Məhkəmə qərarları › İş №1(006)-590/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-590/2021

24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-590/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 sentyabr 2021-ci il tarixdə, saat 03 radələrində ünvan 2 ünvanında yerləşən vətəndaşların azad girib-çıxa biləcəyi binanın avtodayanacağına daxil olaraq, həmin avtodayanacaqda saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus "BMW 530E” markalı avtomobilin 200 manat dəyərində Duosida markalı DSS-EV-32P-V3 modelli cərəyan doldurmaq üçün nəzərdə tutulmuş aparatını gizli əlaraq talayıb sonuncuya maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 sentyabr 2021-ci il tarixdə, saat 04 radələrində vətəndaşların azad girib-çıxa biləcəyi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evlərinin yerləşdiyi ümumi həyətə daxil olub, Zərərçəkmiş şəxs1 məxsus 450 manat dəyərində 29 ölçülü “Saft” markalı 900 model sürət keçiricili velosipedin həyətdə dəmir məhəccərə bağlanılmış trosunu istintaqa məlum olmayan alətlə sındırıb velosipedi gizli olaraq talamaqla sonuncuya maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 03 sentyabr 2021-ci il tarixdə saat 03 radələrində ünvan 4 ünvanın qarşısından keçən zaman binanın mühafizəçisinin yerində olmadığını görmüş və həmin yaranmış vaxtdan istifadə edib yeraltı avtodayanacağa düşmüşdür. Orada konkret olaraq ne axtardağını bilməmiş, sadəcə qiymətli əşya axtarırmış. Bu zaman "BMW” markalı avtomobilə qoşulu vəziyyətdə olan cərəyan yığmaq üçün nəzərdə tutulmuş elektrik kabelini görmüş və elektrik kabelinin qiymətli olduğunu bilmişdir. Bundan sonra həmin elektrik kabelini avtomobildən ayıraraq götürüb avtodayanacaqdan çıxmışdır. Sonra həmin yerdən çıxdıqda ətrafda mühafizəçinin olmadığını görmüş və həmin ünvanı tərk etmişdir. Bundan sonra saat 04 radələrində ünvan 5 ünvanın qarşısında keçən zaman orada olan ümumi məhəllənin qapısının açıq olduğunu görmüş və içəri daxil olub əllərini yumaq qərarına gəlmişdir. İçəri girdikdə tros qıfılla darvazaya bağlanmış velosiped olduğunu görmüşdür. Bu zaman o, həmin velosipedi oğurlamaq qərarına gəlmişdir. O, üzərində olan dəmir kəsən alətlə həmin trosu kəsmiş və velosipedi götürüb sürərək həmin ünvanı tərk etmişdir. O, həmin velosipedlə yaşadığı ünvana gəlmişdir. Həmin velosipedi satmaq fikri olmamış, onu özü sürəcəkmiş. Oğurladığı cərəyan doldurmaq üçün nəzərdə tutulmuş elektrik kabelini və velosipedi yaşadığı ünvanda saxlamışdır. Oğurluq edən zaman tək olmuşdur. Polis əməkdaşları onu saxladıqdan dərhal sonra oğurladığı əşyaları sahiblərinə verilməsi üçün onlara qaytarmışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmələrini, atasının yataq xəstəsi olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin fevral ayında özünə «BMV 530e» markalı avtomobil almış, həmin avtomobil hibrid mühərriklidir, yəni o, həmin avtomobili özünə məxsus cərəyan yığan naqillərlə hər axşam cərəyan yığdırıb sonra avtomobili idarə edir. Həmin «Delphi» markalı cərəyan yığanın qiyməti 1500 manat təşkil edir. 03 sentyabr 2021-ci il tarixdə səhər saatlarında binanın altında yerləşən avtodayanacağa gəldikdə avtomobilinin cərəyan yığanının yerində olmadığını aşkar etmişdir. Bu zaman o, həmin cərəyan yığanın oğurlandığını anlamış və bu barədə binanın komendantına məlumat vermişdir. Bu zaman komendant təhlükəsizlik kameralarına baxıb ona məlumat verəcəyini bildirmişdir. Həmin gün komendant müşahidə kameralarını izlədikdən sonra oğurluq etmiş şəxsi tanımadığını və bu barədə polisə müraciət etdiyini bildirmişdir. O da polisə müraciət etmiş bir necə gün sonra onu polis bölməsinə dəvət etmiş cərəyan yığan naqillərli ona qytarmışlar. Bundan başqa, Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir və sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayında özünə velosiped almaq qərarına gəlmişdir. İyun ayında "kontakt home” mağazalar şəbəkəsindən özünə 1000 manat cəyərində "Saft” markalı velosiped almışdır. 03.09.2021-ci il tarixdə gecə saat 02 radələrində evə gəlmiş və velosipedi yaşadığı ünvanın ümumi məhəlləsində saxlamışdır. Həmin gecə saat 04 radələrində oyanıb dostunu işə yola saldıqda ona məxsus velosiped yerində olmuşdur. Dostunu yola saldıqdan sonra gedib yatmış və səhər saat 10 radələrində oyandıqda velosipedin yerində olmadığını aşkar etmişdir. O, velosipedini yaşadığı ünvanın ümumi məhəlləsində saxlayıb trosla bağlamış, səhər isə trosun naməlum əşya ilə kəsildiyini görmüş və velosipedinin oğurlandığını anlamış və dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonradan polis əməkdaşları tərəfindən onun "Saft” markalı velosipedi ona qytarılmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı teleqramda bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir və sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin 67-68-ci vərəqəsində olan 06 sentyabr 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 104-107-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli məhkəmə qərarından görünür ki, məhkəmə hazırlıq iclası keçirilənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 124-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.10.2021-ci il tarixli 9/7026 saylı rəyin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd 29 ölçülü “Saft” markalı 900 model sürət keçiricili velosipedin 2021-ci ilin sentyabr ayına orta bazar qiyməti 450 manat, 1 ədəd Duosida markalı DSS-EV-32P-V3 model cərəyan doldurmaq üçün aparatın 2021-ci ilin sentyabr ayına orta bazar qiyməti 200 manat müəyyən edilir. Cinayət işinin 125-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 136-142-ci vərəqələrində olan 09 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd 29 ölçülü “Saft” markalı 900 model sürət keçiricili velosiped və 1 ədəd Duosida markalı DSS-EV-32P-V3 model cərəyan doldurmaq üçün aparat maddi sübut kimi tanınmışdır. Cinayət işinin 135-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 09 oktyabr 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 144 və 145-ci vərəqələrində olan qəbzlərdən görünür ki, 1 ədəd 29 ölçülü “Saft” markalı 900 model sürət keçiricili velosiped Zərərçəkmiş şəxs2 və 1 ədəd Duosida markalı DSS- EV-32P-V3 model cərəyan doldurmaq üçün aparat digər Zərərçəkmiş şəxs1 saz vəziyyətdə qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir və sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir və sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Cinayət işinə əlavə edilmiş Yasamal rayonu 16 saylı şəhər poliklinikasının 24 dekabr 2021-ci il tarixli ambulator kartadan çıxarışından görünür ki, 27 sentyabr 1959-cu il təvəllüdlü X2 həmin poliklinikada qeydiyyatdadır və yataq xəstəsidir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə təkrar olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmələrini, atasının yataq xəstəsi olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 06 sentyabr 2021-ci il tarixdən 24 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 07 (yeddi) ay 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut növü kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus cərəyan doldurmaq üçün nəzərdə tutulmuş elekrtik kabel və digər Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Saft” markalı velosiped sahiblərinə qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdən 24 dekabr 2021-ci il tarixədək, yəni 03 (üç) ay 18 (on səkkiz) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 07 (yeddi) ay 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus cərəyan doldurmaq üçün nəzərdə tutulmuş elekrtik kabel və digər Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Saft” markalı velosiped sahiblərinə qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar