Məhkəmə qərarları › İş №1(006)-623/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-623/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-623/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X5, o, uşaqla ünsiyyət məqsədilə xx.xx.2024-cü il tarixdə birgə mülkiyyətdə olan mənzilə gedən zaman əvvəldən planlı şəkildə hazırlaşaraq övladlarını ona verməkdən imtina etmiş və bununla yetinməyərək ona təhqir dolu sözlər işlədərək qonşularının yanında onun Gülşəni döyməyi barədə böhtan atmışdır. Bu zaman adlarını bilmədiyi 3 qonşu qarşısında onun Gülşəni vurmağı barədə hay küy salmış, blokun 1-ci mərtəbəsində hay-küy salaraq onun Gülşəni öldürəcəyi barədə absurd xarakterli böhtan atmış və blokun çölündə isə “Qoymayın məni öldürürlər” deyə ətrafa səs salaraq onu cinayətkar kimi qələmə vermişdir. Nəticə etibarı ilə övladları ciddi psixoloji sarsıntı keçirmiş və övladlarını ona verməkdən imtina etmişdir. Daha sonra qonşuları narahat etməmək üçün o oradan uzaqlaşaraq ayrılmışdır. X1 atası Məhərrəm Qurbanov ilə sövdələşərək 102 xidmətinə zəng edərək onun Gülşəni döyməsi və başına xəsarət yetirərək kəllə-beyin travması verməyi barədə şikayət etmişdir. Gülşən Qubanovanın atası təcili tibbi yardıma zəng edərək eyni məsələni onlara bildirmiş və bununla da atdığı böhtanı saxta yollarla əsaslandırmaq istəmişlər. Elə həmin gün o, polis bölməsinə çağırılmış və onun təqdim etdiyi audio və video sübutlar onun dediklərinin yalan və böhtan olduğunu ortaya çıxarmışdır. X5 özü də onun şikayəti əsasında Yasamal İcra şöbəsinə verdiyi izahata əsasən böhtan atılmasını təsdiq etmişdir. Buna əsas səbəb isə onun övladları ilə olan ünsiyyətə mane olmaq və onu bir cinayətkar ata kimi övladlarına təbliğat aparmasıdır. Bu səbəbdən o, övladları ilə ünsiyyətdə ciddi problemlər yaşayır. X5 28-ci Polis bölməsinə verdiyi izahatda da onun Gülşəni vurmadığını bildirmiş və ona böhtan atıldığı müəyyənləşmiş və Yasamal RPİ-nin 28-ci PŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı Kamran Cavadov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan da aydın görünür. Ümumiyyətlə, Gülşən Qurbanovanın böhtan xarakterli əməlləri bitmək bilmir. G.Qurbanova onu "xxxx" MTK-nın ofisinə gedərək hay-küy salmaqla onu cinayətkar adlandırmış, övladlarının təhsil müəssisələrinə gedərək onun cinayətkar olduğunu bildirərək onu ora buraxmamağı tələb etmiş, 28-ci Polis bölməsinə gedərək sözdə onun atasını təhqir etməyi barədə ərizə yazmış (Yasamal RPİ-nin 28-ci PŞ-nin baştəhqiqatçısı, polis baş leytenantı Kamran Cavadov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rəddedilməsi haqqında” qərar) və yalan olduğunu bilə-bilə böhtan atmış, bu əməllərə əlavə olaraq xx.xx.2024-cü il tarixdə övladları ilə ünsiyyət məqsədilə getdiyi birgə mülkiyyətli mənzildə qonşulara (5 nəfərin iştirakı ilə) onun Gülşəni vurmağı barədə böhtan atmış və yalandan 102 xidmətinə zəng edərək yalan məlumat verməklə Hüquq mühafizə orqanlarını məşğul etmişdir. Gülşən Qurbanova onun ailəli olmağından hiddətlənərək “sən ailə qurmasa idin, mən 3 ay sonra səni bağışlayacaqdım” (baxmayaraq ki, ona qurma xarakterli böhtan atmış, onun Gülşənə xəsarət yetirmədiyi halda özünə müxtəlif xəsarətlər yetirmiş və ona cinayət işinin açılmasına nail olmaqla onu şantaj etmişdir) deyərək qısqanclıq xarakteri olaraq sosial şəbəkədə profil yaradaraq onunla danışıqla onu hiddətləndirmək istəmiş və onu cinayətə təhrik etmək istəmiş, daha sonra qızını öyrədərək həyat yoldaşında bilərəkdən stress yaradaraq övladının ölməsinə səbəb olmuş, cehiz əşyalarını bilərəkdən çıxarmayaraq və evdəki əşyaların hamısını qeyd etməklə onun ailəsində münaqişə yaratmaq istəmişdir. Bir vətəndaş olaraq hesab edir ki, Gülşən Qurbanovanın böhtanları bitməyərək davamlı xarakter olacaqdır. Bu səbəbdən ikinci dəfə eyni əməli təkrarladığı üçün (onun tərəfindən xüsusi ittiham qaydasında G.Qurbanovaya qarşı ittiham irəli sürülmüşdür) vətəndaş məsuliyyətə cəlb edilməlidir. Buna sübut olaraq Gülşən Qurbanovanın ona 3 qonşunun qarşısında böhtan ataraq onun Gülşəni vurmağını deməsi, yalan olduğunu bilə-bilə 102 xidmətinə zəng edərək vurduğunu deməsi və daha sonra təhqiqatçıya bunun əksini bildirməsi, Nəsimi icra şöbəsinə yazdığı izahatda da bunu imzası ilə təsdiq etməsi, onun 28-ci Polis bölməsinə çağırılaraq günahsız olmağını sübut etdikdən sonra yalan danışdığını boynuna almasıdır. Hesab edir ki, təcili tibbi yardımdan saxta sənəd alınması üçün etdiyi addımlar və bunu izahatında da təsdiq etməsi ona böhtan atmasının və onu təsdiq etməsi üçün sənəd toplamağa cəhd etməsi (bunu izahatda da qeyd etməsi), özünə bilərəkdən xəsarət yetirməklə ona qarşı cinayət işinin açılmasına nail olmaq idi. Bundan əlavə övladlarının qarşısında da onu pis valideyn kimi qələmə vermək niyyəti güdür. X2 əməllərindən o və ailəsi ciddi problemlər yaşayır. Onun haqlı tələblərinə mane olmaqla, övladlarına xəsarət yetirməklə və bilavasitə şər-böhtan xarakterli əməlləri ilə ona həm maddi və mənəvi ziyan vurur. Yasamal RPİ-nin 28-ci PŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı Kamran Cavadov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Gülşən Qurbanova tərəfdən verilən izahatdan aydın görünür ki, o əsəbi olduğundan onun Gülşəni vurduğunu və xəsarət yetirdiyini bildirmiş, bundan başqa, qonşuların da yanında onun Gülşəni vurduğu barədə böhtan atmış (bu barədə video sübut vardır), bununla yetməyərək binanın qarşısına çıxmaqla “məni öldürmək istəyirlər” deməklə böhtanını davam etdirmək istəmişdir. (bu barədə audio sübut vardır). Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin 1 və 2-ci hissələrinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyamızın 63-cü maddəsinin 1-ci hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2014cü il tarixli qərarının 1-ci bəndinə əsasən, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasmm Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarın 2-ci bəndinə əsasən, hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 5-ci bəndinə əsasən, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Azərbaycan Respublikasmm Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - 1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasmm Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasmda cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul edildiyi andan açılır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri, həmçinin xüsusi ittiham qaydasında şikayətlərə baxırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət tərkibi yaradan əməllərdir. X5 hərəkətləri ilə ona qarşı Azərbaycan Respublikası CM-nin 147-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Ona görə də, X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2 maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Göstərilənləri nəzərə alaraq, X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində qanunvericiliyin tələbi ilə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun izahat verib, əlavə olaraq 2023-cü ildə Gülşən Qurbanova ilə nikahları pozulduqdan sonra sonuncu onun övladları ilə görüşünə maneələr yaradır, hər dəfə övladları ilə görüşərkən guya onun Gülşənə xəsarətlər yetirməsi və təhqir etməsi barədə yalan məlumatlar verir və yaxud polisə əsassız olaraq şikayətlər edir. Halbuki, Gülşən Qurbanovanın şikayətləri əsassız olduğundan polis tərəfindən cinayət işinin başlanması rədd edilmiş və sonuncunun yalan məlumatlar verməsi sübut olunmuşdur. Gülşən Qurbanova onun yenidən ailə qurmasını qısqanaraq onun və ailəsinin rahatlığını pozmaq üçün şikayətlər etmişdir. Bundan əlavə, Gülşən Qurbanova övladını “öyrədərək” onun evinə göndərmiş və övladının dediyi sözlərdən və hərəkətlərdən sonradan ailə qurduğu həyat yoldaşının hamiləlik dövründə stres yaşamasına səbəb olmuşdur. İzahatının sonunda şikayətin icraata qəbul edilməsini və X2 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş şəxs X5 böhtan xarakterli hər hansı məlumatlar vermədiyini, polisə əvvəllər verdiyi şikayət üzrə Samir Hacıyev barəsində tədbir görüldüyünü, sonradan Samir Hacıyevin verdiyi xüsusi ittiham qaydasında ilkin şikayəti rədd edildikdən sonra ona qarşı və atasına qarşı sonuncu tərəfindən təhqir xarakterli ifadələr işlədildiyini, buna görə də, edilən təhqirlərə görə Samir Hacıyevə irad bildirdiyinə görə aralarında mübahisə yarandığını, onun polisə verdiyi məlumatların böhtan olmadığını bildirərək xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayət ərizəsində X3 istinad edilən əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulubpozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə qeyd edir ki, xüsusi ittihamçı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin şikayət ərizəsinə mötəbər sübut və dəlil əlavə etməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətin məzmunundan, xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən, şikayətdə göstərilən cinayətin harada, nə vaxt və necə törədilməsi, törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər mötəbər sübutlarla təsdiq edildiyi əks olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Beləliklə də, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar