Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-66/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 2022-ci ilin iyun ayının sonlarından 2022-ci ilin avqust ayının əvvəllərinədək olan müddət ərzində istintaqa məlum olmayan tarixlərdə vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs Mənzil Tikinti Kooperativinə məxsus hündürmərtəbəli yeni tikili binanın həyətinə hasardan tullanmaqla qanunsuz daxil olub saxlanc yeri hesab edilən zirzəmidən hissə-hissə olmaqla ümumilikdə 508,6 metr uzunluğunda hər metri 37 manat təşkil edən “cebhe yatay” alüminium profillərini gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Mənzil Tikinti Kooperativinə ümumilikdə 18818 manat 20 qəpik məbləğində xeyli miqdarda maddı ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Yasamal Rayon İcra Hakimiyyətinə məxsus Yaşıllaşdırma İdarəsində sulayıcı vəzifəsində işləyir. 2022-ci ilin mart ayından yaşadığı ünvanın yaxınlığında yerləşən Zərərçəkmiş şəxs MMC-də aylıq olaraq 600 manat maaş qarşılığında fəhlə olaraq işləmişdir. Həmin müddət ərzində yaşadıqları evə yaxın olduğu üçün işləmişdir. Həmin MMC onların yaşadıqları evi sökülməyini və onun yerində qeyri-yaşayış binası tikiləcəyini bildirmişdir. Lakin, həmin vaxt onlara az pul təklif etdikləri üçün onlarla arasında mübahisələr yaşanmışdır. Həmin şirkətin nümayəndəsi olan Anar adlı şəxs yaşadıqları evin söküləcəyini və onlara isə dedikləri məbləğdən artıq pul verməyəcəyini kobud şəkildə bildirmişdir. O da həmin ərəfələrdə əsəbiləşdiyindən iyun ayının sonlarında iki üç gün ərzində hissə-hissə olmaqla işlədiyi Zərərçəkmiş şəxs MMC-nin tikinti hissəsində zirzəmidən alüminium profilləri heç kimin görməməyindən istifadə edərək çölə atmışdır. O, həmin inşaat işləri gedən yerə hasardan atlayaraq içəriyə gizli yolla daxil olmuşdur. Alüminium profillərin bir neçəsini icarəyə götürdüyü **-MR-*** dövlət qeydiyyat nömrə nişanlı “Toyota Prius” markalı avtomobillə ünvan 3 ünvanına gələrək avtomobilin yük hissəsinə yükləmişdir. O, ilk dəfə oğurluq edərkən qərara gəlmişdir ki, bir müddət sakitçilik olandan sonra həmin yerə girib yenə də, alüminium profil oğurlayar. Daha sonra idarə etdiyi avtomobili yaşadığı məhlənin qarşısında saxlayaraq evə daxıl olmuşdur. Oğurlayaraq maşına yüklədiyi alüminium profilləri isə Nəsimi rayonu ərazisində səyyar əlvan metal qəbul edən tanımadığı şəxslərə 400 manata satmışdır. O, 2022-ci ilin iyun ayının sonlarında həmin şirkətdən işdən çıxmışdır. Bir müddət işsiz qalmışdır. Həmin ərəfədə maddi vəziyyəti pisləşmişdir. Şirkətdən acıqlı qaldığı üçün yenidən avqust ayının əvvəllərində gecə saat 02 radələrində yaşadığı evdən çıxaraq əvvəllər işlədiyi Zərərçəkmiş şəxs MMC-nin tikinti işləri gedən hissəsindən yeni inşa olunmuş hündürmərtəbəli binanın həyətinə hasardan atlanıb daxil olmuşdur. Ətrafda heç kimin olmamasından istifadə edərək zirzəmidə olan alüminium profilləri çölə yığmışdır. Bundan sonra, həmin profilləri **-MR-*** dövlət qeydiyyat nömrə nişanlı “Toyota Prius” markalı avtomobilinə yığaraq oradan uzaqlaşmışdır. Daha sonra həmin profillərin bir hissəsini Nəsimi rayonu ərazisində Ruslan adlı şəxsin metal qəbulu sexinə digər hissəsini isə səyyar əlvan metal qəbul edən tanımadığı şəxslərə ümumilikdə 370 manata satmışdır. Oğurluq edərkən onu heç kim görməmişdir. Oğurladığı alüminium profilləri sayyar əlvan metal qəbul edən tanımadığı şəxsə satmış, həmin şəxs alüminium profillərin oğurluq olmasını bilməmişdir. O, həmin tikinti şirkətinin zirzəmisindən ümumilikdə təxminən 500 metr alüminium profil oğurlamışdır. O, ilk dəfə oğurluğa girəndə hamısını oğurlaya bilməyəcəyini başa düşüb bir müddət sakitçilik olandan sonra yenidən oğurluq etmək qararına gəlmişdir. Daha sonra törətdiyi əməldən səmimi peşman olmasını, zərər çəkmiş hüquqi şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və ilk dəfə cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, hazırda "xxxx" MTK-nin sədri vəzifəsində işləyir. Təxminən mart ayının sonlarından qeyd etdiyi vəzifədə çalışır. Sədri olduğu ünvan 4 ünvanında yerləşən hündürmərtəbəli binada avqust ayının sonlarında işçilər ona son vaxtlar tikintidə istifadə edilən “cebhe yatay” adlı alüminium profillərin əksik olmasından və oğurlanmasından şübhələnmişdir. O, bu zaman dərhal bu barədə polisə müraciət etmişdir. Həmin vaxtı 21-ci Polis Bölməsində izahat verərkən alüminum profillərin oğurlanması nəzticəsində şirkətə ümumilikdə 5000 manata yaxın zərər dəydiyini bildirmişdir. Lakin oğurluq olan vaxt tələsib oğurlanan əmlakları düzgün hesablaya bilməmişlər. Sonradan iyun ayından indiyə qədər həmin şirkətə daxil olan materialları hesablayarkən həmin tikinti sahəsindən ümümilikdə 508,6 metr “cebhe yatay” profilinin əksik olduğunu hesablamışlar və son olaraq 1 metr “cebhe yatay” profilinin dəyərinin 37 manat olduğunu nəzərə alıb ümumilikdə şirkətə dəyən zərərin 18818,20 manat olduğunu aydınlaşdırmışlar. Oğurluq edən həmin şəxs və ya şəxsləri tanımır. O, oğurlanan profillərin uzunluğu 17.05 sm, eni 14 sm, qalınlığı isə 51x132 mm ölçüdən ibarət olduğunu bildirmişdir. Daha sonra hüquqi şəxsə dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və sonuncudan şikayətinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid Əlibaba oğlu ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda 2 ilə yaxındır ki, metal qəbulu məntəqəsi işlədir. 2022ci ilin avqust ayında üzdən tanıdığı Samir adlı şəxs “Toyota Prius” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə alüminium profillər gətirərək satmaq istədiyini ona bildirmişdir. O, Samirə həmin aliminium profillərin oğurluq olub-olmaması sualını vermişdir. Lakin Samir ona oğurluq olmadığını, öz evlərində tikinti işləri apardıqlarından artıq qalan alüminum profilləri satmaq istədiyini bildirmişdir. O, alüminium profillərə baxış keçirdikdən sonra ala biləcəyini demişdir. O, tərəzidə alüminum profilləri çəkdikdən sonra kilosunu 2 manat 50 qəpiyə alacağını demiş, Samir adlı şəxs onunla razılaşaraq satmaq istədiyini bildirmişdir. Həmin profilləri qatlayaraq tərəziyə yerləşməsi üçün əymişdir. O, alüminium profilləri tərəzidə çəkdikdə 48 kilo olduğunu bilmişdir. Buna görə də, Samir adlı şəxsə 117- 118 manat pul vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v. 50-51); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v.27-28); - “Hadisə yerinin müayinə olunması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən hündürmərtəbəli binanın zirzəmisidir (i.v.5-6); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən hündürmərtəbəli binanın zirzəmisindən hansı qaydada oğurluq etdiyini hadisə yerində əyani göstərmişdir (i.v.83-86); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7358 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında üzərində «İnteral Çuhandaroğlu» yazıları olan ayrı-ayrılıqda uzunluğu 17.05 sm, eni 14 sm, qalınlığı 51x132 mm olan alüminium profilin 01 metrinin 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 37,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.25-27); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i.v.102); - İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı və xx.xx.2014-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-cü maddəsi yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə, həmin Məcəllənin 177.2.4-cü maddəsi xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf edərək peşman olmasını, zərər çəkmiş hüquqi şəxsə dəymiş zərəri tam ödəməsini, hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini və iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf edərək peşman olmasını, zərər çəkmiş hüquqi şəxsə dəymiş zərəri tam ödəməsini, hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini və iki azyaşlı uşağının olmasını cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-66/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-66/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver