Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-577/2025 27.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,720 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 may 2025-ci il tarixdə saat 14:50-də Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən “Bravo” hipermarketin dayanacağında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan gödəkçənin cibindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,656 qram və 0,064 qram olmaqla ümumi təmiz çəkisi 0,720 qram təşkil edən xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən iki olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələri əsasən tanımadığı şəxslərdən alır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” deyilən yerdə tanımadığı şəxsdən istifadə etmək məqsədilə 40 manat müqabilində psixotrop maddə metamfetamin almışdır. Bir qədər sonra saat təxminən 14:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Bravo” marketin qarajında olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra ondan özünü təqdim etməsini təklif etmişlər. O da özü haqda anket məlumatlarını şifahi təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli olduğunu və üzərində saxladığı əşya və maddəni könüllü təqdim etməsini bildirmişlər. Bundan sonra o, əynindəki, gödəkçəsinin sol yan cibində saxladığı 02 ədəd bükümdə psixotrop maddə və şalvarının sol yan cibindən özünə məxsus “Tecno Spark” markalı mobil telefonu çıxarıb təqdim elmişdir. Ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildikdə o, üzərində başqa bir əşya və ya predmetin olmadığını bildirmişdir. Sonra üzəri tam olaraq yoxlanıldıqdan sonra heç bir qanunla qadağan edilən əşya tapılmamışdır. Daha sonra üstündən aşkar edilmiş 02 ədəd büküm zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirilmişdir. Bundan sonra həmin bükümlər zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən zərfin üzəri imzalanmış, mobil telefonu ona izah verilərək götürülmüşdür. Daha sonra həmin əməkdaşları ilə birlikdə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin inzibati binasına getmiş və orada xidməti otaqlardan birində hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına ona müdafiəçi təyin edilərək müdafiəçinin iştirakı ilə tutulmuşdur. Üzərindən aşkar olunan psixotrop maddəni özünün şəxsi istifadəsi üçün əldə etmiş, bu barədə heç kimə məlumat verməmiş, psixotrop maddəni alarkən başqasının köməyindən istifadə etməmiş, narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olmamış, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış və hədiyyə etməmiş, yaşadığı ünvanda və qeyri yerdə saxlamamışdır. Nəsimi RPİ-nin 20-ci polis şöbəsinin inzibati binasına aparılarkən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Daha sonra Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmət etdiyi şöbəyə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1995-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Nəsimi rayon ərazisində qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə, yaşadığı ünvanda saxlayaraq daşıması və satışı ilə məşğul olmasında şübhəlidir. Həmin məlumat haqqında dərhal Nəsimi RPİ-nin 20-ci PŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, CA üzrə kiçik inspektoru polis sıravisi Şahid3 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdilmiş və həmin gün əməliyyat qrupu ilə polis şöbəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin tarixdə saat 14:50 radələrində əməliyyat məlumatına qeyd olunan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən “Bravo” hipermarketin avtodayanacağında saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstü yoxlanılmağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 02 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni və şalvarının sol yan cibindən 01 ədəd «Tecno Spark» markalı mobil telefonu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və yoxlama zamanı sonuncunun üzərindən heç bir əşya aşkar edilməmişdir. Ardınca aşkar olunan psixotrop maddəyə bənzər maddə qablaşdırılaraq möhürlənib imzalanmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddənin metamfetamin olmasını və istifadə etmək məqsədi ilə «Kubinka» adlanan ərazidən tanımadığı şəxsdən 40 manata əldə etdiyini bildirmişdir. Üstünü yoxlama Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən “Bravo" hipermarketin avtodayanacağında keçirilmiş, üstünü yoxlama zamanı «Samsung» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şəraitin olmaması səbəbindən Nəsimi RPİ-nin 20-ci PŞ-nin inzibati binasında tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, tərtib edlilmiş protokol imzalarla təsdiq edilmiş və 1 (bir) ədəd disk protokola əlavə olunmuşdur. Daha sonra toplanmış material tərtib edilmiş raport əsasında Nəsimi Rayon Polis İdarəsinin 20-ci PŞ-də araşdırmanın davam etdirilməsi həmin şöbənin təhqiqatçısı Məzahir Məmmədliyə həvalə edilmişdir. X2 tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılmasına başlanmışdır. Təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 bükümdə kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd «Tecno Spark» markalı mobil telefon baxış keçirilmişdir. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb möhürlənmiş, mobil telefon isə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra bir ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik maddə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı bir təzyiq və yaxud da fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PŞ-nin CA üzrə kiçik inspektoru, polis kiçik serjantı Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqında iştirak etməyən Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, şahidlər Şahid2 və Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:50 dəqiqədən şübhəli şəxs qismində tutulmuş hesab olunmuşdur (i.v.26); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.59-60); - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında müstəntiqin vəsatətinin təmin edilməməsi, təqsirləndirilən şəxsin Nəsimi RPİ-nin X3 azad edilməsi, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdir (i.v.73-74); - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş və o, Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v.75-76); - “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 14:50-də Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən “Bravo” hipermarketin avtodayanacağında saxlanılaraq üstü yoxlanılan zaman əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (i.v.8-9); - “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 14:50-də Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən “Bravo” hipermarketin avtodayanacağında saxlanılaraq üstü yoxlanılan zaman aşkar olunmuş 02 ədəd bükümdəki maddəyə və 01 ədəd DVD diskinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 26 may 2025-ci il tarixdə saat 14:50-də Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007ci məhəllədə yerləşən “Bravo” hipermarketin avtodayanacağında saxlanılması, əynində olan gödəkçənin cibində olan 02 ədəd bükümü təqdim etməsi və həmin bükümdə olan maddənin psixotrop maddə metamfetamin olmasını bildirməsi videogörüntüdə öz əksini tapmışdır (i.v.14-15); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci tarixli 6/1970 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №188 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 02 bükümdə...” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,656 qram və 0,064 qram, ümumi təmiz şəkisi 0,720 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (i.v.42-46); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 3179 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v.81-82); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Techno Spark” markalı mobil telefona baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar olunmamışdır (i.v.103); - Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2025-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində özünə məxsus 01 ədəd “Techno Spark” markalı mobil telefonu saz vəziyyətdə təhvil almışdır (i.v.104); - “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə ümumi 0,720 qram çəkidə psixotrop maddə-metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq 0,640 qram çəkidə psixotrop maddə metamfetamin 01 ədəd zərfdə qablaşdırılmış halda saxlanması üçün Nəsimi RPİ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir (i.v.105-106); - “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,656 qram və 0,064 qram, ümumi təmiz çəkisi 0,720 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və tədqiqatdan sonrakı qalıq çəkisi 0,640 qram olan psixotrop maddə metamfetaminin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma anbarına təhvil verilməsinə dair xx.xx.2025-ci il tarixli qərar nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddənin aşkar olunması faktını özündə əks etdirən 02 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (i.v.116-122); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.88); - Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi tərəfindən 21 yanvar 2021-ci il tarixində verilmiş Mİ №007815 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə iştirakçısıdır (i.v.113); - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş 155301 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır (i.v.114); - № l-24832 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur (i.v.115) Məhkəmə iclasında əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 26 may 2025-ci il tarixdə saat 14:50-də Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən “Bravo” Hipermarketin avtodayanacağında Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu ona bildirilməklə saxlanılır, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən 02 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni və 01 ədəd “Tecno Spark” markalı mobil telefonu təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır və yoxlama zamanı sonuncunun üzərindən qanunla qadağan olunmuş başqa heç bir əşya predmet aşkar edilmir. Ardınca təqdim edilmiş kütləyə baxış zamanı Təqsirləndirilən şəxs bükümlərdəki maddələrin nə olması soruşulur, saxlanılan şəxs cavab olaraq aşkar olunan maddənin psixotrop maddə metamfelamin olduğunu, istifadə etmək məqsədilə “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 40 manata əldə etdiyini bildirir. Aşkar olunan psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırılaraq üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmaqla götürülür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Tecno-Spark” markalı mobil telefon götürülür. Məhkəmə iclasında təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, 20-ci PŞ-nin CA üzrə kiçik inspektoru polis sıravisi Şahid3 tərəfindən 26 may 2025-ci il tarixdə saat 14:50-də Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən “Bravo” Hipermarketin avtodayanacağında Təqsirləndirilən şəxs saxlanılaraq yerində üstü yoxlanılan zaman əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən 02 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni və şalvarının sol yan cibindən 01 ədəd “Tecno Spark”markalı mobil telefonu təqdim etməsi ilə bağlı videogörüntülərinin köşürüldüyü 01 ədəd DVD diskə, təqdim olunan 02 ədəd bükümə və 01 ədəd “Tecno Spark” markalı mobil telefona təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra həmin əşya və maddələr yenidən qablaşdırılaraq möhürlənir və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələrixeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.1-ci bəndində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, 1.2-ci bəndində isə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla) nəzərdə tutulmuşdur. Həmin Qərarın 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan halları və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olması, təqsirləndirilən şəxsin Vətən müharibəsi iştirakçısı olması, habelə Vətən müharibəsində iştirakla əlaqədar Azərbaycan Respublikasının medalı ilə təltif olunması və müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış cəmi 0,640 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 saata görə 352 (üç yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,640 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut növü kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 (otuz iki) saata görə 352 (üç yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-577/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-577/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver