Məhkəmə qərarları › İş №1(006)-63/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-63/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-63/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, barmen işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin əmlakını cibindən çıxararaq gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 14 oktyabr 2022-ci il tarixdə saat 18:43 radələrində Bakı Metropoliteni QSC-nin “Dərnəgül” stansiyası istiqamətində hərəkətdə olan qatar “28 May” stansiyasında dayanarkən qatarda olan sərnişinlərin sıxlığından istifadə edərək Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa sağ cibindən sonuncuya məxsus dəyəri 600 manat olan “Redmi Note 7" markalı, **********55881 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 8 manat olan telefon kabrosunu, dəyəri 10 manat olan ekran qoruyucusunu, dəyəri 7 manat olan ***-***-**-** saylı GSM nömrəni və dəyəri 7 manat olan ***-***-**-** saylı GSM nömrəni gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 632 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində metronun “20 Yanvar” stansiyasına getmək məqsədi ilə metronun “28 May” stansiyasına düşmüş və platformaya yaxınlaşaraq “Dərnəgül” yazısı yazılan qatara minmişdir. Həmin vaxt qatarda sərnişin sıxlığı olmuş və o, qatarda qapıdan bir az kənarda dayanmışdır. Onun qarşısında isə arxası ona tərəf bir xanım dayanmışdır. Həmin xanımın şalvarının sağ arxa cibində mobil telefon olduğu açıq-aydın görünmüş, o da həmin mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Bunun üçün o, sağ əli ilə Zərərçəkmiş şəxs əynində olan şalvarının sağ arxa cibində olan mobil telefonu götürmüş və əynində olan şalvarın iç cibində gizlətmişdir. Sonra metronun “Nizami” stansiyasında qatardan düşmüş və eskalatorla bayıra çıxmışdır. Oğurluq yolu ilə əldə etmiş olduğu mobil telefon “Redmi Note 7” markalı mobil telefon olmuşdur. Həmin telefonun üzərində kabro, ekran şüşəsi və bir ədəd mobil nömrə olmuşdur. Daha sonra o, piyada metronun “28 May” stansiyasına gəlmiş, metroya düşərək “Dərnəgül” yazısı yazılan qatara minmiş, metronun “20 Yanvar” stansiyasına gəldikdən sonra qatardan düşmüş və oradan da bayıra çıxmışdır. Orada o, telefonun üzərində olan kabronu çıxartmış, sonra telefonun üzərində olan mobil nömrəni çıxardıb sındırmış, kabro ilə birlikdə zibil qutusuna tullamışdır. Daha sonra o, mobil telefonu satmaq məqsədi ilə mobil telefon mağazasına daxil olaraq həmin telefonun özünə məxsus olduğunu bildirmiş və hərbi biletinin surəti ilə həmin mobil telefonu 110 manata sataraq pul əldə etmişdir. Sonra 1 manatlıq taksidən istifadə etməklə Xırdalan şəhərinə getmişdir. O, oğurluğu pula ehtiyacı olduğundan törətmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş zərəri tam ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində metronun “İçəri Şəhər” stansiyasından “Elmlər Akademiyası” stansiyasına getmək üçün metroya düşmüş və “Həzi Aslanov” stansiyası yazılan qatara minərək metronun “28 may” stansiyasına gəlmişdir. Təxminən saat 18:43 radələrində metronun “28 may” stansiyasında qatardan düşmüş və “Dərnəgül” satnsiyası istiqamətində hərəkət edəcək qatara minmişdir. O, metronun “Elmlər Akademiyası” stansiyasında qatardan düşdükdən sonra şalvarının arxa cibində “Redmi Note 7” markalı mobil telefonunun olmadığını aşkar etmişdir. Bundan sonra o, platformada xidmətdə olan polis əməkdaşına yaxınlaşaraq ona məxsus “Redmi Note 7” markalı mobil telefonunun tanımadığı şəxs tərəfindən oğurlanması barədə şifahi məlumat vermişdir. Xidmətdə olan polis əməkdaşı ona Bakı Metropolitenində Polis Şöbəsinə getməyini bildirmiş, o da Bakı Metropolitenində Polis Şöbəsinə gələrək baş vermiş oğurluq hadisəsi barədə yazılı surətdə şikayət ərizəsini yazmışdır. Baş vermiş hadisə nəticəsində ona 630 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini və sonuncudan şikayətinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, mobil telefonların alışı və satışı ilə məşğuldur. Hazırda Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsində yerləşən “Velotrek” ticarət mərkəzinin cərgəsində yerləşən “LOMBARD və TELEFON TƏMİRİ" mağazasını icarə əsasında işlədir. 14 oktyabr 2022-ci il tarixdə əvvəllər tanımadığı təxminən 30-35 yaşlarında bir nəfər şəxs mağazaya gəlmiş və əlində olan «Redmi Note 7» markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O, həmin telefona baxmış, telefon normal vəziyyətdə olduğu üçün almaq qərarına gəlmişdir. Sonra telefonu satan həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd istəmiş, həmin şəxs ona şəxsiyyətini təsdiq edən sənədin üzərində olmadığını, üzərində yalnız hərbi biletin olduğunu bildirmişdir. Həmin şəxs “Redmi Note 7” markalı mobil telefonu 100 manata satdığını demişdir. Həmin şəxs özünə məxsus olan hərbi bileti ona vermiş, o, hərbi biletə baxan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Elmir pula ehtiyacı olduğu üçün telefonu satdığını demişdir. O, Elmirin sözünə inanaraq həmin telefonu ondan 100 manata almışdır. Sonra Elmirin ona verdiyi AO seriyalı ******* nömrəli hərbi biletin surətini A4 formatlı kağızda çıxartmış, Təqsirləndirilən şəxs həmin A4 formatlı kağıza “xx.xx.2022 Not 7 ime **********10785 əlaqə ***-***-**-**” sözlərini yazmış və o, telefonu Təqsirləndirilən şəxs alıb ona 100 manat pul vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.31-32); - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-893/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.73-74); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanılarkan o, polis əməkdaşları ilə bir yerdə Nəsimi rayonu, Rövşən Cəfərov küçəsində yerləşən “Velotrek” ticarət mərkəzinin cərgəsində yerləşən “LOMBARD VƏ TELEFON TƏMİRİ” mağazasının qarşısına gəlmiş və 14 oktyabr 2022-ci il tarixdə Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasının platformasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa sağ cibindən gizli yolla oğurladığı bir ədəd “REDMİ NOTE 7” markalı mobil telefonu özünə məxsus AO seriyalı ******* nömrəli hərbi bilet ilə satdığını bildirmişdir (i.v.45); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, baş vermiş oğurluq hadisəsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk sübut növü kimi qiymətləndirilmişdir (i.v.80-84); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir (i.v.77-78). - Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023cü il tarixli ərizədən görünür ki, ona dəymiş 630 manat məbləğində maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur; - İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:43 radələrində metronun “28 may” stansiyasının platformasında sərnişin Zərərçəkmiş şəxs yaxından təqib edərək qatarın giriş hissəsinə tərəf getmiş, platformada olan sərnişinlərin çoxluğundan istifadə edərək platformada dayanaraq qatara minən Zərərçəkmiş şəxs əynində olan şalvarın sağ arxa cibinə əlini daxil edərək bir ədəd mobil telefonu oğurlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.5-ci maddəsi isə eyni əməlin zərər çəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş zərəri tam ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 03 ay 09 gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri, “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 03 ay 09 gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 ay 18 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunası əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar