Məhkəmə qərarları › İş №1(006)-6/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-6/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-6/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə Şöbəsinin prokuroru X10, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qarazeynallı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi ev 165-də məskunlaşmış, (N.Tusi adına yataqxana) barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 yanvar 2018-ci il tarixdə təxminən saat 01:30 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ünvan 1 ünvanda yerləşən “Jasmin" masaj salonuna daxil olub nəzarətçi X1 aparatı qoyulmuş masadan durub getməsini və masanın sahibsiz olmasından istifadə edib, masanın alt hissəssində olan dolabı açaraq oradan vətəndaş Zərərçəkmiş şəxs məxsus 10 manat dəyərində «Zara» markalı tünd krem rəngli pul kisəsini, onun içərisində olan 4915 manat nağd pulu və ekvivalentində 85 manat olan 50 ABŞ dollarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda ümumilikdə 5010 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 31.12.2017-ci il tarixdə bayram günü yaşadığı Dərnəgül qəsəbəsində yerləşən kafelərdən birində oturaraq, spirtli içkilər qəbul etmişdir. Bundan sonra oradan taksi ilə axşam saatlarında Nəsimi rayonu, M.Əcəmi metrosunun yaxınlığına, daha sonra Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 1 saylı ünvana gəldikdə orada binanın birinci mərtəbəsində "Massaj" sözləri yazılmış salonu görüb həmin yerə daxil olmuşdur. “Massaj” salonunun içərisində çoxlu sayda müştərilər olmuş, salona 50-55 yaşlarında bir nəfər qadın nəzarət etmiş, həmin qadın eyni zamanda giriş qapısının yaxınlığında yerləşən kassa aparatı qoyulmuş masanın arxasında oturub müştərilərə və digər şəxslərə nəzarət etmiş, həmin qadının əyləşdiyi masaya yaxınlaşmış, masanin qarşısında ayaq üstə dayanıb orada olan xidmətlər barədə maraqlandıqda bu zaman əlində olan "Hell" enerji içkisi qadının əyləşdiyi masanın üzərinə dağılmış, həmin qadın da dərhal masanın üzərində olan salfetlə stolun üstünü sildikdən sonra həmin salfeti tullamaq üçün ayağa qalxıb oturduğu masanın sol tərəfinə doğru getmiş, o, kassanın nəzarətsiz qaldığını görüb oradan oğurluq etməyi qərara almışdır. Bunun üçün qadının əyləşmiş olduğu stula oturmuş, daha sonra qadının getdiyi istiqamətə baxaraq onun gəlmədiyini və onun edəcəyi hərəkətləri görmədiyinə əmin olduqdan sonra stolun üstündə olan kassa aparatının alt hissəində olan dolabı açmışdır. Dolabın içərisində ağzı açıq formada içərisində pullar olan bir ədəd qadın pul kisəsini görmüş, dərhal həmin pul kisəsini götürüb əynində olan cins gödəkçəsinin sol içəri qoltuq altına qoyub oturduğu stuldan ayağa qalxıb masanın qarşı tərəfinə keçmişdir. Bu zaman həmin salona nəzarət edən qadın masaya doğru yaxınlaşmış, o, heç bir şey olmamış kimi qadının gözü önündə salonun giriş qapısını açıb bayıra çıxmış, daha sonra salonun qarşısında olan pilləkənləri iti yerişlərlə düşüb həmin binanın ətrafından uzaqlaşdıqdan sonra qaçıb getmiş, bir qədər qaçdıqdan sonra dayanıb götürmüş olduğu üzərində “Zara” sözü yazılmış pul kisəsinə baxdıqda orada olan pulu götürmüş, eyni zamanda həmin pul kisəsinin içərisində müxtəlif kartlar olmuş, o, yalnız pulu götürdükdən sonra pul kisəsini orada olan mağazaların birinin üzərinə atmış, götürmüş olduğu pulları saydıqda orada 760 manat nağd pul və 50 ABŞ dollarının olduğunu görmüşdür. O, gəzərək yola tərəf gəlib yol ilə keçən taksilərdən birinə əl edib saxlamış və Dərnəgül qəsəbəsinə gəlmiş, götürmüş olduğu puldan taksinin gediş haqqını ödəmiş, bir müddət Dərnəgül qəsəbəsində vaxtını keçirtdikdən sonra yol ilə keçən taksilərdən birini saxladıb onu Nərimanov rayonunda yerləşən “İnfiniti” gecə klubuna aparmasını xahiş edib oraya getmişdir. O, taksidən düşüb sürücünün orada gözləməsini xahiş edib kluba daxil olmuş, içəridə çoxlu sayda adamların olduğunu görüb dərhal bayıra çıxıb yenidən həmin taksi ilə “Tunel" kluba gəlmiş, taksiyə klubun qarşısında saxlamağı deyib gödəkçəsini də taksidə qoyub içəri daxil olmuşdur. Həmin klubda da bir qədər içki qəbul etdikdən sonra polis əməkdaşları həmin klubda ona yaxınlaşaraq oradan çıxardıb Polis Bölməsinə aparacaqlarını deyib bayıra çıxartmış, o, bayıra çıxdıqda onu gözləyən taksiyə yaxınlaşıb gödəkçəsini götürdükdə polis əməkdaşları onunla birlikdə həmin taksi sürücüsünü də polis maşınına mindirib polis bölməsinə gətirmişlər. Bundan sonra polis əməkdaşlarının onu nə üçün axtardıqlarını başa düşüb törətdiyi əməli səmimi etiraf etmiş, baş vermiş oğulruq hadisəsi barədə ətraflı məlumat verərək oğurladğı puldan qalan hissəsini, yəni 660 manat və 50 ABŞ dollarını polis bölməsində təhvil vermişdir. Halhazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, himayəsində iki azyaşlı uşaqlarının olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkum olunmamışdan öncə ünvan 1 ünvanda yerləşən “Gözəllik" salonunu icarə əsasında işlətmişdir. Gözəllik salonunun kassasına və salona onun işçisi X5 nəzarət etmişdir. 01.01.2018-ci il tarixdə saat 01:30 radələrində ona salondan zəng edib bildirmişlər ki, kassadan oğurluq olmuşdur və bu barədə polisə məlumat verilmişdir. O, dərhal salona gəldikdə Gözəlin kassanın qabağında oturub ağladığını görmüş, ondan dərhal nə baş verdiyini soruşduqda Gözəl salona gələn bir nəfər kişinin kassa aparatının altında olan dolabdan pul kisəsini oğurlamasını bildirmişdir. O, da Gözələ öz iradını bildirərək ona haraya baxdığını və nəyə görə bu cür səhlənkar formada nəzarət etdiyini bildirmişdir. Salondan götürülmüş pul və pul kissəsı ona məxsus olmuş, həmin pul kisəsinin içərisində ümumilikdə 4915 manat və 50 ABŞ dolları pul olmuş, pul kisəsinin dəyəri isə 25 manat olmuşdu. Həmin puldan 1200 manatı, 50 ABŞ dollarını özü üçün saxlamış, 2000 manatı icarə haqqını vermək üçün, qalan 1715 manatı isə işçilərin əmək haqqlarını vermək üçün saxlamışdır. Hadisə nəticəsində ona 5010 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda isə təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Oğurluq hadisəsi baş verən vaxt o, ünvan 2 ünvanda yerləşən “Jasmin” gözəllik salonunda administrator vəzifəsində işləmişdir. 01 yanvar 2018-ci il tarixdə salonda olan zaman bir nəfər tanımadığı şəxs salona daxil olmuş, həmin şəxs salona gələrkən əlində “Hell” energetik içkisi olmuşdur. Həmin tanımadığı şəxs salona daxil olduqdan sonra orada işləyən qızların üzərinə gedərək onlara nalayiq ifadələr işlətmişdir. Həmin şəxs içkili olduğundan o və orada işləyən şəxslər qorxmuşlar. Bundan sonra o, içəri daxil olaraq müştərinin pulunu almış və 2 dəqiqə keçməmiş salonun giriş hissəsinə geri qayıtdıqda həmin şəxsin orada olmadığını görmüşdür. Bir qədər sonra masaya öz yerinə əyləşmiş və sonra masanın dolabına baxdıqda orada olan salonun icarədarı Zərərçəkmiş şəxs məxsus olan masada siyirtmənin içində saxladığı 4915 manat və 50 ABŞ dolları olan nağd pul olan kisəsinin yerində olmadığını aşkar etmiş, belə olduqda dərhal öz-özünə fikirləşmişdir ki, pul kisəsini sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs götürüb getmişdir. Lakin Təqsirləndirilən şəxs pul kisəsini götürdüyünü və bayıra çıxıb getdiyini görməmişdir. Bundan sonra dərhal bayıra çıxıb onun arxasınca baxmaq istədikdə onun binanın ətrafında olmadığının və çıxıb getdiyinin şahidi olmuşdur. Bundan sonra hadisə ilə bağlı polisə şikayət etmişlər və həmin gün də oğurluğu törədən şəxs polislər tərəfindən yaxalanmış və oğurlanmış puldan 660 manat və 50 ABŞ dolları Təqsirləndirilən şəxs tərəfindən geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri Altay Mahmudov ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 01 yanvar 2018-ci il tarixdə 20-ci Polis Bölməsinin inzibati ərazisində xildmətdə olmuş, onunla birlikdə Nəsimi rayon Polis İdarəsinin PPXB-də polis nəfəri Rahib Qardaşov da xidmətdə olmuşdur. 01 yanvar 2018-ci il tarixdə təxminən saat 01 radələrində ünvan 1 ünvanda yerləşən “Jasmin” gözəllik salonundan vətəndaş Zərərçəkmiş şəxs məxsus içərisində pul olan pul kisəsinin talanması barədə məlumat almış və cinayəti törətmiş şəxsin əlamətləri barədə təlimat almışlar. Həmin tarixdə təxminən saat 06:30 radələrində Tunel klubunun qarşısında qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən şəxsin əlamətlərinə oxşar şəxsi klubdan çıxdığı yerdə aşkar etmiş, həmin şəxsə özlərini təqdim etmiş və onu Nəsimi RPİ-nin 19-cu PB-nə gətirmişlər. Həmin şəxsi Polis bölməsinin növbətçi hissəsinə təhvil vermiş və orada onun şəxsiyyəti müəyyən edilərkən onun Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, bundan sonra Təqsirləndirilən şəxs Polis bölməsinə gəlirilməsi ilə bağlı bölmə rəhbərliyinə raportla məruzə elmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri Rahib Qardaşov da şahid Altay Mahmudovun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 yanvar 2018-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 3 ünvanda yerləşən "Jasmin” gözəllik salonunda Nəsimi RPİ-nin 19-cu Polis bölməsinin təhqiqatçısı Fərid Məmmədov tərəfindən baş vermiş soyğunçuluq hadisəsi ilə əlaqədar iştirakçıların və hal şahidlərinin iştirakı ilə 01.01.20018-ci il tarixdə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir (i/v 6-7). İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 02 yanvar 2018-ci il tarixli protokoldan görünür ki, 01 yanvar 2018-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Jasmin” masaj salonundan baş vermiş oğurluq hadisəsi ilə əlaqədar onun təqdim etdiyi CD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, vətəndaş X11 masaj salonunda nəzarətçi işləyən X4 masadan durub getməsindən istifadə edərək, onun yerində əyləşmiş, kənardan onun etdiyi hərəkətlərin kimsənin görməyəcəyinə əmin olduqdan sonra dolabda olan pul kisəsini götürüb əynində olan gödəkçənin sol qoltuq hissəsinə qoyur, yavaş-yavaş qapını açaraq oradan uzaqlaşıb gedir. Görüntüdən görünür ki, G.Q.Cəfərova vətəndaş X6 etmiş olduğu hərəkətləri görmür (i/v 58-62). Məhkəmə istintaqı zamanı qeyd olunan CD diskə baxış keçirilmiş və protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan 01 yanvar 2018-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 yanvar 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 46). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtinya dair” Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 02 yanvar 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i/v 82-84). İş materiallarında olan qətimkan tədbirinin qüvvəsində saxlanılması haqqında 02 yanvar 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır (i/v- 85). Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.01.2018-ci il tarixli, 1291 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş 1 ədəd istehsal ilinə, istehsal yerinə dair heç bir məlumatı olmayan «Zara» markalı, 21x10 sm ölçülü, tünd krem rəngli, süni dəridən hazırlanmış, zəncirbəndlə açılıb-bağlanan pul kisəsinin işlənmə dərəcəsi nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 01.01.2018-ci il tarixə orta bazar qiyməti 10 manat müəyyən olunur (i/v 109-111). İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında 27 yanvar 2018-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 660 manat pul, 50 ABŞ dolları, bir ədəd “Zara” pul kisəsi, plastik kartlar və “Jasmin” salonunda baş vermiş hadisəni fiksə edən videogörüntünü əks etdirən bir ədəd CD diskin maddi sübut kimi tanınması, 660 manat pul, 50 ABŞ dolları, bir ədəd “Zara" pul kisəsi və plastik kartların saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi, hadisəni fiksə edən videogörüntünü əks etdirən bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi barədə qərar qəbul olunmuşdur (i/v 117-118). İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs maddi sübut kimi tanınmış 660 manat pul, 50 ABŞ dolları, bir ədəd “Zara” pul kisəsi və plastik kartları Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Famil Məsimovdan təhvil almışdır ( i/v 118). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31.01.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat-sorğu kartoteksında heç bir məlumat yoxdur (i/v 116). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 07.02.2010-cu il təvəllüdlü X8 və 30.08.2011-ci il təvəllüdlü X9 adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması barədə” Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 06 mart 2018-ci il tarixli, 1(006)-142/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmişdir (i/v 173-174). Bakı şəhəri, Nəsimi RPİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Nadir Aslanov tərəfindən Nəsimi rayon məhkəməsinə ünvanlanmış 06.08.2018-ci il tarixli, 082-20812 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 14.02.2018-ci il tarixdə Azərbaycan Respublikası hüdudlarını Gürcüstan Respublikası istiqamətində tərk etmişdir. Təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edilmişdir (i/v 182). İş materiallarında şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.08.2020-ci il tarixdə Rusiya Federasiyası Sankt-Peterburq şəhər Vıborqskom rayonunda şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri, Nəsimi RPİ-nin rəisi Mirnemət Mirbabayev tərəfindən Nəsimi rayon məhkəməsinə ünvanlanmış 23.12.2020-ci il tarixli 082-50247-1220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 17.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin Konvoy Taborunun əməkdaşları tərəfindən Rusiya Federasiyasının səlahiyyətli nümayəndələrindən qəbul edilərək Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına təhvil verilmşdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş zyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 yanvar 2018-ci il tarixdən 02 yanvar 2018-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 05 avqust 2020-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat miqdarında ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 660 manat pul, 50 ABŞ dolları, bir ədəd “Zara” pul kisəsi və plastik kartların sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-142/2018 saylı, 13 fevral 2018-ci il tarixli qərara əsasən 14 fevral 2018-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 yanvar 2018-ci il tarixdən 02 yanvar 2018-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 05 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 660 manat pul, 50 ABŞ dolları, bir ədəd “Zara” pul kisəsi, plastik kartların sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar