Məhkəmə qərarları › İş №1(006)-592/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-592/2025

25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-592/2025 25.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Müdafiəçi «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib həmin əlaqələri vasitəsilə sonuncunun ləğv edilmiş əlillik dərəcəsini bərpa etdirəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 09 iyun 2023-cü il tarixində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs 1500 manat pulu, 2023-cü il iyun ayının sonlarında Abşeron rayonu, Saray qəsəbəsində Zərərçəkmiş şəxs 500 manat pulu, 2023-cü ilin avqust ayının istintaqla dəqiq müəyyən edilməyən günündə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən “Moskva Ticarət Mərkəzi”nin yaxınlığında Zərərçəkmiş şəxs 1000 manat pulu və 09 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ünvan 4 ünvanının qarşısından ödəniş terminalı vasitəsilə onun istifadəsində olan 4098-5844-6227-3895 nömrəli bank kartının hesabına göndərdiyi 50 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 3050 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, birinci Qarabağ müharibəsi zamanı əsir düşüb xəsarət aldığı üçün 2003cü ildə ona ikinci qrup əlillik təyin edilmişdir. Lakin 2021-ci il tarixdə həmin əlillik dərəcəsi ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdə əlillik dərəcəsinin bərpa edilməsinə köməklik göstərilməsi üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etmişdir. Həmin müraciət üzrə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən 7 saylı qəbul şöbəsinə getmişdir. Orada öz müraciətini bildirərkən, hərbi formada olan Əlicəfər adlı şəxslə tanış olmuşdur. O, həmin şəxsə dəfələrlə belə müraciətlər etdiyini, lakin heç bir müsbət nəticə olmadığını bildirmişdir. Bundan sonra onların tanışlığı yaranmış və onlar bir-birilərinin mobil nömrələrini götürmüşdürlər. Daha sonralar onlar bir-biriləri ilə münasibət saxladıqda bu barədə müəyyən söhbətlər etmişdirlər. 2023-cü ilin iyun ayında Əlicəfər ona zəng etmiş və görüşməyi təklif etmişdir, O da Əlicəfəri öz evinə qonaq dəvət etmişdir. Evdə söhbət zamanı Əlicəfərə bu iş üçün hansı sənədlərin və 3000 (üç min) manat pul lazım olduğunu bildirmiş və ilkin ödəniş kimi 1500 manat pul verməli olduğunu demişdir. Əlicəfər onunla razılaşmış, onun bildirdiyi sənədləri və 1500 manat məbləği yaşadığı mənzildə ona vermişdir. O, həmin pulu və sənədləri guya tanışına verdiyini bildirmişdir. Bir qədər keçdikdən sonra guya tanışının əlavə 500 manat lazım olduğunu dediyini Əlicəfərə bildirmiş, Əlicəfər də onunla razılaşıb həmin məbləği Abşeron rayonu, Saray qəsəbəsində əlbəəl ona vermişdir. Tarixi tam xatırlamadığı vaxtda Əlicəfərlə "Memar Əcəmi” metrostansiyası yaxınlığında olan kafedə görüşüb Əlicəfərdən 1000 (min) manat pul götürmüşdür. Həmin ilin sentyabr ayında Əlicəfərdən əlavə 50 (əlli) manat pul istəmiş, Əlicəfər isə həmin məbləği ona məxsus “Leo bank”a aid 4098-5844- 6227-3895 nömrəli bank kartına 09 sentyabr 2023-cü il tarixdə göndərmişdir. O, Zərərçəkmiş şəxs ümumilikdə 3050 manat pul almış və həmin pulları öz ehtiyacları üçün xərcləmişdir. O, Əlicəfərə istintaq orqanı vasitəsilə 1400 (min dörd yüz) manat pul qaytarmışdır. Daha sonra törətdiyi əməldən peşman olmasını və dəymiş zərəri qismən ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona 2008-ci il tarixdən ürək xəstəliyindən əziyyət çəkdiyi üçün 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Lakin 2021-ci il tarixdə həmin əlillik dərəcəsi ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdə əlillik dərəcəsinin bərpa edilməsinə köməklik göstərilməsi üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etmişdir. Həmin müraciət üzrə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən 7 saylı qəbul şöbəsinə getmişdir. Orada öz müraciətini bildirərkən, hərbi formada olan Ülfət adlı şəxslə tanış olmuşdur. Həmin şəxs ona bildirmişdir ki, onun müraciətinə baxılmayacaq və səyləri nəticəsiz qalacaqdır. Bu məsələnin həll yolu yalnız pul verərək işini həll etməkdən keçir. O, həmin zaman Təqsirləndirilən şəxsla razılaşmamışdır. Həmin zaman Ülfət ondan mobil nömrəsini götürmüş və onların qismən tanışlığı yaranmışdır. Həmin gündən sonra Ülfət ona dəfələrlə zəng edərək və mesajlar yazaraq, “görürsən mən sənə demişdim işini bu yolla həll edə bilməyəcəksən, gəl pul verməklə mən sənin işini həll edim” kimi ifadələri demişdir. Təxminən 4-5 ay müddətdə onun müraciətinə cavab gəlməmiş və o, ümidsizliyə qapılmışdır. Həmin müddət ərzində də Ülfət ona çoxsaylı video və şəkillər göndərib onu inandırmağa çalışmışdır. Həmin videolar arasında onun müraciət etdiyi tibbi sosial ekspert komissiyasının əməkdaşlarının da videoları olmuşdur. Bu səbəbdən də onda artıq Ülfətin sözlərinə inam yaranmağa başlamışdır. O, dəfələrlə Ülfətə bu məsələnin həlli üzrə rəsmi qaydada məhkəməyə müraciət edəcəyini bildirsə də, Ülfət ona hər dəfəsində bu məsələnin həlli üçün yalnız pul vermək lazım olduğunu bildirmişdir. Bundan sonra o, çarəsiz qalaraq Ülfətə müraciət etmişdir. İşinin həll edilməsi üçün 2023-cü il iyun ayının 9-da Ülfətin ona dediyi sənədləri və 1500 manat pulu Ülfətin yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsi 1, 54 saylı mənzildə Ülfətə vermişdir. Həmin ay həkimə verməsi üçün Ülfətə əlbəəl Abşeron rayonu, Saray qəsəbəsində görüşüb 500 manat pul vermişdir. Bir qədər keçdikdən Ülfət ondan yenidən bu iş üçün 1000 manat pul istəmiş, Ülfətlə Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Moska” Ticarət Mərkəzinin yaxınlığında görüşüb əlbəəl həmin məbləği vermişdir. xx.xx.2023-cü il tarixdə isə Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən ödəniş terminalı vasitəsilə ona məxsus 4098-5844-6227-3895 nömrəli “Leo bank”a aid kart hesabına əlavə 50 manat məbləği həkimdən hazır olan sənədi götürməsi üçün göndərmişdir. Bu müddət ərzində Ülfət ona müxtəlif bəhanələrlə “işin bugün-sabah həll olacaq, gərək sədr imza etsin, sədr hal-hazırda burada yoxdur” kimi bəhanələr gətirməklə onu aldatmışdır. Ona ümumilikdə 3050 (üç min əlli) manat maddi ziyan dəymişdir. Bundan başqa, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs etibarından suiistifadə edərək onu aldadaraq ləğv edilmiş əlillik dərəcəsini bərpa etdirəcəyinə dair yalan vəd vərərək 3050 (üç min əlli) manat pulunu ələ keçirmişdir. İstintaq dövründə ona dəymiş ziyandan 1400 manat pul qaytarılmışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq dəymiş ziyanın qalan məbləği ödənilməmişdir. Bununla bağlı dəfələrlə Təqsirləndirilən şəxs etdiyi müraciətləri nəticəsiz qalmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Həmin cinayət işi üzrə ibtidai istintaq zamanı o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırda məhkəmə araşdırması davam edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs 1650 (bir min altı yüz əlli) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qərar qəbul olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının CPM-nin 179, 181 və 187-ci maddələrinə əsasən təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində olan cinayət işi üzrə onun mülki iddiaçı, təqsirləndirilən şəxsin isə mülki cavabdeh kimi tanınmasını, Təqsirləndirilən şəxs 1650 (bir min altı yüz əlli) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra ona dəymiş zərərdən cəmi 1400 manatın ödənildiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, ona ədalətli cəza verilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “İttiham elan edilməsi üçün şübhəli şəxsin axtarışa elan edilməsi və tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqdan yayınması səbəbindən onun tutulması üçün haqqında axtarış elan edilmişdir (i.v.65); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək dayandırılmışdır (i.v.67); - “Cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verildiyindən iş üzrə icraat həmin tarixdə təzələnərək istintaq davam etdirilmişdir (i.v.70); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.86); - “Təqsirləndirilən şəxsin X3 azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin X3 azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.106); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin axtarışa elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqdan yayınması səbəbindən onun tutulması üçün haqqında axtarış elan edilmişdir (i.v.117); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək dayandırılmışdır (i.v.119); - “Cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq gəldiyindən iş üzrə icraat həmin tarixdə təzələnərək istintaqı davam etdirilmişdir (i.v.121); - “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir (i.v.128-129); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, sonuncu dəfə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs pulun göndərdildiyi yer ünvan 5 ünvanın qarşısıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.14-17); - “Təqdim etmə və götürmə barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ödənilməsi üçün istintaqa 1400 manat təqdim etmişdir (i.v.37); - Qəbzdən görünür ki, Ağacanov X1 Ülfət Hümmət oğlunun ona təqdim edilməsi üçün istintaqa təqdim etdiyi ümumilikdə 1400 (min dörd yüz) manat pulu Nəsimi RPİ-nin inzibati binasının 401 saylı xidməti iş otağında müstəntiqdən təhvil almışdır (i.v.110); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ərizəsinə əlavə etdiyi 01 ədəd diskdə 06 ədəd audio səs yazıları vardır. Birinci 46 saniyəlik audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər şəxs, sən sənədlərini götür gəl, sənədlərə baxacam düzəlsə düzələcək, düzəlməsə sənədlərini də pulunu da geri qaytaracam. Əgər etibarın varsa gəl işi düzəldək. Həmin adam da mənə deyir uşaq deyiləm ki, sən məni orda-burda reklam edirsən. Qalan məsələni də özün bilərsən” demişdir. İkinci 48 saniyəlik audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər şəxs, “mən Bakıdayam, Topçubaşov damar institutunda, indi sənin fikrin nədir, sən əlillik məsələni nə etmək istəyirsən? Mən Osman müəllimlə danışdım, Osman müəllim Quba rayonunda olduğunu dedi. Sən mənə fikrini de, bu məsələni istəyirsən ya istəmirsən, mən işimi bilim” demişdir. Üçüncü 32 saniyəlik audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər şəxs, “qardaş, sən öz sənədini götürürsən, 1500 manat pul götürürsən, imtina qərarını, kopyalarını hamısını götürürsən gəlirsən bizə. Həmin kişi də deyir ki, mən işimi görüb bir ay ərzində qurtarıram, sonra da qalan pulumu alıram. İndi razısansa gəl, razı deyilsənsə əziyyət çəkib gəlmə” demişdir. Dördüncü 47 saniyəlik audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər şəxs, “vicdan haqqı mən Osman kişiyə deyirəm, o deyir ki, 1000 manat nə puldur ki, mən ona görə ora-bura gedib sənəd düzəldim. Bu kişi mənə deyir ki, mən işimi görəndən sonra tam pulumu alacam. İndi bilirsən heç kim belə məsələyə yaxın durmur, deyir əvvəlcədən bütün pulumu ver, işini həll edim. İndi bu kişi xahişə, minnətə bizə köməklik edir. Sən elə bilirsən mənim bu işdən xeyirim var, amma elə deyil. Mən sənin işin həll olduqdan sonra axırda sənə deyəcəm ki, mənə 40 manatlıq benzin vur, ya da bir qonaqlıq ver” demişdir. Beşinci 12 saniyəlik audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər şəxs, “yox, onu özü həll edəcəkdir, narahat olma, o, problem deyil, qoy sənədlərə rahat baxsın, nədir nə deyil mənə deyəcək. Sonra mən sənə kartı atacam, karta vurarsan da onu demək istiyirəm” demişdir. Altıncı 27 saniyəlik audio səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər şəxs, “qardaş, sabahın xeyir, kart budur. Sən karta vur, mən gedirəm indi kişinin yanına sənin işinə start verildi, allah xeyirli uğurlu eləsin, kişi öz işini yavaş-yavaş görəcəkdir. Mən indi gedib o kişini aparacam həkimin yanına o, öz diaqnozunu qoysun narahat olma işin həll olacaq, ürəyini buz kimi saxla, gözləyirəm sənin cavabını” demişdir. Təqsirləndirilən şəxs həmin səs yazılarındakı şəxsin özünün olmasını və həmin səs yazılarını Əlicəfərə etibarını qazanmaq üçün göndərdiyini bildirmişdir (i.v.100-101); - “Baxış keçirmə və maddi sübutun götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Leo bank”a aid 4098-5844- 6227-3895 nömrəli bank kartına zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən 09 sentyabr 2023-cü il tarixdə saat 16:13 dəqiqədə 50 manat ödəniş olunmuşdur (i.v.105); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi, özünə məxsus olan Leo banka aid 4098-5844- 6227-3895 nömrəli bank kartından çıxarış və cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (i.v.133-138); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə tərtin olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(i.v.51); - Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli vəsatətdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Bununla yanaşı, məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət hadisəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək baş vermiş, cinayət işi üzrə icraat xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 24 gün və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 01 ay 08 gün olmaqla, cəmi 02 ay 02 gün müddətə dayandırılmış, həmin müddətlər də nəzərə alınmaqla müəyyən edilmişdir ki, cinayətin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər qrupuna aid olduğunu və həmin cinayətin törədildiyi gündən iki ildən artıq müddət keçdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, həmin maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs məxsus olan Leo banka aid 4098-5844- 6227-3895 nömrəli bank kartından çıxarış və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 nömrəli qərarının 74-cü bəndinə görə təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq – cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı və hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması Zərərçəkmiş şəxs izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 saata görə 308 (üç yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Ekol» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 41.1, 43.3, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs məxsus olan Leo banka aid 4098-5844- 6227-3895 nömrəli bank kartından çıxarış və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılsın və ona hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 saata görə 308 (üç yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Ekol» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsini vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar