Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-597/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X4, X7 və onların müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, X4 və X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 və X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X9 və N.Abdullayevanın doğma atası X12 onu ‘‘oğru” kimi qələmə vermək və cinayət məsuliyyətinə cəlb etdirmək məqsədilə işlədiyi Bakı şəhəri, Bülbül prospekti 22 ünvanda yerləşən “Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının yaxınlığında sürücü kimi işləyən X10 vasitəsilə onun telefon aparatı ilə şəkillərini çəkdirib həmin şəkilləri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə və sonradan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim etməklə polis və məhkəmə orqanlarında guya X4 çantasını, ayaqqabısını, köynəyini və qızıl-zinət əşyalarını gizli yolla talayıb istifadə etməsi və guya həmin əşyalarla şəkillərini özü çəkərək internetdə yaymağı kimi həqiqətə uyğun olmayan yalan məlumatlar yaymaqla onun şərəf və ləyaqətini qəsdən alçaltmışlar. X15 çantasını, ayaqqabısını, köynəyini və qızıl-zinət əşyalarını oğurlayıb istifadə etməyi və guya həmin əşyalarla şəkillərini özünün çəkərək internetdə yaymağı Abdullayeva Nigarın polisə şikayətində, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə verdiyi izahatında və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində öz əksini tapmışdır. X9 onun qardaşının həyat yoldaşı olmuş və qardaşı Nigarı 1 il qabaq boşamışdır. O, başqasının, ələxsus qardaşının boşadığı qadının geyinilmiş paltarlarından, aksesuarından, zinət əşyalarından heç vaxt istifadə etməmişdir və etməz. X9 qardaşı ilə evli olarkən “online” geyim və aksessuarların alqı-satqısı ilə məşğul olmuşdur. Abdullayeva Nigar başqa şəxslərə də mallar satdığına görə atası dəfələrlə Nigara və İlqara iradını bildirmişdir. O da bəzən haqqını ödəməklə müxtəlif geyim və aksesuarlar satın almışdır. Digər tərəfdən onun bədən ölçüləri ilə Abdullayeva Nigarın bədən ölçüləri kəskin fərqlidir. Abdullayeva Nigarın ona qarşı qaldırdığı iddia ərizəsində göstərilmişdir ki, guya o, Nigarın paltarlarından, çantasından, zinət əşyalarından istifadə etməyini təsdiq edən fotoşəkillərini özü çəkib internetdə yaymışdır. Halbuki iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən görünür ki, onlar kənardan Samiq adlı şəxsə məxsus telefon aparatı vasitəsilə çəkilmişdir. Abdullayeva Nigar boşandıqdan sonra qardaşı Abdullayev Şamxalı gecələr dəfələrlə zəng vuraraq narahat etdiyinə görə qardaşı Nigardan polisə şikayət etmişdi. Məmmədov İlqar və Abdullayeva Nigar da buna görə qisas almaq məqsədilə onun xəbəri olmadan şəkillərini çəkdirərək və həmin fotoşəkilləri təqdim etməklə guya gizli talama cinayətini törətməsi barədə polis və məhkəmə orqanlarına yalan məlumatlar vermişlər. Məmmədov İlqar şəxsən atası Abdullayev Şahəddinə bildirmişdir ki, qardaşı Abdullayeva Nigardan polisə şikayət etdiyi üçün qisas almaq məqsədilə onlar da ondan şikayət etmişlər. O, barəsində şərəf və ləyaqətini ləkələyən yalan məlumatlar yayıldığı üçün dərin mənəvi, psixoloji sarsıntı keçirmişdir. Göstərilənlərə əsasən X4 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili X8 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata götürülərək, məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X1, X12 və onların müdafiəçisi Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq belə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Məhkəmə qeyd edir ki, məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayəti vermiş şəxs X5 məhkəmənin hazırlıq iclasına təkrarən gəlməmiş və bununla bağlı hər hansı üzrlü səbəb göstərməmişdir. Həmçinin, şikayət ərizəsində X6 və X11 istinad edilən əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə qeyd edir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X9 və X12 tərəfindən X5 barəsində böhtan xarakterli məlumatın yayılmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. X2 xüsusi ittiham qaydasında şikayətində göstərdiyi məlumatlar müvafiq dövlət orqanlarına ünvanlanmış olduğundan bu həmin məlumatların kütləvi şəklində yayılması sayılmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6, 302.1.7-ci və 302.1.8-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X9 və X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X4 və X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X2 xüsusi ittiham qaydasında verilmiş şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-597/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-597/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver