Məhkəmə qərarları › İş №1(006)-68/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-68/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-68/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi – “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta texniki təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən 06 sot torpaq sahəsinə sənəd düzəltdirəcəyinə dair yalan vəd verib aldadaraq 22 sentyabr 2024-cü tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "Elit" Ticarət Mərkəzinin qarşısında Zərərçəkmiş şəxs aldığı 7200 manat pulu və sonuncunun 20 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007 ünvanında yerləşən "Bravo" Hipermarketin daxilində quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsi ilə onun adına olan Kapital Bank ASC-yə məxsus üzərində 4169-7388- 4881-8468 rəqəmləri həkk olunmuş plastik bank kartının hesabına göndərdiyi 2000 manat pulu vahid tamah niyyəti ilə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 9200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2023-cü ilin sentyabr ayında tanışı Şahid vasitəsi ilə tanış olmuş və sonradan onlar üçü vaxt aşırı onun işlədiyi ofisin yaxınlığında yerləşən "Elit" ticarət mərkəzində nahar vaxtlarında görüşmüşlər. Təxminən 2023-cü il sentyabr ayında onun maddi vəziyyəti ilə bağlı problemlər olduğundan pul axtarışında olmuşdur. O, 22 sentyabr 2023-cu il tarixdə saat 15 radələrində "Elit" ticarət mərkəzində yerləşən adını xatırlamadığı kafedə Şahid və Zərərçəkmiş şəxs görmüş, sonuncularla birlikdə nahar vaxtını keçirmək üçün yaxınlaşmış, həmin vaxt Ruslan və Eşqin arasında olan söhbətdən eşitmişdir ki, Eşqin ev tikdirmək istəmiş, lakin İcra Hakimiyyəti tərəfindən icazə verilməmiş və bu məsələni həll edə biləcək bir adam axtarmışdır. Bu zaman o, fikirləşmişdir ki, Eşqinə kömək edə biləcəyini desə, sonuncu ona müəyyən məbləğdə pul verər, o da öz borclarını qaytardıqdan sonra Eşqinin verdiyi pulları düzəldib özünə qaytarar və məsələni həll edə bilmədiyini deyər. O, dərhal Zərərçəkmiş şəxs yalandan demişdir ki, İcra Hakimiyyətində onun tanışı var və o, öz nüfuzundan istifadə edərək sənədlərin düzəldilməsini təşkil edə bilər. Zərərçəkmiş şəxs onun dediklərinə inanmışdır. O, Zərərçəkmiş şəxsla qiymətlə bağlı söhbət etmiş və yekunda 9.200 manat məbləğində razılığa gəlmişlər. Zərərçəkmiş şəxs da Şahid yanında ona bildirmişdir ki, həmin pulun bir hissəsini, yəni 6-7 min manatı elə həmin gün ərzində görüşərək əlbə-əl verməyə gücü çatacaqdır, qalan pulları isə oktyabr ayının əvvəllərdə düzəldərək verəcəkdir. O da Eşqinə bildirmişdir ki, heç bir problem yoxdur. Həmin gün, nahardan sonra Zərərçəkmiş şəxs və Şahid Elit ticarət mərkəzinin qarşısında onunla görüşmüşlər. Görüş zamanı Zərərçəkmiş şəxs əlbə-əl şəkildə ona 7200 (yeddi min iki yüz) manat pulu vermişdir. O, pulları saymış, qısa müddətdə əlaqə saxlayacağını bildirdikdən sonra sağollaşaraq getmişdir. Lakin o, Zərərçəkmiş şəxs verdiyi 7200 manatı sonuncunun məsələsinin həllinə yox, öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 20 oktyabr 2023-cü il tarixdə Eşqin Nəsimi rayonu ərazisində olarkən ona əlavə 2000 manat pul göndərmək istədiyini bildirmiş və həmin 2000 manat pulu onun adına olan, "xxxx" ASC-yə məxsus plastik bank kartının hesabına göndərmişdir. O, həmin 2000 manat pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs məsələnin nə yerdə qaldığına dair onu sorğu-sual etmiş, o isə işin alınmadığını və verdiyi 9200 manat pulu qısa müddətdə geri qaytaracağını bildirmişdir. Lakin onun maddi durumu ağır olduğuna görə Zərərçəkmiş şəxs aldadaraq ələ keçirdiyi və öz şəxsi ehtiyaclarına xərclədiyi 9200 manat məbləğdə olan pulu geri qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs aldığı ümumilikdə 9200 manat puldan tanışı Şahid və ya başqa hər hansı bir şəxsə pul verməmiş, həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmiş və Şahid bu məsələdə heç bir iştirakı və marağı olmamışdır. Ruslan sadəcə olaraq bu məsələlərdə onların yanında olmuş və hadisələrin şahidi olmuşdur. Onun İcra Hakimiyyətində işləyən tanışı yoxdur. O, sadəcə olaraq Zərərçəkmiş şəxs inandırmaq üçün belə ifadələr işlətmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyandan 1000 manat ödəniş etməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 4-5 ildir tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə, yəni sifarişlər əsasında yaşayış evlərinin tikintisi ilə məşğuldur. Təqsirləndirilən şəxs tanışı Şahid vasitəsi ilə tanımışdır. Həmçinin, onun işlədiyi ofisin yaxınlığında yerləşən "Elit" ticarət mərkəzində onlar üçü vaxtaşırı nahar vaxtlarında görüşmüşlər. Təxminən 2023-cü il sentyabr ayının əvvəllərində o, hazırda anket məlumatlarını xatırlamadığı müştərisindən Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində olan 6 sot torpaq sahəsində yaşayış evinin tikilməsi ilə bağlı şifariş qəbul etmişdir. Lakin, həmin torpaq sahəsinə İcra hakimiyyətindən tikintiyə icazə alınması məsələsində problemlər olduğundan, tikinti işlərinin başlamasına maneə yaranmışdır. Bu vaxt müştəri ondan həmin problemin həll edilməsində köməklik etməsini xahiş etmişdir. O, isə həmin məsələdə kömək edəcəyinə dair söz vermişdir. 22 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində o, Şahidla "Elit" ticarət mərkəzində çay içirmiş, söhbət əsnasında Şahid yuxarıda qeyd etdiyi məsələni danışmışdır. Həmin vaxt yanlarına Təqsirləndirilən şəxs gəlmiş, söhbəti eşidən Təqsirləndirilən şəxs problemi həll edə biləcəyini demiş, lakin görüləcək işlərlə bağlı 10.000 (on min) manat pul lazım olduğunu, İcra Hakimiyyətində tanışı olduğunu və öz nüfuzundan istifadə edərək sənədlərin düzəldilməsini təşkil edə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə qiymətlə bağlı söhbət etmiş və yekunda 9200 (doqquz min iki yüz) manat məbləğində razılığa gəlmişlər. O, Şahid yanında Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin pulun bir hissəsini, yəni 6-7 min manatı elə həmin gün ərzində görüşərək əlbə-əl verəcək, qalan pulları isə oktyabr ayının əvvəllərində düzəldib verəcəkdir. Təqsirləndirilən şəxs ona cavab olaraq bildirmişdir ki, heç bir problem yoxdur. Həmin gün nahardan sonra o, 7200 (yeddi min iki yüz) manat pulu düzəltmiş və Şahidla birlikdə Elit tircarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxslə görüşmüşdür. Görüş zamanı o, əlbə-əl şəkildə özünə məxsus 7200 (yeddi min iki yüz) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onun verdiyi pulu sayaraq götürmüş və qalan hissəni də tez zamanda düzəltmək lazım olduğunu bildirdikdən sonra onunla və Şahidla sağollaşaraq getmişdir. Təxminən oktyabr ayının əvvəllərində o, Təqsirləndirilən şəxslə danışaraq, işin hansı mərhələdə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs məsələnin həllində müəyyən problemlər ortaya çıxdığını bildirmiş və pulun qalan hissəsinin verilməsini tələb etmişdir. O, qalan 2000 (iki min) manat pulu 2023-cü ilin oktyabr ayında dəqiq yadında qalmayan tarixdə Təqsirləndirilən şəxs ona göndərdiyi "Kapital Bank” ASC-nin nömrəsini xatırlamadığı bank kartına Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində fəaliyyət göstərən "Bravo" Hipermarketin daxilində quraşdırılan "MilliÖn" aparatı vasitəsilə göndərmişdir. Bundan bir neçə gün sonra o, Təqsirləndirilən şəxslə əlaqə saxlayıb məsələnin həll edilib-edilməməsini soruşduqda, sonuncu məsələni həll etmədiyini və götürdüyü pulları qaytaracağına dair söz vermişdir. Lakin, bir müddətdən sonra Təqsirləndirilən şəxs onun telefon zənglərinə cavab verməmişdir. O, da bundan sonra Təqsirləndirilən şəxs polis orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanıdığı Şahid vasitəsi ilə tanımışdır. O, pulların hamısını Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs Şahid pul verməsinə inanmır. Belə ki, o, Şahidla yaxın dostdur. O, müştərisinə aid torpaq sahəsində yaşayış evinin tikilməsinə İcra Hakimiyyətindən icazə alınması məsələsinin həll edəcəyinə dair verdiyi yalan vədlərə inanaraq Təqsirləndirilən şəxs 9200 manat pul vermişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyandan 1000 manat ödədiyini və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza təyin edilməsinə etiraz etmədiyini bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid məhkəməyə teleqramlar ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin 1-ci vərəqində olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 30 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin 4-5-ci vərəqlərində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən «Elit» Ticarət Mərkəzinin qarşısında qeydə alınmışdır; cinayət işinin 20-ci vərəqində olan “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzə zərər çəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin 29-cu vərəqində olan 01 ədəd 50276 nömrəli qəbzdən görünür ki, Q***** C***** Ə***** oğlu adında şəxsə məxsu qəbzdə göstərilən bank kartına 2.000.00 manat məbləğində pul köçürülmüşdür; cinayət işinin 32-ci vərəqində olan “İttiham elan etmək üçün şəxin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan etmək üçün barəsində axtarış elan etmək məqsədilə tutulması və tutulduqdan sonra Binəqədi RPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır; cinayət işinin 33-cü vərəqində olan “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs tutulanadək cinayət işi üzrə icraat dayandırılmışdır; cinayət işinin 34-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdə, saat 17:00-da Bakı şəhəri, Binəqədi rayonu, “Azadlıq” metrostansiyasının yaxınlığında saxlanılmışdır; cinayət işinin 35-ci vərəqində olan “Cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir və icraatına qəbul edilməklə ibtidai istintaqı aparılmışdır; cinayət işinin 59-cu vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin 80-85-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-600/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilmişdir. cinayət işinin 86-87-ci vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; cinayət işinin 91-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; cinayət işinin 92-93-cü vərəqələrində olan “Cinayət işinin aidiyyatı üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ərazi aidiyyati üzrə ibtidai istintaq davam etdirilməsi üçün Bakı şəhər Prokurorluğu vasitəsilə Nəsimi RPİnin İstintaq Şöbəsinə göndərilmişdir; cinayət işinin 117-ci vərəqində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur; cinayət işinin 130-cu vərəqində olan "xxxx" ASC-yə məxsus Ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2023 – xx.xx.2023 tarixləri aralığında Təqsirləndirilən şəxs məxsus bank kartına 2000.00 manat məbləğində pul məxaric olunmuşdur; cinayət işinin 131-137-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən elan olunmuş ittiham və 12 avqust 2024-cü il tarixdə onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Şahid əməlində Azərbaycan Respublikası CM-nin 178.1 və 178.2.1-ci maddələrinin, həmçinin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinin tərkibi olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 308 və 310-cu maddələrinin tərkibi olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddələrinin tərkibi olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddələrinin tərkibi olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi barədə protokol, protokola əlavə edilmiş fotoşəkillər, Təqsirləndirilən şəxs etirafedici ifadələri, Zərərçəkmiş şəxs ifadəsi, şahid ifadəsi və cinayət işinə əlavə edilmiş digər sənədlər obyektiv və iş materiallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilməsi nəzərə alınmış, Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı istintaq zamanı mülki iddia tələbi ilə müraciət etməməsi səbəbindən, onun cinayət işi üzrə mülki iddiaçı qismində tanınmaması nəzərə alınmış, iş üzrə Zərərçəkmiş şəxs sonuncu dəfə 2000 manat pulu Təqsirləndirilən şəxs göndərməsi barədə qəbzin fotoşəkili iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş X2 və X3 məxsus şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X4 adlı və xx.xx.2008-ci il təvəllüdlü X6 adlı iki azyaşlı övladı var. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1000 (bir min) manat ödəniş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında 3 növ cəza yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, vurulmuş ziyandan 1000 manat ödəniş etməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, istintaq zamanı tutma altına saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan “Zərərçəkmiş şəxs sonuncu dəfə 2000 manat pulu Təqsirləndirilən şəxs göndərməsi barədə qəbzin fotoşəkili” cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan – “Zərərçəkmiş şəxs sonuncu dəfə 2000 manat pulu Təqsirləndirilən şəxs göndərməsi barədə qəbzin fotoşəkili” cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar