Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-68/2024 11.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:30 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Astara rayonu, Pensər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Astara rayonu Pensər kəndində qeydiyyatda olan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1375/2022 saylı qərarı ilə üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 yanvar 2022-ci il tarixdə saat 15:02-də “ünvan 1 ünvanında yerləşən inzibati binasında olan zaman mərkəzin ikinci mərtəbəsinə qalxaraq ətrafı müşahidə edib digər şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra kənar şəxslərin daxil olması üçün nəzərdə tutulmayan anbar otağına qanunsuz daxil olub dolabdan Zərərçəkmiş şəxs məxsus 4300 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin yanvar ayında işsiz olduğu üçün Bakı şəhərində müxtəlif ünvanlarda müvəqqəti yaşamış və öz maddi ehtiyaclarını ödəmək üçün pul tapa bilməmişdir. 28 yanvar 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisinə gəlmiş və bir qədər gəzişdikdən sonra pul olmadığı üçün müəyyən bir obyektə daxil olub pul oğurlamaq qərarına gəlmişdir. 28 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsi yaxınlığında olan "xxxx" MMC-nin binasının yanına gəlmişdir. Ətrafda kimsənin olmadığını gördükdən sonra binaya daxil olub pul və ya hər hansı bir qiymətli əşya oğurlmaq qərara gəlmişdir. Bundan sonra obyektin qapısına əlini atıb açıq olduğunu görərək içəriyə daxil olmuşdur. Daha sonra yuxarı mərtəbəyə qalxmış və orada kimsənin olmadığını görüb həmin binada gəzişməyə başlamışdır. Orada otaqları gəzərək qiymətli əşya və ya pul axtarmış və ilkin olaraq qapıdan içəriyə daxil olub sağ tərəfdə rəfləri yoxlasa da, ona lazım olacaq hər hansı əşya tapmamışdır. Daha sonra isə dəhlizdən solda yerləşən mətbəxin yanında olan saxlanc otağına daxil olub axtarış aparmağa başlamışdır. Bu zaman həmin otaqda saxlanc yerində dolabda sellofan paketin içərisində pul əskinaslarının olduğunu görüb həmin pul əskinaslarının olduğu torbanı götürərək əynində olan tünd rəngli gödəkcənin iç cibinə qoymaqla binadan cəld bir şəkildə çıxıb uzaqlaşmışdır. Daha sonra hazırda xatırlamadığı ünvanda həmin pulu saydıqda 50 və 100 manatlıqlardan ibarət ümumilikdə 4300 manat pulun olmasını görmüşdür. Həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır, maddi imkanı olmadığı üçün dəymiş zərəri ödəyə bilmir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 2020-ci ilin əvvəllərindən etibarən Bakı şəhəri Nəsimi rayonu Pişəvəri küçəsi 2C ünvanında yerləşən "xxxx" MMC-də anbardar vəzifəsində çalışmışdır. Onun işi anbara dərman məhsullarını və dezinfeksiya maddələrini yığmaq və onların təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməkdir. 2022-ci ilin yanvar ayında övladı xəstə olduğundan onun dərman vasitələrinin alınması və xəstəxana xərclərinin təmini və tədavülü üçün pul lazım olmuşdur. O bankdan kredit götürərək 4300 manat məbləğində pul toplamışdır. Həmin pulu yaşadığı evdən çıxarkən sellofan torbaya qoymuş və işdən çıxdıqdan sonra həmin pulu aidiyyəti xərclərə yönləndirmək məqsədi olmuşdur. 28 yanvar 2022-ci il tarixdə səhər saatlarında işlədiyi Bakı şəhəri Nəsimi rayonu Pişəvəri 2C ünvanında yerləşən "xxxx" MMC-nin binasına gəlmişdir. Özü ilə gətirdiyi pulu ilkin olaraq üzərində gəzdirməyin itirmək təhlükəsi olduğunu düşünmüş və buna görə də, işlədiyi yerdə dolabın üzərinə qeyd olunan pulu qoymuşdur. Daha sonra isə öz işlərinin arxasınca getmişdir. İşlərini bitirdikdən sonra həmin gün anbardarı olduğu otağa gəldikdə pulun dolab üzərində olmadığını görüb onu axtarmağa başlamışdır. Daha sonra təhlükəsizlik kameralarına baxarkən görmüşdür ki, 28 yanvar 2022-ci il tarixdə saat 15:02də əvvəllər tanımadığı bir şəxs MMC-nin binasına daxil olaraq orada axtarış aparmağa başlamış, daha sonra isə anbar otağına daxil olaraq oradan ona məxsus 4300 manat pulu götürüb çıxaraq uzaqlaşmışdır. Bundan sonra, o, ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat vermişdir. Lakin uşağının xəstəliyi ilə əlaqədar pul tapmaq zərurəti olduğundan həmin işləri bitirəndən sonra rəsmi olaraq hüquq mühafizə orqanlarına məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilkdə 4300 manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, ona qarşı şikayətçidir. İş materiallarına əlavə olunmuş 02 mart 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Pişəvəri küçəsi 2C ünvanında yerləşən Bakı Dezinfeksiya Mərkəzi MMC-nin binasının anbar otağıdır (i/v 7-8). İş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilməsinə dair 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işinin materiallarına əlavə olunaraq DVD disklərə köçürülmüş video görüntüyə iş üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Fərhad Əliyevin iştirakı ilə baxış keçirilmişdir. Videogörüntünün yazıldığı DVD diskdə fayllar olmuşdur. Həmin fayllardan birinci fayla daxil olduqda 6 saniyəlik video yazı açılmış və videoyazıda bir nəfər tünd rəngli gödəkcədə şəxsin 28 yanvar 2022-ci il tarixdə saat 15:01-də Bakı Dezinfeksiya MMC-nin binasına daxil olduğu müşahidə olunmuşdur. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olduğunu və həmin binaya oğurluq məqsədilə daxil olduğunu bildirmişdir. Qeyd olunan DVD diskin ikinci faylına daxil olduqda 1 dəqiqə 07 saniyəlik video yazı müşahidə olunmuşdur. Həmin video yazının 3-cü saniyəsində (28 yanvar 2022-ci il tarixdə saat 15:02-də) bir nəfər əynində tünd rəngli gödəkcəsi olan şəxsin Bakı Dezinfeksiya Mərkəzi MMC-nin binasından içəri daxil olması və hərəkətini davam etdirərək sağ tərəfdə yerləşən müraciət bölməsinin rəflərində axtarış aparması müşahidə olunmuşdur. Həmin şəxs daha sonra qeyd olunan yerdə dəhlizdən sol tərəfdə yerləşən keçiddən keçərək saxlanc otağına daxil olması müşahidə olunmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində baxışda iştirak edən Təqsirləndirilən şəxs videoyazıda olan şəxsin özü olduğunu və 28 yanvar 2022-ci il tarixdə saat 15:02-də Bakı Dezinfeksiya Mərkəzi MMC-nin dəhlizindən keçidə daxil olaraq saxlanc otağında rəfdə saxlanılan 4300 manat pulu sellofan torbada götürüb gödəkcəsinə qoyub oğurladığını bildirmişdir (i/v 33). İş materiallarında olan qətimkan tədbirinin nəzərə alınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “azadlıqdan məhrumetmə” cəzasını çəkməsi nəzərə alınmışdır (i/v 89-90). İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 25 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, 25 oktyabr 2023-cü il tarixdə 15:10-dan 15:40-dək müddət ərzində Təqsirləndirilən şəxs habelə onun müdafiəçisinin iştirakı ilə ifadəsi yerində yoxlanılarkən hadisənin baş verdiyi ünvanın “ünvan 7nı olduğu müəyyən edilmişdir (i/v 106-109). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-86/2022 saylı, xx.xx.2022-cı il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1375/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət törətməyə görə məhkum olunmuş, Təqsirləndirilən şəxs 11 noyabr 2015-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 180.2.4, 234.1-ci maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 oktyabr 2020-ci il tarixli Salyan rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl həmin cəzadan azad edilmiş və 07 dekabr 2020-ci il tarixdə cəzadan vaxtından əvvəl azadetmə müddəti başa çatmışdır. 24 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək Nərimanov rayon məhkəməsinin hökmü ilə 03 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli 02 mart 2022-ci il tarixdən hesablanmış, Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 1375/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-86/2022 saylı, 24 may 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-86/2022 saylı, 24 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-82/2022 saylı, 27 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi nəzərə alınmaqla (04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası) hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmış, ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 oktyabr 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət bir günü bir gün hesabı ilə hesablanaraq 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır (i/v 92-94, 96-104). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərəçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1375/2022 saylı Qərarı ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1375/2022 saylı Qərarı ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə 11 oktyabr 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 02 mart 2022-ci il tarixdən hesablanmalı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1375/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzaçəkməsi nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-473/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş və 15 noyabr 2023-cü il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1375/2022 saylı Qərarı ilə ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 11 oktyabr 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət bir günü bir gün hesabı ilə hesablanaraq 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 02 mart 2022-ci il tarixdən hesablansın. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1375/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzaçəkməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-68/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-68/2024
11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver