Məhkəmə qərarları › İş №1(006)-62/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-62/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-62/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-102, ev 142, mənzil 18-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu ərazisində ünvansız evlərdə yaşamış, hazırkı iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,448 qram çəkidə narkotik vasitə heroini əldə edərək özündə saxlamaqla daşımış, 09 sentyabr 2022-ci il tarixdə Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 14:35-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 1,448 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 14:35-də Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məcidov küçəsində olarkən ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis əməkdaşları olaraq təqdim etdikdən sonra, onlar onun barəsində üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatlarının olduğunu bildirərək, onu Nəsimi RPİ-nin 21-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsinin xidməti otaqların birində onun hüquqları izah edilmiş və onun xahişi ilə dövlət hesabına hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edilmişdir. Daha sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış zamanı onun üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O da əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o da hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra üzəri tam olaraq yoxlanıldıqdan sonra heç bir qanunla qadağan edilən əşya tapılmamışdır. Ondan təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində nə olduğu soruşulmuş və o da həmin bükümdə olan maddənin heroin olduğunu və öz şəxsi istifadəsi üçün həmin gün “Sovetski” adlı yerdə “Əli” kimi özünü təqdim edən şəxsdən 55 manata aldığını demişdir. Törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu bildirərək, cəza təyini ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 09 sentyabr 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Diana» adlı şəxs üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlaması və daşıması ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və bölmənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə saat 14 radələrində əldə etdikləri məlumat əsasında ünvan 3 ünvanın qarşısında olarkən «Diana» adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin üzərində saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Daha sonra «Diana» adlı şəxsi Nəsimi RPİ-yə dəvət etmişlər. Orada olarkən «Diana» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və sonuncu onlarla birlikdə Nəsimi RPİ-nin 21-ci polis bölməsinə gəlmişdir. Polis bölməsinə gəldikdə tərəfindən raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması X8yə həvalə olunmuşdur. X8 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs qadın olduğu üçün Nəsimi RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin təşkili bölməsinin inspektoru X5 polis bölməsinə dəvət olunmuşdur ki, Diana Mehdiyevanın üzərində şəxsi axtarış keçirsin. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin təhqiqatçısı, polis kapitanı İlkin Nəbizadə tərəfindən tərtib edilmiş və Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1, həmin bölmənin əməliyyat müvəkkili Şahid2, mütəxəssis qismində dəvət edilmiş X6, Nəsimi RPİ-nin İTŞ-nin YYÇ-la PİTB-in inspektoru X7 və barəsində istintaq hərəkətləri aparılan Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 09 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan sellofan büküm aşkar olunaraq götürülmüşdür. (i/v 49-52). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4991 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş «Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,448 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i/v 57-60). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 5261 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v 110-111). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,448 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və qalıq qalan 1,398 qram hissəsinin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır. (i/v 134-139). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökmlə çəkilməmiş 06 ay 02 gün cəzası 03 ay 01 gün azadlıqdan məhrum elmə cəzası ilə əvəz edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i/v 106-107, 114-117). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i/v 25-26). İş materiallarına əlavə olunmuş Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən qəbul olunmuş “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. (i/v 83-85). İş materiallarına əlavə olunmuş 09 sentyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (i/v 86-87). İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-1/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün etirafı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmalı, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-1/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,398 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-535/2022 saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən xx.xx.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 18 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-1/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ilkin çəkisi 1,448 qram olmuş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,398 qram olan narkotik vasitə heroin məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar