Məhkəmə qərarları › İş №1(006)-583/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-583/2025

03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-583/2025 03.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçisi – «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 127 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mər bədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,528 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 may 2025-ci il tarixdə saat 02:47-də Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 197 ünvanımı qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,528 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər fəhləlik etməklə dolansa da, hazırda işsizdir. Ruhi və psixoloji xəstəliyi yoxdur, əqli cəhətdən sağlamdır. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin talama cinayəti ilə bağlı məhkum olunmuşdur. Təxminən üç ildir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisi və aludəçisidir. Belə ki, əsasən “kakos” adlandırılan narkotik vasitə heroini və “patı” adlandırılan psixotrop maddə metamfetamini inyeksiya üsulu ilə qəbul edir. Həmin maddələri adətən tanımadığı şəxslərdən müxtəlif qiymətlərə şəxsi istifadəsi üçün əldə etmişdir. Sonuncu dəfə 22 may 2025-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə olarkən orada tanımadığı, lakin narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxslə rastlaşmış, ondan bir büküm narkotik vasitə heroin istəmişdir. Həmin şəxs ona 20 manat qarşılığında sellofan kəsiyində olan heorini satmış və o həmin bükümü əynində olan şalvarın sağ yan cibinə qoyub münasib vaxtda istifadə etmək məqsədi ilə saxlamışdır. Lakin təxminən iki saat sonra, daha dəqiq 22 may 2025-ci il tarixdə saat 02:40 radələrində Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 197 saylı ünvanın qarşısı ilə piyada hərəkət edərkən üç nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Ardınca qanunla nəzərə tutulmuş hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkilişdən istifadə etməklə ondan üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet olub-olmamasını soruşmuşdurlar. O, şalvarının sağ yan cibində saxladığı şəffaf sellofan kəsiyində bir neçə saat əvvəl əldə etdiyi bir büküm narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən üzərində başqa əşya və predmet olub-olmaması yoxlanılmış və 5 manat pulundan əlavə nəsə olmadığı müəyyən edilmişdir. Təqdim etdiyi büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq götürüldükdən sonra o Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində olarkən saxlandığı yerdə təqdim etdiyi bükümə videoçəkilişdən istifadə olunmaqla təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Daha sonra təqdim etdiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilib möhürlənmişdir. Müvafiq sənədləşmədən sonra ona dövlət hesabına müdafiəçi təyin edilmiş, hüquq, vəzifələri izah olunmuşdur. Sonradan həmin bükümün içərisindəki maddənin 0,528 qram çəkidə narkotik vasitə heroin olduğu məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən ona elan olunmuşdur. O, narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin maddədən kiməsə verməmiş və ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. 22 may 2025-ci il tarixdə 01 radələrində Yasamal rayonu, Sovetski adlanan ərazisində narkotik vasitə heroin əldə etdiyi şəxsin anket məlumatlarını bilmir və onun haqqında hansısa məlumatı yoxdur. Ancaq onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bilir. Həmin şəxs özü haqda ona nəsə bildirməmişdir. Habelə həmin şəxsin mobil telefon nömrəsini bilmir və sonuncu ilə heç vaxt telefon əlaqəsi saxlamamışdır. Saxlanılarkən və ya saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zor və ya təzyiq göstərilməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon polis İdarəsinin 22-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsini daşıyır. xx.xx.1992ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün şöbə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və üç nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri özü, digər üzvləri isə Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı X7 ilə Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı X8 olmuşdur. Bununla əlaqədar 22 may 2025-ci il tarixdə saat 02:47-də Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 197 ünvanının qarşısında görüb saxlamışdırlar. Xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan tərəflərindən saxlandığını elan etmişdirlər. Ona hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş aparılması ilə Təqsirləndirilən şəxs üstünü yoxlamaq zərurətini bildirmişdir. Bununla əlaqədar ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs isə bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs cibindən çıxardığı bükümün nə olduğunu soruşduqda o, bükümün içərisində “kakos” adlandırılan narkotik vasitə olduğunu, onu Sovetski ərazisində tanımadığı şəxsdən öz istifadəsi məqsədi ilə aldığını etiraf etmişdir. Bundan sonra üstünü yoxlamış və 5 manat puldan savayı hər hansı əşya, predmet aşkarlanmamışdır. Həmin büküm tərəflərindən qablaşdırılaraq götürüldükdən sonra çəkiliş yekunlaşmış və onlar birlikdə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin inzibati binasına getmişdir. Orada müvafiq qaydada əməliyyat-axtarış tədbirinin keçirilməsi və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair tərəfindən protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırmanın davam etdirilməsi Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı X10 tapşırılmış və o, Təqsirləndirilən şəxs təqdim etdiyi, tərəfindən götürülərək qablaşdırılmış bükümə özünün, əməliyyat müvəkkilləri Mübariz Həsənov, Elçin Quliyevin və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. X11 həmin bükümün içərisində açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olduğunu müəyyən etdikdən və Təqsirləndirilən şəxs həmin bükümü özünün təqdim etdiyini təsdiqləməsindən sonra sözügedən bükümü ekpertizaya göndərmək məqsədi ilə yenidən qablaşdırmaqla götürmüşdür. Özü də daxil olmaqla iştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş yekunlaşmış və istintaq hərəkəti protokollaşdırılaraq o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində şübhəli olduğundan “Xəzər Konsaltinq” vəkil bürosundan müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən sənədləşdirilmişdir. 22 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri sonuncunun narkotik vasitələr və ya psixotrop maddələrin əldə edilməsi və satışı ilə məşğul olması ilə bağlı keçirilsə də, onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. X1, üstü yoxlanılarkən, eləcə də şöbəyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxslərin üstünün yoxlanılmasına dair” 22 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlanılan zaman beş manat pul aşkar edilmişdir. Ardınca aşkar olunan narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış, götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş maddənin “kakos” olmasını və istifadə etmək məqsədi ilə Sovetski adlnan ərazidən tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Üstünü yoxlama Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 197 ünvanında keçirilmişdir. Üstünü yoxlama zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır (i.v. 9- 10); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 22 may 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd möhürlü zərfə və bir ədəd DVD-yə baxış keçirilmiş, zərfdə qablaşdırılmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bükümün özünə məxsus olduğunu, Sovetski adlanan ərazidə tanımadığı şəxsdən 20 manat dəyərində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs 3 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra bir ədəd DVD diskə “HP” markalı kompüterdə baxış keçirilmiş, həmin görüntüdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı «İphone» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmışdır (i.v. 19-20); “şübhəli şəxsin tutulması haqqında” 22 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2025-ci il tarixdə, saat 04:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 22 may 2025-ci il tarixdən, saat 02:47-dən tutulmuş hesab edilmişdir (i.v. 35); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2025-ci il tarixli, 6/1914 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №190” dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs (imza)” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,528 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroir dir (i.v. 50-52); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 22 may 2025-ci il tarixli, 3032 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabionidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanseri qeydiyyata alınması məsləhət görülür (i.v. 55-56); “diskə baxış keçirilməsi haqqında” 22 may 2025-ci il tarixli protokoldan görünür ki, diskin içərisində “video**********106018483” adlı 07 dəqiqə, 42 saniyədən ibarət 01 ədəd videogörüntü faylı mövcuddur. Videogürüntünün əvvəlindən Nəsimi RPİ-nin 22-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı X9, Nəsimi RPİ-nin 22-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Elçin Quliyev və Nəsimi RPİ-nin 22ci PŞ-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid ölərini təqdim edərək 22 may 2025-ci il tarixdə saat 02:47-də ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs əvvəldən daxil olmuş məlumat əsasında narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlandığını bildirir. Əməliyyat müvəkkilinin sualından sonra şübhəli şəxs Nail Həsənov özünü təqdim etməklə xx xxxxxx 1992-ci ildə Tərtər rayonunda anadan olmuş, Tərtər rayonu, Mahir Əsədov küçəsində rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsində kirayədə yaşadığı bildirir. Əməliyyat müvəkkili Mübariz Həsənov saxlanılan Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquq və azadlıqlara malik olduğunu, hüquqlarının müdafiəsi üçün vəkillə təmin ediləcəyini bildirir. Daha sonra əməliyyat müvəkkili şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif edir. Polis əməkdaşının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb göstərməklə təqdim etdi. Əməliyyat müvəkkili şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu harada və hansı məqsədlə əldə etməsi barədə suallar verir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin bükümün “kakos” adlandırılan narkotik vasitə heroin olduğunu, həmin bükümü öz istifadəsi üçün 1-2 saat əvvəl “Sevetski” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata aldığını bildirir. Əməliyyat müvəkkili tərəfindən sözügedən büküm bir ədəd zərfə qoyularaq qablaşdırıldı, “190” nömrəli möhürlə möhürləndi və üzərində şübhəli şəxslə birlikdə müvafiq imzalar imzalar çəkildi. Bundan sonra əməliyyat müvəkkili tərəfindən şəxsin üzəri yoxlanılır və üzərində 5 ədəd bir manatlıq pul əskinasından savayı hər hansı əşya və ya predmet aşkarlanmır. Sübut əhəmiyyəti daşımadığı üçün həmin pul da şəxsin özünə qaytarılır. Nəsimi RPİ-nin 22-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Mübariz Həsənov tərəfindən araşdırmanın davam etdirilməsi üçün şübhəli şəxs Təqsirləndirilən şəxs polis şübəsinə aparılacağının bildirilməsindən sonra çəkiliş yekunlaşdı. İş üzrə təqdim edilmiş ikinci diskə baxış zamanı orada bir ədəd videogörüntü olduğu müəyyən edildi. Həmin faylın “video**********106018484” adında 05 dəqiqə 35 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı Oruc Əliyev özünü təqdim etməklə 22 may 2025-ci il tarixdə saat 03:30 dəqiqədə Nəsimi RPİnin 22-ci PŞ-nin inzibati binasında xidməti otaqda şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 may 2025-ci il tarixdə saat 02:47-də Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 197 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə həmin yerdə yoxlanış keçirilərkən üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümə tərəfindən baxış keçiriləcəyini elan edir. Baxışda iştirak edən 22-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı X9, Nəsimi RPİ-nin 22-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Elçin Quliyev və Nəsimi RPİ-nin 22-ci PŞ-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid təqdim etdikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs müvafiq suallar verir və şübhəli şəxs ona qarşı hər hansı zor tətbiq edilmədiyini, hər hansı etirazı olmadığını, Azərbaycan dilini tam bildiyini deyir. şöbənin əməliyyat müvəkkilləri bir ədəd bükümün götürülüb qablaşdırıldığı bildirilir. X11 həmin büküm olan möhürlənmiş zərfi açaraq qeyd olunan şəffaf bükümün içərisinə baxır və narkotik vasitə heroinə bənzər maddə olduğunu müəyyən edir. Təhqiqatçının sullarından sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” adlandırılan narkotik vasitə heroin olduğunu, 20 manata şəxsi istifadəsi üçün “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən almış olduğunu, üç ildir ki, narkotik vasitə istifadəçisi olsa da, heç vaxt müalicə olunmadığını bildirir. Ardınca isə təhqiqatçı tərəfindən həmin büküm yenidən başqa boş zərfə qoyularaq, “190” nömrəli möhürlə möhürlənib qabşaldırılır. Həmin zərfin eksertizaya göndəriləcəyini elan edir. İştirakçıların hər biri zərfin üzərini imzalayır. Təhqiqatçının şübhəli şəxsə malik olduğu hüquq və azadlıqlarının müdafiəsi üçün vəkillə təmin olunacağını, keçirilmiş istintaq hərəkətinin protokollaşdırılacağını bildirməsindən sonra çəkiliş bitir (i.v. 67-68); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 78-79); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 4(006)-331/2025 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin 22 may 2025-ci il tarixdən, saat 02:47-dən hesablanması qərara alınmışdır (i.v. 94-97); “əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” 27 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş təmiz çəkisi 0,528 qram açıq rəngli qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik-vasitə olan heroin madi sübut əhəmiyyəti nəzər alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınması və tədqiqatdan sonrakı qalıq çəkisi 0,478 qram narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına təhvil verilməsi qərara alınmışdır (i.v. 99-100); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 104-105); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-140/2024 saylı hökmündən görünür ki, Həsənli X4 Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 9 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır (i.v. 107- 111); “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 20 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş təmiz çəkisi 0,528 qram çəkidə narkotik vasitə heroinin maddi sübut əhəmiyyəti nəzər alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 27 may 2025-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınması və müvafiq qaydada tədqiqatdan sonrakı qalıq çəkisi 0,478 qram narkotik vasitə - heroinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına təhvil verilməsi qərara alınmışdır (i.v. 121-131). Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlənin aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin ümumi təmiz çəkisi 0,528 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(008)-140/2024 saylı, 17 yanvar 2024-cü il tarixli hökmü) hazırkı cinayət əməllərini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun cəzasının sonu ilə azad edilməsindən, yəni xx.xx.2025-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 22 may 2025-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 22 may 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Müdafiəçi iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 09 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi 09 iş saatına görə 99 (doxsan doqquz) manat olmaqla Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Güvən» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 22 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,478 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 09 iş saatına görə 99 (doxsan doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Güvən» Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar