Məhkəmə qərarları › İş №1(006)-670/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-670/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-670/2025 18.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1981-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,384 qram çəkidə psixotrop maddə metamfetamini və 0,499 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 avqust 2025ci il tarixdə saat 00:48-də ünvan 4 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,384 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və 01 bükümdə təmiz çəkisi 0,499 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, saxlanıldığı vaxtadək uzun müddət narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadəçisi olmuşdur. Həmin maddələri adətən tanımadığı şəxslərdən müxtəlif qiymətlərə şəxsi istifadəsi üçün əldə etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə səhər saatlarında həmin maddədən əldə edə bilmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Papanin” adlanan ərazidə bir müddət vaxt keçirdikdən sonra tanımadığı, lakin narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxslə rastlaşmış və həmin şəxsdən bir büküm narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs ona 20 manat qarşılığında sellofan kəsiyində olan narkotik vasitəni və psixotrop maddəni satmış və o, həmin bükümləri əynində olan şalvarın sol yan cibinə qoyub münasib vaxtda istifadə etmək məqsədi ilə saxlamışdır. Lakin bir qədər vaxt keçdikdən sonra yaşadığı ünvana geri qayıtmışdır. xx.xx.2025-ci il tarixdə, saat 00:48 radələrində yaşadığı ünvan 5 ünvanın qarşısında küçədə dayanan zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra videoçəkilişdən istifadə etməklə ondan üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet olub-olmaması soruşulmuşdur. O, şalvarının sol yan cibində saxladığı şəffaf sellofan kəsiyində xx.xx.2025-ci il tarixdə əldə etdiyi ayrı-ayrı bükümlərdə olan 01 ədəd bükümdə narkotik vasitə heroini və 01 ədəd bükümdə psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən üzərində yoxlama aparılmış, lakin üzərində əlavə qanunsuz hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bükümlər polis əməkdaşı tərəfindən zərfə qoyularaq götürüldükdən sonra Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində olarkən saxlandığı yerdə təqdim etdiyi bükümlərə videoçəkilişdən istifadə olunmaqla təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Daha sonra təqdim etdiyi bükümlər müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilib möhürlənmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir zorakılıq və təzyiq olunmamışdır. İfadəsinin sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri onun özü, digər üzvləri isə Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 olmuşdur. Bununla əlaqədar 01 avqust 2025-ci il tarixdə saat 00:48-də ünvan 2anının qarşısında Təqsirləndirilən şəxs görüb saxlamışlar. Xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan tərəflərindən saxlandığını elan etmişlər. Daha sonra baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 videoçəkiliş aparması ilə Təqsirləndirilən şəxs üstünü yoxlamaq zərurətini bildirmişlər. Bununla əlaqədar Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyriqanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs isə bu təklifdən sonra əynində olan şalvarın cibindən ayrıayrı bükümlərdə olan 01 ədəd bükümdə narkotik vasitə heroinə və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünü o, şəxsən yoxlamışdır. Həmin zaman Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq və 07 ədəd 1 manatlıq pul əskinasları aşkar olunsa da, sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən əlavə hər hansı əşya və ya predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs cibindən çıxardığı bükümün no olduğunu soruşduqda sonuncu, bükümün içərisində narkotik vasitə və psixotrop maddə olduğunu, həmin maddələri tanımadığı şəxsdən öz istifadəsi məqsədi ilə aldığını etiraf etmişdir. Həmin büküm tərəflərindən qablaşdırılaraq götürüldükdən sonra çəkiliş yekunlaşmış və birlikdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin inzibati binasına getmişlər. Orada müvafiq qaydada əməliyyat axtarış tədbirinin keçirilməsi və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırmanın davam etdirilməsi Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Nicat Qasımzadəyə tapşırılmış və təhqiqatçı X8 İbrahimovun təqdim etdiyi, tərəflərindən götürülərək qablaşdırılmış bükümə onların və Təqsirləndirilən şəxs özünün iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü özünün təqdim etdiyini təsdiqləməsindon sonra təhqiqatçı sözügedən bükümü ekpertizaya göndərmək məqsədi ilə yenidən qablaşdırmaqla götürmüşdür. İştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş yekunlaşmış və istintaq hərəkəti protokollaşdırılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində şübhəli olduğundan müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı fiziki və psixi təsirə məruz qalmamışdır. İş materiallarında olan 01 avqust 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu teklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən ayrı ayrı bükümlərdə, 01 ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə və 01 ədəd bükümdə ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq və 07 ədəd 1 manatlıq pul əskinasları aşkar olunsa da sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncudan heç bir əşya, predmet aşkar edilməmişdir. Ardınca aşkar olunan narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş maddənin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmasını və istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması ünvan 2anının qarşısında keçirilmişdir və həmin zaman «İphone» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır (i/v 8-9). İş materiallarında olan 01 avqust 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD formatlı diskə baxış keçirilmiş, zərfdə qablaşdırılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin 01 bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu aşkar edilmişdir. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb üzəri möhürlə möhürlənmişdir. Bir ədəd DVD diskə “HP” markalı kompüterdə baxış keçirilmiş, həmin görüntüdə təhqiqata təqdim olunan narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin özünə aid olmasını bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır (i/v 15-16). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2025-ci il tarixli, 6/2626 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ‘‘Azərbaycan Respublikası DİN Zərflər üçün № 189” dairəvi möhür əksi, “şübhəli şəxsin üzərindən aşkar olunan maddələr Təqsirləndirilən şəxs (imza)“ yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,499 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasilə-heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,384 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir (i/v 42-44). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında” 06 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,384 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,334 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və təmiz çəkisi 0,499 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,449 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlanılmaları üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır (i/v 112-122). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 4645 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (i/v 47-48). İş materiallarında olan 02 avqust 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi və üstünün yoxlanılması zamanı, eləcə də təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı görüntülər 02 (iki) ədəd DVD formatlı diskin yaddaşına köçürülmüşdür. 1.Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi və üstünün yoxlanılması haqqında videogörüntü olan DVD diskə baxış zamanı müəyyən edilir ki, Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs 01 avqust 2025-ci il tarixdə saat 00:48-də ünvan 2anının qarşısında şübhəli şəxs qismində saxlanıldıqdan sonra üstündə yoxlanılma aparılan zaman ondan üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet olub-olmamasını soruşulduqda o, şalvarının cibində saxladığı ayrı-ayrı bükümlərdə olan 01 ədəd bükümdə narkotik vasitə heroinə və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq və 07 ədəd 1 manatlıq pul əskinasları aşkar olunsa da sübut əhəmiyyəti kəsb etmədiyindən öztino geri qaytarılmışdır. Bundan sonra əməliyyat müvəkkili tərəfindən onun üzərində başqa əşya və predmet olub-olmaması yoxlanılmış və qanunla dövriyyəsi qadağan edilmiş əlavə nəsə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq götürüldükdən sonra o, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə dəvət edilmişdir.

2. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında videogörüntü olan DVD diskə baxış zamanı müəyyən edilir ki. Təqsirləndirilən şəxs 21-ci polis bölməsində olarkən ona qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və saxlandığı yerdə təqdim etdiyi bükümə videoçəkilişdən istifadə olunmaqla təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD formatlı diskə baxış keçirilmiş, zərfdə qablaşdırılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin 01 bükümdə narkotik vasitə heroinə və 01 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu aşkar edilmişdir. Daha sonra təqdim etdiyi bükümlər müvafiq ekspertizaya göndərilməsi üçün zərfə qoyulmuş və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilib möhürlənmişdir. Bir ədəd DVD diskə kompüterdə baxış keçirilmiş, həmin görüntüdə təhqiqata təqdim olunan narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddələrin özünə aid olmasını bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Vidcogörüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmamışdır (i/v 72). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir (i/v 96-99, 101-108). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-479/2025 saylı qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 27, 80-83). Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etiraf edici ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda psixotrop maddə olan metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda narkotik vasitə olan heroinin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 01 avqust 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, ondan 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Maddi Sübutları Saxlama otağında saxlanılan, ilkin çəkisi 0,384 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,334 qram olan psixotrop maddə metamfetamin və ilkin çəkisi 0,499 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,449 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-670/2025 saylı xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 01 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Maddi Sübutları Saxlama otağında saxlanılan, ilkin çəkisi 0,384 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,334 qram olan psixotrop maddə metamfetamin və ilkin çəkisi 0,499 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,449 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 20 iş saatı üçün 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar