Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-65/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Müdafiəçi “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Salyan rayonu, Qaraçala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)- 166/2020 saylı hökmü ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(011)- 136/2024 saylı qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilməklə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Salyan rayonu, Qaraçala ərazi dairəsi, Qaraçala kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 iyun 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar küçəsi 29 saylı binanın zirzəmisindən Zərərçəkmiş şəxs2 yaşadığı 63 saylı mənzilə açılan taxta lyükü əli ilə fiziki güc tətbiq edib açdıqdan sonra oradan mənzilə qanunsuz daxil olub qonaq otağında qoyulmuş güzgülü dolabın üzərində olan qabın içərisindən Zərərçəkmiş şəxs2 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 400 manat dəyərində 01 ədəd brilyant qaşlı qızıl üzüyü, 300 manat dəyərində 01 cüt qızıl sırğanı və 500 manat dəyərində 01 ədəd qızıl üzüyü gizli olaraq talayaraq hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 iyul 2024-cü il tarixdə saat 11 radələrində ünvan 3 saylı binanın zirzəmisində olan pəncərədən Zərərçəkmiş şəxs1 işlətdiyi ”Dost” mebel təmiri sexinə qanunsuz daxil olub Zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 280 manat dəyərində “RTR MAX” markalı MS-900KL modelli, sarı göy rəngli künckəsən mişar aparatını, 01 ədəd 70 manat dəyərində qara rəngli, “Makule” markalı JS012 modelli künckəsən mişar aparatını, 01 ədədinin qiyməti 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində 02 ədəd elektron mişar aparatını, 01 ədəd 70 manat dəyərində üzərində “Kzubr” sözləri yazılan açıq sarı rəngli dreli, 01 ədəd 150 manat dəyərində üzərində “Kzubr” sözləri yazılan boz rəngli perforatoru, 01 ədəd 130 manat dəyərində naqilsiz drel aparatını, 01 ədəd 120 manat dəyərində taxta tikən aparatı və 01 ədəd 50 manat dəyərində hava ilə işləyən taxta tikən aparatı gizli olaraq talayaraq hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs1 ümumilikdə 950 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 iyul 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu Mir Cəlal küçəsi 54 saylı binanın blokundan Zərərçəkmiş şəxs3 məxsus giriş hissəsi daşlarla örtülmüş zirzəmiyə daşları yerindən çıxarmaqla qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs3 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 70 manat dəyərində dəmir sıxmaq üçün məngənəni və 01 ədəd 40 manat dəyərində “Ak Akar US” markalı boru yapşdıran ütünü, oradan isə Zərərçəkmiş şəxs3 yaşadığı 57 saylı mənzilə açılan taxta lyükü əli ilə fiziki güc tətbiq edib açaraq oradan mənzilə qanunsuz daxil olub yataq otağından Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 50 manat dəyərində qara-sarı rəngli “Ural-zid” markalı dreli və otaqda qoyulmuş şalvarın cibindən 800 manat pulu gizli olaraq talayaraq hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs3 ümumilikdə 960 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əsasən metal yığmaqla məşğul olduğundan tez-tez binaların zirzəmilərinə girib orada dəmir və metal bankalar axtarırmış. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında yerləşən binanın zirzəmisinə daxil olmuşdur. Zirzəmiyə baxış keçirdikdən sonra oradan mənzilə çıxış üçün qapı olduğunu görmüşdür. Qapını açıb mənzilə daxil olmuş, mənzilə baxış keçirməyə başlamış və qonaq otağında güzgülü şkafın üzərində olan qabın üzərindən 01 ədəd kişi üzüyünü götürüb cibinə qoymuşdur. Bundan sonra o, mənzilə daxil olduğu yerdən çıxıb getmişdir. O, mənzildən ittiham aktında yazılan digər qızıl əşyaları, yəni bir ədəd 01 ədəd brilyant qaşlı üzüyü, 01 çüt yaşıl qaşlı sırğanı oğurlamamışdır. Oğurladığı bir ədəd kişi üzüyünü “Laçın” ticarət mərkəzində bir mağazaya təxminən 315-320 manata satmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə səhər saat 11 radələrində metal yığmaq üçün Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 5 mərtəbəli yaşayış binalarının ətrafında gəzirmiş. Həmin vaxtı Nəsimi rayonu, 20 Yanvar küçəsi 40 ünvanında yerləşən binanın birinci blokuna daxil olmuşdur. Blokun giriş hissəsində pilləkənin altında qapının açıq olduğunu görüb oradan içəri daxil olmuşdur. İçəri daxil olub aşağı, yəni binanın zirzəmisinə daxil olduqda oradan mebel sexinə giriş olduğunu görmüşdür. İçəri baxdıqda mebel sexində təmir avadanlıqları və alətlərin olduğunu görmüşdür. O, həmin vaxt onları oğurlamaq qərarına gəlmişdir. Mebel sexində heç kim olmamışdır. O, binanın zirzəmisində həmin sexə açılan pəncərə yerindən sexə daxil olmuşdur. Sexə baxış keçirtdikdə 01 ədəd künckəsən mişar aparatını, 02 ədəd elektron mişar aparatını, 01 ədəd dreli, 01 ədəd taxta tikən aparatı və 01 ədəd laqondanı götürüb orada olan sellofan torbaya yığmışdır. Bundan sonra götürdüyü əşyalarla birlikdə obyektə daxil olduğu kimi binanın zirzəmisinə açılan pəncərə yerindən çıxıb getmişdir. Götürdüyü alətləri 8-ci kilometr bazarında Eldəniz adlı şəxsə satmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə günorta saatlarında ünvan 2 ünvanında yerləşən binanın zirzəmisinə daxil olub oradan 01 ədəd plastmas boruları yapışdırmaq üçün istifadə olunan ütü alətini və 01 ədəd dreli götürüb getmişdir. Oradan mənzilə daxil olmuş, lakin ittiham aktında yazıldığı kimi şalvarın cibindən 800 manat yox, tumbanın üstündən 150 manat pul oğurlamışdır. Oğurladığı əşyaları 8-ci kilometr bazarında işləyən Eldəniz adlı şəxsə satmışdır. Oğurladığı əşyalar zərər çəkmiş şəxslərə geri qaytarılmışdır. Daha sonra götürdüyü əşyaların bir qisminin qaytarıldığını və himayəsində yetkinlik yaşına çatmayan bir övladının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxmini olaraq 2024-cü ilin yanvar ayında ünvan 3 ünvanında yerləşən “Dost Mebel” adlı sexi icarəyə götürmüşdür. Həmin vaxtdan etibarən həmin sexdə mebellərin təmiri ilə məşğul olmuşdur. Həmin mebel sexi beşmərtəbəli binanın zirzəmisində yerləşir. İşinin əsas mahiyyəti ondan ibarətdir ki, sexdə müxtəlif avadanlıqların vasitəsi ilə mebel təmiri ilə məşğul olur. Mebel sexi səhər saat 10:00-dan axşam saat 21:00-dək fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixdə o, işləri olduğu üçün sexi bir qədər gec açmışdır. Təxminən saat 13 radələrində icarə əsasında işlətdiyi “Dost Mebel” adlı sexi açmaq üçün həmin sexin yerləşdiyi ünvana gəlmişdir. Sexi açıb içəri daxil olduqda sexin dağınıq olmasını görmüşdür. Ora baxış keçirdikdə ona məxsus olan 01 ədəd 280 manat dəyərində “RTR MAX” markalı MS-900KL modelli, sarı göy rəngli künckəsən mişar aparatının, 01 ədədi dəyəri 70 manat olan qara rəngli, “Makule” markalı JS012 modelli künçkəsən mişar aparatının, 01 ədədi 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində 02 ədəd elektron mişar aparatının, 01 ədəd 70 manat dəyərində üzərində “Kzubr” sözləri yazılan açıq sarı rəngli drelin, 01 ədəd 150 manat dəyərində üzərində “Kzubr” sözləri yazılan boz rəngli perforatorun, 01 ədəd 130 manat dəyərində naqilsiz drel aparatının, 01 ədəd 120 manat dəyərində taxta tikən aparatın, 01 ədəd 50 manat dəyərində hava ilə işləyən taxta tikən aparatın oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir. Hadisə nəticəsində ümumilikdə ona 950 manat ziyan dəymişdir. Daha sonra ona dəymiş zərərin tam ödənilməsini tələb etdiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o və yoldaşı gündəlik olaraq işə getdiklərindən günorta vaxtları evdə heç kim olmur. Qızı isə günorta saatlarında dərsdə olur. Hər gün olduğu kimi xx.xx.2024-cü il tarixdə səhər saatlarında yoldaşı ilə birlikdə evdən çıxıb işə getmişlər. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində o, işdən evə qayıdan zaman yataq otağında özünə məxsus geyim əşyalarının dağınıq vəziyyətdə olmasını görmüşdür. O, dərhal bu barədə həyat yoldaşı Osmanova Leyladan soruşduqda onun bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Sonra onlar birlikdə evə baxış keçirdikdə zirzəmidən yaşadıqları mənzilə açılan, döşəmənin üzərində olan taxta qapının üzərində yerləşdirdikləri çarpayının bir qədər kənara çəkildiyini görmüşlər. Bu zaman o, dərhal anlamışdır ki, zirzəmidən evə kənar şəxs və ya şəxslər daxil olub. Döşəmənin üzərində olan zirzəmiyə açılan qapını açıb zirzəmiyə daxil olduqda orada olan əşyaların dağınıq olduğunu görmüşdür. Zirzəmiyə ətraflı baxış keçirdikdə zirzəminin divarının aşağı hissəsində olan daşların yerində olmadığını görmüşdür. Qeyd etmişdir ki, zirzəminin həmin divarının digər tərəfi başqa otaqların zirzəmisinə düşür. Həmin divarın aşağı hissəsindəki daşlar yerinə bərkidilməmişdir. Həmin daşları əl ilə dartıb çıxartmaq mümkün olmamışdır. Bu zaman anlamışdır ki, oğurluğa girən şəxs həmin daşları çıxardaraq ilkin olaraq zirzəmiyə, ordan isə yaşadığı mənzilə daxil olmuşdur. Zirzəmiyə və yaşadığı mənzilə ətraflı baxış keçirdikdə ona məlum olmuşdur ki, zirzəmidən ona məxsus 01 ədəd 70 manat dəyərində dəmir sıxmaq üçün məngənə, 01 ədəd 40 manat dəyərində üzərində “Ak Akar US” markalı boru yapışdıran ütü, yataq otağından isə ona məxsus 01 ədəd 50 manat dəyərində qara-sarı rəngli “Ural-zid” markalı drel və şalvarının cibində olan 800 manat pul naməlum şəxs tərəfindən oğurlanmışdır. Daha sonra zərər çəkmiş şəxs ona dəymiş zərərin bir qisminin ödənildiyini, təqsirləndirilən şəxslə barışıdığını, sonuncudan şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə səhər saatlarında yoldaşı ilə birlikdə ailə dostları ilə birlikdə görüşə getmişlər. Axşam saatlarında evə qayıtdıqda evin qapısını açarla açıb içəri daxil olmuşlar. Evə baxış keçirdikdə görmüşdür ki, qonaq otağında olan kreslonun yeri dəyişilib. Həmin yerə baxdıqda görmüşdür ki, kreslonun altında olan evin zirzəmisinə açılan qapı açıqdır. Onun üzərində olan kreslo və xalçanın yeri dəyişdirilib. Həyat yoldaşı ilə birlikdə evə baxış keçirdikdə görmüşdür ki, qonaq otağında olan güzgülü dolabın içərisindəki sandıqda qoyduğu ona məxsus 400 manat dəyərində brilliant qaşlı 585 əyarlı 01 ədəd qızıl üzük və yoldaşına məxsus 300 manat dəyərində 585 əyarlı 1 cüt qızıl sırğa və 500 manat dəyərində 585 əyyarlı 01 ədəd qızıl üzük yerində yoxdur. Onlar evdən oğurluq olmasını düşünmüşlər. Bundan başqa heç bir əşya oğurlanmamışdır. Həmin üzük və sırğanı yoldaşına o, hədiyyə etmişdir. Oğurluğu aşkar etdikdən sonra işlərinin coxluğu ilə əlaqədar olaraq polis bölməsinə müraciət edə bilməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə yaxınlaşaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə səhər saatlarında yoldaşı Zərərçəkmiş şəxs2 birlikdə ailə dostları ilə görüşə getmişdir. Axşam saatlarında evə qayıtdıqda evin qapısını açarla açıb içəri daxil olmuşlar. Evə baxış keçirdikdə görmüşdülər ki, qonaq otağında olan kreslonun yeri dəyişilib. Həmin yerə baxdıqda görmüşdür ki, kreslonun altında olan evin zirzəmisinə açılan qapı açıqdır və onun üzərində olan kreslo və xalçanın yeri dəyişdirilib. Həyat yoldaşı ilə birlikdə evə baxış keçirdikdə görmüşdür ki, qonaq otağında olan güzgülü dolabın içərisindəki sandıqda qoyduqları yoldaşına məxsus 400 manat dəyərində brilliant qaşlı 585 əyyarlı 01 ədəd qızıl üzük və ona məxsus, yoldaşının ona hədiyyə etdiyi 300 manat dəyərində 585 əyyarlı 1 cüt sırğa və 500 manat dəyərində 585 əyyarlı 01 ədəd qızıl üzük yerində yoxdur. Evdən oğurluq olmasını düşünmüşlər. Bundan başqa heç bir əşya oğurlanmamışdır. Həmin üzük və və sırğanı yoldaşı ona hədiyyə etmişdir. Maddi ziyan ərinə vurulmuşdur. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarı deyilən yerdə işlənmiş tikinti avadanlıqlarının satışı və təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Çingiz də əvvəllər o işlədiyi bazarda işləyirmiş. Onunla tanışılığı həmin vaxtlara təsadüf edir. Uzun müddət idi ki, Çingizi görmürdü. xx.xx.2024-cü il tarixdə Çingiz onun işlədiyi bazara gələrək onunla görüşmüşdür. Həmin vaxt onun əlində 01 ədəd sellofanın içərisində 01 ədəd üzərində “Ak Akar US” sözləri yazılan boru yapışdıran ütü, 01 ədəd üzərində “RTR MAX” sözləri yazılan sarı-göy rəngli künckəsən elektron taxta mişarı, 01 ədəd qara rəngli, üzərində “Makule” sözləri yazılan elektron künckəsən taxta mişarı, 01 ədəd qara-sarı rəngli, üzərində “Ural-zid” sözləri yazılan drel, 01 ədəd açıq sarı rəngli üzərində “Zubr” sözləri yazılan drel və 01 ədəd boz rəngli üzərində “Kzubr” sözləri yazılan perforator olmuşdur. Çingiz həmin əşyaların özünə məxsus olduğunu bildirib onları satmaq istədiyini bildirmişdir. O, həmin əşyalara baxış keçirdib onları Çingizdən 140 manat verməklə almışdır. Lakin həmin əşyaların oğurluq olmasını bilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (i.v.42-43); - “Cinayət işi üzrə cinayət əməlinin tövsif edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən cinayət işi üzrə cinayət əməli həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (i.v.122); - “Şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” və “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilmiş və barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v.138-141); - “Qətimkan tədbirinin seçilməsi haqqında qərarın ləğv edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi haqqında qərar ləğv edilmişdir (i.v.156-157); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.165-169); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə hadisənin baş verdiyi ünvan 3 ünvanına baxış keçirilərək müvafiq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.10- 19); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə hadisənin baş verdiyi ünvan 4 ünvanına baxış keçirilərək müvafiq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.58- 63); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə hadisənin baş verdiyi ünvan 5 ünvanına baxış keçirilərək müvafiq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.67- 70); - “İfadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsi cinayət hadisəsinin baş verdiyi yerdə, yəni ünvan 4 ünvanının qarşısında yoxlanmış və fotoşəkillər çıxarılaraq protokola əlavə edilmişdir (i.v.117-121); - “Götürmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan və “Əşyanın könüllü təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayətlər nəticəsində ələ keçirdiyi 01 ədəd üzərində “Ak Akar US” sözləri yazılan boru yapışdıran ütü, 01 ədəd üzərində “RTR MAX” sözləri yazılansarı-göy rəngli künckəsən elektron taxta mişarı, 01 ədəd qara rəngli, üzərində “Makule” sözləri yazılan elektron künckəsən taxta mişarı, 01 ədəd qara-sarı rəngli, üzərində “Ural-zid” sözləri yazılan drel, 01 ədəd açıq sarı rəngli üzərində “Zubr” sözləri yazılan drel və 01 ədəd boz rəngli üzərində “Kzubr” sözləri yazılan perforator götürmə aparılması haqqında qərarla sonuncudan götürülmüş və keçirilmiş istintaq hərəkəti haqqında protokol tərtib olunaraq fotoşəkili protokola əlavə edilmişdir (i.v.145-149); - “Əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 götürülmüş 01 ədəd “RTR MAX” markalı MS- 900KL modelli, sarı göy rəngli künckəsən mişar aparatı, 01 ədəd üzərində “Kzubr” sözləri yazılan açıq sarı rəngli drel, 01 ədəd üzərində “Kzubr” sözləri yazılan boz rəngli perforator və 01 ədəd qara rəngli, “Makule” markalı JS012 modelli künçkəsən mişar aparatı Zərərçəkmiş şəxs1 təqdim edilərək baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs1 həmin əşyaları tanıyaraq ona məxsus olduğunu bildirməklə ona məxsus olan sexdən oğurlanmış əşyalar olduğunu təsdiq etmişdir (i.v.150); - “Əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 götürülmüş 01 ədəd üzərində “Ak Akar US” markalı boru yapışdıran ütü, 01 ədəd qara-sarı rəngli “Ural-zid” markalı drel Zərərçəkmiş şəxs3 təqdim edilərək baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs3 həmin əşyaları tanıyaraq ona məxsus olduğunu bildirməklə ona məxsus mənzildən oğurlanmış əşyalar olduğunu təsdiq etmişdir (i.v.151); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/5753 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilməyən mallar nəzəri qaydada 01 ədəd üzəri yaşıl brilyant qaşlı 583 əyar damğalı qadın üçün qızıl üzüyün qiyməti, 01 çüt üzəri yaşıl brilyant qaşlı 583 əyar damğalı qadın üçün qızıl sırğanın qiyməti, 01 ədəd üzəri brilyant qaşlı 583 əyar damğalı kişi üçün qızıl üzüyün qiyməti və 01 ədəd dəmir sıxmaq üçün məngənənin qiymətini müəyyən etmək mümkün olmamış, naqilsiz drel aparatının qiyməti 40 manat, parçanı taxtaya tixmək üçün nəzərdə tutulan steplerin qiyməti 10 manat, hava ilə işləyən parçanı taxtaya tikmək üçün nəzərdə tutulan steplerin qiyməti 60 manat, elektron mişar aparatının qiyməti 40 manat müəyyən edilmişdir.Təqdim edilən mallardan 01 ədəd “Ak Akar US” markalı FUSİO THERM yazıları olan 1800vatt boru yapışdıran ütünün qiyməti 15 manat, 01 ədəd “RTR MAX” markalı MS-900KL model sarı-göy rəngli künckəsən taxta mişarının qiyməti 35 manat, 01 ədəd qara rəngli “Makule” markalı JS012 model künckəsən taxta mişarının qiyməti 35 manat, 01 ədəd qara-sarı rəngli, “Ural-zid” markalı UD-600EP model drelin qiyməti 15 manat, 01 ədəd açıq-sarı rəngli üzərində “Kzubr” markalı d-550GP model drelin qiyməti 15 manat, 01 ədəd böyük ölçülü boz rəngli üzərində “Kzubr” markalı, 2950 vt perforatorun qiyməti 85 manat müəyyən edilmişdir. Beləliklə, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 200,0 manat, təqdim edilməyən 4 adda mallar orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin iyul ayına – 150,00 manat müəyyən edilir.Təqdim edilməyən 4 adda mallar barədə kifayət qədər məlumat (zərgərlik məmulatlarının kütləsi, məngənənin modeli və sair) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.172-175); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid1 götürülmüş 01 ədəd üzərində “Ak Akar US” sözləri yazılan boru yapışdıran ütü, 01 ədəd üzərində “RTR MAX” sözləri yazılan sarı-göy rəngli künckəsən elektron taxta mişarı, 01 ədəd qara rəngli, üzərində “Makule” sözləri yazılan elektron künckəsən taxta mişarı, üzərində “Ural-zid” sözləri yazılan drel, 01 ədəd açıq sarı rəngli üzərində “Zubr” sözləri yazılan drel və 01 ədəd boz rəngli üzərində “Kzubr” sözləri yazılan perforator maddi sübut kimi tanınmış və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qaytarılmışdır (i.v.219-229); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağdam Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243 və 42-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar bitənədək təxirə salınmışdır. Tərtər Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243 və 39-cu maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 11 saylı əfv fərmanına əsasən cəzadan azad olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 04 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2014-cü il tarixdə cəzasının tam qaydada çəkib qurtarmışdır. Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunmuş, cəza 04 il 06 aya endirilmiş, xx.xx.2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 05 ay 29 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 09 ay 20 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur (i.v.184-187); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış bir övladı var; - Salyan Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 09 ay 20 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.1981-ci il təvəllüdlü Salyan rayonu Qaraçala qəsəbəsi ünvanında qeydiyyat olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə kimi cəzasının 03 ay 04 gün hissəsini çəkmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi isə təkrar törədilməsinə, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, yəni ünvan 4 ünvanından 800 manat deyil 150 manat pul oğurlaması, həmçinin məhkəmə istintaqında oğurladığını etiraf etdiyi əşyalardan başqa ittiham aktında göstərilən digər əşyaları oğurlamaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əməlini qismən etiraf edərək peşman olmasını, vurulmuş ziyanın qismən ödənilməsini, bir zərər çəkmiş şəxslə barışmasını və həmin zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi sayılır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətlərə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin təhlükəli residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(011)-136/2024 saylı qərarı ilə sonuncunun barəsində təyin olunmuş cəzadan 09 (doqquz) ay 20 (iyirmi) gün vaxtından əvvəl şərti azad etmə ləğv edilməli və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-166/2020 saylı hökmü ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 (doqquz) ay 20 (iyirmi) gün müddəti hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə, ona qəti cəza təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 15 iyul 2024-cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində “RTR MAX” sözləri yazılan sarıgöy rəngli künckəsən elektron taxta mişarı, 01 ədəd boz rəngli üzərində “Kzubr” sözləri yazılan perfarator, 01 ədəd açıq sarı rəngli üzrində “Zubr” sözləri yazılan direl və 01 ədəd qara rəngli, üzərində “makule” sözləri yazılan elektron künckəsən taxta mişarı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, 01 ədəd üzərində “Ak Akar US” sözləri yazılan boru yapışdıran ütü və 01 ədəd qara-sarı rəngli, üzərində “Ural-zid” sözləri yazılan direl zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının xərci olaraq 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(011)-136/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-166/2020 saylı hökmü ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 09 (doqquz) ay 20 (iyirmi) gün müddət hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 15 iyul 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində “RTR MAX” sözləri yazılan sarıgöy rəngli künckəsən elektron taxta mişarının, 01 ədəd boz rəngli üzərində “Kzubr” sözləri yazılan perforatorun, 01 ədəd açıq sarı rəngli üzərində “Zubr” sözləri yazılan drelin və 01 ədəd qara rəngli, üzərində “makule” sözləri yazılan elektron künckəsən taxta mişarının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, 01 ədəd üzərində “Ak Akar US” sözləri yazılan boru yapışdıran ütünün və 01 ədəd qara-sarı rəngli, üzərində “Ural-zid” sözləri yazılan drelin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 geri qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-65/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-65/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver