Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-61/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X3, təqsirləndirilən şəxs Əlimərdanov Aslan Əfqan oğlu və onun qanuni nümayəndəsi Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 və müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.2005-ci ildə Siyəzən rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Yenikənd kəndində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə, xx.xx.2005-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsi, ev 7, mənzil 3-də qeydiyyatda olan və yaşayan, hazırki cinayət işi üzrə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cümaddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla zərərçəmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir bir qrup şəxs halmda qəsdən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək üçün 04.07.2020-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus qara rəngli “Toyota Prado” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ pəncərəsinin açıq olmasından istifadə edərək aralarında olan razılığa əsasən o hadisə yerindən aralıda dayanıb müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlib-gəlmədiyinə nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə açıq pəncərədən həmin avtomobilin içinə daxil olaraq avtomobilin surətlər qutusu olan yerdə yerləşən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 60 manat dəyərində mobil elektrik cihazı olan “Powerbank”ı, içərisində “Rabitəbank” bankına məxsus üzərində şifrələri olan hər birinin dəyəri 10 manat olmaqla 30 manat dəyərində 3 ədəd pul kartı olan 20 manat dəyərində pul qabını oğurladıqdan sonra həmin gün saat 16:20-dən 16:30-dək olan müddət ərzində Bakı şəhəri Nəsimi rayonu, Asif Məhərrəmov 33A ünvanında yerləşən “Rabitəbank”ın Səbail filialının ATM-dən istifadə etməklə Zərərçəkmiş şəxs məxsus maaş kartından 547 manat, biznes kartından isə 5 dəfə ayrı-ayrılıqda 1000 manat olmaqla ümumilikdə 5000 manat pulu ATM-dən çıxarmış, həmin 5000 manat pulun çıxarılması nəticəsində çıxarılan pulun 1,5 faizi, yəni 75 manat pul bank rüsumlarına çıxıldığından elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 5732 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla zərərçəmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir bir qrup şəxs halında qəsdən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək üçün 04.07.2020-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus qara rəngli “Toyota Prado” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ pəncərəsinin açıq olmasından istifadə edərək aralarında olan razılığa əsasən Çoşqun Əsgərov hadisə yerindən uzaqda dayanıb müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlib-gəlmədiyinə nəzarət etmiş, o isə açıq pəncərədən həmin avtomobilə daxil olaraq avtomobilin surətlər qutusu olan yerdə yerləşən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 60 manat dəyərində mobil elektrik cihazı olan “Powerbank”ı, içərisində “Rabitəbank” bankına məxsus üzərində şifrələri olan hər birinin dəyəri 10 manat olmaqla 30 manat dəyərində 3 ədəd pul kartı olan 20 manat dəyərində pul qabını oğurladıqdan sonra həmin gün saat 16:20-dən 16:30-dək olan müddət ərzində Bakı şəhəri Nəsimi rayonu, Asif Məhərrəmov 33A ünvanında yerləşən “Rabitəbank”ın Səbail filialının ATM-dən istifadə etməklə Zərərçəkmiş şəxs məxsus maaş kartından 547 manat, biznes kartından isə 5 dəfə ayrı-ayrılıqda 1000 manat olmaqla ümumilikdə 5000 manat pulu ATM-dən çıxarmış, həmin 5000 manat pulun çıxarılması nəticəsində çıxarılan pulun 1,5 faizi, yəni 75 manat pul bank rüsumlarına çıxıldığından elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 5732 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, Aslan adlı şəxsi ortaq dostları ilə 1 il bundan qabaq 20 yanvar metrosu yaxınlığında oturarkən tanımış və onların həmin vaxt münasibətləri yaranmışdır. 04.07.2020-ci il tarixdə saat təxminən 15 radələrində Aslan adlı şəxslə Nəsimi rayonu ərazisində yerləşən “Rabitəbank”ın yanında təsadüfi rastlaşmışdır. Bundan sonra, onlar söhbət edərək 3-cü mirkrorayon dairəsi tərəfə gəlmiş bundan sonra onlar ara məhəllələrin birinə girmişdirlər. Bu zaman Aslan qara rəngli “Toyota Prado" markalı avtomobilin arxa sağ yan tərəfinin açıq olduğunu görmüşdür. Bundan sonra Aslan ona demişdir ki, “sən avtomobilin kənarında dayan kimsə gəlsə xəbər elə, mən isə avtomobilə girib bir şey olub olmadığına baxacam.” Bundan sonra Aslanın dediyi kimi o, avtomobilin yaxınlığında dayanıb heç kimin gəlmədiyinə əmin olmuşdur. Bu zaman Aslan avtomobilin arxa sağ yan pəncərəsindən əlini içəri salaraq avtomobilin qapısını açmış və avtomobilə daxil olmuşdur. O, isə qıraqda gözləmişdir. Aslan təxminən 10 dəqiqə sonra avtomobildən düşmüşdür. Aslan ona yaxınlaşaraq, avtomobildən 3 ədəd bank kartı, 01 ədəd markasını bilmədiyi “Powerbank” oğurladığını bildirmişdir. Bundan sonra Aslan ona həmin kartların üzərində kart nömrələrinin olduğunu və gedib bankomatdan həmin kartlardan pul çıxarmaqlarını bildirmişdir. Həmin kartların üçü də “Rabitəbank”a məxsus olmuşdur. Onlar birlikdə “Rabitəbank”ın yaxınlıqda yerləşən bankomatına yaxınlaşmışdır. Həmin kartlardan birini Aslan bankomata salmış və həmin kartın içərisində 5 manat pul olmuşdur. Aslan həmin 5 manatı çıxartmamışdır. Bundan sonra Aslan digər kartı bankomata salmış və həmin kartın içərisində 547 manat pul olduğunu görmüşdür. Aslan kartda olan 547 manat pulu çıxratmışdır. Bundan sonra Aslan 3-cü kartı salanda isə orada 117.000 manat pul olmuşdur. Aslan həmin kartdan 5000 manat pulu 5 dəfəyə çıxartmış və yerdə qalan pula dəyməmişdir. Aslan içərisində 5 manat pul olan kartı və içərisindən 547 manat pul çıxartdığı kartı tullamışdır. Bundan sonra içərisində külli miqdar pul olan kartı isə axşam vaxtı boş siqaret qabının içərisinə qoyaraq zibilliyə tullamışdır. Belə ki, onlar pulları əldə etdikdən sonra Aslan ona həmin pullardan 1500 manat miqdarında pulu vermiş və Aslan onun tutulmağından qorxduğunu qeyd edib ona çox pul vermədiyini bildirmişdir. O, da Aslanla razılaşmışdır. Bunda sonra onlar birlikdə “28 may” metro stansiyası tərəfə getmişdirlər. Orada onlar telefon dükanlarından birinə girmiş və Aslan özünə orada “Samsung A10” modelli mobil telefon almış, o, isə özünə 190 manata “HTC” markalı mobil telefon və 40 manata “airpot” qulaqcıq almış, bundan sonra onlar paltar dükanına getmişdirlər. Aslan özünə 1 dəst paltar almışdır. Lakin o, orada özünə heç nə almamışdır. Bundan sonra onlar taksi ilə Xıradalan şəhərinin mərkəzinə doğru getmişdirlər. Xırdalanda Aslan təzə aldığı paltarları dərzidə tikdirmiş, sonra “Bravo” supermarketə getmiş və orada Aslan özünə 18 manat civarında saat almış və 2 manata ətir və mobil telefon üçün qab almışdır. Bundan sonra onlar marketdən çıxaraq Xırdalanda gəzmiş və sonra taksi ilə 20 yanvar metro stansiyası tərəfə gəlmişdir. Bundan sonra Aslanla sağollaşmış və o, sonuncunu həmin gündən sonra görməmişdir. O, bundan başqa cinayət törətmədiyini, 1500 manat pulu öz şəxsi ehtiyacları üçün xərclədiyini, Aslan adlı şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, mobil nömrəsinin isə ***-***-**-** olduğunu, cinayət yolu ilə əldə etdiyi puldan onda pul qalmadığını, hamısnı xərclədiyini, 190 manata aldığı “HTC” markalı mobil telefonu ailə üzvləri şübhələnməsin deyə telefonu alandan 1 gün sonra tanımadığı şəxsə satmışdır. Hal-hazırda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, Coşqun adlı şəxsi ortaq dostları vasitəsi ilə 1 il bundan qabaq 20 yanvar metrosu yaxınlığında oturarkən tanımış və onların həmin vaxt münasibəti yaranmışdır. 04.07.2020-ci il tarixdə saat təxminən 15 radələrində Coşqun adlı şəxslə Nəsimi rayonu ərazisində yerləşən “Rabitəbank”ın yanında təsadüfi rastlaşmışdırlar. Bundan sonra onlar söhbət edərək 3-cü mikrorayon dairəsi tərəfə gələrək ara məhəllələrin birinə girmişdirlər. Bu zaman o, qara rəngli “Toyota Prado” markalı avtomobilin arxa sağ yan tərəfinin açıq olduğunu görmüş və, Coşquna demişdir ki, “sən avtomobilin kənarında dayan kimsə gəlsə xəbər elə, mən isə avtomobilə girib bir şey olub olmadığına baxacam.” Bundan sonra dediyi kimi Coşqun avtomobilin yaxınlığında dayanıb heç kimin gəlmədiyinə əmin olmuşdur. Bu zaman o, avtomobilin arxa sağ yan pəncərəsindən əlini içəri salaraq avtomobilin qapısını açmış və avtomobilə daxil olmuşdur. Coşqun isə qıraqda gözləmişdir. O, təxminən 10 dəqiqə sonra avtomobildən düşmüşdür. O, avtomobildən 3 ədəd bank kartı, 01 ədəd markasını bilmədiyi “Powerbank” oğurlamış və bu barədə Coşquna bildirmişdir. Bundan sonra o, Coşquna həmin kartların üzərində kart nömrələrinin olduğunu və gedib bankomatdan həmin kartlardan pul çıxarmaqlarını bildirmişdir. Həmin kartların 3ü də “Rabitəbank” bankına məxsus olmuşdur. Onlar birlikdə “Rabitəbank”ın yaxınlıqda yerləşən bankomatına yaxınlaşmışlar. Həmin kartlardan birini o, bankomata salmış və həmin kartın içərisində 5 manat pul olmuşdur. O, həmin 5 manatı çıxartmamışdır. Bundan sonra o, digər kartı bankomata salmış və həmin kartın içərisində 547 manat pulun olduğunu görmüşdür. O, kartda olan 547 manat pulu çıxratmamışdır. Bundan sonra o, 3cü kartı salanda isə orada 117.000 manat pul olmuşdur. O, həmin kartdan 5000 manat pulu 5 dəfəyə çıxartmış və yerdə qalan pula dəyməmişdir. O, içərisində 5 manat pul olan kartı və içərisindən 547 manat pul çıxartdığı kartı oradan uzaqlaşan kimi xatırlamadığı yerdə atmışdır. Bundan sonra içərisində külli miqdar pul olan kartı isə axşam vaxtı boş siqaret qabının içərisinə qoyaraq Şamaxinka tərəfdə xatırlamadığı zibilliyə tullamışdır. Belə ki, onlar pulları əldə etdikdən sonra o, Coşquna həmin pullardan 1500 manat miqdarında pul vermişdir. Bundan sonra onlar birlikdə “28 may” metrostansiyası tərəfə getmişdirlər. Orada onlar telefon dükanlarından birinə girmiş və o, özünə orada “Samsung A10” modelli mobil telefon almışdır və Coşqun isə özünə 190 manata “HTC” markalı mobil telefon, 40 manata airpot qulaqcıq almışdır, bundan sonra onlar paltar dükanına getmişdirlər. O, başdan ayağa olaraq özünə 1 dəst paltar almışdır. Lakin Coşqun orada özünə heç nə almamışdır. Bundan sonra onlar taksi ilə Xıradalan şəhərinə doğru getmişdirlər. Xırdalanda o, təzə aldığı paltarları dərzidə tikdirmiş, sonra “Bravo” supermarketə getmiş və orada o, özünə təxminən 18 manat civarında saat almış və 2 manata ətir və mobil telefon üçün qab almışdır. Lakin həmin qab sonradan xoşuna gəlmədiyindən tullamışdır. Bundan sonra onlar marketdən çıxaraq Xırdalanda gəzmiş və sonra taksi ilə 20 yanvar metrostansiyası tərəfə gəlmişdirlər. Bundan sonra o, Coşqunla sağollaşmış və o, Coşqunu həmin gündən sonra görməmişdir. O, əlavə olaraq nəzərdə tutulan cinayət əməlindən başqa cinayət törətməmiş, 5547 manat puldan 1500 manat nəğd pulu Coşquna vermiş, bundan sonra Coşqun 190 manata “HTC” mobil telefon və 40 manata “airpot” qulaqcıq almış, yerdə qalan pulu isə özü üçün xərcləmiş, özünə çatan bütün pulu xərcləmiş və onda pul qalmamışdır. “Powerbank” mobil elektrik cihazını oğurladıqdan sonra həmin cihazı tanımadığı şəxsə 20 manata satmış, avtomobildən oğurladığı pul qabı və şəxsiyyət vəsiqəsi ona lazım olmadığından yolda xatırlamadığı yerdə tullamışdır. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, hal-hazırda yetkinlik yaşına çatmadığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, “X15 MMC”-də satış müdürü işləyir. Belə ki, 04.07.2020-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov 18 ünavnına gələrək idarə etdiyi qara rəngli “Toyota Prado” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı evin qabağında saxlayaraq evinə getmişdir. O, evdə olarkən saat 16:22-də onun mobil telefonuna SMS bank xidmətindən məlumat gəlmişdir ki, onun maaş kartından 547 manat nağd pul çıxarılmışdır. O, bununla bağlı şübhələnmişdir ki, onun kartları oğurlanmış və kartnı oğurlayan şəxs tərəfindən həmin pullar çıxarılmışdır. Bundan sonra mobil telefonuna ardınca digər kartı olan biznes kartından 1000 manat nağd pul çıxarılması ilə bağlı məlumat gəlmişdir. Bundan sonra ona ardıcıl olaraq əlavə həmin biznes kartından 4000 manat pulunun da çıxarılması ilə bağlı məlumat gəlmişdir. Məlumatda həmin pulların “Rabitəbank” bankının Səbail filialından çıxarılması da qeyd edilmişdir. Bundan sonra o, avtomobilindən düşərək avtomobilinə baxış keçirtmiş və görmüşdür ki, ona məxsus pul qabı və içərisində olan bank kartları və şəxsiyyət vəsiqəsi ilə birlikdə oğurlanmış və ona məxsus markasını və göstəricisini bilmədiyi “powerbank" mobil elektik cihazı da oğurlanmışdır. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş və həmçinin Nəsimi RPİ-nin 19-cu PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona məxsus kartlardan ümumilikdə 5547 manat pul çıxarılmış, onun 3 ədədi “Rabitəbank” bankına məxsus kartlar olmuş, həmin kartlardan birində 5 manat pul olmuş, lakin həmin kartdakı pula dəyilməmiş, digər kartlarından da 547 manat və 5000 manat pul çıxarılmış, pullarının oğurlanması ilə bağlı ona 5547 manat maddi ziyan dəymiş, həmin kartların oğurlanması ilə bağlı isə hər bir karta görə ona 10 manat, ümumilikdə 30 manat maddi ziyan dəymişdir. Pul qabının oğurlanması nəticəsində isə ona 20 manat, “powerbank” mobil elektik cihazının oğurlanması nəticəsində ona 60 manat maddi ziyan dəymişdir. Bundan əlavə olaraq onun biznes kartndan 5000 manat pul çıxarılması ilə əlaqədar onun hesabından 1.5 faiz bank rüsumları yəni, 75 manat pul çıxılmış, digər kartından isə faiz çıxılmamışdır. Hadisə nəticəsində ümumilikdə ona 5732 manat maddi ziyan dəymişdir. Oğurluğu törətmiş şəxslər onun avtomobilinin arxa yan pəcərəsi açıq olduğundan həmin şəxslər arxa qapını açaraq avtomobilə daxil olmuşlar, ona məxsus pullar Nəsimi rayonu ərazisində yerləşən “Rabitəbank” bankının Səbail filialının bankomatından çıxarılmış, onun eyni bankdan 3 ədəd bank kartı olduğu üçün şifrələrini unutmaması üçün hər bir kartın öz kodunu kartın arxasına qeyd etmişdir. Bu səbəbdən kartlarını oğurlayanlar onun yazdığı şifrəni yığmaqla ona məxsus pulları çıxartmışlar. O, əvvəl sürücülük vəsiqəsinin də oğurlandığnı düşünmüş, lakin sonradan sürücülük vəsiqəsinin oğurlanmadığını aşkar etmişdir. Onun pul qabının içərisində ümumiyyətlə pul olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs2 atası tərəfindən ona dəymiş ziyanın bir qismi ödənildiyi üçün ondan şikayətçi deyil, lakin digər Təqsirləndirilən şəxs1 tərəfindən isə ona dəymiş zərər ödənilmədiyindən ondan şikayətçidir. Bununla bağlı ərizəni məhkəməyə təqdim edir. Cəza təyini məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan DİN-nin Kriminalistik Təhqiqatlar İdarəsindən daxil olmuş məktubdan görünür ki, “Toyota Prado” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürlümüş əl barmaq izlərinin nümunələri müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 03 ədədi Təqsirləndirilən şəxs1 sağ əlinin böyük, orta və adsız barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir (i/v 115-116). İş materiallarında olan təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında 13 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs “Rabitəbank” bankından öz adına olan “Kart hesabından çıxarış” sənədlərini istintaq materiallarına əlavə edilməsi üçün istintaqa təqdim etmiş və həmin “Kart hesabından çıxarış” sənədləri protokolla baxış keçirilib götürülərək iş materiallarına əlavə edilmişdir. Həmin sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs adına olan hesabdan “Rabitəbank” bankının Səbail fialialının ATM-dən 04.07.2020-ci il tarixdə 547 manat pul çıxarılmış, Zərərçəkmiş şəxs adına olan digər hesabdan isə “Rabitəbank” bankının Səbail filialının ATM-dən 04.07.2020-ci il tarixdə 5000 manat pul çıxarılmışdır (i/v 123-125). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 14 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 cinayət yolu ilə aldığı göy rəngli “Samsung A10” markalı mobil telefonu istintaqa təqdim etmiş və həmin mobil telefon 17.07.2020-ci tarixli protokolla baxış keçirilərək götürülmüş və həmin qərara əsasən “Samsung A10” markal mobil telefon müsadirə olunmalı olan əmlak kimi nəzər alınmaqla Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında təhvil verilmişdir (i/ 131-136). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27.07.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 118). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22.07.2020-ci il tarixli arayışdan və Səbail rayon məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (i/v 119-120, 126-130). Məhkəmənin şifahi sorğusu əsasında əldə edilmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11.03.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə 01 (bir) il 03 (üç) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Səbail rayon məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmənin şifahi sorğusu əsasında əldə edilmiş Sumqayıt şəhər Probasiya Şöbəsinin 29 iyul 2021-ci il tarixli 2610 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11.03.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 07 ay 25 gün təşkil edir. İş materiallarında olan elektron sayta baxış keçirilməsi haqqında 10.07.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 nəzərdə tutulan oğurluq zamanı 5547 manat pulu “Rabitəbank” bankının Səbail filialının ATM-dən çıxartmışlar. İstintaq zamanı müəyyən edilmişdir ki, pulun çıxarıldığı yer Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 33A ünvanıdır (i/32-33). İş materiallarına əlavə olunmuş qətimkan tədbiri seçmək haqqında 11.07.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 70). İş materiallarına əlavə olunmuş qətimkan tədbiri seçmək haqqında 17.07.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 110). İş materiallarına əlavə olunmuş 09 iyul 2020-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 02 nəfər şəxs “Rabitəbank” bankın Səbail filialının ATMnə yaxınlaşaraq həmin yerdən kart vasitəsilə pul çıxarıb ATM-dən uzaqlaşırlar. Həmin şəxslərin birinin əynində göy rəngli cins şalvar və üzərində “Puma” yazısı qırmızılı-ağlı idman gödəkçəsi olan gənc şəxs, digərinin əynində göy rəngli cins şalvar va qara rəngli qolu qısa kofda vardır (i/v 31). İş materiallarına əlavə olunmuş 12 avqust 2020-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Rabitəbank” bankının Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 33A ünvanında yerləşən Səbail filialının ATM-nə gələrək həmin ATM-dən birlikdə pul çıxarılır (i/v 122). Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis şöbəsindən Nəsimi rayon məhkəməsinə ünvanlanmış 16 noyabr 2020-ci il tarixli məktubdan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 15 noyabr 2020-ci il tarixdə, saat 09:00-da Göyçay rayonu, Heydər Əliyev prospekti 94-də yerləşən “Nar Kafe” adlı yerdə saxlanılaraq, 16 noyabr 2020-ci il tarixdə Nəsimi rayon məhkəməsinə təhvil verilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11.07.2021-ci il tarixli 4(006)-265/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətmələri özlərinin etiraf edici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəza almalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətlərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxs olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 saylı qərarında qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayət görə cəza təyin olunması haqqındakı məsələ həll edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayan şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-ci maddəsi əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halları, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını, təqsirləndirilən şəxsin məhkəmə iclasındakı davranışını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 noyabr 2020-ci il tarixdən 16 noyabr 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs1 bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11.03.2021-ci il tarixli hökmü ilə qəti olaraq 01 (bir) il 09 (ay) müddətinə məhdudlaşdırılması cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11.03.2021-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 01 (bir) il 09 (ay) müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 07 ay 25 günü hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Siyəzən rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Siyəzən rayon İcra və probasiya şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun məhkəməyədək icraat dövründə tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkməsinin əvvəli 29.07.2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli tərbiyə müəssisəində çəkməli, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11.07.2021-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan “Samsung A10” markalı mobil telefon dövlət nəfinə müsadirə olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X10 və X5 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına və məhkəmə istintaqı dövründə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 və X4 vəkil işlədikləri Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, 11 iyul 2020-ci il tarixli və 17 iyul 2020-ci il tarixli “müdafiəçi təyin edilməsi haqqında” qərarlardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatlardan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs2 Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X14, Təqsirləndirilən şəxs1 isə X7 tərəfindən hüquqi yardım göstərilmişdir. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişlər. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)- 294/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qərara əsasən 08 sentyabr 2020-ci il tarixdən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi 18 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi 18 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X14 və X5 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 120 (yüz iyirmi) manat olmaqla ümumilikdə 240 manat və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 və X4 vəkil işlədikləri Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 360 (üç yüz altmış) manat olmaqla, ümumilikdə 720 (yeddi yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Siyəzən rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Siyəzən rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 noyabr 2020-ci il tarixdən 16 noyabr 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və ona 01 (bir) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Nəsimi rayon məhkəməsinin 11.03.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 25 (iyirmi beş) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli tərbiyə müəssisəində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli 29.07.2021-ci il tarixdən hesablansın. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11.07.2021-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan “Samsung A10” markalı mobil telefon dövlət nəfinə müsadirə olunsun. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X10 və X5 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına hər biri üçün ayrı-ayrılıqda 120 (yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat və X4 və X1 vəkil işlədikləri Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına hər biri üçün ayrı-ayrılıqda 360 (üç yüz altmış) manat olmaqla, ümumilkdə 720 (yeddi yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-61/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-61/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver