Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-59/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili 5 saylı Vəkil bürosunun vəkili Nümayəndə Babalı oğlu, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, “Heydər Əliyev” fondunda böyük mütəxəssis vəzifəsində işləyən, Sumqayıt şəhəri, 9cu mikrorayon ev 11A/12, mənzil 3-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi ev 5A, mənzil 9-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 18 avqust 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvan 1 ünvanda arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əl və ayaq zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi və başın ənsə nahiyəsinin qançır-şişkinliyi (dərialtı hematoması), sol diz oynaq nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançırşişkinlik halında əziyi, hər iki bazunun, hər iki saidin, sol baldırın, hər iki kürək, hər iki sağrı və sağ diz oynağı nahiyələrinin qançırları və bel nahiyəsinin sıyrığı kimi, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 24 avqust 2017-ci il tarixdə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs ilə tanışlıqlarından, həmçinin nişanlı olduqdan sonra aralarında bir neçə dəfə problem olmuşdur. Zərərçəkmiş şəxs həddən artıq qısqanc olduğundan, xırda bir detala görə onu qısqandığından, dəfələrlə bu barədə Turanəyə irad tutmuş, Turanəyə irad tutduqda isə sonuncu ağlamağa başlamış, lakin onun hərəkətlərinə dözmüş, heç vaxt Turanəyə əl qaldırmamışdır. Zərərçəkmiş şəxs hətta bir dəfə “Mcdonalds” restoranının yaxınlığında olduqları zaman qısqanclıq edib əsəbiləşərək özünü maşının altına atmağa çalışmış, o da onu sakitləşdirmişdir. O, dəfələrlə ayrılmaq istədiyini dedikdə, Turanə bir daha belə etməyəcəyinə söz vermişdir. 04 avqust 2021-ci il tarixdə, yəni baş tutacaq qız toyundan bir gün əvvəl aralarında olan mübahisəyə görə Turanənin ailəsi onu və atasını evlərinə çağırmış, orada söhbət zamanı bir daha bu formada mübahisə yarandığı təqdirdə Turanədən ayrılacağını sonuncunun ailə üzvlərinə bildirmişdir. 05 avqust 2021-ci il tarixdə qız toyu, 07 avqust 2021-ci il tarixdə oğlan toyu baş tutmuş, toydan sonra da ünvan 2 ünvanına gedərək orada yaşamağa başlamışlar. 11 avqust 2021-ci il tarixdə onlar gəzmək üçün Bakı şəhərindən Türkiyə Respublikasının İstanbul şəhərinə getmişlər. Ora çatıb İstanbul şəhərində yerləşən otellərin birinə yerləşmişlər. Türkiyədə olan günlərdə də demək olar ki, hər gün Turanə qısqanclığı üstündə onunla mübahisə etmişdir. Orada olarkən Turanə özü ona təklif etmişdir ki, gedib paltar alış-verişi etsinlər, alış-veriş yerinə gedərkən yolda yenə də aralarında qısqanclıq zəminində mübahisə yaşanmış, mübahisəyə səbəb guya onun ətrafda olan şəxslərə, yəni qadınlara baxmağı olmuşdur. Bir az alış-veriş etmişlər, buna baxmayaraq Turanə yenə də öz qısqanclığını davam etdirmiş, onunla kobud rəftar etmişdir. Elə həmin ərəfədə Turanə ona ağrıdığından otelə qayıtmaq istədiyini dedikdə, o, Turanəyə otelə getdikləri halda, geri qayıtmayacaqlarını söyləmiş, Turanə də şəhərin mərkəzində ağlayaraq qaçmağa başladığından, bu hərəkətləri ətrafda olan şəxslərin diqqətini çəkmişdir. Daha sonra Turanə ona alış-veriş yerinə qayıtmalarını desə də, o razılaşmadığından, qatara minərək otelə qayıtmışlar. Oteldə hazırlaşdıqları zaman, Turanə yenə də ona yaxınlaşaraq nə səbəbə ətrafda olan qadınlara baxdığını demiş, o isə əslində heç kimə baxmamış, Turanə özü bunu fərziyyə etmişdir. Hətta orada olduqları dövrdə Turanə qısqanclıq edərək tramvaydakı qıza nəyə görə baxdığını əsas gətirib narazılıq etmiş, daha sonra eskalatorda olanda oturub ağladığından, otelə qayıtmışlar. Onlar İstanbul şəhərindən təyyarə ilə Bakı şəhərinə uçaraq yaşadışları evə gəlmişlər. Bir qədər evdə istirahət etdikdən sonra qabaqcadan aldıqları dəvət əsasında ortancıl qaynı Orxanın qızının ad gününə getmişlər. Qadın məclisi olduğundan o, axırda gedib Turanəni məclisdən götürmüş, axşam saatlarında böyük qaynı Elməddinlə birlikdə görüşüb tədbirə getmişlər. Tədbirdə oturub çay içdikdən sonra Turanəni məclisdən götürərək Turanənin atasına baş çəkmişlər, oradan da öz evlərinə qayıtmışlar. O, Turanə ilə xeyli söhbət edərək başa salmışdır ki, onlar təzə ailə həyatı qurmuşlar, aralarında mübahisə tez-tez olur, yəni belə olan halda ailə həyatları uzun sürə bilməz. Turanə də ona aralarında bir daha elə şeylər baş verməyəcəyini demişdir. O, Turanə ilə mübahisələri olan zaman hər dəfə bu barədə qardaşı Elməddinə zəng vuraraq məlumat verəcəyini dedikdə, aralarında olan mübahisə haqqında heç kimə söyləməməsini xahiş edib ailə həyatını dağıtmaq istəmədiyini bildirmişdir. Hadisə baş verən gün, yəni 18 avqust 2021-ci il tarixdə günortadan sonra Turanə mobil telefon vasitəsi ilə ona zəng vuraraq atasıgilə getmək istədiyini, ailəsinə baş çəkib evə gələcəyini demiş, o da Turanəyə Bakıya gəldikləri vaxtdan evin yığışdırılmadığını, evinin dağınıq vəziyyətdə olduğunu söyləmişdir. Turanə isə tez gedib-gələcəyini dedikdə, o, cavab olaraq Turanədən tez qayıtmasını istəmişdir. Saat 19:10-da yaşadığı evə gəldikdə, Turanə sürpriz edərək onu qarşılamışdır. Turanə ilə görüşüb salamlaşdıqdan sonra otağa keçib paltarını dəyişmişdir. O, paltarını dəyişən zaman Turanəyə evin dağınıq olduğunu, Türkiyədən qayıtdıqdan sonra evin ümumiyyətlə təmizlənmədiyini dedikdə, Turanə tək olduğunu bildirmişdir. Bundan sonra, o, Turanəyə evi birlikdə yığışdıracaqlarını, köməklik edəcəyini söylədikdə, Turanənin mətbəxdə ağladığını görüb nəyə görə ağladığını soruşmuş, əvvəl baş vermiş avtoqəzaya görə travma aldığından tez sinirləndiyini düşünmüşdür. Turanə ağlamaqda davam etmiş, ona ağlamamağını demiş, aralarında sözlə mübahisə baş vermiş, həmin vaxt boşanmaq istədiyini demişdir. Turanə bu sözdən əsəbiləşərək qəflətən onun üzərinə gəlib ona qarşı nalayiq ifadə işlətmiş və sağ əlini ona qarşı atmış, o, Turanənin əlini tutmuş, daha sonra Turanə sol əlini ona tərəf atdıqda yenə də əlini tutmuşdur. Sonra Turanə ona təpik atmağa başlamış, təpiklə ayaqlarına vurmuşdur. Turanə ona təpik vurduqca o, ayağını qaldıraraq onun təpiklərindən özünü qorumuşdur. Artıq görmüşdür ki, o, Turanəni dayandıra bilmir, bu şəbədən də Turanəni sakitləşdirmək üçün ehmalca onu yerə yıxaraq əllərini tutub saxlamışdır. Ancaq onun üzərinə çıxmamışdır. Bir neçə saniyədən sonra Turanənin sakitləşdiyini görüb əlini buraxmış, Turanəyə heç bir xəsarət yetirməmişdir. Yataq otağına keçib paltarını dəyişmişdir ki, bayıra çıxıb havasını dəyişsin. Dəhlizə çıxdıqda Turanə onun ünvanına qarğış etmiş, o, cavab olaraq Turanəyə demişdir ki, ona nə qarğış edirsə, onun özünə getsin. Bu zaman Turanə kənardan ona su ilə dolu kapron butulka atmış və onun sol üz nahiyyəsinə dəymişdir. Turanə üzərinə gəlib əlini onun üzünə atmış, dırnaqları ilə onun üzünü cızmış və köynəyini cırmışdır. Yenə də Turanənin hər iki əlini tutaraq ehmalca yerə uzadıb əllərini tutmuş, bir neçə saniyə keçdikdən sonra Turanə sakitləşmişdir. Otağa qayıdıb mobil telefonunu götürüb ilk öncə anasına zəng vurub demişdir ki, Turanənin anasına zəng vurub onlara münasibətlərinin bitdiyini bildirsin. Turanənin böyük qardaşı Elməddinə zəng vurub bu barədə məlumat vermək qərarına gəldiyi barədə Turanəyə dedikdə, Turanə onun arxası ilə düşərək ağlaya-ağlaya ayrılmaq istəmədiyini, Elməddinə zəng vurmamasını bildirmiş, o da bu barədə mobil telefonu ilə video görüntü etmiş, həmin görüntünü 1 ədəd yaddaş kartına köçürərək istintaqa təqdim etmişdir. Sonra da Elməddinə zəng vuraraq onlara gəlməsini xahiş etmişdir. Bir qədər keçmiş Elməddingil gəlmişlər, daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər, o, polis əməkdaşları ilə bölməyə getmişdir. Bölmənin həyətində DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş və əslində hadisədə xəsarət alanın o, olduğunu bildirmiş, daha sonra da Polis bölməsində təhqiqatçıya xəsarətinin olduğunu demişdir. O, Zərərçəkmiş şəxs həmin xəsarətləri özünün özünə yetirmiş, ola bilsin ki, yerdə sürünərkən həmin xəsarətləri almış, Turanəyə heç bir xəsarət yetirməmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində istintaqa verdiyi ifadəsini təsdiqləyərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə münasibətə başlayandan bəri aralarında xırda da olsa, mübahisələr olmuş, ən böyük mübahisə Türkiyə Respublikasında baş vermişdir. Belə ki, Türkiyədə olarkən, alış-verişə getdikləri zaman bədənində ağrılar yarandığındən otelə qayıtmış, dərman həbləri qəbul etdikdən sonra bir az sakitləşmişdir. Daha sonra Əlidən xahiş etmişdir ki, gedib-alış veriş etsinlər, bu sözü dedikdə Əli onun və ailə üzvülərinin ünvanına nalayiq ifadələr işlətmiş, cavab qaytardıqda Əli ona yaxınlaşıb yumruqla döş nahiyyəsindən vurmuş, daha sonra qarın nahiyyəsindən təpik zərbəsi endirmiş, zərbənin gücündən yıxılıb ağlamağa başlamış, lakin yenə də ailə üzvlərinə xəbər verməmişdir. Avqust ayının 15-i baş vermiş həmin şiddətdən sonra Təqsirləndirilən şəxs növbəti gün ondan üzr istəyərək bir daha bu halın təkrarlanmayacağını bildirdi. İstanbul şəhərindən Bakı şəhərinə qayıdıb qabaqcadan aldıqları dəvət əsasında qardaşı Orxanın qızının ad gününə getmişlər. Təqsirləndirilən şəxs sevib evləndiyindən orada ailə üzvlərinə bu barədə heç nə deməmişdir. 18 avqust 2021-ci il tarixdə heç bir xüsusi səbəb olmadan evin yığışdırılmamasını əsas gətirərək onu şiddətli formada döymüş, üz nahiyəsinə vurmamış, başının arxa nahiyəsinə, yıxdığından uzanıqlı vəziyyətdə olduğu halda qarın, ayaq nahiyələrinə təpiklə, əllərini sinəsinə doğru sıxıb baş nahiyəsinə sillə və yumruq zərbələri, həmçinin bədənin əksər nahiyələrinə sillə, yumruq və təpik zərbələri endirmiş, zərbələr səbəbindən baş ağrısı, qarın ətrafında ağrılar yaranmışdır. Zərbələr nəticəsində qarın, baş, bel, ayaq nahiyələrində yaranmış ağrılar nəticəsində hərəkət edə bilməmiş, hadisə zamanı bədən nahiyələrində yaranmış xəsarətlə bağlı çəkilmiş fotoşəkillər istintaq orqanına təqdim olunmuşdur. Əvvəl baş vermiş avtoqəza zamanı isə yalnız gözünün alt hissəsi göyərmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, barışmayıb. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Təqsirləndirilən şəxs ilə əvvəl aralarında mübahisə, münaqişə, habelə qohumluq münasibətləri olmamışdır. Hadisə günü, yəni 18 avqust 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində olarkən, Təqsirləndirilən şəxs onu təcili yaşadığı evə çağırmış, o da qardaşı Orxanla birgə bacısı Turanə ilə Əlinin yaşadığı evə getmişlər. Mənzildə onları Əli qarşılamış, artıq oraya çatdıqda evdə hansısa hadisənin baş verdiyini anlamış, bacısını görənədək təxminən 5 dəqiqə müddətində Əli ilə söhbət aparmış, daha sonra otağa keçib bacısını gördükdə Turanənin üstündəki paltarın cırılmış olduğunu, başını qaldıra bilmədiyini, ağzından köpük gəldiyini görmüş, həmin ərəfədə Əli əsəbləşdiyindən onu başqa otağa keçirmiş, daha sonra isə bu barədə ailə üzvlərini məlumatlandırmış, “X6”-in təcili tibbi yardımına zəng edib həkim çağırmış, xəstəxanada Turanənin bədənində xəsarətlər müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 18.08.2021-ci il tarixli "hadisə yerinə baxış keçirilməsi haqqında" protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, baxış keçirilən ünvan ünvan 3teriallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 canlı şəxsin ekspertizasına dair 26 avqust 2021-ci il tarixli, 750 nömrəli məhkəmə-tibbi ekspertizasının sağlamlığa zərər vurmanın təyininə dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi və başın ənsə nahiyəsinin qançır-şişkinliyi (dərialtı hematoması); sol diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əziyi; hər iki bazunun, hər iki saidin, sol baldırın, hər iki kürək, hər iki sağrı və diz oynağı nahiyələrinin qançırları; bel nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 18.08.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Hər iki bazunun və sol süd vəzinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən 5-7 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsvir hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər (i/v 26-27). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin 16.09.2021-ci il tarixli 11 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- qapalı kəllə beyin travması, baş beyin silkələnməsi və başın ənsə nahiyəsinin qançır-şişkinliyi (dərialtı hematoması); sol diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əziyi; hər iki bazunun, hər iki saidin, sol baldırın, hər iki kürək, hər iki sağrı və sağ diz oynağı nahiyələrinin qançırları; bel nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 18.08.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Hər iki bazunun və sol süd vəzinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən 5-7 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər, şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin törənmə müddətləri, eləcə də 13.05.2021-ci il tarixdə “X7” xəstəxanasına müraciət edərkən qeyd olunan fərqli lokalizasiyalı və xarakterli (sol akromioklavikulyar oynaq aralanması, boyunun, sağ və sol diz oynağı nahiyələrinin, sol gözaltı nahiyənin yumşaq toxumalarının əzilməsi) xəsarətləri nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin 12.05.2021-ci il tarixdə əmələ gələ bilmələri mümkün deyildir (i/v 112-114). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 “Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının” 29.09.2021-ci il tarixli, 2264 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış ekspertimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünə məxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Anamnezində “Qapalı kəllə beyin travması” müəyyən edilir. Halhazırda onun psixi vəziyyətində keçirmiş olduğu Qapalı kəllə beyin travması ilə bağlı əlamətlər və şikayətləri müəyyən edilir. Zərərçəkmiş şəxs həmçinin qərarda göstərilən, ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs psixi vəziyyətinə görə baş verənləri düzgün qavrayıb dərk etmək, yada salmaq və onlar barəsində düzgün ifadə vermək, öz hərəkətlərini idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Emosional sabitlik, özünə qarşı hörmət tələb etmək, ünsiyyətçillik, həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmaya meyillilik aşkar olunmamış, əqli inkişafında gerilik əlamətləri müşahidə edilməmiş, əqli-intelektual imkanları nəzərə alınmaqla, ona qarşı edilən və etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. (i/v 148- 151). İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs 29 iyul 2021-ci il tarixdə nikah bağlamışlar. (i/v 54). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluq vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası DİN BƏSİİ X2 heç bir məlumat yoxdur (i/v 68). İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 14 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 195). Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməyərək hər hansı cinayət törətmədiyini bildirsə də, onun törətdiyi cinayət əməli məhkəmə baxışında araşdırılan sübutlarla öz təsdiqini tapmış, özünü müdafiə məqsədilə gətirdiyi dəlillər digər sübutlarla təkzib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin, cinayət tərkibinin olması, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, onun əməlinin ittihamda CM-in 128-ci maddəsi əsasında istinad edilən cinayətin əlamətlərinə uyğun olması sübut edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Təqsirləndirilən şəxs əməli 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının təsiri altına düşür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadaək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzası böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 44.2. Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəza təyin edilməli, Cinayıt-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən təyin edilmiş cəzadan azad edilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 39, 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilsin və o, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-59/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-59/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver