Məhkəmə qərarları › İş №1(006)-58/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-58/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-58/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, 18.05.1993-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12.12.2019-cu il tarixli, 1(001)- 581/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 29,177.2.1 və 29,177.2.3-cü maddələri təqsirli bilinərək 02 il 10 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağsu rayonu, Köhnə Bazar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1985-ci il tarixdə Qazax rayonu, Qarapapaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağstafa rayonu, Saloğlu qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 26 iyul 2021-ci il tarixdə, saat 01:30 radələrində Zərərçəkmiş şəxs işlətdiyi ünvan 2 binanın zirzəmisində yerləşən, saxlanc yeri hesab olunan obyektin qarşısına gəlmiş, o, özündə olan istintaqa məlum olmayan dəmir alətlə qeyd olunan obyektin plastik materialdan olan pəncərəsini sındırdıqdan sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə oraya qanunsuz daxil olub obyektin içərisindən 50 manat dəyərində 01 ədəd “BK” markalı kondisioneri, 01 ədəd 1000 manat dəyərində üzərində “Yazıt Makina Sanayi Ankara” yazıları olan çap maşınını və 01 ədədinin qiyməti 200 manat olmaqla, ümumilikdə 400 manat dəyərində 02 ədəd 60x70 sm ölçülü seriqraf cihazını gizli olaraq talayıb zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs2 ümumilikdə 1450 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 26 iyul 2021-ci il tarixdə, saat 01:30 radələrində Zərərçəkmiş şəxs işlətdiyi ünvan 2 binanın zirzəmisində yerləşən, saxlanc yeri hesab olunan obyektin qarşısına gəlmiş, orada X6 özündə olan istintaqa məlum olmayan dəmir alətlə qeyd olunan obyektin plastik materialdan olan pəncərəsini sındırdıqdan sonra sonuncu ilə birlikdə oraya qanunsuz daxil olub obyektin içərisindən 50 manat dəyərində 01 ədəd “BK” markalı kondisioneri, 01 ədəd 1000 manat dəyərində üzərində “Yazıt Makina Sanayi Ankara” yazıları olan çap maşınını və 01 ədədinin qiyməti 200 manat olmaqla, ümumilikdə 400 manat dəyərində 02 ədəd 60x70 sm ölçülü seriqraf cihazını gizli olaraq talayıb zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs2 ümumilikdə 1450 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs X6 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, şəhərin müxtəlif yerlərindən dəmir və ya digər metalları, həmçinin plastmas əşyaları toplayaraq şəhərin müəyyən yerlərindəki dəmir və tullantı qəbulu məntəqələrinə təhvil verməklə pul qazanır. Təqsirləndirilən şəxs2 ilə 2-3 il olar ki, metal yığan zaman tanış olmuşdur. 26.07.2021-ci il tarixdə, saat təxminən 01:30 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə “28 May” metrostansiyası adlanan ərazidə tullantıları yığarkən yaxınlıqda olan məhəllələrin birinə daxil olmuşlar. Həmin məhəllədəki binanın birinin altında köhnə zirzəmi olduğunu, həmin zirzəminin pəncərəsinin açıq olduğunu görmüş, pəncərədən içəri daxil olmuş və oradan kondisioner və adını bilmədikləri cihazları götürmüşlər. Əvvəlcədən heç nəyi planlaşdırmamış və zirzəmiyə daxil olarkən pəncərənin şüşəsini sındırmamışlar. Onların oğurluq etmək fikirləri olmamış, zirzəmidəki əşyaların tullantı olduğunu fikriləşib götürmüşlər. Götürdükləri əşyaları həmin ərazidən 40-50 metr aralıda yerləşən metal qəbulu məntəqəsinə təhvil vermişlər. Götürdükləri əşyaların dəyərinin 1450 manat olduğunu bilməmiş, həmin əşyaları 50-60 manata satmışdır. Əgər baha olduğunu bilsəydi, ucuz qiymətə satmazdı. Daha sonra əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş zərərin qismən ödənildiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, şəhərin müxtəlif yerlərindən dəmir və ya digər metalları, həmçinin zibilləri toplayaraq şəhərin müəyyən yerlərindəki dəmir və tullantı qəbulu məntəqələrinə təhvil verməklə məşğul olur. O, adətən həmin tullantıları X6 ilə birlikdə yığır. 26.07.2021-ci il tarixdə saat təxminən 01:30 radələrində onlar Bakı şəhəri, “28 May” metrostansiyası adlanan ərazidə tullantıları yığarkən oranın yaxınlığında olan məhəllələrin birinə daxil olmuşlar. Bu zaman onlar binanın zirzəmi hissəsinin uzun müddətdir ki, istifadə edilmədiyini, oranın tullantılarla dolu olacağını və həmçinin orada pəncərədə olan kondisioneri görərək oraya daxil olmaq qərarına gəlmişlər. Onlar kənarda insanların olmamasından və məhəllənin qaranlıq olmasından istifadə edərək oraya daxil olmuşlar. İlk öncə pəncərədə olan kondisioneri çıxarmışlar, daha sonra içəridə axtarış etməyə başlamışlar və orada hissələrinin bir qismi dəmirdən və digər metal növlərindən olan əvvəllər görmədikləri cihazlarla qarşılaşmışlar. Həmin cihazların nə üçün olmasını bilməsələr də, onların metal hissələrinə görə metal qəbulu məntəqəsinə təhvil verə biləcəklərini başa düşmüşlər. Həmin cihazları oradan çıxarmadan öncə səhərə kimi gözləmişlər ki, qonşular onların səsini eşitməsinlər və onları görməsinlər. Səhərə yaxın həmin cihazları və kondisioneri özləri ilə tullantıları toplamaq üçün gəzdirdikləri arabalara yükləmiş və yaxınlıqda yerləşən metal qəbulu məntəqəsinə təhvil vermək üçün aparmışlar. Onlar cihazlar ilə kondisioneri təhvil verərək ümumilikdə 60 manat pul əldə etmiş və həmin pulu aralarında olan razılığa əsasən yarıya bölmüşlər. Məntəqədən sonra o və Ümid birbirini görməmiş və müxtəlif istiqamətlərdə getmişlər. 02.08.2021-ci il tarixdə saat 19 radələrində isə həmin metal qəbulu məntəqəsinə yeni yığdığı dəmir qabları təhvil vermək üçün gələrkən yolda polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, Polis Şöbəsində olarkən etdiyi əməli etiraf etmişdir. Onlar oğurladıqları əşyaları Ş.Əzizbəyov küçəsində yerləşən metal qəbulu məntəqəsinə 60 manat pul müqabilində satmışlar. Onlardan həmin kondisioneri və digər cihazları metal qəbulu məntəqəsini işlədən “Ruslan” adlı şəxs qəbul etmiş və əvəzində pulu ondan almışlar. Polis əməkdaşları tərəfindən saxlanılan zaman hər hansı bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Daha sonra əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş zərərin qismən ödənildiyini, iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, ünvan 2 ünvanda yerləşən “Koza” adlı dəvətnamələrin hazırlanması ilə məşğul olan ticarət obyektini işlədir. Həmin obyektin arxa hissəsində binanın yarımzirzəmisini uzun müddətdir ki, anbar olaraq istifadə etmiş və oraya bəzi əşyalarını yığmışdır. 28.06.2021-ci il tarixdə, saat təxminən 10:00 radələrində işə gəldikdə anbarın plastikdən olan pəncərəsinin sındırıldığını aşkar etmişdir. İçəri daxil olduqda oradan ona məxsus 1 ədəd elektrik ilə işləyən sıxılma üsulu ilə çap maşının, 2 ədəd seriqraf aparatının və 1 ədəd “BK” markalı kondisionerin oğurlanmasını aşkar etmiş və bu barədə dərhal Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda çap maşını ona qaytarılmış, lakin bəzi detalları yoxdur, seriqraf aparatının ikisi də qaytarılmış, birinin dəmirdən olan hissələri – bağlamaları yoxdur. Kondisioner isə qaytarılmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, dəymiş zərərin qismən ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, təxminən son 6 aydır ki, ünvan 3 ünvanda metalların və digər tullantıların qəbulu yeri kimi fəaliyyət göstərən obyektdə işləyir. Həmin obyektdə baş nəzarətçi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxsləri də həmin obyektə metal və plastik tullantılar gətirən şəxslər kimi tanımışdır. Onlardan metal və plastik tullantılar almışdır. 26.07.2021-ci il tarixdə saat təxminən 12 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 obyektə satmaq məqsədilə plastik tullantılar və dəzgah gətirmişlər, gətirdikləri əşyalar arasında kondisioner olmamışdır. O, dəzgahı almamış, təqsirləndirilən şəxslər həmin dəzgahın qalmasını, səhər gəlib götürəcəklərini bildirmişlər. Səhər polis əməkdaşları gəlib həmin dəzgahı maddi sübut kimi götürmüşlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 28 iyul 2021-ci il tarixli protokoldan görünür ki, X9 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.36-37); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 4(006)-307/2021 saylı qərarı ilə X6 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v.88- 91); - “Şübhəli şəxsin tutulması haqqında” 02 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.108- 109); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 4(006)- 316/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 02 avqust 2021-ci il tarixdən 28 oktyabr 2021-ci il tarixədək müddətə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v.146-149); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 1(006)- 566/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri ilə seçilmiş, onların axtarışı elan olunmuş və iş üzrə icraat dayandırılmışdır; - Məhkəməyə 13 dekabr 2021-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 06.12.2021-ci il tarixli məktubundan görünür ki, X6 30.11.2021-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən tutularaq 03.12.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir; - Məhkəməyə 11 yanvar 2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 29.12.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 28.12.2021-ci il tarixdə yaxalanaraq Nəsimi RPİ-nin MST-na təhvil verilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 1(006)- 58/2022 saylı qərarına əsasən X6 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraat təzələnmişdir; - “Götürmə haqqında” 29.07.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 4 ünvandan Zərərçəkmiş şəxs məxsus olan və oğurlanan 01 ədəd sıxma üsulu ilə işləyən çap maşını, 02 ədəd seriqraf cihazı metal qəbulu məntəqəsinin saxlanc yerindən aşkar edilərək götürülmüşdür (i.v.74-75); - “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 29.07.2021-ci il tarixli protokoldan görünür ki, 01 ədəd çap maşınını tanıyaraq, həmin əşyanın ona məxsus olan ünvan 5 ünvanda yerləşən zirzəmidən oğurlandığını bildirmişdir (i.v.79); - 23.07.2021-ci il tarixli “ifadənin yerində yoxlanması” protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X3 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir ( i.v.63-67); - 04.08.2021-ci il tarixli “ifadənin yerində yoxlanması” protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir ( i.v.135-139); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.09.2021-ci il tarixli, 9/5542 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 01 ədəd “Yazıt makina Sanayi Ankara” yazıları olan çap maşını - 1000,0 manat; 02 ədəd 60x70 sm ölçülü seriqraf cihazı - bir vahidinin qiyməti 200 manat, ümumi dəyəri 400 manat; 01 ədəd təqdim edilməyən “BK” markalı kondisioner nəzəri qaydada- 50,0 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.161- 162); - “Sübutların qiymətləndirilməsi haqqında” 12.10.2021-ci il tarixli qərardan və 15.10.2021-ci il tarixli qəbzdən görünür ki, 01 ədəd üzərində “Yazıt makina Sanayi Ankara” yazıları olan çap maşını və 02 ədəd 60x70 sm ölçülü seriqraf cihazı iş üzrə maddi sübut kimi tanınmış və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılmışdır (i.v.193-199, 233); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02.09.2021-ci il tarixdə verilmiş tələbnamədən və Binəqədi rayon Məhkəməsinin 12.12.2019-cu il tarixli hökmündən görünür ki, X6 Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.08.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 29,177.2.1, 29,177.2.2, 177.2.1, 177.2.2, 185.2.1, 185.2.2, 326.1, 326.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Binəqədi rayon Məhkəməsinin 12.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 10 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (i.v.155-157, 174- 182); - Bakı Şəhər Probasiya İdarəsinin 16.03.2022-ci il tarixli məktubundan görünür ki, X1 rayon Məhkəməsinin 1(001)-581/19 saylı, 12.12.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 10 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 1(006)-566/21 saylı, 18.11.2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Binəqədi Rayon Məhkəməsinin 7(001)-324/22 saylı, 10.03.2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs1 cəza müddəti 1 il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs1 16.03.2022-ci il tarixə çəkilməmiş cəza müddəti 1 il 10 ay 26 gün təşkil edir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02.09.2021-ci il tarixdə verilmiş tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 08.06.2017-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Qazax rayon Məhkəməsinin 03.12.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 30.11.2014-cü ildə cəzasının sonu ilə azad olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 08.06.2017-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213- 1.1-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 il sınaq müddətinə şərti olaraq tətbiq edilmişdir (i.v.158-160, 168-173); - Ağstafa rayon İcra və Probasiya şöbəsinin 16.03.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-174/2017 saylı, 08.06.2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmiş Təqsirləndirilən şəxs2 sınaq müddəti 09.07.2018-ci il tarixdə başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 14.05.2017-ci il təvəllüdlü və 22.04.2018-ci il təvəllüdlü iki azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.3cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxsin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X6 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla X4 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın qismən ödənilməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, X3 əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlindən peşman olmasını, səmimi etirafını, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın qismən ödənilməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə, təqsirləndirilən şəxsin əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, bununla da, həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 28 iyul 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək, yəni 02 ay 29 gün həbsdə saxlama müddəti ona təyin olunmuş cəzadan çıxılmalıdır. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, X6 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-581/19 saylı, 12.12.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 10 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və onun 16.03.2022-ci il tarixə çəkilməmiş cəza müddəti 1 il 10 ay 26 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, X4 hökmlərin məcmusu üzrə hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə cəza təyin olunmalıdır. Odur ki, X4 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 dekabr 2019-cü il tarixli, 1(001)-581/2019 saylı hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 01 il 10 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 11 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin cəza X3 hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq 30 noyabr 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. X9 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın qismən ödənilməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməsi onu şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlindən peşman olmasını, səmimi etirafını, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın qismən ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını, iki azyaşlı uşağının olmasını, habelə, təqsirləndirilən şəxsin əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, bununla da, həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 avqust 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək, yəni 02 ay 25 gün həbsdə saxlama müddəti ona təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 28 dekabr 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd çap maşını və 02 ədəd seriqraf cihazının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 (əlli) manat X6 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 28 iyul 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək, yəni 02 ay 29 gün həbsdə saxlama müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində 02 il 03 ay 01 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X4 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 dekabr 2019-cü il tarixli, 1(001)- 581/2019 saylı hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 01 il 10 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 11 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza X3 hazırki hökmlə üzərində saxlanılmış 02 il 03 ay 01 gün müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 30 noyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 avqust 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək, yəni 02 ay 25 gün həbsdə saxlama müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində 02 (iki) il 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd çap maşını və 02 ədəd seriqraf cihazının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat X6 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar