Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-589/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan 25 may 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda “Kubinka” adlanan yerdən şəxsiyyəti istintaqa “Həci” adı ilə məlum olan şəxsdən qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan heroini əldə edib saxlamaqla üzərində daşımış, 26 may 2021-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanın qarşısında Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarının arxa sağ cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,402 qram və 0,030 qram olmaqla ümumi təmiz çəkisi 0,432 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə şəxsi istehlak miqdarından artıq olmayan miqdarda narkotik vasitəni yerdən tapmışdır. Onun narkotik vasitələrdən istifadə etməsinə səbəb bədənində olan çapıqlar nəticəsində yaranan ağrılar olmuşdur. 26 may 2021-ci il tarixdə avtomobillə Bakı şəhəri, Nəsimi rayonu ərazisində hərəkətdə olan zaman bir neçə nəfər şəxs onu avtomobildən düşürüb polis idarəsinə aparmışlar. Həmin idarədə ona təzyiq göstərilərək narkotik vasitələrdən istifadə etməsi barədə izahat verməsi tələb olunmuş və həmin vaxt o, narkotik vasitədən az miqdarda istifadə etdiyindən “lomka” vəziyyətində olduğundan, həm də ona təzyiq göstərildiyindən polis əməkdaşlarının qeyd etdiyi formada izahata qol çəkmişdir. Videoçəkiliş zamanı üzərindən çıxartdığı və polisə təqdim etdiyi narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq olsa da, həmin miqdarda narkotik vasitə ona məxsus olmamışdır. Polis bölməsində ona təzyiqlər edildiyindən qorxmuş və bu səbəbdən də narkotik vasitənin onun olduğu görüntüsünü yaratmışdır. Əvvəlcə ona narkotik vasitələrin satışı ilə məşğul olması barədə ittiham irəli sürülsə də, sonradan narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıması ilə bağlı ittiham irəli sürülmüşdür. İfadəsinin sonunda təqsirsiz olduğunu bildirərək, məhkəmədən bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmədə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 26 may 2021-ci il tarixdə «Fərid» adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əvvəlcədən Nəsimi RPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən Nəsimi RPİ-nin rəhbərliyi adına raportla müraciət olunmuş, daha sonra isə, Nəsimi RPİ-nin NMB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və özündən ibarət əməliyyat qrupu yaradılmış və əldə edilmiş məxfi məlumat əsasında “Fərid” adlı şəxsin gedə biləcəyi ünvan müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında 26 may 2021-ci il tarixdə ünvan 4 ünvanın qarşısına Şahid1lə birlikdə yollanmış və həmin tarixdə, saat 15:00-da “Fərid” adlı şəxsin həmin ünvana gəldiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər, daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nə dəvət etmişlər. Şəxsiyyəti sonradan ona tam olaraq müəyyənləşən Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin inzibati binasına gətirmişlər. Xidməti otaqların birində təhqiqatçı Saleh Salahzadə tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, F.Fərzullazədənin, onun və Nəsimi RPİ-nin NMB-nın əməliyyat müvəkkili Şahid1, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmış, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 04 ədəd şəffaf rəngli sellofana və 01 ədəd qara rənli kağıza bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir, bundan sonra yoxlama zamanı sonuncunun üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni 25.05.2021-ci il tarixdə “Kubinka” adlanan yerdə adını “Həci” kimi bildiyi şəxsdən alığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək gülürülmüş 04 ədəd şəffaf sellofana bükülmüş və 01 ədəd qara rəngli kağıza bükülmüş bükümdən ibarət olan bükümlər təhqiqatçı Saleh Salahzadə tərəfindən qablaşdırılmış, zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanılmışdır. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nə gətirilən zaman və Nəsimi RPİ-nin inzibati binasında olan zaman, ona qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 da, Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 26 may 2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının arxa sağ cibindən 04 ədəd şəffaf rəngli selofana və 01 ədəd qara rəngli kağıza bükülmüş, bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi göy rəngli gödəkçəsinin papaqlığına, boynuna, sol döş, sağ, sol yan ciblərinə, sol iç ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli yun köynəyinin boyun hissəsinə, həmçinin əynində olan göy rəngli cins şalvarın sağ-sol, ön və arxa ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ayağında olan ağ rəngli idman ayaqqabısını çıxarması tələb olunmuş və o, ayaqqabısını çıxartmış, yoxlanılmış və heç bir əşya aşkar edilməmişdir. Bundan sonra ondan ayaqqabısını geyinməsi və üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, şəffaf rəngli sellofana bükülmüş 04 ədəd, həmçinin qara rəngli kağızına bükülmüş 01 ədəd bükümlərin içərisindəkilərin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. O, 03 ədəd şəffaf rəngli selofana bükülmüş bükümlərin içərisində kristal şəkilli, ağ rəngli maddənin “patı” olduğunu, 01 ədəd şəffaf rəngli selofana bükülmüş və 01 ədəd qara rəngli kağıza bükülmüş bükümlərin içərisində isə “kola” adlanan narkotik maddə olduğunu bildirmiş, ondan həmin narkotik vasitənin haradan əldə etməsini və nə məqsədlə üzərində gəzdirməsini sual edəndə həmin şəxs, 25.05.2021-ci il tarixdə saat 12:00 radələrində, Kubinkada yaşayan adını “Həci” kimi bildiyi şəxsdən 30-35 manata götürdüyünü bildirmişdir. Bundan sonra iştirakçılara həmin 05 ədəd bükümün içərisində olan narkotik vasitəyə bənzər maddələrin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra 05 ədəd bükümlərdə olan, içərisində narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “186” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır (İ cild, i/v 52-58). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 26.05.2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2021-ci il tarixli, 6/2100 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,402 qr., 0,030 qr., ümumi təmiz çəkisi 0,432 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,022 qr., 0,023 qr., 0,015 qr., ümumi təmiz çəkisi 0,060 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (İ cild, i/v 66-71). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 24 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,432 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,332 qram qalığı və 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,060 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 0,030 qram qalığı maddi sübut kimi tanınmış və saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (İ cild, i/v 180-188). İş materiallarına əlavə edilmiş “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 13 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,022 qram, 0,023 qram, 0,015 qram olmaqla ümumi təmiz çəkisi 0,060 qram olan ağ rəngli kristal hissəciklərdən ibraət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin şəxsin məsuliyyətə cəlb edilməsinə imkan verən çəkidən artıq olmadığından sonuncuya elan edilmiş ittihamın tərkibindən çıxarılmışdır. Üç ədəd şəffaf sellofan bülümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,022 qram, 0,023 qram, 0,015 qram olmaqla ümumi təmiz çəkisi 0,060 qram olan ağ rəngli kristal hissəciklərdən ibraət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə görə Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunmayaraq cinayət məsuliyyəti ilə əhatə olunması nəzərə alınmışdır (İİ cild, i/v 37-47). İş materiallarında olan Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 29 oktyabr 2021-ci il tarixli, 2533 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs isterik tip şəxsiyyət pozuntusu qeyd edilir, onda müəyyən edilən isterik tip şəxsiyyət pozuntusu hazırda kompensasiya vəziyyətindədir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən isterik tipli şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onları idarə etmək iqtidarında olmasın. F. Fərzullazadə ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməzdən əvvəl psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs nümayişkəranilik, situasiyanı öz xeyrinə yönəldib danışmaq, eqosentrizm, kobudluq, xarici qıcıqlara qarşı həssaslıq kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə zamanı ekstremal psixi vəziyyət (fizioloji affekt, stress, emosional-psixi gərginlik, frustrasiya və s.) yaranmamışdır (İİ cild, i/v 15-19). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 26 iyul 2021-ci il tarixli 2476 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i/v 138- 139). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i/v 122). İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır (İ cild, i/v 230-233). İş materiallarına əlavə olunmuş 26 may 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi rayon məhkəməsinin 28.05.2021-ci il tarixli, 4(006)-216/2021 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Nəsimi rayon məhkəməsinin 14.08.2021-ci il tarixli, 4(006)-337/2021 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 26 sentyabr 2021-ci il tarixədək uzadılmış və həmin məhkəmənin 4(006)-519/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 18 dekabr 2021-ci il tarixədək uzadılmışdır (İ cild, i/v 25-26, 113-115, 168-170). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşır və qeyd edir ki, onun bu ifadəsi özünü müdafiə xarakterlidir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 26 may 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ondan 81 (səksən bir) manat, 82 (səksən iki) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,332 qram olan narkotik vasitə heroin və 0,030 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-589/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərara əsasən 06 dekabr 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Pro Bono” Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhukm edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 26 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat, 82 (səksən iki) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,332 qram olan narkotik vasitə heroin və 0,030 qram psixotrop maddə metamfetamin məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-589/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-589/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver