (İİ cild, i.v.26); - “Gloria Palace" MTK-nın nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş 19.04.2022-ci il tarixli ərizədən görünür ki, Nümayəndə1 MTK-ya vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri olmadığını bildirmişdir; - 15.03.2022-ci il tarixli, ƏXZ/2 seriyalı 245351 saylı kassa mədaxil orderi qəbzinə əsasən 1400 manat, 07.04.2022-ci il tarixli, ƏXZ/2 seriyalı 245372 saylı kassa mədaxil orderi qəbzinə əsasən 1110 manat və 19.04.2022-ci il tarixli, ƏXZ/2 seriyalı 245431 saylı kassa mədaxil orderi qəbzinə əsasən 1500 manat Təqsirləndirilən şəxs tərəfindən “Gloria Palace" MTK-ya ödənilmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 27.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.253); - “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 29.04.2016-cı il təvəllüdlü azyaşlı övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslər “Gloria Palace" MTK və “S.S.S.-TTAS" MMC ilə barışıq əldə etməsini, onlara dəymiş zərəri tam olaraq ödəməsini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara dəymiş zərəri tamamilə ödəməsini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası, həmin Məcəllənin 313-cü maddəsi ilə islah işləri cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 68.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin 18.12.2020-ci il tarixli və 25.11.2020-ci il tarixli sertifikatları cinayət işinin materiallarında saxlanılmalı, Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 ədəd “Epson L-350” markalı çoxfunksiyalı qurğu hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalı, cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 235,52 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 saata görə 198 (yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Göstərilənlərə əsasən mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 308.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 313-cü maddəsi ilə aylıq qazancından 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il müddətə islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3-cü maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 mülki iddiası üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin 18.12.2020-ci il tarixli və 25.11.2020-ci il tarixli sertifikatları cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 ədəd “Epson L-350” markalı çoxfunksiyalı qurğu hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 235,52 (iki yüz otuz beş manat, əlli iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 saata görə 198 (yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar