Məhkəmə qərarları › İş №1(006)-568/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-568/2024

22.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-568/2024 22.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş Rayon Məhkəməsinin 1(014)-98/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddətinin sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,884 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin və Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 iyul 2024-cü il tarixdə saat 18:05-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,884 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,028 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 14:30-da ünvan 5 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinə gəlirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1,028 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 iyul 2024-cü il tarixdə Kubinka adlanan ərazidə üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 20 manata narkotik vasitə "kakos" deyilən heroin almış və cibinə qoymuşdur ki, həmin heroindən istədikdə istifadə etsin. Daha sonra dostu Elmir Qəhrəmanovla görüşmüşdür. Elmirin də narkotik vasitə alüdəçisi olduğunu bilmişdir. Elmirlə görüşdükdən sonra birlikdə ünvan 7 ünvanın qarşısında olarkən 3 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirmişlər və barələrində narkotik vasitələri qanunsuz saxlamaqla daşımaqları barədə məlumat olduğunu bildirib, onları Nəsimi RPİ-ya dəvət etmişlər. Onlar da etiraz etməmişlər və polis əməkdaşları ilə Nəsimi RPİ-yə gəlmişlər. Polis idarəsində o, şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiəsi üçün ona vəkil təyin olunmuşdur. Daha sonra polis idarəsində otaqların birində onun və Elmirin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Elmirə üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə onu təqdim etməyi təklif olunduqda Elmir əynində olan şalvarın sol yan cibində olan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra polis əməkdaşı Elmirin üzərində şəxsi axtarış aparmış, lakin başqa heç bir əşya aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Elmir təqdim etdiyi narkotik vasitə heroini 08 iyul 2024-cü il tarixdə günorta saatlarında Kubinka adlı ərazidə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldə etdiyini bildirmişdir. Daha sonra Elmirin təqdim etdiyi büküm götürülmüş və qablaşdırılmışdır. Sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə onu təqdim etməyi təklif olunduqda o, əynində olan şalvarın sağ yan cibində olan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra polis əməkdaşı onun üzərində şəxsi axtarış aparmış, lakin başqa heç bir əşya aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi narkotik vasitə heroini 08 iyul 2024-cü il tarixdə günorta saatlarında Kubinka adlı ərazidə üzdən tanıdığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra onun təqdim etdiyi büküm götürülmüş və qablaşdırılmışdır. Sonra çəkilmiş videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş və sonradan bununla bağlı protokol tərtib olunmaqla o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu "Sovetski" adlanan ərazidə üzdən tanıdığı lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat ödəniş qarşılığında şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Həmin gün saat 14:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsində gəzişən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirmişdirlər və həmçinin ona üzərilərində olan xidməti vəsiqələrini təqdim etmişdirlər. Bundan sonra polis əməkdaşları ona anket məlumatlarımı bildirməsini xahiş etmişdirlər. Bu zaman o, həmin şəxslərin polis əməkdaşları olmalarına əmin olduqdan sonra özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi RPİ-yə dəvət etmişdirlər. Nəsimi RPİ-nin xidməti otaqlarının birində olan zaman təhqiqatçı tərəfindən ona hüquqları izah olunmuş, bundan sonra o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədyini bildirmişdir. Bundan sonra ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ondan müdafiəçinin iştirakı ilə üzərində, paltarında və paltarlarının ciblərində, əsyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynində olan şalvarının cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bu zaman təhqiqatçı tərəfindən təqdim edilən büküm barədə məlumat verməsi xahiş edilmişdir. Bu zaman o, həqiqətləri danışmışdır. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərinə baxış keçirilərək tam şəkildə yoxlanılmış lakin hər hansı digər əşya aşkar edilməmişdir. Bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara təqdim edilmişdir. 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirilmişdir. Bundan aşkar olunan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İldarəsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. O, narkotik vasitə heroin və psixotrop maddə istifadə edir. Nəsimi RPİ-yə gətirilməmişdən əvvəl və ya videoçəkiliş başlanmadan əvvəl onun üzərinə polis əməkdaşları tərəfindən axtarış aparılmamışdır. Onun üzərinə yalnız Nəsimi RPİ-də videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq edilməmişdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Elmir Qəhrəmanovun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını eşitməmişdir. Sonda Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq törətdiyi əməli etiraf edərək, səmimi peşmançılıq çəkdiyini, polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq edilmədiyini, sübutların saxtalaşdırılmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin Narkotiklərə Mübarizə bölməsinin baş əməliyyat müvəkkili X3 ifadəsində göstərmişdir ki, 08 iyul 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Elmir» və «Fərid» adlı şəxslər üzərində qanunsuz olaraq narkotik vasitənin saxlaması, daşıması, istifadə etməsi ilə məşğul olurlar. Əməliyyat tədbirləri ilə «Elmir» adlı şəxsin X1, «Fərid» adlı şəxsin isə Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonra daxil olmuş məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və Nəsimi RPİ-nin Cinayət-axtarışı şöbəsinin kiçik inspektorları X4 və X2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, ünvan 8 ünvanın qarşısında olarkən Təqsirləndirilən şəxs və Elmir Qəhrəmanovu görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və barələrində narkotik vasitələrin üzərlərində saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, onları Nəsimi RPİ-yə dəvət etmişlər, Təqsirləndirilən şəxs va Elmir Qəhrəmanov onlarla birlikdə Nəsimi RPİ-yə gəlmişdir. Polis idarəsində olarkən raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması X7a həvalə olunmuşdur. X7 tərəfindən Təqsirləndirilən şəxs və Elmir Qəhrəmanov şübhəli şəxs qismində tutularaq onlara hüquqlarının müdafiə olunması üçün vəkillər təyin olunmuş, sonra isə onların üzərlərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Elmir Qəhrəmanov əynində olan şalvarın sol yan cibindən 01 ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Verilən şifahi suallara cavab olaraq Elmir Qəhrəmanov təqdim etdiyi narkotik vasitə heroini 08 iyul 2024cü il tarixdə günorta saatlarında «Kubinka» adlanan yerdə üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Daha sonra Elmir Qəhrəmanovun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Elmir Qəhrəmanovun təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılmış və götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroini 08 iyul 2024-cü il tarixdə günorta saatlarında <<Kubinka» adlanan yerdə üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılmış və götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nəsimi RPİ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (01-ci cild, 01-ci vərəqə); Şübhəli şəxsin tutulması haqqında protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Elşən İsmayılov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (01-ci cild, 24-27-ci vərəqə); xx.xx.2024-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd bükümdə içərisində qəhvəyi rəngli toz şəkilli spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. (01-ci cild, 34-36-ci vərəqələr) xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Nəsimi RPİ İŞ-nin müstəntiqi, polis baş leytenantı X8 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (01-ci cild, 71-73-ci vərəqələr); Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2024-cü il tarixdə Nəsimi RPİ-yə ezam olunmuş 20-ci polis şöbəsinin təhqiqatçısı Ayxan Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. (01-ci cild, 126-130-ci vərəqələr) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs şöbənin baş müstəntiqi Zaur Tağıyev tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. (01-ci cild, 178-180-ci vərəqələr) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. (01-ci cild, 214-215-ci vərəqələr) Bakı şəhər Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyevin 10 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından imtina edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Nəsimi RPİ-nin Müvəqqəti saxlama yerindən azad edilmişdir. (01-ci cild, 194-195-ci vərəqələr) 240070370 nömrəli cinayət işi üzrə 10 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində baş müstəntiq Zaur Tağıyev tərəfindən "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. (01-ci cild, 200-ci vərəqə) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq sonuncu nömrə altında davam etdirilmişdir. (01-ci cild, 101-ci vərəqə) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd bükümdə içərisində qəhvəi rəngli toz şəkilli spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. (01-ci cild, 149-151-ci vərəqələr) Məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/4184 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 186" dairəvi möhür əksi olan, "Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan, bir ədəd bükümdə təmiz çəkisi 1,028 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasita heroindir. (01-ci cild, 50- 52-ci vərəqələr) Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3535 nömrəli ekspert rəyindən görünür ki, “Azərbaycan Respublikası DİN Zərflər üçün № 186" dairəvi möhür əksi olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,884 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (01-ci cild, 165-167-ci vərəqələr) Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il va xx.xx.2024-cü il tarixli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (01-ci cild, 238-239, 237-242-ci vərəqələr) Cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins materialdan olan şalvarın sağ yan cibindən 01 ədəd bükümü masanın üzərinə qoyaraq təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm barədə məlumat verməsi təklif olundu. Təqsirləndirilən şəxs həmin bükümün içərisində hansı növ narkotik vasitənin olmasını dəqiq bilmədiyini, bükümü polis əməkdaşları tərəfindən saxlanılmamışdan 3-4 saat öncə Yasamal rayonu, "Sovetski" adlanan ərazidən üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 30 manat ödəniş qarşılığında əldə etməsini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin hər hansı digər əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən aşkar olunmuş büküm ekspertizaya göndərilməsi məqsədi ilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. (01-ci cild, 69- 70-ci vərəqələr) DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə görə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 02 ay müddətinə azadlıqdan məhrum edilib. xx.xx.2023-cü il tarixdə isə cəzanın sonu ilə azad edilib (01-ci cild, 226-228-ci vərəqələr) Sübutların qiymətləndirilməsi haqqında 19 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə ilkin təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü, məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2024-cü il tarilxi 3-16-16/2-6/4184 nömrəli, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/4184 nömrəli, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 5613 №-li, məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4679 №-li, məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1110 nömrəli, məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 896 nömrəli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,028 qram çəkidə olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,928 qram hissəsi, ********* nömrəli iş üzrə üzərindən aşkar olunmuş 0,884 qram çəkidə olan narkotik vasitə heroin baş müstəntiq Zaur Tağıyev tərəfindən maddi sübut kimi tanınması və tətqiqatdan sonra qalıq qalmış 0,834 qram hissəsinin Nəsimi RPİ-nin saxlancına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. (01-ci cild, 247-259-ci vərəqələr). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlləri obyektiv cəhətdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımada ifadə olunur və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən cinayət əməli alternativ tərkibli cinayət tərkibi olmaqla, maddədə nəzərdə tutulmuş cinayət əməllərindən hər hansı birinin törədilməsi ilə cinayət başa çatmış hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkiləri 1,028 qram və 0,884 qram heroinlər xeyli miqdar hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunla yol verilən həddən artıq hesab olunmaqla, xeyli miqdarda narkotik vasitə heroinləri əldə edib saxlamış və daşımış, onun bu əməllərinin qarşısı polis əməkdaşları tərəfindən alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri iş materiallarında olan bir-birinə uyğun gələn mötəbər, ziddiyyətsiz sübutlarla, şahid ifadələri, ekspertiza rəyləri və özünün etirafedici ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2024-cü il tarixdə Nəsimi RPİ-yə ezam olunmuş 20-ci polis şöbəsinin təhqiqatçısı Ayxan Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuş, daha sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət prokuror tərəfindən müdafiə edilməmiş və 10 iyul 2024-cü il tarixdə həbsdən azad edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-439/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir və həmin tarixdən həbsdədir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin olmasını və təkrarən 234.1-ci maddədə nəzərdə tutulmuş cinayət əməllərini törətməsini onun cəzasını ağırlaşdıran hallar kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd edilir ki, CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdar xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi ilə tövsif olummalı, cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin olaraq 08 iyul 2024-cü il tarixdə, daha sonra xx.xx.2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, ilkin cinayət əməli üzrə məhkum olunmadığından, cinayət məsuliyyətindən azad edilmədiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən əməlləri cinayətlərin təkrar törədilməsi ilə tövsif edilməlidir. Habelə, Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-98/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzadan xx.xx.2023-cü il tarixdə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş az ağır cinayətlər kateqoriyasına aid edilmiş cinayət əməllərini törətmişdir. Qeyd edilənlər onun əməllərində cinayətlərin sadə residivinin müəyyən edilməsi qənaətinə gəlməyə əsas vermişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əvvəllər analoji cinayət əməlini törətməsi səbəbilə azadlıqdan məhrum edilməsinə, xx.xx.2024-cü il tarixdə təkrarən eyni cinayət əməlini törətməsi onun islah olunmaması qənaətinə gəlməyə əsas vermiş, gələcəkdə bu kimi əməlləri yenidən törətməsinin qarşısını almaq üçün cəzanın məqsədləri ancaq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu 02 gün müddət cəzasından çıxılmaqla, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz ) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 15 avqust 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 15 avqust 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş 224 (iki yüz iyirmi dörd) manat xərc Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutların qalıqları olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,928 qram və 0,834 qram olan narkotik vasitə heroinlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 18 saylı vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar