Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-579/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 09 avqust 2024-cü il tarixdə saat 23:30 radələrində orta dərəcəli sərxoşluq vəziyyətində ictimai yer hesab edilən ünvan 3 ünvanının qarşısında qonşuluqda yaşayan tanışı Zərərçəkmiş şəxs əvvəllər həmin məhəllədə velosiped oğurlanması ilə əlaqədar onun övladını “oğru” adlandırmasına görə Zərərçəkmiş şəxslə sözlü mübahisə edib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan istintaqla müəyyən olunmayan bıçağı silah qismində istifadə edərək həmin bıçaqla sonuncuya zor tətbiq edib qəsdən bir dəfə qarın nahiyəsindən və bıçağın tiyəsi ilə baş nahiyəsindən zərbələr vuraraq ona qarın nahiyəsinin ön səthinin sol yarısının qarın boşluğuna nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası və sol gicgah-təpə nahiyəsinin kəsilmiş yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sol çiyin nahiyəsinin və sol baldırın sıyrıqları kimi həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Hadisə vaxtı evlərdə usta fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs isə onunla qonşuluqda yaşayır. 09 avqust 2024-cü il tarixdə saat 23 radələrində az miqdarda spirtli içki qəbul etdiyinə görə “havasını dəyişməsi” üçün bayıra çıxmışdır. Həyətdəki söhbətgahda Hacını görmüş və sonuncu onu görüb durub gedərkən “bizə oğru deməyin bəs deyil hələ məni görən kimi qaçıb gedirsən” demişdir. Əlavə olaraq, Hacıya nəyə görə iki il əvvəl «oğrunu gedin içinizdən axtarın» dediyini soruşmuşdur. Belə ki, təxminən iki il əvvəl onun nəvəsinin velosipedi yeznəsi Arazın evinin həyətindən oğurlanmışdır. Araz həmin vaxt onların məhəlləsində kirayədə yaşamışdır. Oğlu Cavid velosipedi Arazdan xəbərsiz götürdüyünə görə velosipedin oğurlandığını zənn etmişlər. O vaxt Hacıya velosipedi bəlkə sonuncunun qardaşı Rəşadın oğurladığını bildirmişdir. Belə ki, Rəşad əvvəllər oğurluq etdiyinə görə həbs olunmuşdur. Hacı da “oğrunu gedin içinizdə axtarın” deməklə velosipedi onun oğlu Cavidin oğurlamasına işarə etmişdir. O da Hacıya velosipedi həmin vaxt oğlu Cavid götürdüyünü, lakin oğurlamadığını bildirmişdir. Hacı da ona “hər nə olursa olsun velosipedi Rəşad yox Cavid oğurlayıb, buna görə də oğru içinizdən çıxdı” demiş və onu təhqir etmişdir. Hacının yenidən onlara oğru deməsindən bərk əsəbiləşmiş və sonuncunun üzərinə getmişdir. O, cibindən bıçağı çıxarıb Hacının üstünə gedərkən sonuncu yumruqla onu vurmuş, o da Hacını bıçaqla qarnından vurmuşdır. Həmin vaxt Hacı bıçaq zərbəsindən yerə yıxılmış, lakin sonuncu yıxılmasına baxmayaraq onu təhqir etmişdir. Hacı yerdə olarkən bıçağın tiyəsi ilə başına vurmuş və barmağının bıçaqdan zədələndiyini görüb dayanmışdır. Bundan sonra, barmağı qanadığı üçün oranı tərk edib evə getmişdir. Sonradan Hacınının xəstəxanaya aparıldığını eşitmişdir. Münaqişə zamanı yaranmış səs-küyə qonşulardan kimsə gəlmişdir. Həmin vaxt sərxoş olduğundan bıçağı hara atdığını xatırlamır, həmin bıçaq balaca cib bıçağı olmuş, usta işlədiyi üçün həmin bıçaqdan çörək və kolbasa doğramaq üçün istifadə etmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxslə barışdığını və əməlindən səmimi peşman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs qonşusu olaraq tanımış və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 09 avqust 2024-cü il tarixdə saat 23:30 radələrində həyətdəki söhbətgahda olmuş və evə getmək istəyərkən sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs onun tək olduğunu görüb yaxınlaşmışdır. Həmin vaxt Hükmulla ona nəyə görə 2 il əvvəl yeznəsi Araza “oğrunu gedin içinizdən axtarın” dediyini soruşmuşdur. Belə ki, təxminən iki il əvvəl Hükmullanın nəvəsinin velosipedi Arazın evinin həyətindən oğurlanmışdır. Sonradan həmin velosipedin Hükmullanın oğlu Cavidin oğurlaması müəyyən olunmuşdur. O, Hükmullaya sərxoş olduğunu, evə getməsini bildirmiş, nəyə görə bu söhbəti yenidən qaldırdığını, oğurluğun da Cavid tərəfindən edildiyinin müəyyən olunduğunu qeyd etmişdir. Bu zaman Hükmulla ona Cavidin velosipedi oğurlamadığını, sadəcə xəbərsiz olaraq götürdüyünü bildirmişdir. Hükmulla əvvəllər yəni velosipedin Cavid tərəfindən oğurlanması müəyyən olunmamışdan qabaq ona velosipedin qardaşı Rəşad tərəfindən oğurlandığını bildirmişdir. O da Hükmullaya qardaşı Rəşadın oğru olmadığını, oğrunu “özlərindən axtarmalarını” demişdir. Buna görə də, o, Hükmullaya «gördün ki, oğru içinizdən çıxdı» demişdir. Onun bu sözü Hükmullanın xoşuna gəlməmiş və sonuncu cibindən bıçağı çıxararaq onun üzərinə gəlmişdir. O, Hükmullanı uzaqlaşdırmaq məqsədilə itələmiş və sonuncunun onu bıçaqla vurmasını gözləməmişdir. Buna baxmayaraq, Hükmulla onu bıçaqla vurmuş və o zərbənin təsirindən yerə yıxılmışdır. Bundan əlavə, Hükmulla həmin bıçaqla onun başına da zərbələr endirmiş, o da bıçaq zərbələrindən huşunu itirmişdir. Bundan sonra ayılarkən xəstəxanada olduğunu görmüşdür. Xəstəxanada olarkən münaqişə vaxtı kiminsə təcili yardıma zəng vurduğunu və onu xəstəxanaya apardığını bilmişdir. O, xəstəxanada təxminən 10 gün müalicə almışdır. Halhazırda təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qayınatasıdır və onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. O, ünvan 4 ünvanında qayınatası Hükmullanın evində yaşayır. Hükmulla hadisə vaxtı usta işləmişdir. Zərərçəkmiş şəxs isə onlarla qonşuluqda yaşayır. O, təxminən iki il əvvəl qeyd olunan küçədəki evdə kirayədə yaşamış və həyətdən onun uşağının velosipedi oğurlanmışdır. O da həmin vaxt Hacının qardaşından şübhələnmişdir. Belə ki, Hacının qardaşı Rəşad adlı şəxs oğurluqla bağlı həbsdə olmuşdur. O bu barədə Hacıya bildirmiş və sözlə mübahisələri yaranmışdır. Hacı oğurluğun onlara aidiyyətinin olmadığını qeyd etmiş və “get oğrunu başqa yerdə axtar” demişdir. Sonradan velosiped tapılmış və velosipedin onun qayını və Hükmullanın oğlu Cavid tərəfindən götürüldüyü müəyyən olunmuşdur. Sonradan Hacı ilə barışmışlar və həmin mübahisəyə son qoyulmuşdur. 09 avqust 2024-cü il tarixdə axşam saatlarında o, Sumqayıt şəhərində olarkən qayınatası Hükmullanın adam “vurduğu” zəng vasitəsilə ona bildirilmişdir. O, hadisənin birbaşa şahidi olmamış, yalnız ətrafdakı şəxslərin verdiyi informasiyalardan hadisə barəsində məlumatı olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 tərəfindən verilmiş 10 avqust 2024-cü il tarixli, 2/43160 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdə, saat 01:37-də orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur (i/v 11). İş materiallarında olan 10 avqust 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsidir. (i/v 12-15). İş materiallarında olan əşyaya baxış keçirilməsi haqqında 11 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyə baxış keçirilmiş və baxış zamanı köynəyin ağ rəngdə və qısaqol olması, həmçinin geyilmə izləri müşahidə olunmuşdur. Həmin köynəyin üzərində dəlib-keçən zədə izləri və qana bənzər ləkələrin olması müşahidə olunmuşdur. (i/v 45). İş materiallarında olan əşyaya baxış keçirilməsi haqqında 11 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvara baxış keçirilmiş və baxış zamanı şalvarın ağ rəngdə olması, həmçinin geyilmə izləri müşahidə olunmuşdur. Həmin şalvarın üzərində dəlib-keçən zədə izləri aşkar olunmamış, lakin qana bənzər ləkələrin olması müşahidə olunmuşdur. (i/v 46). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X3” X4 09 sentyabr 2024-cü il tarixli 1106 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər — qarın nahiyəsinin ön səthinin sol yarısının qarın boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşicikəsici alətin (əşyanın) təsirindən, sol gicgah-təpə nahiyəsinin kəsilmiş yarası iti kənarlı alətin (əşyanın) təsirindən, sol çiyin nahiyəsinin və sol baldırın sıyrıqları isə bərk kül əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər; qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə törənə bilərdilər. Qeyd olunan xəsarətlərdən qarın nahiyəsinin ön səthinin sol yarısının qarın boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası və sol gicgah-təpə nahiyəsinin kəsilmiş yarası dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər; digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən şəxsin öz tərəfindən yetirilmələri inandırıcı deyil. (123-126). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X3” X4 23 sentyabr 2024-cü il tarixli 595/2024 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu : O (İ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtrış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus futbolka, şalvar üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrupu AB0 sistemi üzrə təyin edildikdə “H” antigeni və alfa, beta aqqlyutininləri alınmışdır. Bu qan ləkələri AB0 sistemi üzrə O alfa, beta (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. (i/v 128-130). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X3” X4 10 sentyabr 2024-cü il tarixli 436/MTKŞ-2024 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda 01 ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə küpü kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (ola bilsin bıçağın) təsirindən törənmişdir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində zədə və zədə izləri aşkar olunmamışdır. (i/v 132-133). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12 avqust 2024-cüil tarixli qərarı ilə onun barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i/v 33, 76-77). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynək və bir ədəd şalvar maddi sübut kimi tanınmışdır (i/v 145-150). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nəsimi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i/v 82-83). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, hal-hazırda ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə, zərərçəkmiş şəxsi, şahidi, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahidlərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən yüngül zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 10 avqust 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-579/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxsə məhkəmə istintaqı dövründə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından oğlunun vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 10 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra və məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-579/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-579/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver