Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-677/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəslərində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi Şərur rayonu, Axura kəndində qeydiyyatdan olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, ev 0068-də yaşayan xx.xx.1973-cü il təvəllüdlü X1 onun barəsində müxtəlif xəbər saytlarında və “Azad Aliyev” adı ilə özünə məxsus “Facebook” sosial şəbəkəsində onun fotoşəkillərini paylaşmaqla, şərəf və ləyaqətini alçaldan, nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan böhtan xarakterli, təhqirli sözlər ifadə etməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Şikayətdən və əlavə olunmuş sənədlərdən göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X4 02 iyul 2025-ci il tarixdə saat 22:24-də Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza ünvanında fəaliyyət göstərən “oxu.az” xəbər saytında Azad İbrahimov açıqlamasında onun barəsində təhqirli ifadələr yazaraq, onu xüsusilə ağır cinayətdə ittiham etmişdir. Xəbərin məzmunu belədir: “Keçmiş məhkəmə hakimi Lətif Nəbiyevlə bağlı redaksiyamıza şikayət daxil olub. X3 sözlərinə görə, o, dələduzluq və korrupsiya əməllərinə yol vermiş Lətif Nəbiyev tərəfindən aldadılıb, sözügedən şəxs tərəfindən milyonlarla manat ziyan dəyib”. A.İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, 2022-ci il aprelin 29-da Bakı Apellyasiya Məhkəməsi onun mülki iddiasını qismən - yəni 214 258 manat məbləğində təmin edib. O qeyd edib ki, həmin qərarın icrası üçün 2022-ci il iyulun 5-də sənədlər Ədliyyə Nazirliyinin Sabunçu Rayon İcra Şöbəsinə göndərilib. “Lakin 2022-ci ildən 2025-ci il mayın 21-dək bu iş icra olunmayıb. İcra şöbəsinə dəfələrlə müraciət etsəm də, heç bir nəticə yoxdur. Hər dəfə rəsmi şəkildə bildirmişəm ki, məhkəmə qərarı vətəndaşa qarşı icra edilməlidir. Fevral ayından etibarən mütəmadi olaraq Sabunçu Rayon İcra Şöbəsinə getdim, icraçı Səbirə xanımla dəfələrlə görüşdüm. O mənə dedi ki, iş üzrə heç bir tədbir görə bilmir. Səbəb isə Lətif Nəbiyevin zənglərə cavab verməməsi və ümumilikdə saymazlıq göstərməsidir. Daha sonra o, prosesi bilərəkdən ləngidib, qeyri-qanuni üsullardan istifadə edərək 2025-ci il mayın 21-də Gədəbəy Rayon İcra Şöbəsinə icra sənədlərinin göndərilməsinə nail olub. 2025-ci il mayın 24-dən etibarən iş Gədəbəy Rayon İcra Şöbəsindədir. Gədəbəy İcra Şöbəsinin rəisi Elxan bəy və icraçı Ruslan bəylə mütəmadi görüşlərim oıub. 25 iyun tarixində yenidən Bakı Şəhər İcra Baş İdarəsində olmuşam və müavin Fəqan bəylə görüşmüşəm. Onun köməkçisi mənə qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsi bu iş üzrə 2022-ci ildə qərar çıxarıb, lakin iş yalnız 21 may 2025ci ildə icraya daxil olub. Bu isə tamamilə əsassız və gülünc fikirdir. Çünki rəsmi sənədlərdə aydın şəkildə göstərilir ki, 2022-ci il iyulun 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı Sabunçu Rayon İcra Şöbəsinə göndərilib. Mən tələb edirəm ki, bu işin icrası təmin olunsun. Əgər qarşı tərəf ödənişi etmirsə, şəxs barəsində qanuni tədbirlər görülməli və o, həbs olunmalıdır. İcra şöbəsinin müavini Fəqan bəy isə bildirir ki, "tez bir zamanda bu iş üzrə həbs mümkün deyil”. 2022-ci ildən bu günə qədər 3 il keçib. Əgər icra orqanı işi icra etmir, tədbir görmürsə, burada mənim nə günahım var?" Digər tərəfdən, 2025-ci il yanvarın 24-də adıçəkilən şəxs həbsdən azad olunub və artıq 6 ay keçib. Daha nə qədər vaxt keçməlidir ki, dələduzluq etmiş və məhkəmə qərarını icra etməkdən yayınan şəxs barəsində hüquqi tədbirlər görülsün? Niyə məhkəmə qərarı icra olunmur? Mənim tələblərim sadədir: dəymiş ziyanın məhkəmə qərarına uyğun şəkildə ödənilməsi və ya qərarın icra edilməməsi halında şəxsə qarşı qanuni tədbirlərin görülməsi. Bu səbəbdən bütün dövlət qurumlarına müraciət edirəm və xahiş edirəm ki, bu məsələdə mənə yardım göstərilsin". A.İbrahimov sonda vurğulayıb ki, əlində rəsmi sənədlər var və iş 2022-ci ilin iyul ayından etibarən Ədliyyə Nazirliyinin tabeliyində olan icra orqanında icraya yönəldilib: "Bunu da əlavə edim ki, Lətif Nəbiyev izahatında maddi vəziyyətinin pis olduğunu, övladlarının köməyi ilə dolandığım bildirib. Halbuki əvvəlki şikayətlərimdə də qeyd etmişəm ki, X6 müxtəlif şəxslərin adına sənədləşdirdiyi, ümumi dəyəri 2 milyon manata yaxın olan mülkləri var və bu mülklərin tamamı onun hakim işlədiyi dövrdə korrupsiya və dələduzluq yolu ilə əldə olunub". “Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Lətif Nəbiyev Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, ondan 214258 manat Azad İbrahimovun xeyrinə ödənilməsi tələb edilib. Məlumat üçün qeyd edək ki, Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icraatında L.Nəbiyevin borc öhdəliyi ilə bağlı digər iş üzrə icra sənədi əlilliyə görə aldığı təqaüdə yönəldilib, daha sonra tutma aparılmadığı müəyyən edilib, L.Nəbiyevin pensiyasının dayandırıldığı məlum olub. Sabunçu Rayon İcra Şöbəsində 2022-ci il iyulun 5-də icraata başlanıb, icraat zamanı borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməyib, L.Nəbiyevin Penitensiar Xidmətin Müalicə müəssisəsində, daha sonra 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi müəyyən edilib. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən, (zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etmə) L.Nəbiyev cəzadan azad edilib. Məlumatda əlavə olunub ki, L.Nəbiyevin Gədəbəy rayonu, Arabaçı kəndində yaşaması barədə Gədəbəy Rayon İcra Hakimiyyətinin Arabaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı nəzərə alınaraq icra sənədi 2025-ci il mayın 21-də Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilib, həmin qurumda davam edən icraat üzrə borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməyib. L.Nəbiyev 2025-ci il iyunun 13-də icra qurumuna dəvət edilərək izahatı alınıb, məhkəmə qərarının mahiyyəti ona izah edilərək məsuliyyət barədə xəbərdar edilib. Həmçinin qeyd edək ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə L.Nəbiyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Bildiririk ki, məhkəmə qərarının icrası ilə əlaqədar yerli icra qurumunda məcburi icra tədbirləri davam etdirilir.” Yazıdan da göründüyü kimi Azad İbrahimov nəinki onu təhqir etmiş, hətta “oxu.az” xəbər saytında dərc etdirdiyi xəbərdə onu korrupsioner adlandırmış, onun hakim işlədiyi dövrdə korrupsiya və dələduzluq yolu ilə əmlak ələ keçirməyini qeyd etmiş, bununla da onu mediada və ya kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla onu təhqir etmiş və ona böhtan ataraq xüsusilə ağır cinayətdə ittiham etmişdir. Bununla da barəsində xüsusi ittiham qaydasında şikayət etdiyim X4 02 iyul 2025-ci il tarixdə saat 22:24-də Bakı şəhəri Nəsimi rayonu, Rəsul Rza 75 ünvanında fəaliyyət göstərən “oxu.az” xəbər saytında barəmdə Belə ki, o, dərc etdirdiyi xəbərdə qeyd etmişdir ki, “X6 müxtəlif şəxslərin adına sənədləşdirdiyi, ümumi dəyəri 2 milyon manata yaxın olan mülkləri var və bu mülklərin tamamı onun nakim işlədiyi dövrdə korrupsiya və dələduzluq yolu ilə əldə olunub” ifadələr yazaraq, onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməli, xüsusilə ağır cinayətdə ittiham etməklə isə Cinayət Məcəlləsinin 147.2 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. "Oxu.az” xəbər saytından aldığı məlumata görə xəbərin məzmunu Azad İbrahimovun sözlərinə əsaslanmışdır və onun istəyi ilə dərc edilmişdir. Bundan başqa “tezadlar.az” xəbər saytında dərc etdirdiyi xəbərdə barəsində məlumatları yazdırmaqla yaymışdır. 05 sentyabr 2025-ci il tarixdə saat 18:49-da “Sabiq hakim Lətif Nəbiyev haqqında axtarış elan olunmuşdu həbs olundu Azərbaycanda keçmiş hakim yenidən həbs edilib. Tezadlar.az xəbər verir ki, bu barədə "oxu.az”-a zərərçəkmiş Azad İbrahimov məlumat verib. Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin keçmiş hakimi X10 Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. L.Nəbiyevin barəsində məhkəmə qərarının icrasından yayınmağa görə axtarış elan edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı L.Nəbiyev saxlanılıb və məhkəmə icraçılarına təhvil verilib. Məhkəmə icraçılarının təqdimatı əsasında Gədəbəy Rayon Məhkəməsində proses keçirilib. Prosesdə təqdimat təmin edilib və L.Nəbiyev barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb. Xatırladaq ki, Lətif Nəbiyev bir müddət əvvəl dələduzluqda təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin hökmü ilə o, 4 il 6 ay azadlıqdan məhrum edilsə də, sonradan dəymiş ziyanın bir hissəsini ödədiyi üçün vaxtından əvvəl azadlığa buraxılıb. L.Nəbiyev bir müddət keçsə də, məhkəmə qarşısında götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyi və istintaqdan yayındığı üçün yenidən barəsində axtarış elan olunub. Qeyd edək ki, L.Nəbiyev uzun müddət Suraxanı Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb”. Saytda dərc edilən yazıdan da göründüyü kimi onu korrupsiya və dələduzluqda ittiham edir, onu dələduz adlandırmaqla təhqir edir. Bundan başqa barəsində xüsusi ittiham qaydasında şikayət verilən X4 cinayətkar əməllərini davam etdirərək, 05 sentyabr 2025-ci il tarixdə “Facebook” sosial şəbəkəsində “Azad Aliyev” profilində “keçmiş dələduz hakim X7 məhkəmə qərarını icra etməkdən yayındığı ücün inzibati qaydada Gədəbəy rayon məhkəməsi tərəfindən həbs edildi!!!!!!!'’ başlığı ilə şəkilini paylaşaraq şəkilinin üstündə “Keçmiş dələduz hakim X7” sözlərini yazmışdır. Daha sonra əməlinin davamı kimi 09 sentyabr 2025-ci il tarixdə “Facebook” sosial şəbəkəsində “Azad Aliyev” profilində “Allahtala içərini sənə cox görməsin. Necə uzun məhbus illəri Arzu edirəm sənə Dələduz” başlığı ilə şəkilini paylaşaraq şəkilimin üstündə “X11 məhbusluğun daim olsun” sözlərini yazmışdır. Bu xəbərləri və facebook profilindən edilən paylaşımları tanışları və qohumlarını görmüş, bununla bağlı ona məlumat vermişdir. Qeyd etdiklərindən də göründüyü kimi Azad İbrahimov xəbər saytlarında və “Facebook” profilində etdiyi paylaşımlarında onu “dələduz” adlandırmaqla təhqir etmiş, onu xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi bir neçə cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 37.2-ci maddəsinə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Kütləvi informasiya Vasitələri Haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, kütləvi informasiya vasitələrindən vətəndaşların şəxsi həyatına, onların şərəf və ləyaqətinə qəsd məqsədilə istifadə etmək qadağan olunur və qanuna müvafiq surətdə məsuliyyətlə nəticələnir. Azərbaycanı Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999cu il tarixli 7saylı qərarında (3-cü bənd) məhkəmələrə izah edilir ki, məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarın 3-cü maddəsinə görə məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onlanıı həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfmə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqazidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Qeyd edir ki, X4 onun barəsində böhtan xarakterli məlumatları və təhqirləri "oxu.az" saytında dərc etdirmişdir. Belə ki, yazıdan da göründüyü kimi həmin ünvana yazılı şikayətini təqdim edən Azad İbrahimov cinayət əməlinin törətdiyi yer "oxu.az" saytının faliyyət göstərdiyi Bakı şəhəri Nəsimi rayonu, Rəsul Rza 75 ünvanıdır. "Oxu.az" xəbər saytı "X13" MMC-ə məxsusdur və hüquqi səxsin yerləşdiyi yer və redaksiyası ünvan 3 ünvanında yerləşir. Yuxarıda göstərilənlərə əsasən, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, onun həbsdə olduğu dövrdə və azadlıqda olduğu müddət ərzində Azad İbrahimov yüzə yaxın şikayət etmiş, həmçinin onun barəsində həqiqətə uyğun olmayan və nalayiq ifadələri xarakterizə edən sosial şəbəkə paylaşımları etmişdir. Azad İbrahimov bütün sosial şəbəkə paylaşımlarında “dələduz hakim” təbliğatını aparmışdır. Qeyd olunanları nəzərə alaraq, Azad İbrahimovun təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 bildirdi ki, onun Lətif Nəbiyev barəsində paylaşımlarını etməkdə məqsədi sonuncunun barəsində olan şikayətini hər kəsə çatdırmaq və məhkəmə qərarının icrasını təmin etmək olmuşdur. Lətif Nəbiyev barəsində “dələduz” deməklə ona böhtan atmamış və təhqir etməmiş, yalnız dövlətin adından müvafiq dələduzluq cinayətinə görə məsuliyyətə cəlb edilməsini bildirmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul olunmasından imtina edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 bildirdi ki, Lətif Nəbiyev cinayət məsuliyyətinə cəlb edildikdən sonra müxtəlif qəzetlərdə, jurnallarda, həmçinin televiziya verilişlərində belə “dələduz hakim” deyə müraciətlər edilmişdir. Nəzərə alınmalıdır ki, Azad İbrahimov özü şəxsən cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı kimi cinayət prosesində iştirak etmiş və həmin cinayət üzrə Lətif Nəbiyev cinayət məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi, Azad İbrahimov tərəfindən hər hansı böhtan xarakterli və təhqiramiz ifadələr işlədilməmiş, yalnız Lətif Nəbiyevin cinayət məsiliyyətinə cəlb edilməsini və sonradan mülki iddiaçı olaraq ona verilməli olan pul vəsaitinin geri qaytarılmaması barədə məlumatlar paylaşılmışdır. Qeyd etdiklərini və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 müdafiəçisi Müdafiəçi2 bildirdi ki, Lətif Nəbiyev müxtəlif oxu jurnallarında Azad İbrahimovun təhqiramiz və böhtan xarakterli ifadələrini əks etdirən paylaşımlarına məruz qalmışdır. Həmin paylaşımlarında Lətif Nəbiyevin fotoşəklini pylaşmaqla sonuncunun barəsində mənfi fikirlər təbliğ etməyə çalışmışdır. Qeyd etdiklərinin nəzərə alınmasını və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul olunmasından imtina edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İ bəndinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İİ bəndinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 88.1.3-cü maddəsinə əsasən cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs - xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışna təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1-293.3.7ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Buradan da aydın olur ki, X7 tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə ünvanlanmış şikayət ərizəsi cinayət-prosesual qanunvericiliyində nəzərdə tutulmuş xüsusi ittiham qaydasında şikayət ərizəsinin tərtib olunmasına dair tələb olunan forma və məzmunun tələblərinə riayət olunmadan verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 tərəfindən verilmiş şikayət ərizəsində qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. X7 şikayətdə X1 CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsini bildirmiş, lakin şikayətdə göstərilən cinayətin törədilmə halları hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndində göstərilir ki, cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isətəqsirləndirilən şəxs qismində tanınırlar. Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsindən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs hələ məhkəmənin hazırlıq iclası keçirilmədən, şikayət ərizəsi icraata qəbul edilməklə xüsusi ittihamçı statusu əldə etmədən verdiyi ərizəsində özünü xüsusi ittihamçı kimi göstərmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə həmin şəxs xüsusi ittiham qaydasında şikayət vermiş şəxs statusundadır. Tərəflər arasında mübahisə predmeti olan paylaşımlarda X8 Nəbiyev barəsində təhiqiramiz ifadələrdən istifadə etməsinə gəlincə, məhkəmə hesab edir ki, həmin epizodlarla bağlı cinayət hadisəsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin mövcudluğu barədə məsələ ilə bağlı hazırkı işin hallarından asılı olaraq, mahiyyəti üzrə məhkəmə baxışı keçirilmədən, tərəflər dinlənilmədən və digər sübutlar tədqiq edilmədən birmənalı hüquqi mövqe nümayiş etdirilməsi mümkün deyildir. Ancaq müvafiq şikayət ərizəsində sadalanan nöqsanlara yol verilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi üçün əsasların yaranması artıq istinad edilən xüsusatların mahiyyəti üzrə araşdırılması zərurətini istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Bundan başqa, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-384/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 göstərilmiş 9 (doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 99 (doxsan doqquz) manat manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. X2 göstərilmiş hüquqi xidmətə görə dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 9 iş saatı üçün 99 (doxsan doqquz) manat məblğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-677/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-677/2025
14.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver