Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-587/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Pro BonoVəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:8N3P2BL), subay, orta təhsilli, məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 15, korpus 02, mənzil 711-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə istehsal edilməklə bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,060 qram və 0,326 qram olmaqla, ümumilikdə 0,386 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşımış, 26 avqust 2021-ci il tarixdə, saat 06:55-də Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində yerləşən “Qış parkı” adlanan ərazidə olarkən özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə aparılmış, orada üzərinə axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən həmin soyuq silah və sol yan cibindən isə tibbi maskanın içərisindən qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitə heroin qəbul edir, bu maddəni tanımadığı şəxslərdən öz istifadəsi üçün alır. 25 avqust 2021-ci il tarixdə “Sovetski” adlanan ərazidə internet vasitəsilə tanış olduğu “Baba” adlı şəxsə 30 manat pul göndərib ondan iki ədəd bükümdə heroin almışdır. 26 avqust 2021-ci il tarixdə, saat 06 radələrində “Qış parkı” adlanan ərazidə yerləşən “50 qəpik” adlı restoranın qarşısında olarkən özündə mobil telefon olmadığından yaxınlıqdakı tanımadığı üç nəfər şəxsdən telefon istəyərkən polis əməkdaşları ona yaxınlaşmışlar. O, polisləri görüb üzərində narkotik maddə və bıçaq olduğundan qaçıb oradan uzaqlaşmaq istəmiş, lakin tutularaq 21-ci polis bölməsinə gətirilmişdir. Bölmədə əynindəki göy rəngli cins şalvarının sol yan cibindən qara rəngli tibbi maskanın içərisindən heroin olan iki ədəd bükümü, sağ yan cibindən isə qəhvəyi rəngli tutacağı olan bıçağı çıxarıb təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 26 avqust 2021-ci il tarixdə, saat 06:55 radələrində iş yoldaşı Şahid1la birlikdə Bakı şəhəri, Nəsimi rayonunda “Qış parkı” deyilən ərazidə xidmətdə olarkən bir nəfər şəxsin qanunsuz olaraq üzərində bıçaq gəzdirdiyi və hazırda onun parkda yerləşən “50 qəpik” adlı çayxananın qarşısında olduğuna dair məlumat daxil olmuşdur. Çayxananın qarşısına gəldikdə orada dörd nəfər şəxsi görüb onlara yaxınlaşarkən bir nəfər qəfildən qaçmağa başlamış, onlar da onun ardınca qaçıb onu saxlamışlar. Həmin şəxsdən etdiyi hərəkətin səbəbini soruşanda, sonuncu üzərində qanunsuz əşya olduğu üçün qaçdığını bildirmişdir. Bundan sonra onlar bu şəxsi və digər üç nəfəri Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə aparmışlar. Bölmədə qaçan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və onun üzərində axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli tibbi maskanın arasında iki ədəd büküm, sağ yan cibindən isə bıçaq aşkar edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: 26 avqust 2021-ci il tarixli, 6/3715 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən...” yazısı olan zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,060 qram və bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,326 qram, ümumi təmiz çəkisi 0,386 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,326 qram, aparılmış tədqiqatın dəyəri 114 manatdır (İ cild, i.v.60-63); 17 noyabr 2021-ci il tarixli, 3/1854 saylı rəyinə görə tədqiqata təqdim edilmiş bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir (İ cild, i.v.152-154); Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X2 haqqında 04.11.2021-ci il tarixli, 4312 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Ağciyər vərəmi xəstəliyinin somatik yaxşılaşmasından sonra narkomaniyadan halhazırda məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.149-150); “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 17.11.2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs götürülmüş, ekspertizadan sonra qalıq qalan 0,326 qram heroin və bir ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmişdir (İ cild, i.v.155-164); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli, 4(006)-366/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 avqust 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.101- 104); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09.10.2021-ci il tarixli arayışı və məhkəmə qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.12.2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17.03.2009-cu il tarixli amnistiya aktına əsasən cəzadan azad olunmuşdur. Bundan sonra o, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 09.11.2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.02.2018-ci il tarixli qərarı ilə həmin hökmdən Cinayət Məcəlləsinin 181.2.2-ci maddəsi xaric edilməklə ona təyin edilmiş cəza 09 il 06 ay müddətinə endirilmiş, 27.12.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, i.v.122, 124-127). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir (13-cü bənd). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, o cümlədən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının tətbiq edilməsi üçün (11.6-cı bəndə və 19-cu hissəyə görə) əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətləri törətməsini və bununla da kriminal meyilli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 26 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona ağciyər vərəmi xəstəliyinin somatik yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,326 qram narkotik vasitə olan heroin və bir ədəd bıçaq Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatlarının dəyəri 178 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi vəsaiti hesabına 5 saat üçün nəzərdə tutulan 30 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 26 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ağciyər vərəmi xəstəliyinin somatik yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicə tətbiq edilsin, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,326 qram narkotik vasitə heroin və bir ədəd bıçaq məhv edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 178 (yüz yetmiş səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi vəsaiti hesabına 5 saat üçün nəzərdə tutulan 30 (otuz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-587/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-587/2021
24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver