Məhkəmə qərarları › İş №1(006)-68/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-68/2022

06.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-68/2022 06.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 11,210 qram olan narkotik vasitə tiryək əldə edib, üzərində saxlamaqla özü ilə Sabunçu dəmir yolu vağzalına daşımış, X7 Polis İdarəsinin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində 13 avqust 2021-ci il tarixdə, saat 12:05-də, Sabunçu rayonu, Sabunçu dəmir yolu vağzalı ərazisində saxlanılaraq ünvan 2 ünvanda yerləşən X7 Polis İdarəsinin inzibati binasına dəvət olunmuş və İdarənin növbətçi hissəsində həmin gün saat 12:40-da, üzərində şəxsi axtarış keçirilən zaman, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən, şəffaf sellofana və ağ rəngli kağıza bükülmüş vəziyyətdə, ümumi təmiz çəkisi 11,210 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulduğu günədək təxminən 4-5 il müddət narkotik vasitələrdən istifadə etmiş və həmin narkotik vasitələri Bakı şəhərindən müxtəlif yerlərdə tanımadığı şəxslərdən almışdır. 07 avqust 2021-ci il tarixdə Balaxanı qəsəbəsində olarkən əvvəllər tanımadığı şəxs ona yaxınlaşaraq 30 manata narkotik vasitə “tiryək" olduğunu bildirmiş, narkotik vasitələrədən istifadə etdiyi üçün həmin şəxsə 30 manat verərək narkotik vasitəni ondan alıb öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 13.08.2021-ci il tarixdə tanımadığı şəxsdən aldığı “tiryək”i əynindəki göy rəngli cins şalvarın sol yan cibinə qoyaraq Sabunçu dəmir yolu vağzalı ərazisinə gedərək orada istifadə etmək istəmişdir. Sabunçu stansiyası ərazisində olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini DYNPİ-nin CAŞ-nin əməkdaşları kimi təqdim edib onu saxlayaraq DYNPİ-nə dəvət etmişlər. Polis idarəsində iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sol yan cibində saxladığı narkotik vasitəni cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisindən 3 ədəd kütlə yəni, “tiryək” aşkar edilmiş, sorğu zamanı etiraf edərək həqiqəti, yəni həmin narkotik vasitəni tanımadığı şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Ondan aşkar olunaraq götürülmüş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək video çəkiliş aparılmışdır. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, DYNPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və rütbəsi polis leytenantıdır. DYNPİ-nin CAŞ-nə «Əbəlfəzl» adlı şəxsin Sabunçu dəmir yolu stansiyası ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma və üzərində gəzdirməsində şübhəli olması barədə məlumat daxil olduğu üçün tədbirin keçirilməsinə icazə verildikdən sonra «Əbəlfəzl» adlı şəxsin cinayət əməlini ifşa edib yaxalanması məqsədi ilə Sabunçu dəmir yolu stansiyasının xidməti ərazisində 13.08.2021-ci il tarixli qərara əsasən o, qrup rəhbəri, DYNPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 isə qrup üzvü təyin edilmişlər. Məlumatda göstərilən şəxsi müəyyən etmək üçün elə həmin gün tədbirlərə başlanılmış, aparılmış əməliyyataxtarış tədbirləri nəticəsində qərəzsiz mənbədən daxil olmuş məlumata əlamətləri uyğun gələn şəxs saat 12:05-də Sabunçu dəmir yolu stansiyasının ərazisində saxlanılaraq DYNPİ-nə gətirilib növbətçi hissəsinə təhvil verilmişdir. DYNPİ-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və DYNPİ-nin növbətçi hissəsində saat 12:40-da sonuncunun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər varsa könüllü sürətdə təqdim edilməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd büküm çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs cibindən çıxararaq masanın üzərinə qoyduğu büküm təhqiqatçı tərəfindən açıldıqda bükümün içərisindən 3 ədəd müxtəlif ölçülü qara rəngli bərk maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin «tiryək» adlı narkotik vasitə olduğunu və həmin tiryəki bir həftə əvvəl tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün aldığını, həmçinin həmin tiryəkdən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə zərfə qoyulub qablaşdırılmaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş və DYNPİ-nin CAŞ-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid1, NBPİ-nin KTB-nin baş inspektor kriminalisti X5 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 13 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 13.08.2021-ci il tarixdə saat 12:05-də DYNPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən DYNPİ-nə dəvət edilmiş və saat 12:15-də DYNPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilərək aydınlaşdırılmışdır. Təqsirləndirilən şəxs heç bir sualının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması soruşuldu və təklif edilmişdir ki, belə bir əşya vardırsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs geymiş olduğu göy rəngli cins şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükümü cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Həmin sellofan büküm içərisində olan ağ rəngli kağız açıldıqda içərisində 3 ədəd qara rəngli bərk halda maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə olan, maddələr “tiryəkdir”. Həmin bükümü o, bir həftə bundan öncə Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlamış, 13.08.2021-ci il tarixdə o, Sabunçu dəmir yolu stansiyası ərazisində olduğu zaman DYNPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axrtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üzrə əhəmiyyət kəsb edən başqa əşya aşkar olunmamışdır. Aşkar olunmuş kütlə iştirakçıların müşaiyəti altında qablaşdırılaraq möhürlənmişdir və onların imzaları ilə təsdiqlənmişdir. Şəxsi axtarış zamanı videogörüntü çəkilərək protokola əlavə edilmişdir. Protokol tərtib edildikdən sonra ucadan oxunmuş, heç bir irad və təklif daxil olmamışdır (i/v 25). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 13.08.2021-ci il tarixli, şəxsi axtarış və götürmə haqqında barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2021-ci il tarixli, 6/3488 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd bükümdə təmiz çəkisi 11,210 qram olan tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir (i/v 32-35). İş materiallarına əlavə edilmiş “Maddi sübut kimi tanımaq və saxlanması üçün verilməsi haqqında” 30 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 11,210 qram olan tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkin maddi sübut kimi tanınması və tədqiqatdan sonrakı qalıq hissəsi 11,110 qram narkotik vasitə - tiryəkin saxlanması üçün DYNPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır (i/v 86). İş materiallarına əlavə edilmiş “Maddi sübut kimi tanımaq haqqında” 26 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 13 avqust 2021-ci il tarixdə şəxsi axtarış keçirilməsinin video görüntüləri olan disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i/v 83). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 10 sentyabr 2021-ci il tarixli 3372 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 97-98). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 83). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə, saat 12:25-də şübhəli şəxs qismində tutulmuşdur (i/v 22). İş materiallarına əlavə olunmuş 14.08.2021-ci il tarixli “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Bakı şəhər prokuroru Mobil Şəfiyevin qərarından və “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilməsindən imtina edilmiş və həmin tarixdə “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsinə dair qərar qəbul olunmuşdur (i/v 68-70, 71-72). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən əməlindən səmimi peşman olmasını və təqsirini etiraf etməsini, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdən 14 avqust 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəməyədək icraat dövründə tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası X7 Polis İdarəsində saxlanılan, ilkin çəkisi 11,210 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 11,110 qram olan narkotik vasitə tiryək məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış keçirilməsinin video görüntüləri olan CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi «Pro Bono» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-579/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qərara əsasən 17 noyabr 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi «Pro Bono» Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi «Pro Bono» Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdən 14 avqust 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təqdim edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası X7 Polis İdarəsində saxlanılan, ilkin çəkisi 11,210 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 11,110 qram olan narkotik vasitə tiryək məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış keçirilməsinin video görüntüləri olan CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Azərbaycan Respublikası X7 Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar