Məhkəmə qərarları › İş №1(006)-576/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-576/2025

03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-576/2025 03.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 və onun nümayəndəsi Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X5 tərəfindən X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, o, 05 mart 2025-ci ıl tarixində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmiş musiqi müəllimlərinin attestasiyasına cəlb olunmuşdur. Attestasiyanın keçirilməsi Bakı Xoreqrafiya Akademiyasında təşkil edilmişdir. O, təyin edilmiş qrafıkə əsasən 05 mart 2025-ci il tarixdə, saat 10:45 radələrində attestasiya olunmaq üçün Bakı Xoreqrafiya Akademiyasında yerləşən attestasiya otağına daxil olarkən həyəcandan ani olaraq şəkəri artığına görə özünü çox pis hiss etmişdir. Komissiyaya bildirmişdir ki, o, şəkərli diabet xəstəsidir, xahiş edir ki, özünü toparlamaq üçün ona 15 dəqiqə vaxt verin. Lakin komissiya icazə verməmişdir. Gözləri bulanıq gördüyü üçün klaviaturanı aydın seçə bilməmişdir. Ani olaraq sağ əl barmaqları getməmişdir. Buna baxmayaraq əsəri ifa etmişdir. Sonra ona verilən sualları cavablandırmışdır. Bir neçə dəqiqədən sonra komissiyanın sədri Nigar Məlikova ona şifahi şəkildə attestasiyadan keçmədiyini bildirmişdir. Binəqədi rayonu 11 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru attestasiyanın nəticələrini əsas götürərək 01 aprel 2025-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndi ilə əmək müqaviləmə xitam vermişdir. Bu əmrlə razılaşmadığı üçün 26 may 2025-ci il tarixində iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. 30 iyul 2025-ci il tarixində Məhkəmə baxış iclasında Binəqədi rayon Məhkəməsinin hakimi Pərviz Məmmədov tərəfindən 05 mart 2025-ci il tarixində keşirilən attestasiyanın video çəkilişini əks etdirən CD diskə baxış keçirilərkən görmüşdür ki, o, attestasiya komissiyasının sədri və üzvlərinin suallarına cavab verdikdən sonra, komissiyanın sədri Nigar Məlikova qərar qəbul etmək üçün mənə otaqdan çıxmağı xahiş etmişdir. Təxminən 5 dəqiqədən sonra yenidən onu otağa dəvət etmişlər. Komissiyanın sədri ona attestasiyadan keçmədiyini bildirmişdir. CD diski izləməkdə davam edərkən görmüş və eşitdir ki, o, otağı tərk edərək attestasiya otağından çıxdıqdan sonra komissiyanın sədri X19 4 nəfərdən ibarət komissiya üzvlərinin yanında, onların şahidliyi ilə mənim arxası ilə ünvanına nalayiq ifadə - “Burda özlərini sakit aparmaqlarına baxmayın, siz bilmirsiz necə “həyasız” adam(lar)dı”), işlədərək onun şərəf və ləyaqətimi qəsdən alçaltmışdır. Nigar Məlikova bu nalayiq ifadəni eşidə bilinəcək səs tonunda 4 (dörd) nəfərdən ibarət komissiya üzvlərinin yanında onların şahidliyi ilə demişdir (attestasiya vərəqəsinə əsasən komissiyanın tərkibi: sədri. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, əməkdar artist X18, üzvləri, Bülbül adına X27 Məktəbinin müəllimi X14, Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi X7, Azərbaycan Milli Konservatoriyanın nəzdində musiqi kollecinin müəllimi X10, 11 Onbirillik Musiqi Məktəbində HİK-in sədri X15). Məhkəmənin iclas zalında mənə ünvanlanan bu təhqiredici ifadəni eşitdikdə özünü çox pis hiss etmişdir. Çünki bu dəfə bu ifadəni iclas zalında olan daha 5 (beş) nəfər (hakim X16, Məhkəmə iclasının katibi X17, həyat yoldaşım Nümayəndə, cavabdehin vəkili X20 və Mədəniyyət Baş İdarəsinin nümayəndəsi Seyİdov Mİryəhya Bəxtiyar oğlu) eşitmişdir. Sağlamlıq vəziyyəti ani olaraq pisləşmişdir (məlumat üçün bildirir ki, 2013-cü ildən şəkərli diabet xəstəsidir), sifətinin sağ tərəfi yığılmağa başlamışdır. Heç kimə bildirmədən çənəsi əyilməsin deyə əli ilə çənəmi saxlamağa çalışmışdır. Gözlərim qaralmışdır. Məhkəmə iclası bitdikdən sonra evə necə qayıtdığını bilmir. Yaxşı ki, yanında həyat yoldaşı var idi. Evdə qan şəkərini yoxlamış, 345-ə qalxmışdır. Səhəttinin ağırlaşmasına baxmayaraq onun tərəfindən ona ünvanlanan bu təhqiramiz ifadə beynindən çıxmamışdır. O, axı attestasiya otağında onların suallarından başqa heç bir xoşa gəlməyən nalayiq hərəkət etməmişdir. Hansı əsaslara görə o, komissiya üzvlərinin yanında onun arxası ilə təhqiramiz ifadə işlətmişdir? Bilmək istəyir ki, onun haqqında söylənən bu təhqiredici ifadə hansı motivlər əsasında onda yaranmışdır? Çünki o, Nigar Məlikovanı 1-ci dəfə idi ki, görmüşdür. Attestasiya zamanı da otağa daxil olarkən həyəcandan şəkəri artmışdır. Komissiyadan xahiş etmişdir ki, özünü toparlamaq üçün ona 15 dəqiqə vaxt verilsin. Lakin komissiyanın sədri icazə olmadığını bildirmişdir. Ona ünvanlanan təhqiredici ifadəni eşitdikdən sonra başa düşmüşdür ki, niyə o, attestasiya zamanı ona özünə gəlmək üçün vaxt verməmişdir. Buradan görünür ki, o, hansısa motivlərə əsaslanaraq, ona və onun attestasiya nəticələrinə qərəzli yanaşmış, onun barədə “tutduğu vəzifəyə uyğun deyil” qərarını qəbul etmiş və 32 illik pedaqoji fəaliyyətinə son qoymuşdur. Məhz onun dörd nəfər komissiya üzvlərinin yanında bu cür təhqiredici ifadəsi və ona qarşı qərəzli səyləri nəticəsində attestasiyadan keçə bilməmişdir. Məktəb direktoru bu qərara istinad edərək onu işdən azad etmişdir. Beləliklə, Mədəniyyət Nazirliyinin adlı-sanlı mədəniyyət ocağında-Bakı Xoreqrafiya Akademiyasında keçirilən attestasiya zamanı X4 sədri kimi vəzifəli şəxs olaraq onun ünvanına bu cür mədəniyyətdən kənar ifadə ilə şərəf və ləyaqətini qəsdən aİçaldaraq Cinayət Məcəlləsinin 148-ci macdəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, ona həm mənəvi, həm də maddi ziyan vurmuşdur. Belə ki, onun ona bu cür qərəzli münasibəti, mədəniyyətdən və qeyri-etik yanaşması nəticəsində iş yerini itirmişdir, fəal ictimai həyat tərzindən məhrum olmuş, şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələnmişdir. İş yerini itirməyi nəticəsində ona 20.000 manatdan çox maddi ziyan vurulmuşdur. Bu səbəbdən keçirdiyi həyəcan və stresslər xəstəliyini əhəmiyyətli dərəcədə ağırlaşdırmışdır. Davamlı müalicə alır. Ağbirçək bir müəlliməni attestasiya edən vəzifəli şəxsin (Nigar Məlikova) belə ağlasığmaz qanunsuz hərəkəti nəticəsində şərəf və ləyaqətinin alçaldılması və qanunla qorunan mənafelərimin pozulması onda böyük mənəvi sarsıntı və iztirab yaratmışdır. Psixi reaksiyası pozulmuş, xəstəliyi şiddətlənmiş, fiziki əzab çəkir. Nə qədər özünü toparlamağa çalışsa da, onun heç bir əsas olmadan 54 yaşında ağbirçək bir anaya, Azərbaycan qadınına və 32 ilin müəlliminə ünvanladığı “həyasız” ifadəsini unuda bilmir. Onun bu hərəkətləri onu çox təsirləndirir və üzür. Çünki o, Respublika səviyyəsində keçrilən tədbirin vəzifəli şəxslərindən biri - attestasiya komissiyasının sədri olmuşdur. Onun belə qanunsuz hərəkətləri nəticəsində attestasiyası düzgün qiymətləndirilməmiş, pedaqoji fəaliyyəti sonlandırılmışdır. Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə keçirilən attestasiya zamanı vəzifəli şəxsin onun ünvanına işlətdiyi təhqiredici ifadə nəticəsində belə bir halın yaşanması, 2 ali təhsilli övladın anası (oğlum hüquqşünas, qızı Bakı Dövlət Universitetinin doktorantı), uzun illərin müəllimi, şərəf və ləyaqəti ilə yaşayan bir insan üçün qəbuledilməz və yolverilməzdir. Hazırda əmək hüququna və sağlamlıq vəziyyətinə görə sosial və hüquqi müdafiəyə ehtiyacı var. Yuxarıda qeyd olunanları ümumiləşdirərək bildirmişdir ki, X19 05 mart 2025-ci il tarixində keçirilən attestasiya zamanı onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bu cinayət əməlinin törədilməsini təsdiq edən subut barədə məlumat Binəqədi Rayon Məhkəməsinin 2(001)-4350/2025 nömrəli iş üzrə 31 iyul 2025-ci il tarixli Qətnaməsinin 8-ci vərəqində hakim Pərviz Məmmədov tərəfindən ətraflı qeyd edilmişdir. 2. 05 mart 2025-ci il tarixində Bakı Xoreqrafiya Akademiyasında onun keçirilən attestasiyanın videoçəkilişi Mədəniyyət Nazirliyi tərəfindən arxivləşdirilmişdir. Həmin video çəkilişi əks etdirən CD diskin surəti Binəqədi rayon Məhkəməsində 31 iyul 2025-ci il tarixli 2(001)-4350/2025 nömrəli işindədir. Cinayət təqibinin növlərindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 №-li Qərarın 1-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz əqli və mənəvi keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün-özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin ) 147, 148, 165.1 və 166.1-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ Hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46-cı (şərəf və ləyaqətinin müdafiəsi hüququ), 47-ci (fikir və söz azadlığı, 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8-ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ), 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbi: edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini qorumaq hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir halda şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verilə bilməz. Həmin Qərarın 5-ci bəndinə əsasən, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilnəklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətin ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan hüquqlarının və X11 haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmək hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olunması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti oaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Qeyd edilənləri nəzərə alaraq X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, həmin Məcəllənin 148-ci maddəsi ilə altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Həmçinin, X5 məhkəməyə etiraz təqdim edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində 1(006)-576/2025 nömrəli məhkəmə işi ilə əlaqədar barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 müdafiəçisi qismində məhkəmədə iştirak edən Müdafiəçi tərəfindən verilmiş etirazın əsassız sayılmasını və təmin olunmamasını, Nigar Məlikovanın Bakı Xoreqrafiya Akademiyasının 231-ci otağında attestasiyadan keçən müəllimlərə olan davranışını tam araşdırmaq və onun müəllimlərə qarşı qeyri-etik davranmasını sübut etmək məqsədi ilə, həmin otaqda attestasiyadan keçən bütün müəllimlərin CD disklərini Mədəniyyət Nazirliyindən tələb edilməsini xahiş etmişdir. Həmçinin, X5 xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 26 avqust 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilən xüsusi ittiham qaydasında şikayətin başlıq hissəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs-Nigar Məlikovanın yaşayış yeri haqqında məlumatlara düzəliş edilərək yaşayış yerinin Bakı şəhəri, Xaqani küçəsi, ev 41, mənzil 39 kimi qeyd edilməsini, xüsusi ittiham qaydasında şikayətdə şikayətin verildiyi yer olaraq Bakı şəhərinin qeyd edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və onun nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda şikayət ərizəsi və ona əlavə ərizədə, həmçinin etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 müdafiəçisi Müdafiəçi etiraz təqdim edərək və etiraza uyğun izahat verərək göstərdi ki, şikayət qanunvericiliyin tələblərinə adekvat olmayaraq hazırlanmış, o cümlədən nədə təqsirli olduğu fakt və sübutlarla qeyd edilməmiş, istinad edilən CD disk məhkəməyə təqdim edilməmiş (halbuki yeganə istinad edilən sübut məhz CD diskdir ki, o da şikayətçi tərəfindən məhkəməyə təqdim edilməli idi), bununla yanaşı mövcud reallıq şəxsin öz maraqları üçün təhrif edilmiş şəkildə əks olunmuş, əməlimdə hansısa cinayətin tərkibi yoxdur, birsözlə şikayət əsassızdır. Odur ki, aşağıda qeyd edilən əsaslı nüanslar və qanunvericiliyin tələbləri əsas tutularaq xüsusi ittiham qaydasındakı sözügedən şikayətin icraata qəbul edilməsindən imtina edilməsi məhz qanunvericiliyin imperativ tələbidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması (299.3.1) və xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub olmaması barədə (299.3.3) məsələlərə baxılır. Qeyd olunan cinayət prosessual hüquq normalarının məzmunundan görünür ki, məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarət olmaqla, şikayətin həmin məhkəməyə aid olubolmaması və şikayətin məzmununun bu Məcəllənin 293.3.1, 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Göründüyü kimi qanunverici xüsusi ittiham qaydasında şikayətin məzmununun həmin Məcəllənin 293.3.- 293.3.7-ci maddələrinin müddəalarına uyğun olmasını imperativ norma kimi müəyyən etmişdir. Azərbaycan Respublikası CPM-in 293.3-cü maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) (293.3.1.); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) (293.3.2.); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi (293.3.3.); şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi (293.3.4.); cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş (293.3.5.); şikayətin verildiyi tarix (il, ay və gün) və yer (293.3.6.) və şikayəti vermiş şəxsin imzası (293.3.7.) göstərilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014 cü il tarixli qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) yer, şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Həmçinin məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Maddələrin tələbini əsas tutaraq bildirir ki, şikayətçi tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət qeyd edilən normativ, prosessual tələblərə adekvat deyil. Hazırkı iş üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunundan görünür ki, Məcəllənin 293.3.3-cü maddəsi üzrə, yəni, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) üzrə tələb pozulmuş, belə ki, şəxsin yaşayış yeri səhv qeyd edilmiş və bunun nəticəsidir ki, üç dəfə hazırlıq iclası təxirə salınmışdır. Bununla yanaşı, Məcəllənin 293.3.6-cı maddəsinin tələbi-şikayətin verildiyi tarix (il, ay və gün) və yer üzrə də pozuntuya yol verilmiş, belə ki, şikayətə baxıldıqda şikayətin verildiyi yer qeyd edilməmişdir. Bu imperativ nüansların pozulması şikayətin bu cür natamam şəkildə icraata qəbuledilməzliyini göstərir. Onu da qeyd edim ki, əks edilmiş natamamlıq üzrə kifayət qədər məhkəmə təcrübəsi mövcuddur ki, bu nüasnlar əsas gətirilərək şikayətin icraata qəbulundan imtina edilmişdir. Şikayətçi attestasiyanı kütləvi çıxış kimi qiymətləndirərək 4 nəfər digər komissiya üzvlərinin yanında sədr tərəfindən mədəniyyətdən kənar ifadə işlədildiyini qeyd edərək onun təhqir edildiyini bildirir. Bununla yanaşı şikayətində qeyd edir ki, o komissiya üzvlərinə nalayiq hərəkət etməmiş, guya komissiya sədri olaraq mən qərəzli şəkildə davranmışam, onu qəsdən təhqir etmişəm. Mövqeyini də Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli qətnaməsində hakimin yazdığı sübuta yetməmiş, qanuni qüvvəsini almamış fikirlə əsaslandırmağa çalışmışdır. Belə ki, təqdim edilən sözügedən qətnamədən görünür ki, hakim tərəfindən qeyd edilir ki, “İş materiallarında olan "CD" diskdən məlum olur ki, iddiaçı X6 atesstasiyadan keçirilən zaman həyəcanlı olmaqla şəkər xəstəsi olmasını bildirməklə yanaşı, komissiya tərəfindən verilmiş sualların əksəriyyətinə cavab vermiş, komissiya tərəfindən ona təkrar atesstasiyadan keçirilməsinə şərait yaradılmamış, komissiyanın sədri tərəfindən onun şəxsiyyətinə və digər sırf şəxsi dəyərlərinə görə qərəzli münasibət bəslənilmiş, şəxslə bağlı komissiyanın digər üzvlərinə "Burda özlərini sakit aparmaqlarına baxmayın, siz bilmirsiz necə həyasız adam(lar)dı" ifadələrini işlətmişdir.”. Qeyd edilən hallar üzrə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin Preyudisiya adlanan 142-ci maddəsində qeyd edilir ki, 142.2. Mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Maddənin tələbinə əsasən bildirir ki, Əldə edilən məlumata görə sözügedən qətnamədən əsaslı apellyasiya şikayəti verilmiş, yəni qanuni qüvvəsini almamışdır. Belə olan halda hakim tərəfindən qəbul edilən və qanuni qüvvəsini almamış qətnaməsi hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz və sübutlar siyahısından çıxarılmalıdır. Diqqətə alınmalıdır ki, «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 7-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. • Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Cinayətin qəsdən törədilməsi adlanan 25-ci maddəsində qeyd edilir ki, 25.1. Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. 25.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. 25.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Maddənin tələbini əsas tutaraq bildirir ki, göründüyü kimi şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada QƏSDƏN alçaldılması məsuliyyətə səbəb olur. Təhqir cinayəti subyektiv cəhətdən təqsirin birbaşa qəsd növü ilə xarakterizə olunur. Belə ki, təqsirkar başqa şəxsin şərəf və ləyaqətini alçaltdığını dərk edir və belə hərəkətləri törətməyi arzu edir. Şikayətçi təqsirli olduğumu təsdiq edəcək mötəbər fakt və sübutları məhkəməyə təqdim etməli və sübuta yetirməlidir ki onun şikayəti əsaslıdır. Halbuki qeyd edildiyi kimi heç bir mötəbər sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aşağıdakı maddələrində əks olunur ki: Maddə 21. Təqsirsizlik prezumpsiyası - 21.1. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 138. Sübutetmənin anlayışı- 138.1. Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 138.2. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub- olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Maddə 139. Sübut edilməli hallar- 139.0. Cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; • Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin aşağıdakı maddələrində qeyd edilir ki: - Maddə 300. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən qəbul edilən qərarların növləri - 300.1. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə. Maddə 301. Məhkəmə baxışının təyin edilməsi- 301.1. Məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə aşağıdakı hallarda təyin edilir: 301.1.1. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda; 301.1.2. ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə. Maddə 302. Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi- 302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. Qeyd edilənləri, qanunvericiliyin tələblərini rəhbər tutaraq bir daha bildirir ki, X3 barəsində verdiyi xüsusi ittiham qaydasındakı şikayət prosessual formaya riayət edilməməklə verilmiş, məzmun prosessual qanunvericiliyin tələblərinə adekvat deyil, bununla yanaşı onun tərəfindən təhqir edilməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir, bir sözlə şikayət əsassız və sübutsuzdur, eləcə də cinayət hadisəsi, əməlimdə cinayət əlamətləri mövcud deyil. Odur ki, hazırki şikayət prosessual formaya zidd olaraq verilməklə yanaşı heç bir sübuta əsaslanmadığından məhkəmənin icraatına qəbul edilməli deyil. Əks yanaşma qanunvericiliyin imperativ tələblərinin pozulması deməkdir. Qeyd olunanları nəzər alaraq işin hallarını, qanunvericiliyin imperativ tələblərini əsas tutaraq, X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 müdafiəçisi tərəfindən təqdim edilmiş etiraza uyğun izahat verərək şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etdi. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 293.3.3-cü maddəsinə əsasən şikayət vermiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi ((şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi) barədə məlumatları şikayətində göstərməli olduğu halda, şikayətdə X12 yaşayış yerini düzgün qeyd etməmiş, əməlin məhz həmin şəxs tərəfindən törədilməsini təsdiq edən hər hansı mötəbər sübutu iş materiallarına əlavə etməmiş, bununla da qeyd edilən maddənin tələblərini pozmuşdur. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 293.3.6-cı maddəsinə əsasən şikayət vermiş şəxs şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərməli olduğu halda, buna riayət etməmiş və şikayətin verildiyi yer göstərilməmişdir. Bundan başqa, X1 məhkəməyə etiraz təqdim edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində 1(006)-576/2025 nömrəli məhkəmə işi ilə əlaqədar barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 müdafiəçisi qismində məhkəmədə iştirak edən Müdafiəçi tərəfindən verilmiş etirazın əsassız sayılmasını və təmin olunmamasını, Nigar Məlikovanın Bakı Xoreqrafiya Akademiyasının 231-ci otağında attestasiyadan keçən müəllimlərə olan davranışını tam araşdırmaq və onun müəllimlərə qarşı qeyri-etik davranmasını sübut etmək məqsədi ilə, həmin otaqda attestasiyadan keçən bütün müəllimlərin CD disklərini Mədəniyyət Nazirliyindən tələb edilməsini xahiş etmişdir. Həmçinin, X1 xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 26 avqust 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilən xüsusi ittiham qaydasında şikayətin başlıq hissəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs-Nigar Məlikovanın yaşayış yeri haqqında məlumatlara düzəliş edilərək yaşayış yerinin Bakı şəhəri, Xaqani küçəsi, ev 41, mənzil 39 kimi qeyd edilməsini, xüsusi ittiham qaydasında şikayətdə şikayətin verildiyi yer olaraq Bakı şəhərinin qeyd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmadığına görə şikayət vermiş şəxsin sonradan təqdim etdiyi etiraz və şikayətə əlavə ərizəsi də icraata qəbul edilə bilməz. Belə ki, qanunvericiliyin konkret tələbinə əsasən prosessual formaya riayət edilməməklə verilmiş şikayət ərizəsinin icraata qəbulundan imtina edilməsi nəzərdə tutulmuş, qanunvericilikdə həmin şikayət ərizəsində olan nöqsanların sonradan əlavə ərizə təqdim edilərək düzəliş edilməsinə dair hər hansı müddüə nəzərdə tutulmamışdır. Bundan başqa X12 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin olmasını təsdiq edən hər-hansı bir digər sübut şikayətə əlavə edilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının CPM ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayətin əsasını təşkil edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar