Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-606/2021 29.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Rusiya Federasiyası, Mejdureçensk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Mingəçevir şəhəri, N.Nərimanov prospekti, ev 36, mənzil 65-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs koronavirus (Covid-19) infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, özünü təcrid qaydalarını pozaraq 08 sentyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsində yerləşən fərdi tikilini tərk edib piyada metronun “Memar Əcəmi” stansiyasına gəlmiş, həmin günü saat 15:40 radələrində orada xidmət aparan Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena rejimlərini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan ərazidə yerləşən topdan satış mağazasında fəhlə kimi işə düzəlmişdir. 27.08.2021-ci il tarixdə, saat 13 radələrində işdə olarkən onun səhhətində narahatçılıq yarandığından iş yerinə yaxın “Bakı Bioloji Təbabət” klinikasına gedib “Covid-19” üçün analiz vermişdir. Həkimə mobil nömrəsini vermədiyindən həmin günü saat 18 radələrində klinikaya yaxınlaşaraq verdiyi analizin cavabını götürmüş və nəticəsinin pozitiv olduğunu bilmişdir. Klinikada ona onun və ailə üzvlərinin 14 gün ərzində yaşadığı evi tərk etməməsi, tərk edəcəyi halda barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunauyğun tədbir görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Verdiyi testin cavabını götürdükdən sonra yaşadığı evə piyada getmiş, oranı tərk etməmişdir. 08 sentyabr 2021-ci il tarixdə azyaşlı qızı Günay xəstə olduğu üçün ona dərman almaqdan ötrü işlədiyi mağazaya gedib oradan pul götürmüş, daha sonra metronun “Memar Əcəmi” stansiyasının yaxınlığına gedib orada yerləşən aptekdən dərman almışdır. Dərmanı aldıqdan sonra yaşadığı evə tez getməkdən ötrü metronun Memar Əcəmi” stansiyasına girmiş, həmin vaxt tibbi maskadan düzgün istifadə etmədiyindən orada xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb bu barədə bildirmişlər. Sonra polislər onun şəxsiyyətini dəqiqləşdirməkdən ötrü portala adını daxil etdikdə onun aktiv “Covid-19” xəstəsi olduğunu bilmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinn post patrul xidmətinin polis nəfəri Şahid ifadəsində göstərdi ki, 08.09.2021-ci il tarixdə, saat 15:40 radələrində "xxxx" QSC-nin “Memar Əcəmi” stansiyasında xidmətdə olarkən bir nəfər şəxsin tibbi maskadan düzgün istifadə etmədiyini görüb ona yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin şəxs ondan nə üçün onu saxladığını soruşduqda, ona məsələni izah etmiş, sonuncu da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O bu şəxsin ad və soyadı portala daxil etdikdə onun aktiv “COVİD-19” xəstəsi olduğunu bilmiş və raportla bu barədə aidiyyəti üzrə məlumat verimişdir. İş materiallarında olan: “X5” tərəfindən verilmiş 27.08.2021-ci il tarixli analiz nəticəsindən aydın olur ki, Təqsirləndirilən şəxs həmin günü saat 12:01-də klinikada “Covid-19” testi üçün analiz vermiş, saat 17:36-da müayinənin nəticəsi (pozitiv) çıxmışdır (İ cild, i.v.17); Bakı şəhər Nəsimi rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin 03.11.2021-ci il tarixli, 06/19-925 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs 28.08.2021-ci il tarixdən “Covid-19” infeksiyasına tutulub və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Covid-19 Milli Məlumat Bazasına daxil edilmişdir (İ cild, i.v.22); Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 23.11.2021-ci il tarixli, 952/KEŞ saylı rəyinə əsasən 28.08.2021-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur (İ cild, i.v.34- 36); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17.09.2021-ci il tarixli arayışında Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmadığı qeyd olunur (İ cild, i.v.20); “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 21.12.2018-ci il təvəllüdlü bir övladı var. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının xəstəliklərin yayılmasına səbəb olduğuna və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdığına görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma” Qaydalarına əsasən: Bu Qaydalar yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə şamil edilir (1.3-cü bənd); karantin nəzarəti - yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsidir (2.1.4-cü bənd); karantin yeri - yoluxması güman edilən şəxslərin karantin nəzarətində saxlandıqları karantin müəssisələri və ya onların yaşadıqları, yaxud olduqları yerdir (2.1.5-ci bənd); Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir (4.5-ci bənd); Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır (4.6-cı bənd); Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq (ərazi ambulator-poliklinika müəssisəsi tərəfindən gündəlik olaraq telefon vasitəsilə) tibbi müşahidə həyata keçirilir (4-1.2-ci bənd); yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır (4-1.3-cü bənd); karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır (7.2-ci bənd). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol №9) təsdiq edilmiş “Koronavirus infeksiyasının (Covid-19) idarə olunması üzrə Metodik Təlimat”ın “COVİD-19 xəstələrinin ambulator şəraitdə aparılması” hissəsində qeyd olunur ki, xəstəliyin yüngül forması olan şəxslər tibbi nəzarətdən aşağıdakı hallarda çıxarılır: qızdırma olmadıqda və respirator simptomlar azaldıqda və burun-boğazdan PZR müayinənin mənfi nəticəsindən sonra; klinik simptomların olmadığı, lakin PZR müayinənin müsbət nəticəsi hallarında müşahidə 14 gün ərzində davam edir (xəstələnmənin 1-ci günündən hesablanır). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs koronavirus (Covid- 19) infeksiyasına 27 avqust 2021-ci il tarixdə yoluxduğunu bilib ona bu barədə analiz nəticələrinin təqdim edilməsi və həkim məsləhətinə əsasən yaşadığı yerdə təcrid olunaraq müalicə olunması barədə xəbərdar edilməsinə baxmayaraq, karantin nəzarətinə götürülmüş şəxs kimi karantin nəzarəti müddəti ərzində 08 sentyabr 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsində yerləşən evi tərk edib metronun “Memar Əcəmi” stansiyasına getmiş, həmin günü saat 15:40-da qeyd olunan ünvanda polis əməkdaşları tərəfindən saxlanılmış, bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cəzasını yüngülləşdirən halın mövcud olmasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 5 saat üçün nəzərdə tutulan 30 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 5 saat üçün nəzərdə tutulan 30 (otuz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-606/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-606/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver