Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-63/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X9 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Vüqar oğlunun iştirakları ilə xx.xx.2002-ci ildə Rusiya Federasiyası, X1 anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmamış, Rusiya Federasiyası, X2, Surqut şəhəri, Lenin küçəsi, ev 31, mənzil 37-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, ev 03, mənzil 105-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Vüqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Vüqar oğlu xx xxxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 194 saylı ünvanda yerləşən binanın qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək Zərərçəkmiş şəxs ilə əsaslı səbəb olmadan mübahisə etmiş, silah qismində istifadə etdiyi bıçaqla sonuncuya zor tətbiq edib bədən nahiyəsindən iki dəfə vuraraq ona bel və sol qalça nahiyələrinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Vüqar oğlu ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə, günorta saatlarında tanışı Anar ona zəng edərək Arazın təhsil aldığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında başqa bir tələbə ilə aralarında mübahisə yarandığını və saat 18 radələrində metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında görüşüb söhbət edəcəklərini bildirmişdir. Onlarla yaxın olduğundan o, həmin vaxtda tanışı Ramazan, Araz və Anar ilə birlikdə qeyd olunan ünvana getmişdir. Bu zaman tanışı Vahid və Rəsul da onlara qoşulmuşdur. Bir müddət sonra əvvəllər tanımadığı Arazla mübahisəsi düşmüş Zahid və onun dostu Bakir də ora yaxınlaşmışdır. Onlar birlikdə yaxınlıqdakı kafeyə getmiş, orada Araz ilə Zahid aralarındakı məsələni həll edib barışmışdır. Lakin onların arasında heç bir dava olmamış və Zahidlə Bakir mübahisəsiz sakitcə çıxıb getmişdir. Saat 18:30 radələrində o, Anar, Araz və Rəsulla bərabər metronun “Memar Əcəmi” stansiyasının ərazisində olarkən “Piramida” adlanan yerin yaxınlığındakı parkda bir neçə nəfərin sözlü şəkildə mübahisə etdiklərini görmüşlər. Ramazan, Anar və Rəsul onlara yaxınlaşmış, o, Araz və Oruc isə kənarda dayanmışlar. Bu zaman sonradan adını bildiyi Cavidan ilə Rəsulun dalaşdığını görüb onlara yaxınlaşmış və bu dəfə də onunla Cavidan arasında dava düşmüşdür. Rəsul yumruqla Cavidanın üz nahiyəsinə bir dəfə zərbə vurmuş, sonuncunun yanındakı, sonradan adını bildiyi Mirəbülfəz də davaya müdaxilə edərək onunla mübahisə etməyə başlamışdır. Onlar yerdə güləşməyə başladıqda kimsə “polis” deyə qışqırdıqda, oradan dərhal uzaqlaşıb 3-cü mikrorayon dairəsi yaxınlığındakı beşmərtəbəli binaların həyətinə girmişlər. Bu vaxt onunla Cavidan arasında yenidən mübahisə yaranmış və o, üzərində olan açılıb-bağlanan bıçağı çıxardaraq sonuncunun bədəninin sol yan tərəfindən zərbə vurub bıçağı hadisə yerinə atmaqla oradan cəld qaçmışdır. Bundan sonra o, Ramazan, Rəsul, Oruc və Anarla birlikdə 3-cü mikrorayon dairəsinə getmiş və onların ardınca bir nəfər şəxs gəlib onu kənara çəkərək söhbət etmək istədiyini söyləmişdir. O buna razı olmayıb getmək istəmədiyini deyəndə, bıçaq səsini eşitmiş və həmin şəxs bıçaqla onun sağ bud nahiyəsindən vuraraq qaçıb getmişdir. O, ayağından qan axdığını gördüyündən özünü pis hiss etmiş, Ramazan da onu taksiyə mindirdikdə o, huşunu itirmiş və özünə gəldikdə xəstəxanada olduğunu görmüşdür. Sonradan onu vuran şəxsin əvvəllər tanımadığı Şahid1 olduğu məlum olmuşdur. Mübahisə ilk olaraq kofta üstündə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında başlamış, orada dalaşan şəxsləri əvvəllər tanımamışdır. Sonrakı dava isə 3cü mikrorayon dairəsi ərazisində baş vermiş, lakin hər iki mübahisə vaxtı o, nalayiq söz işlətməmişdir. Hazırda zərər çəmiş şəxslə barışmışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Şahid1 birlikdə Texniki Humanitar liseyində oxuduqları vaxtdan, həmçinin Şahid2 orta məktəbdən, onun vasitəsilə də dostu Mirəbülfəzi tanımışdır. xx xxxxxxx 2019-cu il tarixdə, günorta saatlarında metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında Muradla birlikdə “Söhbət çay evi” adlı kafedə çay içdikdən sonra oradan çıxarkən 3-cü mikrorayon dairəsi istiqamətində 15-20 nəfər şəxsin qaçdığını görmüşdür. Həmin şəxslərdən Mirəbülfəzlə İbrahim onlara yaxınlaşıb aralarında dava düşdüyünü, bu zaman sonuncu döyülərək xəsarət almasını və üzərinə bıçaq çıxarılmasını bildirərək onlardan kömək istəmişlər. O, Murad, İbrahim və Mirəbülfəzlə birlikdə beşmərtəbəli binaların həyətinə daxil olub oradakı tanımadığı şəxslərdən nə üçün bıçaq çıxardıqlarını soruşanda, ona məlum olmuşçdur ki, bu hərəkəti edən Təqsirləndirilən şəxsdır. Sarvandan bunun səbəbini soruşanda aralarında mübahisə başlamışdır. Bu vaxt Sarvanın sağ əli ilə onun qarnının sol yan tərəfindən vurmuş, zərbənin təsirindən o, küt ağrı hiss etmiş, sonuncu ikinci dəfə eyni yerdən vurub çəkiləndə isə onun əlində bıçağın tiyəsini görmüşdür. Murad da yanında olmuş və onu əli ilə kənara çəkmişdir. O qarın nahiyəsinin sol yan tərəfindən qan axdığını görüb özünü itirmişdir. Murad da ondan axan qanı görmüş, Sarvan isə oradan qaçmışdır. Murad əyilib yerdən nəsə götürüb Sarvanın ardınca getmişdir. Mirəbülfəz də onlara qoşulmuşdur. O isə əynindəki alt paltarını çıxarıb qan axan nahiyəyə tutaraq oradan uzaqlaşmışdır. Saat 23 radələrində Murad ona başqa nömrədən zəng etmiş, onlar 9-cu mikrorayon ərazisində görüşdükdə isə ondan uzaqlaşıb Sarvanın ardınca getdikdən sonra onu bıçaqla vurduğunu söyləmişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığından ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə, günorta saatlarında metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında Cavidanı görüb onunla çay içmək qərarına gələrək “Söhbət çay evi” adlanan kafedə oturmuşlar. Kafedən çıxarkən 3-cü mikrorayon dairəsi istiqamətində 15-20 nəfərin qaçmasını görmüş, həmin şəxslərin arasından Mirəbülfəzlə İbrahim ona yaxınlaşaraq dava düşdüyünü və sonuncunun döyülərək xəsarət almasını, üzərinə bıçaq çıxarılmasını bildirərək onlardan kömək istəmişlər. O, Cavidan, Mirəbülfəz və İbrahim ilə birlikdə beşmərtəbəli binaların həyətinə daxil olub orada tanımadığı şəxslərə yaxınlaşaraq nə üçün bıçaq çıxarılmasını soruşmuşlar. Mirəbülfəz Sarvanı göstərib bıçağı onun çıxartdığını demişdir. Cavidan ondan bunun səbəbini soruşanda, aralarında mübahisə başlamışdır. Sarvan əli ilə Cavidanın bədən nahiyəsinə iki dəfə zərbə vurmuş, Cavidanın qarın nahiyəsindəki qanı və yerdəki bıçağı görəndə məsələni başa düşmüşdür. O, yerdəki bıçağı əlinə götürüb əynindəki köynəyinin bilək tərəfindən içərisinə keçirmiş və Cavidanı nə üçün vurduğunu aydınlaşdırmaq üçün Mirəbülfəzlə bərabər Sarvanın ardınca getmişdir. 3-cü mikrorayon dairəsi ərazisinə gəldikdə Rəsula yaxınlaşıb Cavidanı vuran şəxslə söhbət etmək istədiyini bildirmiş, sonuncu həmin şəxsin Sarvan olduğunu demişdir. O, Sarvana yaxınlaşıb götürdüyü bıçaqla onun sağ bud nahiyəsindən bir dəfə vurmuş və Mirəbülfəzlə hadisə yerindən qaçaraq uzaqlaşmışlar. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 17 radələrində tanışı Sarvan ona zəng edib digər tanışları Arazın oxuduğu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bir nəfər tanımadığı şəxslə arasında sözlü mübahisəsinin düşdüyünü və saat 18 radələrində metronun “Memar Əcəmi” stansiyası ərazisində görüşüb məsələni həll edəcəklərini bildirmişdir. Saat 18 radələrində qeyd olunan ünvana gəldikdə Ramazan, Araz, Anar, Sarvan və Vahid orada olmuş, bir qədər sonra tanımadığı iki nəfər şəxs də onlara qoşulmuşdur. Burada Arazla mübahisəsi düşənin Zahid, yanında gələnin isə Bakir olması məlum olmuşdur. Onlar birlikdə yaxınlıqdakı kafeyə getmiş, orada Arazla Zahid öz aralarında danışıb barışmışlar. Zahidlə Bakir getdikdən sonra o, Anar, Araz və Sarvan ilə birlikdə metronun “Memar Əcəmi” stansiyası yaxınlığındakı “Piramida” adlanan ərazidə olan parka gəlmiş, bu zaman bir neçə nəfərin köynək üstündə dalaşdıqlarını müşahidə etmişlər. Bu şəxslərin arasında tanıdığı Mirəbülfəzi də görmüşdür. Bu vaxt Ramazan da onlara qoşulmuşdur. O, Anarla aranı sakitləşdirməyə çalışsa da, adını sonradan bildiyi Cavidan ilə aralarında mübahisə yaranmışdır. Eyni zamanda Sarvan da onlara yaxınlaşanda Cavidanla dalaşmağa başlamış və yumruqla sonuncunun üz nahiyəsinə zərbə vurmuşdur. Mirəbülfəz də mübahisəyə müdaxilə etdikdə Sarvanla yerdə güləşməyə başlamış, kimsə “polis” deyə qışqırdıqdan sonra hadisə yerindən uzaqlaşmışlar. O, Ramazan, Sarvan, Oruc və Anarla birlikdə 3-cü mikrorayon dairəsi ərazisinə gəldikdə sonradan adını bildiyi Murad Sarvana yaxınlaşıb onunla təklikdə söhbət etmək istəmişdir. Sarvan etiraz etdikdə Murad sonuncunun əlini tutmuş və bu zaman bıçağının tiyəsi görünmüşdür. Murad Sarvanı bıçaqla vuraraq qaçıb getmişdir. Sarvanın ayağından qan axdığı üçün Ramazan şalvarının kəmərini çıxardaraq onun ayağına bağlamış və onu taksi ilə xəstəxanaya aparmışdır. Məhkəmə istintaqında Şahid6 ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 10 radələrində oxuduğu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tənəffüs vaxtı dəhlizdə tanımadığı bir tələbə ilə arasında narazılıq yaranmış və onunla birlikdə Akademiyadan çıxıb kənarda söhbət etmək qərarına gəlmişlər. Bu məqsədlə “Gənclik Mall” ticarət mərkəzinin yaxınlığına getmiş, yanında Akademiyada oxuyan Anar da olmuşdur. Aralarında yalnız sözlü mübahisə olmuş və Anar onları sakitləşdirməyə çalışmışdır. Sonra söhbət etmək üçün saat 18 radələrində metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında görüşməyə sözləşmişlər. Bu zaman həmin şəxsin adının Zahid olduğunu bilmiş, onun yanındakı Bakir adlı şəxs də nömrəsini verib görüşə gələcəklərini demişdir. Dərsdən çıxandan sonra bir neçə dostuna zəng edərək mübahisəni həll etmək üçün metronun “Memar Əcəmi” stansiyasının ərazisində görüşəcəyini bildirib onları da çağırmışdır. Saat 18 radələrində Anar və Sarvanla razılaşdıqları yerə getmiş, bir qədər sonra Bakir, Rəsul, Zahid də onlara qoşulmuş və onlar söhbət etmək üçün yaxınlıqda yerləşən kafeyə getmişlər. Orada söhbətə aydınlıq gətirib Zahidlə barışmışlar. Aralarında heç bir dava olmadan Zahidlə Bakir oradan çıxıb getmişlər. O, Anar, Sarvan və Rəsul ilə birlikdə yenindən metronun “Memar Əcəmi” stansiyasının yaxınlığına qayıtdıqda tanışları Vahid, Ramazan, Fariz də orada olmuş və bu vaxt bir neçə nəfərin sözlə mübahisə etmələrini görmüşlər. Anarla Rəsul onlara yaxınlaşmış, o, Sarvan və Oruc isə kənarda dayanmışdır. Lakin adını sonradan bildiyi Cavidanla Rəsulun arasında dava düşdüyünü görəndə, Sarvan da onlara yaxınlaşmış və bu dəfə Cavidanla Sarvan mübahisəyə başlamışlar. Sarvan yumruqla Cavidanın üz nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Sonradan adını bildiyi Mirəbülfəzin məsələyə müdaxiləsi ilə sonuncu Sarvanla yerdə güləşməyə başlamışdır. Bu anda qəfil kimsə “polis” deyə qışqırdıqda, onlar hadisə yerindən qaçıb uzaqlaşmış, o, Fariz və Vahid ilə birlikdə metronun “20 Yanvar” stansiyasının ərazisinə, oradan da evə getmişdir. Məhkəmədə Şahid7 ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 10 radələrində oxuduğu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tənəffüs vaxtı tanışı Arazla tanımadığı, adını sonradan bildiyi Zahid arasında narazılıq yaranmışdır. Məsələni həll etmək üçün o da Arazla “Gənclik Mall” ticarət mərkəzinin yaxınlığına getmiş, həmin vaxtı Zahidin yanında dostu Bakir olmuşdur. Aralarında sözlə mübahisə yaransa da, bir-birilərini vurmamış, o, Bakirlə aranı sakitləşdirməyə çalışmışdır. Mübahisəni kənarda söhbət edib həll etmək üçün saat 18 radələrində metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında görüşməyə sözləşmişlər. Görüş üçün Bakirin nömrəsini alıb çıxıb getmişlər. Dərsdən çıxandan sonra bir neçə tanışına zəng edib X10 adlı şəxslə mübahisəsi düşdüyünü və söhbətə aydınlıq gətirmək üçün saat 18:00 radələrində metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında görüşəcəklərini deyib onları da ora dəvət etmişdir. Sözləşdikləri vaxtda və ərazidə o, Araz, Rəsul və Sarvanla görüşmüş, bir qədər sonra Bakirlə Zahid gəlmiş, həmin vaxtı tanışı Fariz də orada olmuşdur. Onlar birlikdə söhbət etmək üçün “McDonalds” restoranın yaxınlığında yerləşən çay evinə getmiş, orada söhbət zamanı Araz ilə Zahid bir-birindən üzr istəyərək barışmış və Zahidlə Bakir çıxıb getmişlər. Bundan sonra o, Araz, Sarvan və Rəsul ilə birlikdə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən parkın yanından keçərkən bir neçə nəfərin mübahisə etdiyini görmüşlər. Bu zaman tanışları Vahid, Ramazan və Fariz də orada olmuşdur. Rəsul dalaşanların içərisində tanışı Mirəbülfəzin olduğunu gördüyündən sonuncu ilə birlikdə o, aranı sakitləşdirmək üçün onlara yaxınlaşmışdır. Digərləri isə kənarda dayanmışdır. Adını sonradan bildiyi Cavidanla Rəsulun arasında mübahisə yaranan kimi Sarvan da onlara yaxınlaşmış və bu dəfə onunla Cavidan arasında dava düşmüşdür. Sarvan yumruqla Cavidanın üz nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. Mirəbülfəz də mübahisəyə müdaxilə etdiyindən Sarvanla yerdə güləşməyə başlamışdır. Qəfildən kimsə “polis” deyə qışqırdığından, həmin yerdən qaçıb uzaqlaşmışlar. Onlar birlikdə 3-cü mikrorayon dairəsi ərazisinə gəldikdə Anar, Fariz və Vahid evə getmək üçün oradan ayrılmış, o, Ramazan, Rəsul, Oruc və Sarvan isə həmin ərazidə qalmışlar. Elə bu an adı ona sonradan məlum olan Murad onlara yaxınlaşmış və Sarvan ilə sadəcə söhbət etmək istədiyni söyləmişdir. Murad əlini tez-tez şalvarının kəmər hisəsinə apardığından, Rəsul onun əlinə diqqət edib qəfl bıçaqla Sarvanı vura biləcəyi ehtimalına işarə vermiş və əli ilə onun kürək nahiyəsindən tutmuşdur. Sarvan Muradla getmək istəmədikdə, sonuncu “yaxına gəl söz deyirəm” deyib əlini ona tərəf uzatmış, Rəsul isə onun əlini tutmuşdur. Murad sonra dərhal oradan qaçıb getmişdir. Bundan sonra o, Sarvanın ayağından qan axdığını görmüş, Ramazan da şalvarının kəmərini çıxardaraq onun ayağını bağlayıb onu taksi ilə xəstəxanaya çatdırmış, onlar isə evə getmişlər. İş materiallarında olan: - “İfadənin yerində yoxlanılması barədə” xx.xx.20200-ci il tarixli protokollar və fotoşəkillərə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 194 saylı ünvanda yerləşən binanın qarşısında baş vermişdir (İ cild, i.v.186-193); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X12 xx.xx.2019-cu il tarixli, 1022 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – bel və sol qalça nahiyələrinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən müayinədən 1-2 həftə əvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər (İ cild, i.v.109- 110); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 xx.xx.2019cu il tarixli arayışına görə Təqsirləndirilən şəxs Vüqar oğlu əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.114). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Vüqar oğlunun hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs Vüqar oğlu törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Vüqar oğlu tərəfindən zərər çəkmiş şəxslə barışıq əldə etməsini, habelə onun cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Vüqar oğluna onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətlidir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs Vüqar oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və cəzasın yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, o, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də Təqsirləndirilən şəxs Vüqar oğluna Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onlara təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Vüqar oğluna təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Qeyd olunan Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Vüqar oğlunun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Bundan başqa Təqsirləndirilən şəxs Vüqar oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs Vüqar oğlunun məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Vüqar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Vüqar oğluna təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs Vüqar oğlunun üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Vüqar oğlunun üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Vüqar oğluna təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs Vüqar oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Vüqar oğlunun məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X6 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-63/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-63/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver