Məhkəmə qərarları › İş №1(006)-64/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-64/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-64/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməyən, Salyan rayonu, Aşağı Noxudlu kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka“ adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 40 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, üzərində “Methadone 40” yazısı olan bir ədəd blister kəsiyində 04 tabletin tərkibində ümumilikdə 0,16 qram narkotik vasitə olan metadon tərkibli dərman preparatlarını əldə edib üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 06:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 2/15 saylı ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş, orada üzərinə video çəkilişlə axtarış aparılarkən əynində olan açıq mavi rəngli cins şalvarın sol yan cibindən həmin preparatlar aşkar edilmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir və onu tanımadığı şəxslərdən alır. xx.xx.2020-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidəki avtobus dayanacağının qarşısında tanımadığı şəxsdən 40 manata metadon həbi və 10 manata qurudulmuş marixuana almışdır. Marixuananın bir hissəsini həmin günü istifadə etmiş, qalanını isə saxlamışdır. xx.xx.2020-ci il tarixdə, saat 06:30 radələrində Moskva prospektində yerləşən “Tantuni” adlı kafenin qarşısında olarkən üç nəfər polis əməkdaşı ona yaxınlaşmış, o da üzərində narkotik vasitə olduğundan özünü həyəcanlı aparmağa başlamış və oradan uzaqlaşmağa cəhd etmişdir. Buna baxmayaraq o, həmin polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş, orada video çəkilişlə üzərinə baxış keçirilən zaman əynindəki cins şalvarın sol yan cibindən bir ədəd iki gözlü plastik qutunun içərisindən marixuana və metadon aşkar edilmişdir. Məhkəmədə Əlahiddə Çevik Polis Alayının 9-cu Patrul Bölüyünün tağım komandiri Şahid1 şahid qismində ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, saat 06:30 radələrində o, iş yoldaşları Şahid2 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti ərazisində xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdə, sonuncu qaçmağa cəhd etmiş, lakin onlar onu saxlayaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirmişlər. Orada həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və video çəkilişlə üzərində axtarış aparılarkən əynindəki şalvarın sol yan cibindən bir ədəd içərisində sellofana bükülmüş narkotik maddələr olan plastik qab, dörd ədəd “Methadone 40” markalı dərman həbləri aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı və metadon həbləri “Şamaxinka” adlanan ərazidə avtobus dayanacağının qarşısında tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə şahid Əlahiddə Çevik polis Alayının 9-cu Patrul Bölüyünün polis nəfəri Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: - xx xxxx 2020-ci il tarixli, 6/1416 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №187” möhür əksi imzalar olan (05 imza) olan zərfdəki üzərində “Methadone 40” yazısı olan 01 ədəd blister kəsiyində 04 ədəd səthlərində “F/M40” yazısı həkk olunmuş dərman tabletləri təsiredici maddəsi metadon olan dərman preparatlarıdır; 04 ədəd tabletin tərkibində metadon maddəsinin miqdarı 0,16 qram təşkil edir. Tədqiqatdan sonra qalıq qalan tablet 03 ədəd, aparılmış tədqiqatın dəyəri isə 109,90 manat təşkil edir (İ cild, i.v.53-55); - xx xxxx 2020-ci il tarixli, 7/457 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş zərfdə 01 ədəd iki gözlü plastik qabda siqaret sellofanındakı təmiz çəkisi - 0,197 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabas) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra marixuananın ümumi qalıq çəkisi 0,177 qramdır (İ cild, i.v.57-59); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin Ambulator X2 haqqında xx.xx.2020-ci il tarixli, 2161 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.169-170); - “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,177 qram qurudulmuş marixuana, 03 ədəd üzərində “Methadone 40” yazısı olan 01 ədəd blister kəsiyində səthlərində “F/M40” yazısı həkk olunmuş dərman tabletləri və 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, marixuana və dərman tabletləri saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, 01 ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.192-199); - “Şübhəli şəxsin tutulması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-458/2020 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur (İ cild, i.v.18-19, 90- 101); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat məbləğində cəzasına məhkum edilmişdir (İ cild, i.v.119-158); - Salyan Rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 240100/05 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə cəzasını çəkməmişdir (İİ cild); - Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlməyərək məhkəmədən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun axtarışı elan olunmuş, xx xxxxxxx 2020-ci il tarixdə o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metadonun şəxsi istehlak üçün yuxarı miqdarı 0,02 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, məhkumluğu ödənilmədən yenidən cinayətin törətməsini, bununla da kriminal meyilli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 3.000 manat cərimə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməli, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməli və bu cəzalar müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 03 ədəd üzərində “Methadone 40” yazısı olan 01 ədəd blister kəsiyində səthlərində “F/M40” yazısı həkk olunmuş dərman tabletləri və 0,177 qram qurudulmuş marixuana Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 109,90 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 3.000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilsin, onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə və 3.000 (üç min) manat məbləğində cərimə cəzası saxlanılsın. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik pul ondan tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 03 ədəd üzərində Methadone 40 yazısı olan 01 ədəd blister kəsiyində səthlərində “F/M40” yazısı həkk olunmuş dərman tabletləri və 0,177 qram qurudulmuş marixuana məhv edilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın . Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar