Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-600/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1999-cu ildə Kürdəmir rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Kürdəmir rayonu, Şahsevən kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu üstü, ev 51 A-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdə, saat 12:30 radələrində ünvan 1 ünvanda keçmiş əri Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı yumruq zərbəsi ilə qəsdən onun bədən nahiyəsindən vuraraq ona alın nahiyəsinin qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi (dərialtı hematoması) fonunda sıyrığı və burun nahiyəsinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə ümumilikdə sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2019-cu ildə evlənmiş, birgə nikahdan bir azyaşlı uşağı var, 15.02.2021-ci il tarixdə isə onunla rəsmi boşanmışdır. Boşandıqdan sonra keçmiş əri Rəşad ona uşağa görə aliment ödəməkdən boyun qaçırır, onun işləməsinə isə maneçilik törədir, barəsində müxtəlif yerlərə şikayətlər edib əxlaqsız ifadələr işlədir. 12 noyabr 2021-ci il tarixdə o, Rəşada zəng edərək ondan üzr istəməsi üçün guya uşağı görmək adı ilə onu ünvan 1 ünvanın yaxınlığına çağırmışdır. 13 noyabr 2021-ci il tarixdə, saat 12:30 radələrində azyaşlı qızı ilə birlikdə ünvan 1 ünvanın yaxınlığına gəlmiş, bir qədər sonra Rəşad oraya gəldikdə onu təhqir etməyə başlayıb ona qarşı nalayaiq ifadələr işlətmişdir. O, Rəşadın təhqirlərinə dözə bilməyib uşağı oturacağın üzərinə qoyaraq yumruqla onun baş nahiyəsindən bir neçə dəfə vurmuş, daha sonra uşağı götürüb çıxıb getmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş arvadıdır, onların birgə nikahdan bir azyaşlı uşağı var. 13 noyabr 2021-ci il tarixdə, saat 12:30 radələrində azyaşlı qızını görmək məqsədilə keçmiş arvadı Təqsirləndirilən şəxs ilə görüşmək üçün əvvəlcədən razılaşdıqları ünvan 1 ünvanın yaxınlığına getmiş, bu vaxt sonuncu ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Afaq yumruq zərbəsi ilə onun baş və bədən nahiyəsinə vuraraq xəsarət yetirmiş, daha sonra oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 Nəsimi rayon şöbəsinin 22.11.2021-ci il tarixli, 1097 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – alın nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançırşişkinliyi (dərialtı hematoması) fonunda sıyrığı və burun nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 13.11.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (cild İ, i.v.24-25); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25.11.2021-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild İ, i.v.22); “AzeMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 06.04.2020-ci il təvəllüdlü bir övladı var. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm onun islah olunmasını, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 8 saat üçün nəzərdə tutulan 48 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 8 saat üçün nəzərdə tutulan 48 (qırx səkkiz) manat pul ödənilsin Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-600/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-600/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver