Məhkəmə qərarları › İş №1(006)-633/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-633/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-633/2025 04.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Salyan rayonu, Atbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Hacıqabul qayonu, Atbulaq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri ərazisində yerləşən müxtəlif ünvanlarda gündəlik fərdi yaşayış evlərində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 iyun 2025-ci il tarixdə saat 10:06-da ictimai yer hesab olunan ünvan 2 ünvanda yerləşən “Səməd Vurğun” adına istirahət parkında tanışı Zərərçəkmiş şəxs ilə birlikdə olarkən parkın ətrafından keçən xanımlara söz atdığına görə sonuncunun iradını cüzi səbəb kimi bəhanə gətirib heç bir əsaslı səbəb olmadan və ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək cəmiyyətə açıqca hörmətsizlik edib Zərərçəkmiş şəxs zor tətbiq etməklə xuliqanlıq niyyəti ilə qəsdən sonuncunun baş nahiyəsindən təpik zərbəsi vuraraq yerə yıxdıqdan sonra yerdə qəsdən bədəninin müxtəlif nahiyələrindən təpik və yumruq zərbələri vurmağa davam edib ətrafdakı insanların gözü qarşısında qolundan tutmaqla yerdə sürüyərək nəticədə Zərərçəkmiş şəxs sağ almacıq və sağ əng sümüklərinin sınıqları ilə müşayiət olunan sağ göz yuvası ətrafı yumşaq toxumaları və burun nahiyyəsini əhatə edən dərialtı hematoma, sol alt göz qapağı, sol gözaltı, sağ yanaq, çənə, sağ said, döş qəfəsinin ön səthi, sol ayaq nahiyyələrinin qançırları, alın nahiyyəsinin və sol ayağının üst səthinin sıyrıqları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağmahğa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək, lakin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun bağında olan zaman əvvəlcədən tanıdığı Sülhan adlı şəxsi görmüşdür. Belə ki, Sülhan adlı şəxsi əvvəllər bir neçə dəfə kafedə və parkda görmüş, tanış olmuşdur. Sülhan parkda onun yanında skamyada oturmuşdur. O, Sülhanın spirt içdiyini görmüş, həmin spirt zərərli olduğu üçün sonuncuya araq təklif etmişdir. Sülhan arağı ondan götürərək içmişdir. Bundan sonra əmin yerə başqa bir şəxs gəlmiş və Sülhan həmin şəxslə birlikdə onunla nalayiq formada danışmışlar. Daha sonra həmin şəxs getmiş, Sülhan isə içkili vəziyyətdə yenidən ona qarşı nalayiq ifadələr işlətmişdir. O, Sülhanın bu hərəkətinə əsabləşmiş və əli ilə Sülhanın başından sifət tərəfinə bir dəfə şillə vurmuş və sonncuya bildirmişdir ki, ona yaxşılıq yoxdur. Həmin vaxt Sülhan oturduğu yerdən yıxılmamışdır. Daha sonra o, həmin yerdən getmişdir. O, Sülhan adlı şəxsə bir dəfə şillə vurmuş, sonuncuya hər hansı formada xəsarət yetirməmiş, ittiham aktında qeyd edildiyi kimi Sülhanı yerlərdə sürükləməmiş, dəfələrlə vurmamışdır. Sülhanı təpik və yumruq zərbələri ilə döyməmişdir. Sadəcə Sühana bir dəfə yüngül formada şillə ilə vurmuşdur. Sonda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə yüngül formada şillə ilə vurduğu üçün törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənildiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda Səməd Vurğun bağında olan zaman özü heykəlin arxa hissəsində skamyada əyləşmiş, sonradan adının Rauf olduğunu öyrəndiyi şəxs onun yanında əyləşmiş və özü ilə birlikdə araqda gətirmişdir. Rauf ona spirtli içki olan araq içməyi təklif etdikdə qəbul etməmiş, həmin şəxsi görməmişdən əvvəl özü tək bir qədər spirli içki qəbul etmiş və sərxoş olmuşdur. Təqsirləndirilən şəxs onun yanında skamyada əyləşdikdən sonra bir qədər söhbət etmişlər və bundan sonra Raufun gətirdiyi spirtli içkidən bir qədər içmişlər. Daha sonra Rauf içkili vəziyyətdə uca səslə nalayiq ifadələr işlətmiş, bu zaman o, Raufa ird bildirmişdir. Onun iradına əsəbləşən Rauf onun sifət nahiyyəsinə bir dəfə zərbə endirmiş, onun huşu getmiş və ayılanda heçnə xatırlamamışdır. Rauf onu bir dəfə əli ilə vurmuşdur. Həmin vaxt onun huşu getdiyi üçün başqa heçnə xatırlamır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İttiham aktının siyahısında şahid qismində Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 109-111-ci vərəqlərində olan Şahid ifadəsindən görünür ki, xx.xx.2025ci il tarixdə Nəsimi rayonu 28 May ərazisində yaşayan bacısıgilə qonaq getmişdir və xx.xx.2025-ci il tarixdə saat 11 radələrində onlardan çıxaraq Biləcəri qəsəbəsində yaşadığı ünvana qayıtmaq üçün 28 May metrosuna doğru təkbaşına piyada hərəkətdə olan zaman Səməd Vurğun pakrından keçərkən heykəlin yanındakı skamyada 1 nəfər kişi cinsindən, təqribən 40-45 yaşlarında olan və istintaqda adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsin uzanıb qaldığını və iniltili səslə yardım istədiyini görərək ona yaxınlaşmışdır. Yaxınlaşan zaman həmin şəxsin sol gözünün altında hematoma, yəni qançir xəsarətinin olduğunu, üz gözünün göyərdiyini və burnundan qan açılaraq qanın dayanmadığını görmüş, həmin şəxsin kimsə tərəfindn pis döyüldüyünü başa düşmüşdür. Həmin şəxsin aldığı xəsarətlərdən yerindən qalxa bilmədiyini və ətrafda çox insan olsa da heç kim ona yaxınlaşıb köməklik göstərmədiyini görmüşdür. Ətrafdakı tanımadığı şəxslərə hirslənərək nəyə görə vicdansızlıq etdiklərini və heç kimin həmin şəxsə yaxınlaşıb köməklik göstərmədiyini soruşmuş və sonradan adının Sülhan olduğunu öyrəndiyi şəxsə yaxınlaşıb telefonunun harada olmasını, telefonunu ona verməsini və zəng vurub yaxınlarına məlumat verə biləcəyini ona bildirmişdir. Lakin həmin şəxs Bakı şəhər sakini olmadığını və üzərində telefonu olmadığım bildirərək, ona köməklik göstərməyini xahiş etmişdir. Onun üzərində mobil telefonu olmadığına görə həmin yerdə öz mobil telefonu ilə polisin 102 xidmətinə və təcili tibbi yardım xidmətinə zəng vurub hadisə barədə məlumat verərək onları hadisə yerinə çağırmış və polislə təcili tibbi yardım əməkdaşları hadisə yerinə çatanadək həmin şəxsin yanından ayrılmadan orada həmin şəxsə ilkin tibbi yardım göstərib qanayan yerlərini yuyaraq salfetlə üzünü silib burnunun qanamasınm qarşısını almış və müəyyən müddət keçdikdən sonra polls əməkdaşları ilə təcili tibbi yardım əməkdaşlan hadisə yerinə gəlmişlər. Həmin şəxsə ilkin tibbi yardım hadisə yerində göstərildikdən sonra, o, təcili tibbi yardım avtomobilinə mindirilib xəstəxanaya aparılmış və həmin xəsarət almış Sülhan adlı şəxs hadisə yerindən xəstəxanaya aparıldıqdan sonra özü də oradan uzaqlaşaraq öz yaşadığı ünvana qayıtmışdır. Sülhan adlı şəxsi xəsarət almış vəziyyətdə parkdakı heykəlin yanında skamyada görmüş və onun döyülməyinin şahidi olmamışdır. Sadəcə həmin şəxsə yaxınlaşıb nəyə görə bu vəziyyətdə olduğunu soruşduqda Sülhan ona başqa şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Hadisəni kimin törətməsi barədə və hadisə barədə bildiyi başqa hər hansı bir məlumatı yoxdur. Cinayət işinin 7-9-cu vərəqlərində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun bağına baxış keçirilmişdir. Zərərçəkmiş şəxs hadisənin Səməd Vurğun bağında heykəlin arxa hissəsində sol tərəfdə olan skamyanın qarşısında baş verdiyini bildirmişdir. Cinayət işinin 24-26-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Hüquqi Şəxsinin 15 iyun 2025-ci il tarixli, 961 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər sağ almacıq və sağ əng sümüklərinin sınıqları ilə müşayiət olunan sağ göz yuvası ətrafı yumşaq toxumaları və burun nahiyəsini əhatə edən dərialtı hematoma, sol alt göz qapağı, sol gözaltı, sağ yanaq, çənə, sağ said, döş qəfəsinin ön səthi, sol ayaq nahiyələrinin qançırları, alın nahiyəsinin və sol ayağın üst səthinin sıynqlan bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X7 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə törənə bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd olunan və zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni insan bədəninin hissələrinin (baş, əl, ayaq və s.) təsirindən törənə bilərdilər. Cinayət işinin 45-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 24 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:30 dəqiqədən şübhəli şəxs kimi tutulmuş hesab edilir. Cinayət işinin 91-95-ci vərəqində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-421/2025 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 24 iyun 2025-ci il tarixdən, saat 19:30-dan hesablanması qərara alınmışdır. Cinayət işinin 98-99-cu vərəqlərində olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs istintaq zamanı ifadəsində göstərdiyi xüsusatların düzgün olub-olmadığını müəyyən etmək üçün ifadəsi yerində yoxlanıldı. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha tam şəkildə təsdiq etmişdir. Cinayət işinin 104-105-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 132-133-cü vərəqlərində olan “Diskə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, diskin içərisində "TŞ3-143 1- 2025-06-15 , “TŞ3-297 2- 2025-06-15” adlı və "TŞ3-297 3-2025-06-15" adlı ilk ikisi 30 dəqiqə və sonuncusu 09 saniyədən ibarət olan 03 ədəd videogörüntü faylı mövcuddur. “TŞ3-297 2- 2025-06-15” adlı videogörüntü faylında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir foto və videogörüntünün olması müşahidə edilməsə də, “TŞ3-143 1- 2025-06-15” adlı 30 dəqiqədən ibarət olan 1-ci videogörüntü fayılında xx.xx.2025-ci il tarixdə 10:06:25-ci dəqiqəsində 1 nəfər kişi cinsindən olan şəxsin digər şəxsi yerdə təkipləyib qolundan tutmaqla sürüyərək Səməd Vurğun bağında yerləşən heykəlin yanına gətirib atdığı, fayhn 10:06:37 ci dəqiqəsində həmin şəxsi itələyərək heykəlin qarşısında yerdə yuvarlayıb heykələ daha da yaxınlaşdırdığı, həmin vaxt ətrafdan başqa şəxslərin də keçdiyi və baş vermiş hadisəni gördükləri, daha sonra digər şəxsi yerdə sürüyərək heykəlin yanma atmış şəxsin parkdakı yaşıllıq əraziyə daxil olub fırlanaraq yenidən həmin heykəlin yanına qayıtdığı və saat 10:12:03-də həmin yerdən keçən, şəxsiyyəti istintaqla müəyyən edilə bilməyən xanıma yaxınlaşaraq ona əl qol hərəkətləri ilə nə isə təklif etdiyi və həmin xanımın isə ona sərt reaksiya verərək saat 10:12:45 də oradan uzaqlaşmağa çalışdığı, lakin həmin kişi cinsindən olan şəxsin onun arxasınca gedərək yenidən nə isə dediyi və bu zaman xanımın geriyə dönərək əl hərəkətləri ilə onun yanından uzaqlaşmasını bildirdikdən sonra saat 10:12:51-də əl hərəkətləri ilə xanıma nəsə deyərək onun yanından uzaqlaşdığı və yenidən parkın yaşıllıq sahəsində daxil olaraq avtobus dayanacağının yanında yaşıllıq sahədən çıxıb yenidən sürüyərək parkdakı heykəlin yanına atdığı şəxsin yanına, heykəlin yanına qayıtdığı və orada gözdən itdiyi müşahidə olunur. “TŞ3-297 3-2025-06-15” adlı 09 saniyədən ibarət olan 3-cü faylda isə bir nəfər kişi cinsindən olan şəxsin digər şəxsi yerdə sürüyərək Səməd Vurğun parkında yerləşən heykəlin yanına doğru gətirdiyi müşahidə edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirir ki, videogörüntülərdəki digər çşəxsi yerdə sürüyərək təpikləyib parkda heykəlin yanına gəitrən və heykəlin yanında diər xanımlara yaxınlaşıb tanışlıq təklif edərək söz atan şəxs özüdür və yerdə sürüyüb heykəlin yanına gətirdiyi şəxs isə birlikdə spirtli içki qəbul etdiyi və sonradan qızlara söz atdığına görə ona irad bildirdiyi üçün döyərək xəsarət yetirdiyi Zərərçəkmiş şəxsdur. Təqsirləndirilən şəxs əlavə edərək bildirdi ki, həmin parkda qeyd edilən tarixdə və saatda bir neçə gün əvvəl tanıdığı və birlikdə 1-2 dəfə spirtli içki qəbul etdikləri X3 parkdakı heykəlin yanında oturub təkbaşına spirt içdiyini görərək mağazadan araq alaraq onun yanına qayıtmış və Sülhanla spirtli içki qəbul etməyə davam etmişlər, bu zaman özü sərxoş vəziyyətdə parkdan keçən tanımadığı xanıma yaxınlaşaraq ona tanışlıq təklif edərək söz atmış, xanım isə ona əsəbi cavab verərək oradan uzaqlaşmış, daha sonra Sülhanın yanına qayıtdıqda Sülhan ona irad bildirərək tanımadığı xanıma qarşı nalayiq hərəkətlər etməməsini bildirmiş və aralarında yaranmış mübahisə zamanı Sülhanı təpik, şillə və yumruq zərbələri ilə vuraraq yerə yıxmış, həmin vaxt Sülhan da sərxoş vəziyyətdə olduğu üçün ona qarşılıq verə bilməmiş və Zərərçəkmiş şəxs vurub yerə yıxdıqdan sonra onun qolundan tutaraq təpikləyə təpikləyə yerdə sürüyüb parkdakı heykəlin yanma atmış, bundan bir az sonra yenidən heykəlin qarşısından keçən başqa xanıma yaxınlaşıb tanışlıq təklif edərək söz atmış və həmin tanımadığı xanım da onunla tanış olmaqdan imtina etdikdən sonra Sülhanın yanına başqa adamların yaxınlaşdığını və ətrafda çox adamın olduğunu görərək Sülhanın yanına yaxınlaşıb ona yaxşılığın yaramadığım və sonunun ona görə belə olduğunu deyərək heç bir köməklik göstərmədən həmin hadisə yerindən uzaqlaşmışdır. Cinayət işinin 148-156-cı vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 11 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında Nəsimi rayonu, 28 may ərazisində yerləşən Səməd Vurğun parkıda baş vermiş münaqişənin görüntülərini əks etdirən 1 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materialına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Beləliklə, Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətməsi və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma əməlini törətməsi məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun əvvəlki cinyət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmadığını, baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 7 (yeddi) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs baş vermiş hadisənin görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut kimi tanınmış, xuliqanlıq hadisəsinin görüntülərini özündə əks etdirən görüntülərin köçürüldüyü bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı 7 (yeddi) ay 11 (on bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ümumilikdə 1 (bir) il ay 2 (iki) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Hacıqabul rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs baş vermiş hadisənin görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar