Məhkəmə qərarları › İş №1(006)-561/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-561/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-561/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Göyçay şəhəri, Natəvan küçəsi, ev 11-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən 40 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak midarmdan artıq miqdarda, 2,085 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, polis əməkdaşları tərəfindən həmin günü, saat 00:30-da ünvan 1 ünvanda saxlanılaraq Bakı şəhəri Nəsimi Rayonu Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş, orada üzərinə axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən həmin maddə aşkar edilmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 07 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 40 manata metamfetamin alıb şalvarının sağ yan cibinə qoymuş və saat 00:30 radələrində ünvan 1 ünvanda olarkən özlərini polis əməkdaşı kimi təqdim edən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 19cu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına narkotik vasitə istifadəçisi olduğunu səmimi etiraf edib şöbəyə gəlmişdir. Şöbədə onun üzərinə baxış keçirilməzdən əvvəl ona özündə ola biləcək qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, o da əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə olan bu maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 07 avqust 2021-ci il tarixdə idarəyə “Bəhruz” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədilə ondan, iş yoldaşları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və saat 00:30 radələrində onlar ünvan 1 ünvanda əməliyyat məlumatına uyğun şəxsi görüb ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etməklə məsələ barədə məlumat verib onu idarəyə dəvət etmişlər. İdarədə axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs sorğu-sual zamanı bu maddənin metamfetamin olduğunu, onu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdilər. İş materiallarında olan:  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 07 avqust 2021-ci il tarixli, 6/3349 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində: “vət.Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,085 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin ümumi qalıq çəkisi 1,985 qram, aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v.51-54);  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X1 haqqında 18.10.2021-ci il tarixli, 4015 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs kannabiodların və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.125-126);  “Maddi sübut kimi tanınmaq haqqında” 18.08.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra qalıq qalan 1,985 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmişdir (İ cild, i.v.98);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.08.2021-ci il tarixli, 4(006)- 327/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 avqust 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.93-96);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19.08.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.103). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdardaəldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli isə onun həbsə alındığı andan – 07 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,985 qram psixotrop maddə olan metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 114 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 5 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 6 saat üçün nəzərdə tutulan 48 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,985 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 5 saylı Vəkil Bürosunun vəkili X3 6 saat üçün nəzərdə tutulan 48 (qırx səkkiz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar