Məhkəmə qərarları › İş №1(006)-599/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-599/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-599/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçiləri “Prestij” vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, şikayətin icraata qəbul edilməsini və X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, şikayətində qeyd etdiyi iclas TAİB-in ofisində, yəni “Neftçilər” metrostansiyasının yanında yerləşən yüksək mərtəbəli binanın 5-ci mərtəbəsində keçirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X1 vəkili Müdafiəçi2 şikayətin əsassız olduğunu bildirərək icraata qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X1 vəkili Müdafiəçi1 şikayətin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsidir; 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2 və 302.2.1-ci maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin qərarın 12-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin idarə heyətinin xx.xx.2024-cü il tarixli növbədənkənar iclası ictimai birliyin ünvanında keçirilmiş və bununla bağlı protokol tərtib edilmişdir. X2 xüsusi ittiham qaydasında şikayətində həmin iclasda ona böhtan atıldığı, yəni onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatların səsləndirildiyi bildirilmişdir. Elektron Məhkəmə Sisteminin “Vergi ödəyicilərinin məlumatları” bölməsindən əldə edilmiş çıxarışdan görünür ki, “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin hüquqi ünvanı ünvan 1ir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, X1 CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 74.1, 75.1, 299.1, 299.3.1, 300.1.4, 302.1.1, 302.2.1 və 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar