Məhkəmə qərarları › İş №1(006)-574/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-574/2025

03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-574/2025 03.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Calut Ə/D, Calut kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zot tətbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 23 aprel 2025-ci il tarixdə saat 08 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvanının qarşısında qeyri-rəsmi münasibətdə olduğu tanışı Zərərçəkmiş şəxs ilə birlikdə sərnişin qismində əyləşdikləri “Toyota Prius” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilində sonuncunun sosial şəbəkə platformasında başqa-başqa şəxslərlə danışmasını cüzi səbəb kimi bəhanə gətirib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik edərək Zərərçəkmiş şəxs məxsus «iPhone 15 Pro Max» markalı mobil telefonu əlindən götürüb silah qismində istifadə etməklə həmin mobil telefonla sonuncuya zor tətbiq edib sifət nahiyəsindən qəsdən zərbələr vuraraq ona üst və alt dodağın selikli qişalarının iri ölçülü əzilmiş-cırılmış yaraları, üst və alt dodaq nahiyələrinin qançır-şişkinlik halında əzilməsi, başın alın nahiyəsinin, sol gözaltı, sol çənəaltı, hər iki yanaq, döş qəfəsinin nahiyələrinin qançırları, sol said nahiyəsinin qançırı və sıyrıqları, burnunun və sağ qulaq seyvanı nahiyələrinin sıyrıqları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə və «iPhone 15 Pro Max» markalı mobil telefonu üzərində olan istintaqla müəyyən edilməyən bıçaqla vurub yararsız hala salaraq məhv edib Zərərçəkmiş şəxs qiymətləndirməsinə görə sonuncuya 2000 manat məbləğində maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2023-cü ilin noyabr ayından “Tiktok” sosial şəbəkəsindən tanımışdır. O, Kəmalə xanımla bir müddət “Tiktok” sosial şəbəkəsi vasitəsi ilə danışmış, daha sonra isə görüşmüşlər və aralarında 3 ilə yaxın bir vaxt ərzində sevgi münasibətləri yaranmışdır. Hadisə olan günü Kəmalə xanım özü ona zəng vurub görüşmək istədyini bildirmiş, xx.xx.2025-ci il tarixdə saat 08 radələrində «Tesla» parkında Kəmalə ilə görüşmüşdür. Bildirmək istəyir ki, Kəmalənin “Tik tok” hesabı onda olmuşdur. Həmin ərəfədə Kəmalənin başqaları ilə yazışmasını, başqalarına hədiyyə göndərməsini aşkar etmişdir. O, Kəmaləyə başqaları ilə niyə yazışdığını soruşmuş, daha sonra isə Kəmalənin telefonundan taksi sifariş verib onun Xırdalanda yaşadığı evə yollanmışlar. Parkda onların mübahisəsi olmamış, yalnız avtomobildə ondan başqaları ilə niyə yazışmasını soruşmuşdur. Kəmalə isə telefonunu özünə qaytarmasını istəmiş, onun əlindən telefonu almaq istəyərkən telefon onun əlindən çıxaraq Kəmalənin üzünə dəymişdir. O, həmin vaxt özü də pis olmuş, ona həkim və dava dərman təklif etmiş, taksi ilə onun kirayə qaldığı evə getmişlər. Orada otaq yoldaşını çağırmış, sonuncu taksinin pulunu verib getmişdir. Bir müddət onlarda qaldıqdan sonra onu evlərinə yola salmışdır. Həmin taksidə olduğu ərəfədə anası ilə də danışmış, həmçinin Kəmalə xanım da anası ilə danışmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Kəmalə xanım onu həmin parka dəvət etmişdir. Onun Kəmalə ilə 3 ildən artıq vaxtdır münasibətilərinin olduğunu, parkda onunla xanım arasında taksi gələnə kimi 5-10 dəqiqə söhbət etdiklərini, taksi gəldikdə, əl-ələ tutaraq taksiyə oturduqlarını, taksidə olarkən Kəmaləyə zəng gəldiyini, Kəmalənin zəngə cavab verməsi üçün telefonunu ona qaytarmasını, o isə telefonu vermədiyini, ona sözü olduğunu, əsəbdən telefonu vurub qırdığını, sonradan, telefonun da yenisini alıb Kəmaləyə verdiyini bildirmişdir. Eyni zamanda taksidə olarkən üstündə bıçaq olmadığını, müstəntiq tərəfindən bıçaq məsələsinin ortaya çıxarıldığını, polis tərəfindən fiziki zor tətbiq olunaraq döyüldüyünü, barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında qeyd olunanları məhkəməyə dediyini, taksidə üzərində bıçaq deyil, açar olduğunu, bıçaq olması barədə iş materiallarında hər-hansı bir sübutun olmadığını qeyd etmişdir. Həmçinin təqsirləndirilən şəxs taksidə olarkən səs-küy salmadığını, nalayiq ifadə işətmədiyini, evə çatanda normal vəziyyətdə taksidən düşüb evə getdiklərini, taksinin pulunun Vasif adlı dostunun verdiyini, lakin Vasifinin xanımı görmədiyini, Vasifinin taksinin pulunu verərək çıxıb getdiyini, həmin günü sadəcə görüşmək niyyətində olduqlarını, taksidə gedərkən belə Kəmalənin telefonuna mesaj gəldiyini, mesajda ondan 40 manat göndərilməsini və buna oxşar digər smslər gəldiyini, Kəmaləni bilərəkdən vurmadığını, təsadüfən mesajlara görə telefonu göturmək istəyərkən əlinin dəydiyini, sonradan telefonla öz anasına yığdığını, hətta Kəmalənin belə anası ilə danışdığını, ibtidai istintaq zamanı müstəntiqin təzyiqləri nəticəsində ifadəsi ilə tanış olmayaraq imza etdiyini, taksidə olarkən mübahisə zamanı səs-küy salmadığını, nalayiq ifadələr işlətmədiyini, aralarında olan söhbətin hətta taksi sürücüsü tərəfindən eşidilmədiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən (təsadüfən xanımı vurduğunu) səmimi peşman olduğunu, onun tərəfindən xuliqanlıq hərəkətlərinin edilmədiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs “Tik-Tok” sosial şəbəkəsindən tanımışdır. Təxminən hadisədən 9 ay əvvəl tanışlıqları olubdur. Təqsirləndirilən şəxs şəxsi taksi fəaliyyəti ilə məşğul olduğu və onu mütəmadi olaraq evdən işə aparmışdır. Həmin vaxt aralarında münasibət yaranmışdır. O, ərindən rəsmi qaydada yanvar ayında boşanmış, Mansur da bundan xəbərdar olmuş, Mansur bunu bildikdə onun yaşadığı yerə gəlib ona zəng edib qapıya çıxmağını və onu görmək istədiyini demiş, o isə Mansurun nə demək istədiyini anlamamış və anasına zəng edib bildirmişdir ki, oğlu bura gəlib onu narahat etsə polisə məlumat verəcək. Həmin gündən sonra Mansuru görməmiş, lakin Mansur onunla bəzən telefonda əlaqə saxlamışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə səhər saatlarında Mansur ona zəng edib onu görmək istədiyini bildirmiş və o. Mansura işə getdiyini, görüşmək istəmədiyini bildirmişdir. Bir neçə dəqiqə sonra Mansurun anasının nömrəsindən ona harada olmağı ilə bağlı mesaj gəlmiş və o, həmin mesaja cavab olaraq işə getdiyini yazmışdır. Mansurun anasının nömrəsini bəzən anası bəzən isə Mansur özü işlətmişdir. O, həmin vaxtı Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Tesla” parkının yanından keçmiş və bu zaman Mansur onun qarşısına çıxmışdır. Mansur onunla söhbət etmək istədiyini bildirmişdir. O, Mansura sözünü burada deməsini bildirmiş və Mansur ondan özünün yaşadığı ünvanına taksi sifariş verməsi üçün telefonunu istəmiş, lakin o, Mansura onlara getməyəcəyini bildirmişdir. Bir müddət sonra təxminən saat 07:45 radələrində “Toyota Prius" markalı **-VD-*** dövlət qeydiyyat nişanlı taksi avtomobil gəlmişdir. Mansur ona taksiyə minməyini bildirmiş, o, əvvəlcə istəməsə də, Mansur qolundan tutaraq onu taksiyə tərəf apardığı üçün məcbur olub taksiyə minmişdir. Taksiyə minən kimi Mansur ona hansı səbəblə “Tik-tok” sosial şəbəkəsində başqaları ilə yazışdığını soruşmuş və əlində olan bıçaqla onu hədələməyə başlamışdır. Həmin vaxtı taksi sürücüsü Mansura bıçağı yerə qoymağı bildirsə də Mansur buna məhəl qoymamışdır. Daha sonra Mansur əlində olan bıçaqla ona məxsus "iphone 15 pro max” markalı mobil telefonun üzərinə zərbələr vurub telefonunu yararsız vəziyyətə saldı, sonra bıçağı kənara qoyaraq mobil telefonla sifətinin göz, dodaq, baş nahiyələrindən dəfələrlə vurdu. Həmin vaxtı onlar ünvan 4 ünvanın qarşısına çatmışdılar. Məhz həmin ünvanın qarşısında Mansur ona xəsarətləri yetirmişdir. Onun həmin ünvanı xatırlamağına səbəb orada “Oba” marketin olması olmuşdur. Daha sonra Mansur anasına görüntülü zəng edib onun sifətini anasına göstərmişdir. Daha sonra o, Mənsurla sonuncunun yaşadığı Xırdalan şəhərinə getmişlər və o, Mansurun yaşadığı evinə daxil olmuşdur. Orada Mansurun dostu Vasif vardır və Vasifə Mansur taksinin pulunu verməyi demişdir. Daha sonra evə getmək istədiyini bildirmişdir və Mansur taksi çağıraraq məni yaşadığı evə düşürdüb getmişdir. Mansur ona bıçaqla xəsarət yetirməmiş, Mansur xəsarətləri ona məxsus olan “İphone 15 pro max” markalı mobil telefonu ilə yetirmişdir. Mansurdakı bıçaq mətbəxdə istifadə olunan bıçaqlara oxşamış, başqa xüsusiyyətlərini xatırlamır. Ola bilər ki, həyəcanlı olduğu üçün və ilk dəfə izahat verdiyi üçün izahatda Mənsurun telefonunu dişlədiyini göstərmiş, əslində Mansur telefonu bıçaqla vurub sındırmışdır. Mobil telefonu sındırılması ilə bağlı ona 2.000 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmişdir. Onun Mansura qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hadisə olan günü Mansurun zəng edib onu görmək istədiyini, o da yolu Tesla parkının yanından keçdiyindən, həmin parkda Mansurla görüşdüyünü, parkda mübahisə olmadığını, sadəcə hədə-qorxu gələrək təhqir edəcəyini, bundan sonra evə getmək üçün taksi sifariş edib, əlindən tutub maşına mindiklərini, taksiyə oturan kimi əvvəl əli ilə onu vurduğunu, sonra isə bıçağı çıxardıb onu doğramaqla hədələdiyini, onu telefonla vurduğunu, Mansurun onu bıçaqla vurmadığını, müəyyən müddət ərzində Mansurla yaxın münasibəti olduğunu, bunu Mansurun ailəsinin belə bildiyini, Mansura Tik-tokda həddiyə atdıqdan sonra tanış olduğunu, onların aralarında sevgi münasibəti olduğunu, boşanmasının səbəbinin tək Mansur olmadığını, dekabr ayından X1 köçəndən münasibətin kəsildiyini, Mansurun qısqanc olduğunu, parkda olarkən Mansur tərəfindən telefonun taksi sifariş etməsi üçün götürüldüyünü, taksidə olan zaman Mansurda bıçağı görüb qorxduğunu, taksi sürücüsündən sözlə kömək istəmədiyini, evə çatdıqda Vasif adlı dostunun onları qarşıladığını, səhərsi gün polisə şikayət etdiyini bildirmişdir. Sonda Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə icasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur və hal-hazırda “Bolt” şirkəti ilə işləyir. İstər zərərçəkmiş şəxsi və istərsə də təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Həmin günü, yəni, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Tesla” parkı adlanan yerdən Abşeron rayonu Xırdalan şəhərinə sifariş almışdır. Saat 08:00 radələrində həmin sifarişi alıb etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana yaxınlaşmışdır. Həmin sifarişi ona verən bir nəfər əvvəlcədən tanımadığı bir qadın olmuşdur. Həmin yerə yaxınlaşanda həmin qadınla bir nəfər cavan oğlan avtomobilin arxa oturacağına əyləşmişlər. Avtomobilə birinci qadın əyləşdi, sonra oğlan oturdu. Oturanda onlar arasında mübahisə yarandı. Oğlan dedi ki, dayı bu qadın mənə xəyanət edir. O, avtomobili idarə etdiyindən fikri yolda olduğundan onlara fikir verməmişdir. Səs eşitməmiş. Sadəcə hər ikisinin öz aralarında danışdığını, Oğlan tərəfindən «mənə hansı səbəbdən yalan deyirsən, xəyanət edirsən» deməsini eşidəndən sonra onları ailə bilib sözlərinə əhəmiyyət verməyərək avtomobilini sürüdüyünü, qeyd olunan ünvana çatarkən onların sakitcə maşından düşüb getdiyini bildirdi. Şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, o, xanımda qan görməmişdir, görsəydi reaksiya verərdi. Xanım bir dəfə də olsun ondan kömək istəməyibdir. Xanım danışarkən qan gəlir deməsini eşitməmişdir. Xanım deyirdi ki, telefonumu ver, işimə zəng vurum. Oğlan da həmin vaxt ona qayıdıb deyirdi ki, telefonu bir də istəsə vurub sındıracam. Oğlanın anası ilə danışıblar, həmin vaxt çox mehriban danışırdılar. O, bıçaq görməmişdir. Oğlanın qızı necə, nə ilə vurmasını görməmişdir. Xanım ondan kömək istəməyib. Avtomobildən mehribancasına düşüb getdiklərinə görə onda hər hansı bir şübhə yaratmayıbdır ki, o, bu barədə kiməsə məlumat versin. Onları düşürdüyü yerdə əhalinin gediş-gəlişi çox olub, qarşısında iri market olubdur. Həm də oğlanın dostu bayıra çıxıb onları qarşılamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 və Şahid3 qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 qızının istintaqa verdikləri ifadələri elan edilmişdir. Cinayət işinin 13-15-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 561 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - üst və alt dodağın selikli qişalarının İri ölçülü ezilmiş-cınlmış yaraları, üst və alt dodaq nahiyələrinin qançır-şişkinlik halında əzilməsi, başın alın nahiyəsinin, sol gözaltı, sol çənəahı her iki yanaq, döş qəfəsinin nahiyələrinin qançırları, sol said nahiyəsinin qançın və sıynqlan burunun və sağ qulaq seyvanı nahiyələrinin sıynqlan bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən təxminən 2-3 gün əvvələ uyğun gəlir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Kəmalə Resulovanın bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd olunan və zərər çəkmiş şəxsin göstərdiyi şəraitdə törənə bilərdilər, şəxsin özü tərəfindən yetirilmələri inandıncı deyil. Cinayət işinin 33-cü vərəqində olan “Şübhəli olan şəxsin tutulması haqqında” 15 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 86-90-cı vərəqlərində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-311/2025 saylı qərarından görünür ki, vəsatətin təmin olunması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 15 may 2025-ci il tarixdən, saat 18:00-dan hesablanması qərara alınmışdır. Cinayət işinin 97-ci vərəqində olan “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 16 may 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi mobil telefona baxış keçirilən zaman mobil telefonun «iPhone 15 Pro Max» markalı olması müəyyən olunmuşdur. Mobil telefonun qarşı və arxa tərəfləri çatlamış vəziyyətdədir, telefonun arxa tərəfindən fotoşəkil çəkmək üçün kameraları mövcuddur. Mobil telefonu işə salmaq istədikdə, işə düşməmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs 23 aprel 2025ci il tarixdə Təqsirləndirilən şəxs onu məhz həmin mobil telefonla vurduğunu, mobil telefonunu sındırdığını və ona 2.000 manat maddi ziyan vurduğunu bildirmişdir. Cinayət işinin 101-102-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 104-107-ci vərəqlərində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-505/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tqəsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi, onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 117-ci vərəqində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, diskdə 03 ədəd videofayl vardır. Həmin videofayllar ardıcıllıqla açılıb baxıldıqda müəyyən edilir ki, diskdə olan videogörüntülər Bakı şəhəri Nəsimi rayonu Süleyman Rəhimov küçəsində quraşdırılmış şəhər təhlükəsizlik kameralannda qeydə alınmışdır. Görüntülərdə 23 aprel 2025-ci il tarixdə saat 08:07-də bir nəfər kişi və bir nəfər qadın cinsli şəxslər Süleyman Rəhimov küçəsindəki parkın qarşısındakı pilləkanlarla düşüb orada nəsə söhbət edirlər, həmin vaxt kişi cinsli şəxs qadın cinsli şəxslə bir qədər söhbət edib həmin qadını əlindən tutub qarşıya hərəkət edirlər, daha sonra isə avtomobil yolunu keçirlər, daha sonra saat 08:08-də həmin kişi və qadın cinsli şəxslər ağ rəngli taksi avtomobilə əyləşirlər. Cinayət işinin 133-141-ci vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 24 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi «iPhone 15 Pro Max» markalı mobil telefonun və cinayət işi materiallarına əlavə edilmiş içərisində hadisənin bir hissəsini özündə əks etdirən videogörüntülər olan bir ədəd diskin maddi sübut kimi tanınması, mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması, bir ədəd diskin isə cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işinin 147-ci vərəqində olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan «iPhone 15 Pro Max» markalı mobil telefonu təhvil almışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Azərbaycan Respublikası CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Bu normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddənin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə, hazırkı cinayət əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini yaratmaması və istintaq orqanının əməlin hüquqi tövsifi ilə bağlı yanlış nəticəyə gəlməsinə dair qənaəti aşağıdakı hallara əsaslanır:

1. İş üzrə məhkəmə baxışında tədqiq edilmiş sübutlardan aydın olur ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında müəyyən müddət davam edən münasibətlər mövcud olmuşdur. Hadisənin baş verməsinə səbəb isə təqsirkarın şüurunda “zərərçəkmiş şəxsin telefonda başqa şəxslərlə danışması” kimi düşüncənin formalaşması olmuşdur. Belə olan halda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi və onun əmlakına zərər vurmasından ibarət hərəkətləri xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəmnində və qısqanclıq motivi ilə törədilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, hazırkı işdə cinayətkar hərəkətlərin faktik məzmunu və xuliqanlıq niyyətinin olmaması isə, məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs ictimai-təhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı, onun sağlamlığına zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərərin vurulmadığını göstərir.

2. Hazırki cinayət işində şəxsi münasibətlər zəmnində başlamış qanunsuz hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. Məhkəmə istintaqında əldə edilən və qiymətləndirilən mötəbər sübutlarla müəyyən olundu ki, hazırki cinayət işi üzrə hadisənin baş verdiyi yerdə - “Toyota Prius” markalı, **- VD-*** qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yüngül bədən xəsarəti yetirilməsi ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi qiymətləndirilə bilməz. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etməsi göstərilsə də, yəni xuliqanlıq cinayətinin qanunda təsbit edilmiş əlamətləri sadalansa da hansı ictimai qaydanın kobud surətdə pozulması, xuliqanlıq niyyətinin nədə ifadə olunması açıqlanmamışdır. Qeyd edilməlidir ki, hadisənin baş verdiyi yerdə - avtomobildə münaqişə tərəfləri və sürücüdən başqa heç kəs olmamışdır. Hazırki iş üzrə hadisənin bilavasitə şahidi kimi yalnız taksi sürücüsü Şahid1 cəlb edilmişdir. O isə məhkəmə iclasında verdiyi ifadəsində avtomobilə əyləşən şəxslərin sadəcə öz aralarında danışdıqlarını, onların sözlərinə fikir vermədiyini, zərərçəkmiş şəxsin üzündə qan görmədiyini, təqsirləndirilən şəxsin zərərçəkmişi vurmasını görmədiyini, xanımın ondan kömək istəmədiyini, əksinə avtomobildən mehribancasına düşüb getdiklərini bildirmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs hərəkətlərinin ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik həddinə çatmadığını, başqa sözlə ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmədiyini təsdiq edilir. Bundan başqa, “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin İcmalının 2.1-ci bəndində göstərilir: “Bəzi hallarda xuliqanlıq niyyəti müəyyən olunmadan şəxsin əsassız olaraq xuliqanlığa və yaxud bu niyyətlə törədilən digər cinayətə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanları və məhkəmələr hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirirlər. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir.” Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirmiş, lakin, onun tərəfindən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri əsassız olaraq şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətməsi kimi qiymətləndirilmiş və əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir.

3. Məhkəmə, bu xüsusda hazırkı cinayət işində zərəçəkmiş şəxsin əmlakına zərur vurulması faktı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur.

4. İstintaq və məhkəmə təcrübəsi göstərir ki, xuliqanlıq cinayəti əksər hallarda təqsirkar şəxs tərəfindən çox vaxt tanımadığı, ilk dəfə gördüyü və ya qısa müddət birlikdə olduğu şəxslərə qarşı hadisələrin təsadüfi axarı zamanı törədilir. Bundan fərqli olaraq, hazırkı cinayət işində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi uzun müddət öncədən tanımış və onu cinayətə sövq edən motiv (zərərçəkmiş şəxsin “Tik tok” hesabının onda olması nəticəsində onun başqaları ilə yazışması, başqalarına hədiyyə göndərməsini aşkar etməsi) cinayətdən öncə formalaşmışdır. Bu hal, təqsirkarın özünün ifadəsi ilə də təsdiq edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini məqsədəmüvafiq hesab edir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi və “telefonun ehtiyatsızlıqdan əlindən çıxaraq zərərçəkmiş şəxsə dəyməsi” barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın ödəməsini, himayəsində bir azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hal, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə, həmçinin xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-505/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən bir dəfə azad olunduğundan, hazırki iş üzrə o, zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə təkrar olaraq cinayət məsuliyyətindən azad oluna bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 4 (dörd) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış - «iPhone 15 Pro Max» markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş içərisində hadisənin bir hissəsini özündə əks etdirən videogörüntülər olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 4 (dörd) ay 18 (on səkkiz) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (09 ay 06 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış - «iPhone 15 Pro Max» markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş içərisində hadisənin bir hissəsini özündə əks etdirən videogörüntülər olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir.

Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar