Məhkəmə qərarları › İş №1(006)-611/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-611/2021

29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-611/2021 29.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Ağdam şəhəri, Novruzlu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16.11.2021-ci il tarixdə, saat 00.10 radələrində, ünvan 2 ünvanında, Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, şəxsi münasibətlər zəmnində sonuncuya baş və sağ qol nahiyələrindən yumruqla qəsdən vuraraq ona - sağ bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağın və sağ bazunun qançır-şişkınlik halında əziyi (hematoması), başın ənsə nahiyəsinin qançırı, boyun nahiyəsinin sıyrığı müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-cı ildən “BOSS” klubunda qəlyançı işləyib, lakin pandemiya ilə əlaqədar olaraq qəlyan satışı qadağan olunduğundan müvəqqəti olaraq işsiz qalmışıdır. Klubda işləyən zaman, orada barmen olaraq çalışan Zərərçəkmiş şəxs ilə tanış olmuş və bır müddət sonra onunla sevigili olduqdan sonra qeyri rəsmi olaraq birlikdə yaşamağa başlamışlar.15.11.2021-ci ıl tarixdə axşam saatlarında Günayın işlədiyi “Boss" klubuna getmiş, klubda olan zaman onunla barışmaq istəmiş Günay barışmaq istəmədiyini, başqa şəxslə danışdığını ona bildirmişdir. O, klubu tərk etmiş və Günayın saat 24.00-da klub bağlandıqdan sonra evə gedəcəyini bildiyi uçun kənarda dayanıb onu gözləmişdir 16.11.2021-ci il tarixdə saat 00-10 radələrində Günay işdən çıxıb evə gedən zaman, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospektində yerləşən “Bravo" marketin qarşısında ona yaxınlaşmış və söhbət edərək nə istədiyini bildirmişdir. Günay etiraz edən zaman, onun qolundan tutaraq, marketın yanında olan qaranlıq, heç kimin olmadığı hissəyə çəkmiş,sonra sonuncudan üzr istəyib, onu sevdiyini, barışmaq istədiyini bildirməsinə baxmayaraq, Günay onu təhqir edib oradan getmək istədiyi üçün bir anlıq əsəbləşdiyindən sonuncunun baş və sağ qolundan yumruqla zərbə vurmuş və bundan sonra Günay yıxılaraq ağladığı üçün peşman olub oradan uzaqlaşmışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını və barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 4 il əvvəl barmen işlədiyi “Boss" klubunda, qəlyançı işləyən Təqsirləndirilən şəxsla tanış olmuşdur. Bır müddət danışdıqdan sonra qeyri rəsmi olaraq birlikdə yaşamağa başlamışlar 2021-ci ilin oktyabr ayının sonunda, Elnur ona xəyanət etdiyi üçün onunla münasibəti pozulmuş və ayrılmışlar. Pandemiya ilə əlaqədar, qəlyan satışı qadağan olunduğundan Elnur işsiz qalmış və arasıra onun işlədiyi kluba gəlib gedirmiş. 15.11.2021-ci il tarixdə gecə saatlarında o, işdə olan zaman, Elnur kluba gəlmiş və ona yaxınlaşaraq barışmaq istədiyini bildirmişdir. O, buna etiraz edib, başqa şəxslə münasibət qurduğunu ona söylədikdən sonra, Elnur klubdan çıxıb getmişdir. Həmin gün gecə saat 24-00 da işlədiyi klub bağlandığından, o, təhvil təslim edib evə getmək üçün klubdan çıxmış və 16.11.2021-ci il tarixdə saat təxminən 00-10 radələrində, piyada, kirayə yaşadiğı evə gedən zaman, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospektində yerləşən "Bravo” marketin yanında Elnur onun qarşısına keçmişdir. Dərhal qolunu tutaraq, onu heç kimin olmadığı qaranlıq tinə çəkərək mübahisə etməyə başlamış və ona bildirmişdir ki, heç bir zaman, kiminləsə münasibət qurmağa ona imkan verməyəcək. Onun sözlərinə məhəl qoymayıb oradan getmək istəyən zaman, Elnur onun sağ qolundan və başından yumruqla zərbə vuraraq, saçını yolmuş bu zaman o, yıxılaraq ağlamış Elnur isə oradan uzaqlaşmışdır Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs şikayətçidir, əvvəllərdə onu döydüyü üçün onu bağışlamır bu səbəbdən də sonuncuya ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Sadələşdirilmiş icraat materialının 27-29-cu vərəqələrində olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin məhkəmə tibb ekspertizasının 04 dekabr 2021-ci il tarixli 1112 saylı rəyindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağın və sağ bazunun qançır-şişkinliyi halında əziyi (hematoması), başın ənsə nahiyəsinin qançırı, boyun nahiyəsinin sıyrığı bərk küt əşvanın təsirindən, qərarın təsviri hissisində göstərilən 16.11.202l-cı il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümımilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddilər. Sadələşdirilmiş icraat materialının 64-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 07 dekabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayandır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirini səmimi olaraq etiraf etməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar