Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-574/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X5, Müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında Rejim-nəzarət şöbəsinin böyük nəzarətçisi vəzifəsində işləməklə gizir xüsusi rütbəsi daşıyan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 547 nömrəli bağ evində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərər şəkmiş şəxsin sağlamlığa az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə, saat 22:18-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Forte” arkalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi ilə 28 may metrostansiyasi istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni dönəcəyi yolun hərəkət hissəsini piyada keçidində keçməkdə olan piyadaya yol verməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək həmin vaxt yolun hərəkət hissəsini sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sol qamış sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınığı və sağ əlin V barmağının dırnaq yatağına qansızmadan ibarət xəsarət almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X6 ilə barışıq əldə etdiyini, dəymiş zərəri ödədiyini, törətmiş olduğu əməlindən peşman olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X6 hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.93-94); - “Qətimkan tədbirinin təsdiq edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixli qərarla “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri təsdiq edilmişdir (i.v.130-131); - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Nəsimi rayonu, C.Hacıbəyli küçəsi ilə Salatın Əsgərova küçəsinə dönən yoldur, hadisə yerinin fotoşəkilləri çəkilərək cinayət işi materiallarına əlavə edilmişdir (i.v.5-10); - Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat İmtahan İdarəsi / 5 saylı Asan Xidmət mərkəzi tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BB440545 nömrəli “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir (i.v. 19); - Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kia Forte” minik markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır (i.v. 20); - “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 20 iyun 2024-cü il tarixli protokoldan görünür ki, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur (i.v. 13-17); -“Görüntüyə baxış keçirilməsi haqqında” 02 iyul 2024-cü il tarixli protokoldan görünür ki, “Kia Forte” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil C.Hacıbəyli küçəsi ilə 28 May metrostansiyası istiqamətində hərəkət edib yol kəsişməsində yolu sola dönən zaman yol kəsişməsində piyada keçidi olan yerdə yolu sağdan sola doğru adi yerişlə yeriyib keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vurmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə, saat 22:18də baş vermişdir (i.v. 29); - Məhkəmə-tibbi ekspertizasının 30 avqust 2024-cü il tarixli, 806 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol qamış sümüyünün yuxarı 1/3-nin qapalı, yerdəyişmiş sınığı, sağ əlin V barmağının dırnaq yatağına qansızma bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının piyada qismində olan Zərərçəkmiş şəxs vurması nəticəsində əmələ gələ bilmələri mümkündür (i.v. 36-40); - Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 21 avqust 2024-cü il tarixli, 8/1976 nömrəli ekspert rəyinin təsviri hissəsində göstərilmişdir ki, “Kia Forte” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən sağa və sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Qeyd olunan rəyin nəticə hissəsində göstərilmişdir ki, “Kia Forte” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir (i.v. 41-45); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "Kia Forte" markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil və bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, avtomobil Təqsirləndirilən şəxs qaytarılmış, bir ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.134-138); - Baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərinin qeydə alındığı diskə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir (i.v.28); - X1 Sisteminin məhkumluq sorğusu alt bölməsindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 142); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il, xx.xx.2016-cı il və xx.xx.2022-ci il təvəllüdlü üç azyaşlı övladı var. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ifadəsinə, ekspert rəyinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 731.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışdığından və zərər çəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati xətanın olub-olmamasını müəyyən edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Kia Forte" markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin ikinci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – “Kia Forte" markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-574/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-574/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver