Məhkəmə qərarları › İş №1(006)-57/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-57/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-57/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx.xx.2001-ci ildə Biləsuvar rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olan, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 400 manat cərimə cəzasına məhkum edilmiş, barəsində «həbs» qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 180.2.2, 180.2.4-cü maddələri ilə; xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fəhlə işləyən, məhkumluğu olmayan, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, habelə insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə təkrar özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, xx.xx.2019-cu il tarixdə saat 05 radələrində ünvan 1 saylı ünvanın qarşısında yol kənarında park edilmiş Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “Mersedes- Benz” C 180 markalı **-XN-*** dövlət nömrə nişanlı avtomobilinin qabaq sağ yan şüşəsini dəmir parçası ilə sındıraraq, avtomobilin sürət qutusunun yanındakı saxlama yerindən Zərərçəkmiş şəxs2 7 manat məbləğində qəpik pullarını, Təqsirləndirilən şəxs2 isə avtomobilin kabinəsinin ön saxlama yerindən qara rəngli pul kisəsinin içərisindən 570 manat pullarını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə ümümilikdə 577 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, xx.xx.2019-cu il tarixdə saat 05:05 radələrində ünvan 1 saylı ünvana gəldikdən sonra Təqsirləndirilən şəxs2 kənar şəxslərin gələcəyi təqdirdə onu xəbərdar etmək məqsədi ilə müşahidə aparmaqla gözətçilik etmiş, həmin vaxt o, göstərilən ünvanda yol kənarında park edilmiş Zərərçəkmiş şəxs3 etibarnamə əsasında idarə etdiyi “Kia Optima" markalı **-RP-*** dövlət nömrə nişanlı avtomobilinin qabaq sağ yan şüşəsini daş parçası ilə sındıraraq, avtomobilin qolaltı yerindən Zərərçəkmiş şəxs3 məxsus 120 manat, ön saxlama yerindən qara rəngli pul kisəsinin içərisində olan milli məzənnə ilə 1700 manat təşkil edən 1000 ABŞ dollarını və 900 manat pulları gizli olaraq talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 2720 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrar özgənin əmlakını açıq talama məqsədi ilə xx xxxxxxx 2019cu il tarixdə saat 22:30-da ünvan 2 ünvanda yerləşən keçidin pilləkanlarının üstündə Zərərçəkmiş şəxs1 ayağına arxadan ayağı ilə badalaq vurub yerə yıxaraq, onun sağlamlığına sağ dirsək oynağı nahiyəsinin sıyrığı ilə müşayiət edilən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, zərərçəkmiş şəxsin əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən 25 manat pulunu insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə açıq talayıb ələ keçirməklə soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, xx.xx.2019cu il tarixdə saat 05 radələrində ünvan 1 saylı ünvanın qarşısında yol kənarında park edilmiş Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz” C 180 markalı **-XN-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ yan şüşəsini Təqsirləndirilən şəxs1 dəmir parçası ilə sındırdıqdan sonra, avtomobilin ön saxlama yerindən Zərərçəkmiş şəxs2 məxsus qara rəngli pul kisəsinin içərisindən 570 manat, Təqsirləndirilən şəxs1 isə sürət qutusunun yanındakı saxlama yerindən 7 manat məbləğində qəpik pulları gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümümilikdə 577 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, xx.xx.2019-cu il tarixdə saat 05:05 radələrində ünvan 1 saylı ünvana gəldikdən sonra kənar şəxslərin gələcəyi təqdirdə Təqsirləndirilən şəxs1 xəbərdar etmək məqsədi ilə müşahidə aparmaqla gözətçilik etmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 göstərilən ünvanda yol kənarında park edilmiş Zərərçəkmiş şəxs3 etibarnamə əsasında idarə etdiyi “Kia Optima” markalı **-RP-*** dövlət nömrə nişanlı avtomobilinin qabaq sağ yan şüşəsini daş parçası ilə sındıraraq, avtomobilin kabinəsində olan qolaltı yerindən Zərərçəkmiş şəxs3 məxsus 120 manat, ön saxlama yerindən qara rəngli pul kisəsinin içərisində olan milli məzənnə ilə 1700 manat təşkil edən 1000 ABŞ dollarını və 900 manat pulları gizli olaraq talayıb, zərərçəkmiş şəxsə ümümilikdə 2720 manat maddi ziyan vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 180.2.2, 180.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, əvvəllər də müxtəlif cinayət əməllərinə görə məhkum olunmuşdur. Hazırki, cinayət işi üzrə xx xxxxxxx 2019-cu il tarixdə tutulmuş və Bakı İstintaq Təcridxanasına aparılmışdır. Tanışı Təqsirləndirilən şəxs2lə birlikdə zibil yeşiklərindən kardon və dəmir parçaları toplayıb satmaqla pul qazanmışlar. xx.xx.2019-cu il tarixdə ünvan 1 saylı ünvanın qarşısında park edilmiş “Kia Optima” markalı **-RP-*** dövlət nömrə nişanlı avtomobilinin qabaq sağ yan şüşəsini daş parçası ilə sındıraraq avtomobilin qol altı saxlanc yerindən 120 manat, ön saxlanc yerində qara rəngli pul kisəsinin içərisində 1000 ABŞ dolları və 900 manat pul oğurlamışdır. Həmin cinayət əməlini tək törətmişdir. Ona qarşı irəli sürülmüş ittihamın Zərərçəkmiş şəxs2 məxsus 577 manat pulun oğurlanması ilə bağlı özünü təqsirli bilmir və həmin oğurluq cinayət əməlini o törətməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq yox, oğurluq etmiş və sonuncuya dəymiş zərər ödənilmişdir. Həmin şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf etməsini və peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, xx.xx.2019-cu il tarixdə ünvan 1 saylı ünvanın qarşısında park edilmiş “Mersedes-Benz” C 180 markalı **- XN-*** dövlət nömrə nişanlı avtomobilinin qabaq sağ yan şüşəsini sındırmış və sürət qutusunun yanındakı saxlanc yerindən 7 manat, ön saxlanc yerindən qara rəngli pul kisəsinin içərisindən 570 manat pul oğurlamışdır. Digər oğrulu cinayət əməlini yəni, Zərərçəkmiş şəxs3 məxsus 2720 manat pulu o oğurlamamışdır. Törtdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, həmçinin himayəsində olan azyaşlı uşaqlarının nəzərə alınaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. X4 məxsus olan və etibarnamə əsasında idarə etdiyi “Kia Optima” markalı **-RP- *** dövlət nömrə nişanlı avtomobili xx xxxxxx 2019-cu il tarixdə gecə saat 02 radələrində ünvan 1 saylı ünvanın qarşısında yol kənarında park etmiş və evə getmişdir. Həmin tarixdə səhər saat 08 radələrində mühafizəçi zəng edərək avtomobilinin şüşəsinin sındırıldığını bildirmişdir. O, dərhal avtomobilə yaxınlaşmış və qabaq sağ yan şüşəsinin sındırıldığını, avtomobilin qol altı saxlanc yerindən 120 manat, ön saxlanc yerindən qara rəngli pul kisəsinin içərisindən 1000 ABŞ dolları və eyni zamanda 900 manat pulunun oğurlandığını aşkar etmişdir. Daha sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbləri yoxdur və onlara təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarına gəlməmiş, onun məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi Azad Qasımov tərəfindən məhkəmənin xx.xx.2020-ci il tarixli, 1(006)-57/2020 nömrəli sorğusuna verilən cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 xx xxxxxx 2020-ci il tarixdə ölkə xaricinə çıxmışdır. Müdafiə tərəfi Zərərçəkmiş şəxs2 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, X8 məxsus olan və xx.xx.2018-ci il tarixli 799638 nömrəli etibarnamə əsasında idarə etdiyi 1996-cı il buraxılışlı, gümüş metal rəngli, “Mersedes-Benz” C 180 markalı **-XN-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2019-cu il tarixdə saat 20 radələrində yaşadığı ünvan 1 saylı ünvanın qarşısında yol kənarında park edilmişdir. xx.xx.2019-cu il tarixdə saat 08 radələrində avtomobilinə yaxınlaşarkən qabaq sağ yan şüşəsinin sındırıldığını və avtomobilin ön saxlanc yerindən özünə məxsus qara rəngli pul kisəsinin içərisindən 570 manat və eyni zamanda sürətlər qutusunun yanındakı saxlanc yerindən isə 7 manat qəpiklər olmaqla ümümilikdə 577 manat pulunun oğurlandığını aşkar etmişdir. Buna baxmayaraq, həmin tarixdə işləri çox olduğu üçün polisə müraciət etməkdən ötrü vaxt tapa bilməmiş və bu səbəbdən də xx.xx.2019-cu il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-yə gedərək ərizə ilə bu barədə müraciət etdiyini bildirmişdir (cild 1, i/v 160-163). İş materiallarında olan Nəsimi RPİ-nin müstəntiqi X5 tərəfindən tərtib edilən xx xxxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilən şəxslər sırasından ona qarşı soyğunçuluq etmiş Təqsirləndirilən şəxs1 tanımışdır (cild 1, i/v 39-41). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya» Birliyinin canlı şəxsin ekspertizasına dair xx xxxxxxx 2019-cu il tarixli, 991 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər – sağ dirsək oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 7-10 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni Zərərçəkmiş şəxs1 öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə (betona, asflat örtüyünə və s.) dəyməsi nəticəsində əmələ gələ bilərdi (cild 2 i/v 19-20). İş materiallarında olan xx.xx.2019-cu il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 öz ifadəsini Təqsirləndirilən şəxs1 üzünə demiş, sonuncu da törətdiyi əməli etiraf edərək Zərərçəkmiş şəxs1la tam razı olduğunu bildirmişdir (cild 2 i/v 27-28). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Elgiz Kazımov tərəfindən məhkəməyə ünvanlanan 17/72-910/13 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Həsənzadə X6 rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Həmin məhkəmənin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3 və 67.1-ci maddələrinə əsasən 11 ay 24 gün azadlığın məhdudlaşdırılması və 400 manat cərimə cəzasına məhkum edilmişdir. Həmin hökm xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, məhkum xx.xx.2020-ci il tarixdə şöbənin qeydiyyatına götürülmüşdür. 400 manat cərimə cəzası ödənilməmişdir (cild 1, i/v 101, 109-118). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur (cild 2, i/v 8). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(006)-527/2019 nömrəli qərarı ilə barəsində 2 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 53, 92-94). İş materiallarına əlavə olunmuş qətimkan tədbiri seçmək haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 75-78). Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs2 tapılanadək dayandırılmış, həmin qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə və Azərbaycan Respublikası DİN-ə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Nəsimi rayon Polis idarəsinin 20-ci Polis Bölməsinin rəisi Vüqar Abdullayev tərəfindən Bakı şəhər Nəsimi rayon məhkəməsinə ünvanlanan xx.xx.2020-ci il tarixli, ***-**** saylı məktubdan və ona əlavə edilmiş axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən verilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 180.2.2, 180.2.4-cü maddələrində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətmələri özlərinin qismən etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 180.2.2, 180.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəza almalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətlərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri qismən etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri qismən etiraf etməklə peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaların təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmüilə təyin edilmişazadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 17 (on yeddi) günü hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmüilə təyin edilmiş 400 manat cərimə cəzası isə tam birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki,Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmüilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 17 (on yeddi) günü, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 05 (beş) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmüilə təyin edilmiş 400 manat cərimə cəzası isə tam birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxxx 2019-cu tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X9 və X7 vəkil işlədikləri 18 nömrəli Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişlər. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-443/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi 18 saylı Vəkil Bürosunun vəkili X9 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi 18 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş 33 (otuz üç) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 və X7 vəkil işlədikləri Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 198 (yüz doxsan səkkiz) manat, ümumilikdə 396 (üç yüz doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla ona 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 17 (on yeddi) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 05 (beş) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş və ödənilməmiş 400 manat cərimə cəzası isə tam birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 400 (dörd yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 400 (dörd yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 198 (yüz doxsan səkkiz) manat məbləğində pul köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 198 (yüz doxsan səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar