Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-584/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2004-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, Sabirabad rayonu, Qalağayın kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş və təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 02 aprel 2025-ci il tarixdə saat 19:30 radələrində ünvan 2 ünvanında yerləşən istirahət parkında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunun əlində olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 150 manat dəyərində “Redmi” markalı mobil telefonu açıq talayıb əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla soyğurçuluq etmişdir. Bundan başqa, o, təkrarən 02 aprel 2025-ci il tarixdə istintaqla dəqiq müəyyən edilməyən saatda özgənin əmlakını gizi olaraq talama məqsədilə soyğunçuluq yolu ilə ələ keçirdiyi Zərərçəkmiş şəxs məxsus “Redmi” markalı mobil telefonun “Birbank” mobil tətbiqinə qanunsuz daxil olaraq sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 5239-1517-8962-5673 nömrəli bank kartının hesabından 188 manat, 4169-7388-5579-3430 nömrəli bank kartının hesabından isə komissiya haqqı ilə birlikdə 248 manat 68 qəpik pulu törətdiyi cinayətdən məlumatsız olan tanışı Şahid3 istifadəsində olan 4098-5844-9109-7323 nömrəli bank kartının hesabına köçürməklə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 436 manat 68 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzildə kirayədə dostları İsmayıl və Muradla birlikdə yaşamışdır. Rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında iş tapmaq üçün Xırdalan şəhərindəki yaşadığı evdən çıxıb metropolitenin "Əcəmi” stansiyasının yaxınlığına gəlmiş, həmin gün axşam saatlarınadək metronun ətrafında iş axtarsa da tapa bilməmiş, qeyd olunan tarixdə axşam saatlarında tanışı İsmayıl da onun olduğu yerə gəlmiş, onunla bir müddət “Əcəmi” metrostansiyasının yaxınlığında gəzdikdən sonra sağollaşıb ayrılmışlar. O, evin kirayə pulunu vermək üçün pul tapa bilməmişdir. Ona görə də fikirləşmişdir ki, kiminsə telefonunu əlindən alıb qaçaraq həmin telefonu satdıqdan sonra özünə pul əldə etsin. xx.xx.2025-ci il tarixdə saat təxminən 19:30 radələrində “Əcəmi” metrostansiyasının "Yaşam Residence” istiqamətində olan çıxışının qarşısında olarkən, adı və soyadı ona sonradan məlum olan Zərərçəkmiş şəxs adlı orta yaşlı bir kişinin metronun giriş istiqamətində piyada hərəkət etdiyini görüb əlində olan "Redmi" markalı mobil telefonu sonuncunun əlindən dartaraq “Əcəmi” parkı istiqamətində qaçıb həmin yerdən uzaqlaşmışdır. Telefonu əldə etdikdən sonra telefonda parol olmadığını görmüşdür. Həmin telefonun dərhal nömrəsini çıxarıb tullamışdır. Sonra metropolitenin “20 yanvar” stansiyasının yaxınlığında olan zaman, götürüb qaçdığı şəxsin mobil telefonunun menyusunu açıb telefonda olan kart hesablarına aid tətbiqlərə daxil olan zaman hər iki tətbiqdəki balansda ümumilikdə təxminən 438 manat pul olduğunu görmüş, həmin pulları nağdlaşdırmaq üçün üzərində kart olmadığından tanışı Murada zəng edib ona hər hansı bir bank kartı tapmasını xahiş etmişdir. Murad ondan kartı nə üçün istədiyini soruşduqda o, qumar oyununda qazanc əldə etdiyini bildirmişdir. Murad ona öz kartının bloklandığını və kart tapa bilsə ona göndərəcəyini bildirmişdir. Bir qədər sonra Murad ona zəng edərək kart tapdığını və həmin kartın üzərindəki 16 rəqəmli kodunu ona demişdir. Lakin kart sahibinin göndərdiyi puldan faiz tutacağını bildirmişdir. O da onunla razılaşmışdır. O, Zərərçəkmiş şəxs aid mobil telefonda olan «Birbank» tətbiqindən kartların birindən 188 manat, digərindən isə 245 manat pulu Muradın ona dediyi karta göndərmişdir. Pulu Muradın ona təqdim etdiyi kart hesabına göndərdikdən sonra ələ keçirdiyi Zərərçəkmiş şəxs məxsus "Redmi" markalı mobil telefonu 20 yanvar metrostansiyasının "Şamaxinka" adlanan ərazi istiqamətində olan çıxışında yolın kənarına atmışdır. Bundan sonra öz telefonu ilə İsmayılla əlaqə saxlayıb görüşmək istədiyini bildirmişdir, İsmayıl da onun olduğu “20 Yanvar” metrosuna yaxın ərazidə olduqda onunla görüşmüşdür. O, İsmayıldan kartının olub-olmadığını soruşduqda, İsmayıl bank kartının olduğunu demiş və o, İsmayıldan xahiş etmişdir ki, bank kartına pul atdıracaq, həmin pulu çıxarıb ona versin. İsmayıl da onunla razılaşmışdır. O, Murada zəng edərək atdığı pulları İsmayılın kartına göndərməli olduğunu bildirmişdir. Murad da yanında olan dostuna bildirdikdən sonra faiz tutularaq 360 manat pulu İsmayılın kartına atmışdır. Həmin puldan bir qismini kirayə qaldığı evin sahibinə olan borcunu ödəmişdir. Qalan hissəsini də İsmayılın telefonunda olan mobil tətbiq vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrosu yaxınlığında xərcləmişdir. İsmayılın onun həmin pulu hansı yolla əldə etməyindən heç bir məlumatı olmamışdır. Yəni o, İsmayıla kartına göndərilən pulların haradan əldə olunması barədə məlumat verməmişdir. Həmçinin bildirmişdir ki, mobil telefonu Zərərçəkmiş şəxs əlindən çəkib alan zaman sonuncuya qarşı heç bir fiziki zor tətbiq etməmiş, sonuncunun əlində olan "Redmi" markalı mobil telefonu dartıb əlindən alaraq həmin yerdən qaçıb uzaqlaşmışdır. Hadisə zamanı onun üzərində heç bir silah olmamışdır. Həmin şəxs onun arxasınca bir qədər qaçsa da o, sürətli qaçaraq gözdən itmişdir. Mobil telefonu ələ keçirməkdə məqsədi o olmuşdur ki, telefonu satıb pul əldə etsin. Lakin telefonda olan mobil tətbiqdən pul əldə etdiyi üçün telefonu satmağa ehtiyac olmadığından onu tullamışdır. Murad adlı tanışının ona göndərdiyi bank kartının kimə məxsus olmasını bilmir, rəqəmlərini də xatırlamır. Ola bilər ki, o, başqa bank kartına pulları köçürən zaman həm Zərərçəkmiş şəxs, həm də pulları göndərdiyi şəxsin bank kartından faizlər çıxılmışdır. Zərərçəkmiş şəxs bank kartlarından 436 manat 68 qəpik pulun köçürülməsini bildirmişdirsə düz bildirmişdir, yəqin ki, pulların bir qismi komissiya haqlarına çıxılmışdır. Daha sonra dəymiş zərəri ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2 aydır ki, ünvan 3 ünvanında yerlərşən ayaqqabı təmiri yerini icarəyə götürüb orada ayaqqabı təmiri ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat təxminən 19:30 radələrində ayaqqabı təmiri sexindən çıxıb yaxınlıqda Memar Əcəmi metrostansiyasının giriş hissəsində olan parka düşmüşdür. Orada olan zaman mobil telefonunu çıxarıb danışmaq istəyən zaman bir nəfər tanımadığı şəxs arxadan yaxınlaşaraq əlindəki «Redmi» markalı İMEİ kodu **********80992 və **********281008 olan telefonu götürüb qaçaraq oradan uzaqlaşmışdır. O, həmin şəxsin arxasınca qışqırsa da, həmin şəxs sürətlə oradan uzaqlaşıb gözdən itmişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında yeni mobil telefon aldıqdan və nömrəsini bərpa etdikdən sonra "xxxx"dan ona zəng gəlmişdir. Zəng edən xanım kreditlə bağlı müraciət etdiyini qeyd etdikdə o, telefonunun oğurlandığını bildirərək kartlarının bloklanmasını istəmişdir. Bankla danışdıqdan sonra məlum olmuşdur ki, telefonunda olan “Birbank” proqramına daxil olan həmin şəxs 5239 1517 8962 5673 nömrəli bank kartından 188 manat, 4169 7388 5579 3430 nömrəli bank kartından isə komissiya haqqı ilə birlikdə 248,68 manat pulu naməlum bank kartına köçürərək oğurlamışdır. Ona qarşı soyğunçuluq etmiş şəxsi ilk dəfə görmüş, onu görsə tanıyar. Həmin şəxs ona məxsus mobil telefonu götürüb oradan qaçaraq uzaqlaşdıqdan sonra xx.xx.2025-ci il tarixdə "xxxx"dan zəng gəldikdən sonra məlumatı olmuşdur. Həmin naməlum şəxs oğurladığı mobil telefonda olan "xxxx"ın mobil tətbiqinə daxil olaraq oradan 5239 1517 8962 5673 nömrəli bank kartından 188 manat, 4169 7388 5579 3430 nömrəli bank kartından isə komissiya haqqı ilə birlikdə 248,68 manat pulu naməlum bank kartına köçürərək oğurlamışdır. Baş vermiş hadisə zamanı ona məxsus 150 manat dəyərindəki mobil telefonu və mobil telefonda quraşdırılmış mobil bank tətbiqi vasitəsilə 436,68 manat pulu oğurlanaraq ona ümumilikdə 586,68 manat maddi ziyan dəymişdir. Mobil telefonda olan GSM nömrəsini bərpa etdiyi üçün nömrənin talanması ilə bağlı ona maddi ziyan dəyməmişdir. Mobil telefonunda quraşdırılmış «Birbank» tətbiqinin giriş kodu səhv etmirsə olmamışdır. Daha sonra ona dəymiş zərərin ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tanışları Kənan və Murad ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşamışlar. Valideynləri isə Zərdab rayonunda yaşayır. Aylıq kirayə haqqı 270 manat təşkil edir. Hərəsinə 90 manat olmaqla hər ay kirayə pulunu ödəmişlər. Gündəlik olaraq səhər saat 10-da evdən çıxaraq axşam saat 01 radələrində evə qayıdır. xx.xx.2025-ci il tarixdə günorta saatlarında Kənanla birlikdə Əcəmi metrosu yaxınlığında görüşmüşlər. Bir qədər gəzdikdən sonra Kənan sağollaşıb ayrılmışdır. Həmin gün axşam saat təxminən 21 radələrində Kənan ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Onlar Əcəmi metrosu yaxınlığında Kənanla görüşmüşlər. Kənan ondan bank kartının olub-olmadığını soruşduqda, o, olduğunu bildirmişdir. Kənan xahiş etmişdir ki, bank kartının rəqəmlərini ona versin və bank kartına pul göndərəcəklər, həmin pulu ona versin. O da razılaşmış və bank kartının rəqəmlərini dedikdən sonra kartına nə qədərsə pul göndərilmişdir. Sonradan Kənan həmin pulları onun bank kartı vasitəsilə xərcləmişdir. O, Kənandan həmin pulların haradan gəlməsi barədə soruşmamışdır. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, tanışları Kənan və İsmayıl ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşayırlar. Həmin şəxslərlə təxminən 2-3 aydır ki, birlikdə qalırlar. O, hal-hazırda restoranlarda kuryer kimi fəaliyyət göstərir. Valideynləri isə Savalan qəsəbəsində yaşayır. Aylıq kirayə haqqı 270 manat təşkil edir. Hərəsinə 90 manat olmaqla hər ay kirayə pulunu ödəyirlər. Gündəlik olaraq səhər saat 10-da evdən çıxaraq axşam saat 01 radələrində evə qayıdır. xx.xx.2025-ci il tarixdə saat təxrıinən 21 radələrində otaq yoldaşı Kənan ona zəng etmişdir. Həmin vaxt dostu Fəridlə birlikdə olmuşlar. Onlar Baxıxanov ərazisində gəzmişlər. Həmin vaxt Fəridin sevgilisi olan Aysun da onlara qoşulmuşdur. Onlar birlikdə gəzməyə başlamışlar. Bundan sonra Kənan onun mobil telefonuna zəng edərək ondan pul atmaq üçün kartının kodunu istəmişdir. O, kartının bloklandığını bildirdikdən sonra Muraddan nə üçün kartını istədiyini soruşmuşdur. Kənan isə ona bildirmişdir ki, kartına pul atacaq. Həmin pulun haradan əldə etdiyini soruşduqda Kənan ona qumar oyununda pul udduğunu bildirmişdir. Bundan sonra o, yanında olan dostlarında pul atmaq üçün kart olduğunu soruşmuşdur. Onlar ondan nə pulu olduğunu soruşduqda o, dostunun qumar oyununda pul udduğunu və karta pul atmaq istədiyini bildirmişdir. Bundan sonra Fəridin sevgilisi olan Aysun ona bildirmişdir ki, öz kartını verə oilər, lakin kartına gələn puldan faiz tutacaq. O, bu barədə Kənana məlumat verdikdən sonra Kənan razılaşmışdır. O, telefonda danışan zaman Kənana Aysunun hesab kart nömrəsini demişdir. Bundan bir neçə dəqiqə sonra Aysunun kartına 188 manat və 250 manat pul gəlmişdir. Həmin puldan isə Aysun faizini çıxdıqdan sonra 360 manat pulu Kənanın göndərdiyi İsmayıla məxsus 4098 5844 9109 7323 nömrəli hesaba göndərmişdir. Bundan sonra olanlardan məlumatı olmamışdır. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, uzun müddət salonda bərbər kimi fəaliyyət göstərmişdir. Həmin salonda işlədiyi müddətdə Fərid adlı şəxslə aralarında münasibət yaranmışdır. Belə ki, o, tez-tez Fəridin Bakı şəhəri, Bakıxanov qəsəbəsində kirayədə yaşadığı mənzilə gedib onunla birlikdə söhbət etmişdir. xx.xx.2025-ci il tarixdə o, Fəridlə telefonla danışan zaman sonuncu ona əhvalının pis olduğunu söylədikdən sonra onunla görüşmək istədiyini bildirmişdir. O da işdən çıxdıqdan sonra axşam saatlarında Fəridin yaşadığı mənzilə getmişdir. Həmin vaxt orada Fəridin dostu olan Murad adlı şəxs də olmuşdur. Muradı da Fərdin vasitəsi ilə sonuncunun dostu kimi tanımışdır. Onlar birlikdə masa arxasında oturub bir qədər yemək yemişlər. Həmin vaxt Muradın mobil telefonuna zəng gəlmişdir. Muradın telefon vasitəsi ilə etdiyi söhbətlərdən ona məlum olmuşdur ki, kimsə Muraddan bank kartı nömrəsini istəyir. Murad telefonda danışdığı şəxsə istifadəsində olan bank kartının krediti olduğunu, əgər həmin karta pul gələrsə pulun kreditə çıxılacağını bildirmişdir. Murad telefonla danışdığı şəxsə karta göndərmək istədiyi pulun nə pulu olduğunu soruşduqda həmin şəxs onlayn qumar oyunlarında pul udduğunu və həmin pulun hər hansı karta göndərilməsini istədiyini bildirmişdir. Bundan sonra Murad Fərid və ondan bank kartının olub-olmamasını soruşmuşdur. Fəridin həmin vaxt bank kartı olmamış, o isə əvvəlcə Muraddan həmin pulun hər hansı cinayət yolu ilə əldə olunmadığını soruşub dəqiqləşdirdikdən sonra istifadəsində olan 5239 1517 2600 3752 nömrəli "xxxx" kartının hesab nömrəsini demişdir. Lakin Murada bildirmişdir ki, onun kartına gələn puldan öz xərcliyi üçün müəyyən qədər pul götürəcək. Murad telefonda danışdığı şəxsə bu barədə bildirdikdə həmin şəxs onlarla razılaşmışdır. Bundan sonra onun kart hesabına 420 manat gəlmişdir. Həmin pulun 60 manatını öz istifadəsi üçün saxlamışdır. Təxminən yarım saat sonra yenidən Murada həmin dostu olan şəxs zəng edərək bildirmişdir ki, onun kartına gələn pulu göndərəcəyi kart hesabına atsın. Bundan sonra Muradın ona göstərdiyi 4098 5844 9109 7323 nömrəli kart hesabına kartına gələn pulun 360 manatını göndərmişdir. 60 manat pulu isə öz maddi ehtiyaclarına xərcləmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlama və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (i.v.54-55); - “Cinayət işi üzrə cinayət əməlinin tövsif edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələrinə tövsif edilmişdir (i.v.71); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.73- 74); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-232/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və onun barəsində 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (i.v.93-97); - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.104-105); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən həmin tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.108); - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.111-112); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən parkdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.7-11); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd bank çıxarışlarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus 5239-1517-8962-5673 nömrəli bank kartından 03 aprel 2025-ci il tarixdə 188 manat, 4169- 7388-5579-3430 nömrəli bank kartından isə komissiya haqqı ilə birlikdə 03 aprel 2025-ci il tarixdə 248 manat 68 qəpik pul köçürülmüşdür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs təqdim etdiyi çıxarışların ona məxsus bank kartlarına aid olduğunu, çıxarışlarda pulların köçürülmə tarixi 03 aprel 2025-ci il tarix kimi göstərilsə də, faktiki olaraq pullar 02 aprel 2025-ci il tarixdə köçürüldüyünü və bununla bağlı bankdan çıxarışları əldə edən zaman bank işçisinin də onu məlumatlandırdığını bildirmişdir (i.v.33); - “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim olunmuş şəxslər arasında Təqsirləndirilən şəxs tanıyıb, 02 aprel 2025-ci il tarixdə onun əlindən mobil telefonu alıb qaçan şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu bildirmişdir (i.v.37-39); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədiyi yeri, ünvan 5 ünvanında yerləşən ərazini əyani olaraq göstərmişdir (i.v.115-117); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd “Kapitalbank" ASC-yə aid bank çıxarışları iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmışdır (i.v.118-127); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən alınmış xx.xx.2025-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.98). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə, 177.2.3-1-ci maddəsi isə eyni əməlin elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaya görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri ödəməsini və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalı, həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilənədək ev dustaqlığında olduğu 02 (iki) ay müddət 04 (dörd) ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı və həmin müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd “Kapitalbank" ASC-yə aid bank çıxarışları cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 (on altı) saata görə 176 (yüz yetmiş altı) manat olmaqla Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «M.B.M» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə təqsirli bilinsin, həmin Məcəllənin 177.2.2 və 177.2.3-1ci maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 180.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ev dustaqlığında olduğu 02 (iki) ay müddət 04 (dörd) ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun, həmin müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “Kapitalbank" ASC-yə aid bank çıxarışları cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 (on altı) saata görə 176 (yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-584/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-584/2025
04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver