Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-57/2021 05.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 Zərər çəkmiş şəxsin Nümayəndə nümayəndəsi: Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Rusiya Federasiyası, Amur vilayəti, Tambov şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, işləməyən, subay, məhkumluğu ödənilmiş, Göyçay rayonu, Ləkçıplaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, 6-cı mədən, köhnə maye-qaz zavodunun həyətindəki tikilidə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- 2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Şahid3, Şahid2 və Şahid1 ilə ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx xxxxxx 2020-ci il tarixdə, saat 00:30 radələrində dəmir yolunun “Bakı Yük-Liman” mənzilinin 16 km pk9-da Bakı şəhəri, Nəsimi rayonu, M.Mehdizadə küçəsinin üzərində yerləşən dəmir yolu körpüsü ilə keçən dəmir yolu xətlərinin kənarındakı, “xxxx” QSC-yə məxsus, istifadədə olmuş, üzəri qara rəngli, alt hissəsindən aliminium ekran izolyasiyalı, ümumi diametri 21 mm, cox damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 0,6 mm olan tək simli, iki ədəd hər biri 90 metr olmaqla cəmi 180 metr uzunluğunda, hər metrəsinin dəyəri 10 manat olan 1.800 manat dəyərində “TPP-200X2x0.4” markalı və istifadədə olmuş, üzəri qara rəngli, alt hissəsindən aliminium ekran və kağız karton izolyasiyalı, ümumi diametri 22 mm, cox damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 1,3 mm olan tək simli, iki ədəd, hər biri 90 metr olmaqla cəmi 180 metr uzunluğunda, hər metrəsinin dəyəri 09 manat olan 1.620 manat dəyərində “MKPAB 4x4x1.2” markalı, dövlət əhəmiyyətli işlək rabitə naqillərini ümumi mərkəzi şəbəkədən birlikdə kəsməklə oğurlayaraq zərər çəkmiş şəxsə ümumilikdə 3.420 manat məbləğində maddi ziyan vurmuşlar. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində tanışı Şahid3la birlikdə Bakı şəhəri, Səbail rayonu, “20-ci sahə”də yerləşən kafedə olarkən sonuncu ona dəmir yolu xəttinin yanıda gördüyü kabeli kəsib içərisindəki misi sataraq pul qazanmağı təklif etmiş, o da bununla razılaşmışdır. xx.xx.2020-ci il tarixdə yenə həmin kafedə olarkən Namiq digər masadakı tanışı Varisi yanlarına çağıraraq məsələ barədə ona danışmış, Varis də bu işə qoşulacağını söyləmişdir. Bundan sonra o, dayısı oğlu Ramazana zəng vurub onları metronun “28 May” stansiyası yaxınlığına aparmağı xahiş etmiş, lakin sonuncu hazırda işinin olduğunu, bir müddət sonra onların yanına gələ biləcəyini demişdir. O, kafedən çıxıb kabeli kəsmək üçün mağazadan kəlbətin almış və sonra üçü birlikdə avtobusla metronun “28 May” stansiyasının yaxınlığına, oradan isə piyada köhnə çay fabrikinin yanına gəlmişlər. Bu zaman Ramazan ona zəng edib yaxınlıqda olan kafedə olduğunu demiş və lazım olan vaxt gələ biləcəyini söyləmişdir. O, Varis və Namiqlə birlikdə kabelin kənarında gəzərək ətrafa nəzər salmış, heç kimin olmadığına əmin olduqdan sonra onu açıq olan hissələrindən kəsməyə başlamışlar. Varis kabeli kəsərkən kəlbətin sındığı üçün o, Ramazanın yanına kafeyə gedərək onda kəlbətinin olub-olmamasını soruşmuş, sonuncu da bunun olmadığını deyəndə, avtomobil ilə Varis və Namiqi də götürüb “20-ci sahə”yə gəlmiş, Namiq oradan dəmir kəsən mişarı götürüb yenidən geri qayıtmışlar. Ramazan onları düşürdükdən sonra kafeyə getmişdir. Onlar mişarla kabelləri kəsib çıxararaq bir yerə yığmış, sonra o, yenidən Ramazana zəng edərək onu çağırmışdır. Onlar birlikdə kabelləri Ramazanın idarə etdiyi avtomobilin baqajına və arxa oturacaqlarına yerləşdirmişlər. Namiq avtomobilin ön oturacağında oturmuş, arxa tərəfə isə kabellərə görə yer olmadığından o, Varislə birgə digər taksi ilə onların ardınca “Şıxov” adlanan ərazidə yerləşən zibilxanaya gəlmişlər. Onlar naqillərin üzlüklərini yandıraraq mis halına saldıqdan sonra yenidən Ramazana zəng vurub onu çağırmış, bu naqilləri Ramazanın avtomobilinə yükləyərək “20-ci sahə”də “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı Rövşən adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə gəlmiş və orada onları 665 manata satmışlar. Namiq həmin puldan Ramazana 60 manat, Varisə 100 manat, ona isə 160 manat vermişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs “xxxx” QSC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 00:30 radələrində “Bakı Yük-Liman” mənzilinin 16 km pk9-da Bakı şəhəri, Nəsimi rayonu, M.Mehdizadə küçəsinin üzərində yerləşən dəmir yolu körpüsü ilə keçən dəmir yolu xətlərinin kənarındakı, “xxxx” QSC-yə məxsus, hər biri 90 metr uzunluğunda 1.800 manat dəyərində 02 ədəd “TPP-200X2x0.4” markalı və hər biri 90 metr uzunluğunda 1.620 manat dəyərində 02 ədəd “MKBAP 4x4x1.2” markalı dövlət əhəmiyyətli rabitə naqillərini ümumi mərkəzi şəbəkədən kəsilməklə oğurlanması aşkar edilmişdir. Faktla bağlı polisə məlumat verilmişdir. Təqsirləndirilən şəxslər tərəfindən cəmiyyətə vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən onlara qarşı şikayət və tələb yoxdur. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə fəhlə olaraq iş məsələsi ilə bağlı köhnə çay fabrikinin yaxınlığında olarkən oranın arxa tərəfindəki körpünün üzərindən keçən dəmir yolunun kənarında bir qismi çöldə, qalanı isə torpaq və betonun içərisində olan kabel xəttini görmüşdür. xx.xx.2020-ci il tarixdə “20-ci sahə” ərazisində tanışı Təqsirləndirilən şəxsla kafedə pivə içərkən gördüyü həmin kabelləri kəsib içərisindəki misi əlvan metal qəbulu məntəqəsinə satmağı təklif etmişdir. Fərhad da onunla razılaşmışdır. xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində yenidən Fərhadla həmin kafedə görüşəndə Varis adlı tanışları da onların yanına gəlmişdir. O, kabel məsələsini ona da danışmış, sonuncu da buna etiraz etməmişdir. Fərhad dayısı oğlu Ramazana zəng vurub onları metronun “28 May” stansiyasının yaxınlığına aparmasını xahiş etmişdir. Ramazan isə işinin olduğu deyib hələlik gələ bilməyəcəyini, lakin sonra onlara qoşula biləcəyini söyləmişdir. Fərhad kafedən çıxıb kəlbətin almış, daha sonra üçü birlikdə metronun “28 May” stansiyasının yaxınlığına, oradan isə piyada köhnə çay fabrikinin yanına gəlmişlər. Bir qədər sonra Ramazan Fərhada zəng edib çay fabrikinin yanındakı kafedə onları gözlədiyini və istədikləri vaxt onların yanına gələ biəcəyini demişdir. O, Fərhad və Varislə həmin kabelin açıq hissələrindən kəsməyə başlamış, bu zaman kəlbətin sınmışdır. Fərhad Ramazanın yanına gedərək sonuncunun idarə etdiyi “Peugeot Khazar” markalı avtomobillə onların yanına qayıtmış və üçü birlikdə həmin avtomobil ilə Varisin işlədiyi kafeyə gələrək oradan dəmir kəsən mişarı götürmüş və kabelin qalan hissələrini kəsmək üçün geri qayıtmışlar. Ramazan onları gətirdikdən sonra oradan getmişdir. Onlar mişarla kabelləri kəsib çıxararaq bir yerə toplamışlar və saat 00:30 radələrində Fərhad Ramazana zəng edərək onu yanlarına çağırmış, sonuncu gəldikdən sonra Fərhad və Varislə bərabər kabelləri onun avtomobilinin baqajına və içərisinə yığmışlar. O, avtomobildə ön oturacaqda oturmuş, arxa oturacaqlara kabel yığdıqlarına görə Fərhadla Varisə oturmaq üçün yer olmamışdır. Onlar da taksi ilə “Şıxov” adlanan ərazidə yerləşən zibilxanaya gəlmişlər. Zibilxanada həmin kebellərin üz izolyasiya örtüklərini yandırıb mis naqilləri bir yerə toplamışlar, saat 05-06 radələrində isə Ramazan gələrək mis naqilləri onun avtomobilinə yükləyərək “20-ci sahə” ərazisindəki “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən, Rövşən adlı şəxsin işlətdiyi əlvan və qara metal qəbulu məntəqəsinə gəlmişlər. 95 kq çəkidə mis üçün onlar 665 manat pul almış, bu puldan Ramazana 60 manat, Fərhada 160 manat, Varisə isə 100 manat verilmişdir. Özünə qalan puldan alimet borcuna görə 300 manat ödəmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, o, “Peugeot Khazar” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə, saat 21:50-də bibisi oğlu Fərhad ona zəng edərək metronun “28 May” stansiyasının yaxınlığına gəlməsini xahiş etmişdir. O isə Fərhada hazırda işinin olduğunu və sonradan onları gəlib oradan götürə biləcəyini söyləmişdir. Saat 23 radələrində “Səməd Vurğun” adına parkın yanında olan “Kəhrəba” kafesində olarkən Fərhad oraya gəlib kabeli kəsəndə kəlbətinin qırılıdığını və dəmir kəsən mişar axtardığını deyərək ondan avtomobilində kəlbətinin olub-olmadığını soruşmuşdur. Özündə kəlbətin olmadığından Namiq və əvvəllər sadəcə üzdən tanıdığı, adını bilmədiyi bir nəfərlə birlikdə avtomobillə Bayıl qəsəbəsində “20-ci sahə” getmiş və orada olan söküntülərdən Namiq mişar götürmüşdür. Nəmiqdən həmin mişarla hansı kabelləri kəsəcəklərini soruşanda, sonuncu ona rabitə kabellərini kəsdiklərini, lakin kəlbətin qırıldığından işi başa çatdıra bilmədiklərini demişdir. Onları kabelləri kəsdikləri yerə, yəni dəmir yolu körpüsünün altına aparıb yenidən həmin kafeyə qayıdaraq onlardan zəng gözləmişdir. Saat 03:05 radələrində Fərhad zəng edib “X4”nın yaxınlığındakı dəmir yolu körpüsünün altına gəlməsini söyləmişdir. Orada Fərhad, Namiq və adını sonradan bildiyi Varis adlı şəxs onun avtomobilinin baqajına və arxa oturacaqlarına qara rəngli kabelləri yığmışlar. Avtomobildə yer olmadığından təkcə Namiq onunla, Fərhadla Varis isə digər taksi ilə onların ardınca gəlmişlər. Onlar “Şıxov”da yerləşən zibilxanaya gəldikdən sonra avtomobildəki kabelləri yerə düşürmüşlər. Bu zaman Namiq ondan 10 manat borc pul alıb digər taksinin pulunu verdikdən sonra ona zəng edəcəyini demişdir. Saat 04:25 radələrində o, həmin yerə gəlmiş və mis naqilləri avtomobilin baqajına yığmışlar. Sonra Bayıl qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsinə gəlmiş və Namiqgil bu metalı 665 manata satıb ona 60 manat pul vermişlər. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, “20-ci sahə”də yerləşən “Murad” adlı kafedə işləyərkən xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində tanışları Namiq və Fərhad orada oturub pivə içib söhbət etmişlər. Bu zaman Namiq onu öz masalarına dəvət etmiş və dəmir yolunun kənarındakı kabeli oğurlayıb satmaq fikri barədə danışmış, onu bu işə dəvət etmişdir. O da onların təklifinə etiraz etməmişdir. Bundan sonra Fərhad dayısı oğlu Ramazana zəng edib onları metronun “28 May” stansiyası yaxınlığına aparması üçün çağırsa da, sonuncu işinin olduğunu deyərək sonra arxalarınca gələcəyini bildirmişdir. Fərhad kafedən çıxıb kabeli kəsmək üçün kəlbətin almış və onlar birlikdə avtobusla metronun “28 May” stansiyası yaxınlığına, oradan isə piyada köhnə çay fabrikinin yanına gəlmişlər. Ramazan da Fərhada zəng vuraraq bildirmişdir ki, o, hazırda yaxınlıqda yerləşən kafedə əyləşib və nə zaman lazım olacağı təqdirdə gələ bilər. Onlar üçü birlikdə dəmir yolunun kənarında olan kabelləri kəsməyə başlamış, bu zaman kəlbətin onun əlində sınmışdır. X7 yanına kafeyə getmiş və onlar gəldikdən sonra sonuncunun idarə etdiyi “Peugeot Khazar” markalı avtomobil ilə “20-ci sahə”yə getmişlər. Namiq oradan dəmir kəsən mişar götürmüş və kabelin qalan hissələrini kəsmək üçün geri qayıtmışlar. Ramazan isə onları gətirdikdən sonra oradan getmişdir. Mişarla kabelləri kəsib çıxararaq bir yerə toplamışlar və saat 00:30 radələrində Fərhad yenidən zəng edib Ramazanı çağırmış, sonuncu da oraya gəldikdə birlikdə kabelləri onun avtomobilinin baqajına və arxa oturacaqlarına yığmışlar. Namiq Ramazanın maşınında ön oturacaqda oturmuş, o isə Fərhadla birlikdə taksi ilə onların ardınca “Şıxov” adlanan yerdə olan zibilxanaya getmişlər. Ramazan onları düşürüb getmiş, onlar isə birlikdə naqilləri yandırıb misi bir yerə toplamışlar. Bundan sonra Fərhad yenə Ramazanı çağırmış və onlar həmin mis naqilləri sonuncunun avtomobilinə yükləyərək “20-ci sahə”də “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən, Rövşən adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə gəlmişlər. Ramazan ona zəng vurmuş, Rövşən gəldikdən sonra həmin naqilləri 665 manata almışdır. Namiq həmin puldan Ramazana 60 manat, Fərhada 160 manat, ona isə 100 manat vermişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/163-9/314 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş kabellərin x xxxxxxxx 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir: - 01 ədəd uzunluğu təxminən 30 sm, istifadədə olmuş, üzəri qara rəngli, alt hissəsindən aliminium ekran izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 21 mm, çox damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 0,6 mm olan tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintiisndən hazırlanmışdır - 1 metri 10,0 manat; - 01 ədəd uzunluğu təxminən 35 sm, istifadədə olmuş, üzəri qara rəngli, alt hissəsindən aliminium ekran və kağız karton izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 22 mm, çox damarlı, ayrıayrı izolyasiyalı, damarlarının diametri 1,3 mm olan tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır - 1 metri 09,0 manat. Aparılmış tədqiqatın dəyəri 109,50 manat təşkil edir (İ cild, i.v.59-61); - “Maddi sübut kimi tanımaq haqqında” xx xxxxx 2020-ci il tarixli qərarla metal qəbulu məntəqəsində quraşdırılmış kameranın görüntülərini əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (İ cild, i.v.56); - “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.189-190); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixli amnsitiya aktına əsasən xx.xx.2016-cı ildə cəzanın qalan hissəsindən azad edilmişdir (İ cild, i.v.131). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-2-ci maddəsi isə eyni əməllərin neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədilməsinə görə məsuliyyət yaradır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 109,50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkii X3 dövlət büdcəsi vəsaiti hesabına 18 saat üçün nəzərdə tutulan 108 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, 6-cı mədən, köhnə mayeqaz zavodunun həyətindəki tikilini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, habelə onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat 50 (əlli) qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkii X3 dövlət büdcəsi vəsaiti hesabına 18 saat üçün nəzərdə tutulan 108 (yüz səkkiz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-57/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-57/2021
05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver