Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-575/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 iştirakı ilə, X4 barəsində Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Ağsu rayonunun Pirhəsənli kəndində doğulmuş, ali savadlı elmi işçidir, ailəlidir, DİN-nin 1ci dərəcəli Qarabağ «əlilidir, 1978-ci ildən leytenant, 1986-cı ildən baş leytenant, 1991-ci ildən “bron”dan könüllü imtina etmiş, AMEA-dan zabit komanda heyətində Qarabağ savaşında iştirak etmiş, 1993-cü ilin martında batalyon komandiri vəzifəsində ağır başbeyin travması alaraq Qarabağ əlili olmuşdur. Barəsində şikayət verdiyim şəxs X9 heç bir hüquqverici sənəd olmadan DİN-in saxta vəkili və nümayəndəsi qismində məhkəmə işlərinə çıxır və məhkəmələrlə qeyri-prosessual münasibətə girərək, Konstitusiya ilə təminat verilən məhkəmə təminatı hüququna qadağa qoydurur, saxta aktlar, qərarlar, yalan məlumatlar verir, hətta DİN onu saxta vəkilliyindən məhrum edəndə özbaşına hazırda VKnın aparat rəhbəri olan 3 ilin vəkili X13 DİN-nə vəkil etmişdir. Bakı İnzibati Məhkəməsində, əvvəlki 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində DİN-nin saxta vəkili və nümayəndəsi olaraq barəsində yalan məlumat vermiş, şəxsi işini, təqdim etməmiş, saxta olduğunu biləbilə, ona vermədən, şəxsi kabinetdə yerləşdirmədən, əlbəəl hakimə saxta tərtib etdiyi qərardad vermiş, etiraz edəndə isə onu həbslə hədələmişdir. Ona görə də, cinayətin əsas yeri Nəsimi rayonundan başlayaraq müxtəlif olduğundan şikayət Nəsimi Rayon Məhkəməsinə verilir. Konkret faktlar:
1. 1978-ci ildən zabit olduğu halda, DİN-nə, dövlət hakimiyyəti orqanlarına Azərbaycan Silahlı qüvvələrində zabit rütbəsində xidmətdə olmadığı barədə məlumat olmadığı bildirmişdir. (Çoxsaylı məktublardan biri əlavə olunur) Bu təhqirdir, zabit şərəfinin kobud aşağılanması deməkdir. 46 ilin zabitinin Azərbaycan Silahlı Qüvvələrində sıravi xidmətdə olmasını məktublarla, internetlə, məhkəmə iclaslarında bildirmək ən ağır təhqir, işgüzar nüfuzu, zabit şərəfini ləkələməkdir.
2. 2017-cu ildə 1 saylı Bakı İnzibati Məhkəməsində (h. Elçin Məmmədov) DSMF-nə qarşı iş üzrə DİN-ni 3-cü şəxs etdirmiş və hüquqverici sənəd olmadan DİN-nin vəkili və nümayəndəsi kimi əleyhinə çıxış etmişdir. Etiraz edəndə isə hakimə barəsində akt tərtib etmiş, xüsusi qərardadla prokurorluğa müraciət etməyi təklif etmişdir. Lakin hakim bu təxribata getməmişdir.
3. 2018-ci ildə X17 Məhkəməsində (h. Kənan Vəliyev) iddiasını sifarişlə mümkün saymamış və Şəki Apellyasiya Məhkəməsində (sədrlik edən Rövşən Rəfiyev) apellyasiya şikayətinə baxılarkən bəyanatla çıxış etmiş ki, Ali Məhkəmədə də olsa, məhkəmə müdafiəsi hüququna imkan verilməyəcək. Bununla bağlı hüquq mühafizə orqanlarına, VKna müraciətinə cavab olaraq vəkilin DİN-nin müdafiə etmək hüququnun olduğu bildirilmişdir. Halbuki vurğuladığı kimi, bu vəkilin DİN-nin vəkili və nümayəndəsi olması barədə hüquqverici sənəd olmamış, yoxdur və ola da bilməz. Çünki vəkil dövlət orqanında, özəlliklə ittiham-istintaq orqanı olan DİN-nin nümayəndəsi, işçisi ola bilməz. Və əksinə, DİN-nin nümayəndəsi vəkil ola bilməz. Qanun bunu qadağan edir.
4. xx.xx.2019-cu ildə X17 Məhkəməsində (h. İlqar Cabbarov) qərar qəbul edilmədiyi halda, iclasın növbəti tarixə təyin edilməsini “elektron məhkəmə” informasiya sistemi sübut etdiyi halda, həmin tarixli iddianın mümkün sayılmaması haqqında qərardad tərtib etdirmiş və bu qərardadı 5 ildən çoxdur bütün məhkəmə instansiyalarında Konstitusiya maddəsi, preyudisial akt kimi tətbiq etdirir. Məhkəmənin adından saxta akt tərtib etmək isə dövlət hakimiyyətinin mənimsənilməsi deməkdir və Konstitusiyaya görə dövlətə qarşı ən ağır cinayət sayılır. Lakin məhkəmələr nəinki bu ağır cinayətə qiymət verir, əksinə heç Əlirza Həbilovun işdə statusunu belə yoxlamırlar. Bu saxta qərardaddan şikayətini Şəki Apellyasiya Məhkəməsi təmin etməmiş və Ali Məhkəməyə şikayət vermişdir. Bu zaman Şəki Apellyasiya Məhkəməsinin İsmayıllı hüquq məsləhətxanasından şikayətini yazmağa ayırdığı vəkil Nəvahid Abbasovun kassasiya şikayətini yazmasına Əlirza Həbilov VK-dakı intizam komissiyasının üzvü vəzifəsindən sui-istifadə edərək qadağa qoymuş və vəkil şikayətini 9 aydan sonra yazmışdır. xx.xx.2020-ci ildə Ali Məhkəmədə DİN-nə qarşı saxta olmayan X17 Məhkəməsinin xx.xx.2019-cu il tarixli iddianın mümkün sayılmamasını qüvvədə saxlayan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019 tarixli qərardadından kassasiya şikayəti üzrə iclasda DİN-nin saxta vəkili və nümayəndəsi, VK-nın intizam komissiyasının üzvü Əlirza Həbilov özü hüquqverici sənəd olmadan iştirak etmiş, ona ayrılan vəkil Nəvahid Abbasova iştirak etməməyi tapşırmış, o, özü isə həmin gün xx.xx.2020-ci ildə Bakı İnzibati Məhkəməsində DİN-nə qarşı ayrı predmetli iclasda olmuşdur. Əlirza Həbilov öz yerinə Bakı İnzibati Məhkəməsinə DİN DQ-dən X10 göndərmişdir. Beləliklə, DİN-nin saxta vəkili və nümayəndəsi Əlirza Həbilov xx.xx.2020-ci il tarixli Ali Məhkəmənin (h. Kəmaləddin Bədəlov) qərardadı ilə kassasiya şikayətini vəkilin vaxtında yazmaması əsası ilə mümkünsüz saymışdır.
5. xx.xx.2019 tarixli saxta qərardad Əlirza Həbilov 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü, 2024-cü illərdə Bakı İnzibati Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və hətta ümumi məhkəmədə-Nərimanov Rayon Məhkəməsində, hətta Ali Məhkəmədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, preyudisial akt, konstitusiya qanunu kimi tətbiq etdirir. Bununla onun məhkəmə təminatı, hüquqi yardım almaq, sosial təminat hüququna qadağa qoydurur. Vəkilin məhkəmə ilə qeyri-prosessual münasibətə girərək saxta məhkəmə aktları tərtib etdirməsi cinayət məsuliyyəti yaradır.
6. Məhkəməyə Əlirza Həbilov bildirmişdir ki, o döyüşlərdə iştiraka, müharibəyə “xidməti ezamiyyətə” göndərilmişdir, yaralanıb hospitalda “məzuniyyətdə” dincəlmişdir. Bunun özü ən böyük təhqir, işgüzar nüfuza ləkə vurmaqdır. O, AMEA-da elmi işini atmış, 2 körpə uşaqlı ailəsini Allahın ümidinə qoyub Vətənin müdafiəsinə getmiş, bu yolda müharibə əlili olmuş, DİN MPİ-nin, DQ-nin qərargahda oturanları “müharibəyə xidməti ezamiyyətə getdiyini, hospitalda “məzuniyyətdə olduğunu bildirir!(?)
7. Onun döyüşlərdə batalyon komandiri, ümumiyyətlə döyüşçü kimi iştirakını Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalı verdiyi xx.xx.1993 tarixli arayışla təsdiq etmişdir. DİN, MPİ, DQ, hüquqşünasları, Əlirza Həbilov bildirir ki, o, döyüş komandiri yox, olmayan mülki kimya müdafiə bölüyünün komandir müavini olmuşdur. Hətta DQ-nin müavini M.Mirzəyev xx.xx.2003 tarixli məktubla bildirmişdir ki, ona ən aşağı zabit vəzifəsinə-tağım (vzvod) komandiri vəzifəsinə uyğun təminat hesablanmışdır. Bu faktın özü də zabit şərəfinin, işgüzar nüfuzun qəsdən aşağılanmasını sübut edir.
8. Prezidentə, baş prokurora, məhkəməyə müraciət etdiyinə görə ondan - DİN-in 1-ci dərəcəli Qarabağ əlilindən DQ “şərəf və ləyaqətin alçaldılmasının” bərpası olaraq 30 milyon manat tələb edir. Bu, ən böyük təhqir, ayrı-seçkilik, həbslə şantaj etməkdir. Bunlar yaxşı bilir ki, 1-ci dərəcəli Qarabağ əlilinin nəinki 30 milyon manata, heç 3 min manata da gücü çatmaz verməyə. Məqsəd əlili borca yükləyib həbs etdirmək olmuşdur. Göstərilənlər barəsində şikayət etdiyi X5 barəsində CM-nin 147 və 148-ci maddələri əsasında cinayət işi qaldırılmasına əsasdır. Bundan əlavə saxta məhkəmə aktı tərtib etdirmiş, onu məhkəmələrdə Konstitusiya aktı kimi qəbul etdirmək daha ağır cinayətdir. xx.xx.2019-ci il tarixli Şəki İİM-nin qərardadının saxtalığını elektron məhkəmə informasiya sistemi sübut edir. Elektron məhkəmə informasiya sistemində məlumat yerləşdirilmidir ki, xx.xx.2019-cu ildə Şəki İİM-də qərar qəbul edilməmişb, iclas növbəti tarixə təyin edilmişdir. Bu isə açıq-aşkar xx.xx.2019-cu il tarixinə saxta qərardad qəbul edilməsini sübut edir. Məhkəmənin adından saxta qərar qəbul edilməsi və onun 5 ildir preyudisial Konstitusiya aktı kimi məhkəmələrdə tətbiq etdirilməsi, dövlət hakimiyyəti orqanının səlahiyyətlərini mənimsəmə cinayətidir və Konstitusiyaya görə ən ağır cinayətdir. “Xüsusi ittiham qaydasında şikayətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014 tarixli, 3 saylı Qərarının 2-ci bəndinə görə, hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının arasında, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qərarın 5-ci bəndində yazılmışdır ki, təhqir və böhtan mətbuatda dərc edilməklə, internet resurslarında yerləşdirməklə, elektron vasitələrlə, idarə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. 147 və 148-ci maddə ilə cinayət məsuliyyətinə cəlb etmə o halda olur ki, bu məlumatlar kütləvi çıxışlarda səslənir. Kütləvi çıxış dedikdə, ən azı iki nəfər şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Ona qarşı böhtan və təhqir həm kütləvi -məhkəmə iclas zalında, həm də sənədlə, məktubla, internetlə yayılmışdır. Ali Məhkəmə Plenumunun həmin qərarının 13-cü bındinə görə, şikayətdə xüsusi ittiham qaydasında şikayətlə yanaşı həmçinin ictimai və ya ictimai xüsusi ittiham qaydasında təqib edilməyə səbəb olan məlumatlar olduqda, məhkəmə hazırlıq iclasının qərarı ilə CPM-nin 207.6-cı maddəsinə əsasən onda olan məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. O, X3 böhtan və təhqirindən, məhkəməyə saxta sənəd vermiş, məhkəmə müdafiəsi hüququna qadağa qoymasından, zabit şərəfini, nüfuzunu aşağılayıb, qərəzlə pensiyasını mülki şəxs kimi hesablatmasından ölçüyə gəlməz maddi-mənəvi ziyan çəkir. Özbaşınalıqdan intihar həddinə çatmışdır. Onun vəzifə maaşı Əlirza Həbilovun məhkəməyə bildirdiyi kimi, 3 il qabağa 390 manat, 3 ildir 530 manat olmuşdur. Tabeliyində olan çavuş, maxelərdən belə 3 dəfə az təminat verilməsi, həm də döyüşçü, zabit olmadığını bildirmələri və s. mənəvi ziyana səbəb olur. Ondan 30 milyon tələb edilməsi isə şantajla həbsi üçündür. O, həmin məbləği yox, onun yüzdən birini-300 (üç yüz) min manatını tələb edir. Odur ki, X4 CM-nin 147.1 maddəsi ilə 6 ay, 148-ci maddəsi ilə 6 ay, toplam 1 il müddətində azadlıqdan məhrum edilməsi, CPM-nin 207.6-cı maddəsi əsasında ictimai və ya ictimai-xüsusi ittiham qaydasında təqib edilməyə səbəb olan məlumatlar barəsində (saxta məhkəmə qərarı tərtib edilməsi, məhkəmənin qərarına müdaxilə edilməsi, vəzifəmin saxtalaşdırılıb təminatımın mənimsənilməsi, şəxsi işimdə saxtalıq edib, maliyyə pozuntusu ilə pul silinməsi, vəkilin dövlət orqanından - itiham, istintaq orqanı olan DİN-dən əmək haqqı alması, vəzifəsindən sui-istifadə edib, şikayətinin yazılmasına, müdafiəsinə qadağa qoyulması və s.) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora xəbər verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 izahatında bildirmişdir ki, şikayətdə göstərilənlər əsassızdır. Eyni zamanda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəmənin ikinci hazırlıq iclasında iştirak etmir. Odur ki, məhkəmədən şikayətin icraata götürülməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq xüsusi ittihamçı X1 ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə təkrarən məhkəməyə vəsatət ünvanlamışdır. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur; 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə, məhkəmə xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsini və gəlməməsinə üzrlü səbəb olduğu barədə sübutları məhkəməyə təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Bundan başqa, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələblərinə cavab vermir. Həmin maddəyə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi əks olunmalıdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 Əlirza Qəməndər oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə X4 hansı hərəkət və hərəkətsizliyinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi, hansı hərəkət və hərəkətsizliyinin isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət tərkibini yaratması göstərilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, X7 göstərilmiş hüquqi xidmətə görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mirzəyev və Partnyorları Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X7 göstərilmiş hüquqi xidmətə görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva