Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-63/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1984-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilməmiş, işləməyən, Zəngilan şəhəri, İnqilab küçəsi ev 21-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi 12 nömrəli subaylar yataqxanasında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, 13 avqust 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən «28 Mall» ticarət mərkəzinin qarşısında Türkiyə Cümhuriyyəti vətəndaşı olan Zərərçəkmiş şəxs yaxınlaşıb səmimi ünsiyyət əsnasında tanış olaraq, sonuncu ilə birlikdə həmin ərazidə yerləşən kafelərin birində əyləşib yemək yeyib kafeni tərk edərkən sonuncunun əl çantasının içərisində türk lirəsi olan sellofan torbanı görüb özgənin əmlakını açıq talama məqsədi ilə 14 avqust 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs ilə piyada ünvan 1 ünvanda yerləşən yaşayış binasının yanına çatdıqda orada Zərərçəkmiş şəxs mobil telefonuna gəlmiş zəngə cavab verməklə danışıq apardığını görüb sonuncuya olduqları yerdə mobil telefonla danışığın aparılmasının guya qadağan olunmasını və telefonla danışığını davam etdirməsi üçün həmin yerdə yerləşən 140 saylı binanın dəhlizinə daxil olub orada danışığını davam etdirməsini bildirdikdə Zərərçəkmiş şəxs qeyd olunan binanın dəhlizinə daxil olaraq orada telefonla danışan zaman binanın dəhlizinə daxil olub Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib müqavimətini qırmaq üçün üz nahiyyəsindən bir neçə dəfə sillə vurmaqla yanaşı əli ilə boğazından tutub boğaraq ona sağlamlığa zərər vurmayan xəsarətlərə aid dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə sonuncunun üzərində olan əl çantasının içərisindəki sellofan torbaya bükülmüş halda, həmin dövrün məzənnəsi ilə 630 manat 42 qəpik təşkil edən 3160 türk lirəsini açıq talayaraq, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, 13 avqust 2021-ci il tarixdə xalasıgilin yaşadığı evə getmiş, lakin onların evdə olmadığını görmüşdür. Bu səbəbdən də geri qayıtmış və şəhərə gedib gəzmək istəmişdir. Həmin vaxt onun üzərində bıçaq olmuş və o, həmin bıçağı narkotik vasitələrdən istifadə edən şəxslərdən qorunmaq məqsədilə üzərində götürmüşdür. Saat təxminən 19 radələrində Dənizkənarı Milli Parka gedib 1-2 saat orada gəzmişdir. Evdən çıxan zaman üzərində ümumilikdə 14 manat pul olmuşdur. Saat 21 radələrində Tarqovu deyilən ərazi ilə üzü “28 Mall” ticarət mərkəzi istiqamətində hərəkət etmişdir. Həmin yerə çatdıqda orada yerləşən marketlərin birinə girib oradan 1 ədəd enerji içkisi, 1 ədəd pivə almış, kənar ərazidə onları içmişdir. Yenidən marketə qayıdaraq tərkibində spirt olan içki almış və kənar ərazidə onu da içmişdir. Uzun müddət spirtli içki qəbul etmədiyindən, qeyd edilən içkilər ona pis təsir etmişdir. Saat təxminən 23 radələrində “28 Mall” ticarət mərkəzi ilə üzbəüz yerdə, yəni “28 May” metrostansiyasına gedən yolda dayanan zaman, təxminən 20-25 yaşlarında 1 nəfər qızın gəldiyini görmüşdür. Həmin qızı «Kubinka» deyilən ərazidə tanıdığı qıza oxşatdığından, sonuncuya yaxınlaşıb onu kiməsə bənzətdiyini bildirdikdə, həmin qız ona türk olduğunu demişdir. O da qarşılıqlı olaraq həmin qıza bildirmişdir ki, Türkiyə Respublikası dövlət başçısı həmişə bizim dövlətə dəstək olmuşdur. O, həmin qızdan, yəni şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs harada yaşadığını soruşduqda, həmin qız demişdir ki, “Happy” adlı oteldə qalır və əlavə olaraq da qeyd etmişdir ki, qaldığı otelin yerini xatırlamır. Onlar taksi sürücülərindən soruşmaq üçün “28 Mall” ticarət Mərkəzinin qarşısına keçib orada olan taksi sürücüsündən soruşduqda taksi sürücüsü əli ilə otelin yerləşdiyi yeri göstərmişdir. O da adını ona Zərərçəkmiş şəxs artıq pul xərcləməməsini, otel yaxındadırsa piyada gedə biləcəyini demişdir. Zərərçəkmiş şəxs daha sonra ona acıdığını və market axtardığını demişdir. O, “28 Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Bravo” marketi göstərmişdir. Sude onunla birlikdə əvvəlcə aptekə daxil olub özü üçün şampun almışdır. Daha sonra onunla birlikdə Bravo marketə daxil olmuşlar. Sude oradan yemək üçün məhsullar almaq istəmiş, lakin tapa bilməmiş, həm də market gec olduğundan bağlanmaq üzrə olmuşdur. Marketdə heç nə tapmadığından Sude ona ac olduğunu demiş və ondan yaxınlıqda restoran olubolmadığını soruşduqda, o, restoran tapa biləcəyini demişdir. Hər ikisi «28 Mall» ticarət mərkəzindən üzü aşağı istiqamətində getmişlər və irəlilədikcə dönər yerlərini və restoranları Sudeyə göstərmiş, lakin Sude restoranları xoşlamamışdır. Lakin bir qədər irəlilədikdən sonra «Köz köftə» deyilən restorana daxil olmuşlar və masaların birində əyləşmişlər. Sude menyuya baxıb köftə sifariş etmiş, o da köftə sifariş vermişdir. Yemək yedikdən sonra xidmətçi hesabı gətirmişdir. Sude özü pul qabını ona vermişdir ki, hesabı versin. Pul qabını götürərək orada olan 100 manatı hesaba vermiş, hesab 15 manat olduğundan 85 manat pul qaytarmışlar. Sude pulu götürən zaman əsəbiləşmiş və ona demişdir ki, nə üçün o, yediyi hesabı verir. O da Sudeyə demişdir ki, yemək yeməyi əvvəlcə özü istəmişdir. Restorandan çıxdıqda o, üzərində olan 5 manat pula özünə siqaret və su almışdır. Restorandan çıxdıqdan sonra Sude otelə getmək istəmişdir. Lakin aralarında narazılıq baş vermiş, belə ki, Sude ona demişdir ki, yediyi hesabın pulunu qaytarsın. Onun üzərində “Kapital Bank”a məxsus bank kartı olmuş, məcburi köçkün olduğuna görə hər ay 33 manat maddi yardım olan çörək pulu almışdır. Lakin həmin vaxt bilmişdir ki, bank kartına pul köçməmişdir. Sudenin ondan artıq yemək pulunu tələb etməsi onu əsəbiləşdirmişdir. O, Sudeyə demişdir ki, bankomata gedib pul çıxarıb yediyi pulu özünə qaytarsın. Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsində yerləşən binanın qarşısına çatdıqda Sudeyə zəng gəlmiş, Sude ona demişdir ki, telefonla danışır və ona bankomat istiqamətində getməsini, özü də arxasınca gələcəyini demişdir. Lakin o, getməyib Sudeni gözləmişdir. O, Sudeyə avtomobil yolunda telefonla danışmamasını, kənara çəkilib orada danışmasını demişdir. Sude bundan sonra binanın blok qapısının qarşısına keçib telefonla danışmağa davam etmişdir. O da Sudeyə yaxınlaşıb blokun giriş qapısından içəri girmiş və Sudeyə bloka daxil olmasını demişdir. Sude bloka keçən kimi ona pul verərək evə getməsini tələb etmişdir. Bu zaman Sude qışqırmağa başlamış, o, Sudeni əli ilə itələmiş, sonuncu isə qışqırmaqda davam etmişdir. Sude əlindəki pul qabını yerə atmış, lakin o, pul qabını götürməmiş və Sude ona əynindəki çanta ilə müqavimət göstərmiş, artıq orada olan sellofan torbada türk lirəsi görünmüşdür. O, bu zaman çantada olan türk lirəsi yerləşən paketi götürərək hadisə yerindən qaça-qaça uzaqlaşmışdır. Qaçarkən özünü qorumaq məqsədi ilə üzərində, yəni əynində olan şalvarının sol tərəfində saxladığı bıçağı çıxarıb əlində saxlaya-saxlaya qaçmağa davam etmişdir ki, birdən kimsə hadisə barədə məlumat əldə edib onu tutar. O, «Qış Parkı»na çatdıqda 2 nəfər polis əməkdaşları onu saxlamışlar. O, saxlanılan zaman hadisəni polis əməkdaşlarına bildirmişdir. Bundan sonra onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirmişlər. Saxlanılan zaman ona hər hansı bir zor tətbiq edilməmişdir. Hadisə anidən olduğuna görə həmin vaxt orada heç kəs olmadığından hadisənin şahidləri olmamış, cinayəti tək törətmiş və bu barədə heç kəsin məlumatı olmamışdır. İfadəsinin sonunda hal-hazırda zərərçəkmiş şəxsə dəymiş zərərin ödənildiyini və ona qarşı heç bir şikayət və tələbin olmamasını, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış 28.12.2021-ci tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2013-cü ildən Nəsimi rayon Polis İdarəsinin PPXB-də polis nəfəri vəzifəsində işləyir, polis serjantı rütbəsindədir. Xidmət etdiyi Post-Patrul Xidməti Bölüyündə gecə növbəsində xidmət edir. Hər gün saat 20:00-dan, növbəti günü saat 06:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu Ş.Bədəlbəyli küçəsində yerləşən «Qış parkı» deyilən ərazidə postda olur. 13 avqust 2021 -ci il tarixdə saat 20:00-da Nəsimi RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 Amil oğlu ilə birlikdə Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsində yerləşən «Qış parkı» deyilən əraziyə piyada postuna çıxmışdır. 14 avqust 2021-ci il tarixdə saat 01 radələrində xidmət yoldaşı Şahid2la birlikdə xidməti ərazilərində olarkən 1 nəfər şəxsin Nəsimi rayonu, Vidadi küçəsi istiqamətindən xidmət etdikləri əraziyə tərəf qaça-qaça gəldiyini görmüşlər. Həmin şəxs Ş.Bədəlbəyli küçəsində yerləşən «Qış parkı» adlanan əraziyə çatdıqda onu saxlamışlar. Onu saxlayan zaman əlində dəstəyi qara rəngli bıçaq olmuş, saxlanılan zaman bıçağı öz cibinə qoymuşdur. Həmin şəxsə özünü təqdim edib nə baş verdiyini soruşduqda bildirmişdir ki, Türk Cümhuriyyəti vətəndaşı olan 1 nəfər xanıma məxsus müəyyən miqdarda pulu cinayət yolu ilə ondan almışdır. Onlar avtopatrul çağırdıqdan sonra həmin şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nə aidiyyatı üzrə təhvil verilmişdir. Şəxsi təhvil verdikdən sonra bu barədə raport yazaraq 22-ci Polis Şöbəsinə təqdim etmişlər, daha sonra öz xidməti ərazilərinə qayıtmışlar. Təqsirləndirilən şəxs əlindəki bıçağı heç kimə nümayiş etdirməmiş, bıçağı sadəcə olaraq əlində tutmuşdur. Xəyal nə onlara, nədə ki, ətrafda olan digər şəxslərə hər hansı bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin PPXB-də polis nəfəri Şahid2 da, Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı İsa Taralov tərəfindən tərtib edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, hal şahidləri Niyaz Bəhrəmov və Adil İbrahimovun iştirakı ilə keçirilmiş “Götürmə və baxış keçirilməsi haqqında” 14 avqust 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq tiyə və dəstək hissədən ibarət olmaqla, ümumi uzunluğu 245 mm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi isə kəsici, ucu deşici xassəyə malikdir. Tiyənin üzərində «stainless Steel shanoxing» yazıları həkk olunmuşdur. Tiyənin uzunluğu 125 mm, orta hissədən eni 22,5 mm, tiyənin qalınlığı isə 1 mm-dir. Dəstək tiyənin davamıdır və üzərində qara rəngli plastmasaoxşar materialdan hazırlanmış üzlüklər iki ədəd pərçimlə bərkidilmişdir. Dəstəyin uzunluğu 120 mm, dəstəyin orta hissədən eni 22 mm, qalınlığı isə 14,3 mm-dir. Bıçağın üzərində qanaoxşar ləkələr müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi türk lirəsi ümumilikdə 3160 lirədir (i/v 12-14). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Sübhan Zeynalov tərəfindən tərtib edilmiş “maddi sübut kimi tanınma haqqında” 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan 26 ədədi 100 lirə, 1 ədədi 200 lirə, 5 ədədi 50 lirə, 2 ədədi 20 lirə, 1 ədədi 10 lirə və 4 ədədi 5 lirə olmaqla ümumilikdə 3160 türk lirəsi maddi sübut kimi tanınmışdır (i/v 114-115). İş materiallarında olan “Tutma haqqında” 14 avqust 2021-ci il tarixli protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi rayon məhkəməsinin 16 avqust 2021-ci il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır (i/v 45-46, 109-113). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 25 avqust 2021-ci il tarixli, 723 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət – boyun nahiyəsinin sıyrığı və çənə nahiyəsinin qançırı küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 14.08.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilmələri mümkündür (i/v 129-130). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 oktyabr 2021-ci il tarixli, 3/1601 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir (i/v 160-161). İş materiallarında olan Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 08 sentyabr 2021-ci il tarixli, 2079 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, inadkarlıq, tez özündən çıxmaq, məsuliyyətsizlik, hövsələsizlik, başqalarının hiss və yaşantılarına qarşı biganə olmaq, kobudluq, özünü müdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğun olduğundan, o, baş vermiş hadisə zamanı öz hərəkətlərini adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur (i/v 155-158). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09.10.2021-ci il tarixli tələbnamədən və Qaradağ rayon məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin 14.09.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və həmin cəza 01 il şərti sınaq müddəti ilə əvəz edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin 29.04.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 22.08.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin 12.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1, 229.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 15.02.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i/v 142-144, 147-153). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Nəsimi rayon Polis İdarəsinin İŞnin rəisi Orxan Süleymanlıya ünvanlanmış 18 avqust 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs 3160 türk lirəsi məbləğində pul vəsaiti qaytarıldığından onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur (i/v 117). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və ona qarşı heç bir şiakyət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 14 avqust 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus olan 26 ədədi 100 lirə, 1 ədədi 200 lirə, 5 ədədi 50 lirə, 2 ədədi 20 lirə, 1 ədədi 10 lirə və 4 ədədi 5 lirə olmaqla ümumilikdə 3160 türk lirəsinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X1 vəkil işlədiyi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-572/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 07 noyabr 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 14.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus olan 26 ədədi 100 lirə, 1 ədədi 200 lirə, 5 ədədi 50 lirə, 2 ədədi 20 lirə, 1 ədədi 10 lirə və 4 ədədi 5 lirə olmaqla ümumilikdə 3160 türk lirəsinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-63/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-63/2022
08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver