Məhkəmə qərarları › İş №1(006)-622/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-622/2025

31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-622/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, H.ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şron” yaşayış kompleksi, blok 1, mənzil 103 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 iyun 2025-ci il tarixdə, saat 11 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, Kristal Abşeron” yaşayış kompleksinin həyətində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs əvvəlcədən aralarında olan sözlü mübahisə ilə əlaqədar heç bir əsaslı səbəb olmadan nalayiq ifadələrlə təhqir edərək ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək cəmiyyətə açıqca hörmətsizlik edib Zərərçəkmiş şəxs zor təbiq edərək əl və ayağı ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla sonuncuya sol dirsək oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan iri həcmli sirkulyar hematoması və əzilmiş yarası, sol bazunun sıyrıqları, sağ gicgah nahiyəsinin, sağ bazunun, sol budun, hər iki diz oynağı nahiyəsinin, sol baldırın qançırlarından ibarət dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2014-cü ildə tanış olmuş və onun təkidi ilə münasibət qurmuş, 2016-cı ildən isə birlikdə yaşamağa başlamışlar. İki aydan sonra Bəyimin ona aldığı telefon nömrəsini dəyişdiyindən onun səmimiyətinə inanmamış evdən getməsini tələb etmiş və onu Abşeron rayonu, Masazır qəsəbəsindəki evinə aparmışdır. Zərərçəkmiş şəxs qohumlarının yanında biabır olacağını bildirərək Təqsirləndirilən şəxs onu evdən qovmamağa görə yalvarmış və xadimə kimi evə buraxmasını xahiş etmişdir. Ələddin Hüseynov 500 manat müqabilində həftədə iki dəfə gəlib xidmət göstərməsinə razılıq vermişdir. Sonradan aralarında yenidən münasibətləri bərpa olmuş və 2024-cü ilin may ayınadək birliklə yaşamışlar. Zərərçəkmiş şəxs əxlaqsız qadınlarla münasibətlər yaratdığından buna görə Zərərçəkmiş şəxs mütəmadi olaraq xəbərdarlıq etməsinə baxmayaraq özünə nəticə çıxarmadığına görə dəfələrlə aralarında mübahisələr olmuşdur. Sonuncu mübahisədən sonra o əşyalarını yığıb evi tərk etmişdir. Zərərçəkmiş şəxs evi tərk etmə səbəbini ona verilən 500 manatın qane etməməsi, hansısa klinika rəhbəri ilə 7 il münasibətdə olduğunu, həmin şəxsdən 3000-4000 manat ala biləcəyi ilə izah etmişdir. Bundan sonra ayrılmış və iki ay danışmamışlar. Sonradan bəzi hallarda telefonla mübahisələri olmuşdur. 19 iyun 2025-ci ildə Zərərçəkmiş şəxs nömrəsini blokdan çıxarılmasına dair SMS göndərmişdir. O razılaşmadıqda Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etmişdir. 25 iyun 2025-ci ildə saat 11 radələrində yaşadığı ünvan 2şeron” yaşayış kompleksinin həyətinə düşən zaman Bəyimi görmüşdür. Bəyim onu görən kimi onun ünvanına söyüş ifadə etməklə İti addımlarla ona hücum çekmiş və telefonunda Ələddinin tanışı olan qadının fotoşəklini göstərməklə qadının yaxın qohumlarına melumat verəcəyi ile hədələmişdir. Qadının fotoşəklini telefonundan silmək üçün onun əlindən mobil telefonu almaq istəyəndə dartışmışlar. Təqsirləndirilən şəxs mühafizəçiləri çağırmış, Bəyimi polisə təhvil vermələrini xahiş etmişdir. Münaqişə yerinə kənar şəxslər toplanmışdır. Bəyim hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Bəyim xanımı çağırmamış, onun özü həmin ünvana gəlib evin blokundan çıxarkən onun qarşısını kəsmişdir. Həmin vaxt əlində telefon qışqıra-qışqıra üstünə gəlibdir. O, xanımı vurmamış, sadəcə xanımı saxlayıb mühafizəçiyə təhvil vermək istəmişdir. O, xanımı sürüməmişdir. Sonda Təqsirləndirilən şəxs özünü CM-in 128-ci maddəsi ilə təqsirli bilərək və zərərçəkmiş şəxslə barışmasını bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 11 ildir ki, tanıyır, onunla bir evdə qeyri-rəsmi nikahda yaşayıb. Ələddinin ailə üzvləri, bacıları, oğlu, qızı Bəyimi tanıyıb və münasibətlərini biliblər. Ələddinin arvadı da münasibətlərindən xəbərdar olub. Onların münasibətləri 2024-cü ilin may ayına qədər davam edib. Onunla yaşadığı müddətdə Ələddinlə ailə münasibətləri olub, lakin bununla belə bütün ailələrdə olduğu kimi aralannda mübahisələr olub və Ələddin son bir ildə onu 3-4 dəfə döyüb. 2024-cü ilin may ayında ayrılıblar. Aynldıqdan sonra Təqsirləndirilən şəxs “WhatsApp” proqramı vasitəsi ilə onu təhqir edib, bacısı ilə aralannda olan əmlak üstündə mübahisəyə qatmaq istəyib. Bacısına qarşı məhkəmədə izahat verib, bacısının onu incitməsini bildirməsini tələb edib, o isə Ələddinlə razılaşmayıb. Bununla əlaqədar Təqsirləndirilən şəxs “WhatsApp” tətbiqi vasitəsi ilə təhqiredici mesajlar göndərdiyindən 25 iyun 2025-ci il tarixdə onun yaşadığı Hüseynbala Əliyev küçəsində yerləşən "xxxx" MMC-nin həyətində olan binaya Ələddinlə danışıb hərəkətlərinə son qoymasını tələb etmək üçün gedib. Saat 11 radələrində Ələddin blokdan çıxanda ona yaxınlaşmaq istəyib, Ələddin onu görən kimi üzərinə hücum çəkərək təpiklə, yumruqla döyməyə başlayıb, aldığı zərbənin təsirindən yıxılanda onu yerlə sürüyüb və sonra mühafizəçiləri çağırıb. Mühafizəçilərə yalan olaraq onun guya oğurluq etmək üçün gəldiyini deyib. Mühafizəçilər onu Ələddinin əlindən alandan sonra qaçaraq gedib. Təqsirləndirilən şəxslə arasında mübahisə və onu döyməsi təxminən 5-10 dəqiqə davam edib. Hadisə yerinə toplaşmış kənar şəxslər Ələddindən onu buraxmasını xahiş ediblər. Ələddinlə yaşadığı müddətdə heç bir əxlaqsız qadınla münasibəti və heç bir klinika rəhbəri ilə tanışlığı olmayıb. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2025-ci ilin may ayından 2 ay müddətində "xxxx" MMC-də mühafizə rəisi vəzifəsində işləyib. Mühafizə xidmətini ünvan 3 ünvanda yerləşən "xxxx" yaşayış kompleksində aparıb. Vəzifə səlahiyyətlərinə binanın və sakinlərin əmlaklarını mühafizə etmək, birgəyaşayış qaydalarının təmin olunmasına nəzarət daxil olmuşdur. 23 iyun 2025-ci ildə, saat 11 radələrində postda Hikmət adlı mühafizəçi ilə kamera görüntülərinə nəzarət edərkən birdən həyətdən səs-küy, yəni qadın qışqırıq səsləri gəldiyini eşidiblər. Səs gələn yerə yaxınlaşdıqda kişi ilə qadının bir-birinin qolundan tutduqlarını görmüşdür. Xanıma vurulan zərbəni görməmişdir. Cinayət işinin 7-9-cu vərəqlərində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixi protokoldan görünür ki, hadisə yeri Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 117 ünvanında yerləşən "xxxx" yaşayış binalarının həyətidir. Cinayət işinin 18-20-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ tərəfindən verilmiş 901 nömrəli, xx.xx.2025-ci il tarixli rəydən görünür ki, tibbi müayinə zamanı Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol dirsək oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan iri həcmli sirkulyar hematoması və əzilmiş yarası, sol bazunun sıyrıqları, sağ gicgah nahiyəsinin, sağ bazunun, sol budun, hər iki diz oynağı nahiyəsinin, sol baldırın qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə törənə bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin 64-cü vərəqində olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 31 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2025-ci il tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 100-cü vərəqində olan “Qətimkan tədbii seçmək və müvəqqəti saxlama yerindən azad etmək barədə” 02 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs varəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi və onun dərhal Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 119-cu vərəqində olan “Götürmə aparılması barədə” 18 avqust 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin mühafizə xidmətinin rəisi tərəfindən 1 ədəd diskə köçürülmüş, ünvan 6 ünvanında yerləşən "xxxx" yaşayış binasının həyətində quraşdırılmış müşahidə kamerasının görüntüləri götürüldü. Cinayət işinin 120-ci vərəqində olan “Baxış keçirilməsi barədə” 25 avqust 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı yaşayış binasının həyətində bir qadının yolla binanın sağ hissəsinə tərəf hərəkət etməsi və qarşılaşdığı kişinin onu yerə yıxması, qadının bir neçə dəfə qalxmağa cəhd etdikdə kişinin boynundan, belindən güc tətbiq edərək saçlarından dartmaqla imkan verməmsi, əli ilə onu vurması, sürüməsi, ətrafa kənar şəxslərin toplaşaraq müşahidə etmələri, iki nəfərin yaxınlaşaraq onları ayırdıqdan sonra qadının ayağa qalxaraq qaçması müşahidə edilmişdir. Cinayət işinin 126-129-cu vərəqlərində olan “Götürmə və baxış keçirilməsinə dair” 01 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi məlumatlar köçürülmüş 1 ədəd yaddaş kartı qəbul edildi və məlumatlara baxış keçirmək üçün xidməti otaqdakı «HP» markalı kompüterin prosessorunda olan yadaş kartı yuvasına yerləşdirildi və kartda «Foto», «Səs» və «Video» adlı qovluqların olması müəyyən edildi. «Video» adlı qovluq açılarkən həmin qovluqda «X1» adlı 35 faylın olması məlum oldu. Həmin fayllar da bir-bir açıldı və görüntülərdə zərərçəkmiş Zərərçəkmiş şəxs mənzildə, avtomobildə, toyda, restoranlarda təqsirləndirilən Təqsirləndirilən şəxslə bir yerdə mehriban münasibətlərdə olmaları, Zərərçəkmiş şəxs onun xəstə qohumuna qulluq etməsi, qohumları ilə bir yerdə görüntüləri aşkar edildi. «Foto» qovluğu açılarkən Təqsirləndirilən şəxslə birlikdə olan fotoları müəyyən oldu. Zərərçəkmiş şəxs bildirdi ki, təqdim olunan videogörüntülər onun Təqsirləndirilən şəxslə rəsmi nikahları olmadan ərarvad kimi bir yerdə yaşamalarını, qohumlarının bundan məlumatlı olmasını təsdiq edir. Bundan sonra «Səs» qovluğu açıldı və qovluqda «X2» adlı 45 faylın olması məlum oldu. Fayllarda əsasən Təqsirləndirilən şəxs «Whats App» proqoramı tətbiqindən istifadə etməklə Zərərçəkmiş şəxs göndərdiyi səsli mesajlar müəyyən olundu. Həmin mesajlar birbir səsləndirildi. Səsli mesajların əksəriyyətinin məzmunundan məlum oldu ki, həmin mesajlar Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisədən sonra göndərilmişdir. Birinci fayldakı səsli mesajda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadıqları evdən hansısa qadına görə getməməsini, Zərərçəkmiş şəxs bütün qadınlardan onun üçün üstün olmasını, üzərində haqqı olmasını, ona baxmasını, haqqını itirməyəcəyini, bəlkə nə vaxtsa fikirləşib onun yanına qayıdacağını bildirir. 2-ci fayldakı mesajda heç bir qadınla görüşməməsini söyləyir Zərərçəkmiş şəxsm nəlayiq ifadələrlə təhqir edir. Polisə şikayət üçün gəlməsini, lakin qəbul edilməməsini bildirir. 3-4-cü fayllardakı səsli mesajlarda mahnı oxuyur və Zərərçəkmiş şəxsm və Naxçıvanda yaşayan Zülfiyə adlı qadının ünvanına nəlayiq ifadələr işlədir. Hər ikisinə hədə-qorxu gəlir. 5-ci səsli mesajda Təqsirləndirilən şəxs heç bir qadınla görüşməməsini, Bəyimin hansısa qadına görə evdən getməməsini, aralarında anlaşılmazlıq olmasını, buna baxmayaraq Bəyimin onun üçün şəxsiyyət olmasını söyləyir. 6=cı fayldakı səsli mesajda statüsda olanın ona aid olmaması səbəbindən Zərərçəkmiş şəxs üzür istəyir. 7-ci fayldakı səsli mesajda Zərərçəkmiş şəxs Qaraşdan və Rövşəndən əl çəkməyi, onlardan şikayət etməməyi, onların Bəyimə təsir etməmələrini, ancaq şikayət ərizəsini götürmək barədə xahiş etmələrini, onlara Bəyimi layiqli adam kimi təqdim etməsini, Bəyimin isə iç üzünü göstərməsini, Bəyimin ərizəni götürəcəyini vəd etsə də, əksinə hərəkət etməsini, istintaqda 2 gün saxlanılmaqla cəzasını aldığını, işin məhkəməyə göndəriləcəyini, Bəyimin fikrincə 10 il müddətinə azadlıqdan məhrum ediləcəyini, işə onun şikayəti əsasında qanunla baxılacağını bildirir, Rövşənə, Qaraşa mesaj yazmamasını tələb edir. 8-ci fayldakı səsli mesajda Bəyimdən ərizəni geri götürməyi xahiş etməsini, lakin nə onun, nə Qaraşın buna görə Bəyimə yalvarmamalarını, Bəyimin ərizəni götürməyə razılıq versə də götürməməsini. Onun nömrəsini bloka salacağını söyləyir. 9-cu 10-cu fayllardakı mesajlarda ərizənin geri götürülməsi ilə bağlı Qaraşın ona yalvarmamasını, Təqsirləndirilən şəxs qohumu olduğu üçün xahiş etməsini davam etdirir. 11-ci fayldakı səsli mesajda barışmaq üçün pəncərəsinin altında dayanmasını, lakin Bəyimin nakişilik, namərdlik etdiyindən həbs olunsa belə, bir daha onunla münasibətlər qurmayacağını söyləyir. 12-15-ci fayllardakı səsli mesajlarda iş üçün əhəmiyyət kəsb edən məlumatlar yoxdur. 16-cı fayldakı səsli mesajda Bəyimə görə 2 gün həbsdə saxlanmasını, həmin hərəkətləri ilə Bəyimin namərdlik etməsini, bundan sonra ərizənin geri götürülməsini istəməməsini bildirir. 17-ci fayldakı sesli mesayjın işə heç bir aidiyyəti yoxdur. 18-ci fayldakı səsli mesajın mətni: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsm nəlayiq ifadələrlə təhqir etməsindən ibarətdir. 19-cu fayldakı səsli mesajda da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsm nəlayiq söyüşlərlə təhqir etməklə şikayətin qanunla həll ediləcəyini, Bəyimin onun evindən dəfələrlə oğurluq etməsi barədə məlumat verir, nə üçün onun zənglərinin blokdan çıxartdığını soruşur. 20-ci fayldakı səsli mesajda Zərərçəkmiş şəxsm və ikinci şəxsi nəlayiq söyüşlərlə təhqir edir. 21 ci fayldakı səsli mesajda Bəyimin zənglərinin blokda olmaması barədə məlumat verir. 22-ci fayldakı səsli mesajda Bəyimin polislərlə əlaqəyə girib istənilən şəxsi tutdura biləcəyini söyləyir. 23-cü fayldakı səsli mesajda Bəylme İstəyirsə çay İçməyə geleceyini bildirir. 24-25-ci fayllardakı səsli mesajlarda isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsm nəlayiq söyüşlərlə təhqir edir, onu cana yığdığını Zülfiyə ilə ona pis olacağını bildirir. 26-cı fayldakı səsli mesajda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsm təhqir edərək ərizəsini geri götürməyi, izahatında Zülfıyənin onu qızışdırmasını bildirməyi, ancaq həmin halda onu qoruyacağını, onun dedikləri düz yol olmasını söyləyir. 27-ci fayldakı səsli mesajda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsm nəlayiq söyüşlərlə təhqir edir, bacısı ilə birləşib onun tutdurmaqlarını, həyatını məhv etdiklərini bildirir. Ona bir daha yazmamasını, səsli mesaj göndərməməsini deyir. 28-ci faldakı səsli mesajdan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsm nəlayiq ifadələrlə təhqir etməsi məlum olur. 29-cü fayldakı səsli mesaj təkrar yazılmışdır. 30 və 31ci fayllardakı səsli mesajlar hədə-qorxudan, insan alveri ilə məşğul olan Kərim barədə məlumat verərəcəyindən ibarətdir. 32-ci fayldakı səsli mesajda Təqsirləndirilən şəxs nəvəsi Humayla evə gəlməsini, nəvəsinin «kotinin» harada olmasını soruşmasını, ona köçdüyünü bildərəndə Ələddinə kimin baxacağını soruşduğunu deyir. 33-cü fayldakı səsli mesajdan məlum olur ki, həmin mesaj Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən göndərilmişdir. Həmin mesajda Təqsirləndirilən şəxs mesajı göndərdiyi şəxsə Bəyimlə hər an onun yanında olması, heç kimdən pul almaması, heç kimə pul verməməsi barədə müqavilə bağladığını. Lakin ay yarım keçməmiş Bəyimi başqası ilə danışanda tutduğunu, kimdənsə pul aldığını bundan sonra onunla münasibətlərə son qoyduğunu, Bəyimin baxıcı ikimi onun evində qalmasına görə yalvarmasını, Bəyimə daha onun qadını olmamasını elan etməsini bildirir. 34-cü fayldakı səsli mesajda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bildirir ki, əgər müstəntiqə ər-arvad kimi yaşamalarını, başqa qadınla da əlaqələri olduğunu bilib küsüb getdiyini, qısqandığını, həyətdə təsadüfən görüşərkən Ələddinə buna görə iradını bildirməsini, mübahisə edib birbirlərini itələmələrini və bu səbəbdən yıxıldığını, Ələddini artıq bağışladığını bildirsə idi, məsələ həll olunmuşdur. Həmçinin Bəyimin bir neçə gündür Quba rayonunda kef etməsini, qayıdıb onu narahat etməsini bildirməklə, müstəntiqə həmin izahatı yazmasını tələb edib, əks halda ondan əl çəkməsini söyləyir. 35-ci fayldakı səsli mesajda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun dediklərini elədiyi halda, ona qarşı danışmayacağını bildirib təhqir edərək onun zənglərini bloklayağağını söyləyir. 36-cı fayldakı səsli mesajda Zülfiyənin dediklərinin univermaqda keçməməsini, Bəyimin axıra qədər onun yanında olduğu halda mükafatlandırılacağını, bildirib. Zülfiyə ilə əlbir olmasına görə xəbərdarlıq edir. 37 və 38-ci fayllardakı səsli mesajlar təkrar olunduğu üçün təsvir etməyə ehtiyac qalmır. 39-40-cı fayllardakı səsli mesajlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsm nəllayiq sözlərlə təhqir etməklə Sevilin vəfat etməsinin il mərasimində qadınların arasında başına oyun açacağı, yerlə sürüməklə hədələyir. Ərizəsinə bölmədə baxıldıqdan srenra rayona veriləcəyini orada tutulacağını söyləyir. 41-42-ci fayllardakı səsli mesaj Təqsirləndirilən şəxs tərəfindən yox, naməlum qadın tərəfindən göndərilmiş və iş üçün əhəmiyyəti yoxdur. 43-44-cü fayllardakı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göndərdiyi səsli mesajlarda onu təşqir etməklə yanaşı, hadisə barədə özünün heç bir yaxınına, tanışına məlumat vermədiyi halda, Bəyimin başqalarına məlumat verməsini, barışmaq üçün olan yerləri qapatmasını, məhkəmənin ona cərimə cəzası təyin edəcəyini, ərizəsini geri götürmək əvəzinə, polis əməkdaşı ilə əlbir olmasını, ona 221-ci maddənin verilməsini, bundan artıq pislik edə bilməyəcəyini söyləyir. 45-ci fayldakı səsli mesajdan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs münasibətlərinin hansı səbəbdən pisləşməsi məlum olur. Həmin səsli mesajdan müəyyən olur ki, Təqsirləndirilən şəxs Əsədulla adlı şəxsə Zərərçəkmiş şəxs fikrini dəyişməsi, Ələddinin bacısı prokurorluqdan çıxandan sonra ona təzyiq səbəbindən şahidlik eləməyəcəyini, ancaq mənzilin açarlarını yaşamaq üçün ona verdiyi halda şahidlik edəcəyini bildirməsini söyləyir və Zərərçəkmiş şəxs da onu şantaj edənlərin Vüsalə, Zülfiyə, Orxannın siyahısına daxil edib bu barədə ərizə yazılmasının mümkünlyü ilə maraqlanır. Baxışda iştirak edən Bəyim 'İbrahimovanın protokola daxil olunası qeydləri: Təqsirləndirilən şəxs bacısı ilə olan əmlak mübahisəsinə görə ondan bacısına qarşı şahidlik etməyi tələb etmişdir. Zərərçəkmiş şəxs razılışmayanda onu nəlayiq söyşlərlə təhqir etməyə başlamışdır. Zərərçəkmiş şəxs onu təhqir etməsinin səbəblərinə aydınlıq gətirmək üçün Təqsirləndirilən şəxs yaşadığı binanın həyətinə gəlmiş və gözləməyə başlamış, binanın blokundan çıxan Təqsirləndirilən şəxs onu görən kimi hücum çəkərək sonra əli ilə təpiklə vurmuş, yerə yıxmış, saçından tutaraq yerlə sürümüşdür. Bununla əlaqədar verdiyi şikayət ərizəsi əsasında tutulmuş və azad olunduqdan sonra dostları və özü ondan ərizəni geri götürməyi tələb etməyi tapşırmışlar. Ərizəni götürməyəndə də onu təhqir etmişdir. Cinayət işinin 146-cı vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 147-ci vərəqində olan “Sübutların təhlili, bir-biri ilə müqayisə edilməsi və əmələ hüquqi qiymət verilməsi barədə” 10 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, hadisənin baş verdiyi anların görüntülərinin köçürüldüyü 01 ədəd DVD disk və 01 ədəd yaddaş kartının maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2025ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir və cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas hesab edilir. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayətinin və xuliqanlıq niyyətinin şərhini verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə görə, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır (“B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarı). Bundan başqa, xuliqanlıq cinayətinin subyektiv cəhətini (mens rea) şərh edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsinin yuxarıda təsvir edilmiş hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarında da vurğunlanmış, müvafiq olaraq məhkəmələrə tövsiyə edilmişdir ki, onlar diqqətini xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb etsinlər. Məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər (“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № 1, § 3, 23 mart 2004-cü il ). Məhkəmə ilk növbədə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Cinayət işinin mübahisəsiz hallarına nəzər yetirildikdə müəyyən edilir ki, təqsirləndirilən şəxs Əlləddin Əliyev və Zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadələrə əsasən, onlar bir-birlərini əvvəldən tanıyırlar, aralarında yaxın münasibətlər yaranmışdır və bu münasibətlər zəmində problemləri olmuş, əmlak məsələsi ilə bağlı aralarında mübahisə mövcuddur. Təqsirləndirilən şəxs 23 iyun 2025-cü il tarixdə saat 11 radələrində ictimai yer hesab edilən ünvan 9 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etməklə, Zərərçəkmiş şəxs sol dirsək oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan iri həcmli sirkulyar hematoması və əzilmiş yarası, sol bazunun sıyrıqları, sağ gicgah nahiyəsinin, sağ bazunun, sol budun, hər iki diz oynağı nahiyəsinin, sol baldırın qançırlarıdan ibarət xəsarətlər yetirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törətməsi məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmadığını, baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş islah işləri (həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və içərisində hadisənin görüntülərini özündə əks etdirən videogörüntü olan 01 ədəd disk və 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia sübut yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçiya məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Universal» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü islah işlərinin dörd gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş islah işləri cəzasından çıxılsın və üzərində aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və içərisində hadisənin görüntülərini özündə əks etdirən videogörüntü olan 01 ədəd disk və 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar