Məhkəmə qərarları › İş №1(006)-69/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-69/2021

12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-69/2021 12.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs və Zərərçəkmiş şəxs onun nümayəndəsi: Nümayəndə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, “xxxx” MMC-də işləyən, məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 19, mənzil 03-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 23:34-də Bakı şəhəri Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən “Bravo” hipermarketin qarşısında öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoyaraq, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş cuzi mübahisə səbəbindən sonuncunun üz nahiyəsinə qəsdlə yumruqla bir zərbə vuraraq ona sol çənə bucağının qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi, sol qulaq seyvanının qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 23:00 radələrində atası və həyat yoldaşı ilə birgə alış-veriş etmək üçün Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Bravo” marketə getmişlər. Birlikdə mağazaya daxil olaraq alış-veriş etdikdən sonra çıxarkən kassada növbənin çox olmasını görmüşlər. Bu səbəbdən də o və atası çölə çıxmış, arvadı Ləmana isə demişdir ki, kassada qalaraq pulu ödəsin, onlar onu bayırda gözləyirlər. Atası ilə marketin qarşısında dayanan zaman görmüşdür ki, adını sonradan bildiyi Mehman adlı şəxs telefonla danışa-danışa qışqırmaqla söyüş söyür. Sonra Mehman atasından onu hansı səbəbə güddüyünü soruşdu. O isə əvvəlcə elə bilmişdir ki, həmin şəxs atasının hansısa tanışıdır və onunla zarafat edir. Lakin sonra Mehman onun atasının ünvanına əxlaqsız sözlər işlətdi. Atası da bu sözə cavab qaytararaq Mehmana dedi ki, “ayıb olsun sənə, sənin mənimlə nə işin var, kiminləsə məsələn varsa, get ona de”. Bu zaman Ləman mağazadan çıxaraq onlara yaxınlaşanda, Mehman bir daha tərbiyəsiz ifadə işlətdi. Buna görə də atası onun üzünə tüpürdü, o isə özünü cilovlaya bilməyib Mehmanın sinəsindən itələdi. Daha sonra atası onu tutaraq onunla işinin olmamasını dedi, çünki Mehman bəhanə axtarır ki, onları tutdursun. O da gördüm ki, orada qalsa ara yenidən qızışacaq, ona görə də atası ilə oranı tərk etdi, Ləmana isə marketin arxa tərəfinə gəlməyi tapşırdı. Bundan sonra onlar evə yollandılar. Yolda olarkən atası ona bildirmişdir ki, Mehman onun əmiləri Pərviz və Rza ilə illərdir qərəzli münasibətdədir, ona görə də onların ailəsindən kimisə tutdurmaqla qisas almağa çalışır. O, həmin hadisədən qabaq Mehmanı şəxsən tanımamış və aralarında şəxsən heç bir narazılıq olmamışdır. Dəfələrlə barışığa cəhd etsələr də, Mehman barışamayacağını bildirir. Törətdiyi əməldən peşmandır, himayəsində də 3 aylıq övladı var. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 23:50 radələrində idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil ilə ərzaq almaq üçün yaşadığı ünvandan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 saylı ünvanda yerləşən “Bravo” marketə gəlmişdir. Avtomobili marketin qarşısında park etdikdən sonra telefonla danışa-danışa marketə daxil olmuşdur. Lakin içəridə gur səs olduğu üçün telefon danışığını eşidə bilməmiş və bu səbəbdən rahat danışmaq üçün çölə çıxmışdır. Bu zaman görmüşdür ki, iki nəfər, adını Rövşən kimi tanıdığım Şahid1 və sonradan onun oğlu olduğu bildiyi Səid onun arxasınca əvvəl marketə daxil olmuş, sonra geri qayıdaraq təxminən 03 metr aralıda dayanmaqla ona baxırlar. O, bu şəxslərdən nəyə görə ona qulaq asdıqlarını soruşanda, onlar ona yaxınlaşmış və Hüşəng demişdir ki, “səninlə işim var, gəl gedək marketin arxasında söhbət edək”. Onların onu öldürmək niyyətlərinin olmasını başa düşdüyüm üçün bildirmişdir ki, “nə sözünüz varsa burda deyin, sizinlə heç yerə gətməyəcəyəm və məndən aralı gəzin”. Bu sözü dedikdən sonra Hüşəng üzünə tüpürərək ünvanına nalayiq sözlər işlətdi. Onun marketin arxasına keçməyəcəyini anladıqdan sonra qəflətən Səid onun sol qulaq nahiyyəsinə bir yumruq zərbəsi vuraraq onu yerə yıxdılar. Zərbəni Səid vurduqdan sonra o, huşunu itirmiş və ondan sonra kimin onun vurduğunu bilməmişdir. Ancaq onu deyə bilər ki, Səid və Hüşəng tək olmamışlar. Onların maşınında başqa adamlar da var idi, onlar da ona zərbə vurdular. Kənarda olan şəxslər onları ayırdıqdan sonra bu şəxslər tez bir zamanda ərazini tərk etdilər. Təqsirləndirilən şəxslə barışmaq fikri yoxdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində böyük oğlu Səid və gəlini Ləmanla birgə alış-veriş etmək üçün Tbilisi prospektində yerləşən “Bravo” marketə gəlmişlər. Bir qədər alış-veriş etdikdən sonra marketin kassasına yaxınlaş, növbənin çox olmasını görüb Səidlə çölə çıxmış, Ləman isə əşyaların pulunu ödəmək üçün kassanın yanında növbədə qalmışdır. Bayırda olarkən görmüşdür ki, kimsə telefonla ucadan danışaraq söyüş söyür. Bir qədər həmin şəxsə diqqətlə baxanda 20-30 metr aralıda dayanan Zərərçəkmiş şəxs əli ilə ona tərəf işarə edərək ünvanına nalayiq ifadələr işlətmiş və guya onun onu güddüyünü demişdir. O da ona demişdir ki, “səni heç kim güdmür, biz marketə bazarlıq etməyə gəlmişik və getsin öz işi ilə məşğul olsun”. Bundan sonra Mehman daha yüksək səslə onun ailə üzvlərini təhqir edərək dedi ki, “siz binamus, biqeyrət və satqınsız, qardaşların Rza ilə Pərviz məhkəmədə qəsdən mənim üzümə dayanaraq məni tutdurub”. O da ona yaxınlaşaraq demişdir ki, “əgər sənin onlarla işin varsa, get sözünü onlara de, daha mənim ailəmlə nə işin var”. Mehman isə ətrafda olan insanların içərisində onu yenidən təhqir etməyə davam etmişdir. Buna görə də o, onun üzünə tüpürmüşdür. O da ona qarşı eyni hərəkət edəndə, oğlu Səid onun çiynindən itələmişdir. Mehman isə yalandan özünü yerə yıxaraq qışqırmağa başlamış və dayanmadan əxlaqsız, ədəbsiz sözlər işlətdiyi üçün onlar oranı tərk etmişlər. Məhkəmə istintaqında şahid X2 ifadəsində göstərdi ki, “Opel Astra” markalı, **-RD- *** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur və mütəmadi olaraq Tbilisi prospektində yerləşən “Bravo” marketin qarşısında dayanır. xx.xx.2020-ci il tarixdə, axşam saat 11 radələrində marketin qarşısında dayanan zaman görmüşdür ki, bir nəfər dolu bədənli şəxs marketin qarşısında yüksək səslə mobil telefonda danışır. Bu vaxt marketdən biri cavan olmaqla 2 nəfər şəxs çıxanda telefonla danışan həmin şəxs onların ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra tərəflər arasında mübahisə yaranmış və cavan oğlan telefonla danışan şəxsi itələyərək yerə yıxmışdır. Kənarda olan şəxslərin müdaxiləsindən sonra onlar aralanıb oranı tərk etmiş, telefonla danışan şəxs isə yerdə qalmışdır. Məhkəmədə Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs ərizə ilə 20-ci polis bölməsinə müraciət edərək xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Bravo” hipermarketin qarşısında 2 nəfər tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs müraciətinin icrası ona həvalə olunduğundan tərəfindən təhqiqat araşdırması aparılmış, o cümlədən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibbi ekspertizası təyin edilmiş, marketin qarşısında quraşdırılmış kamera görüntüləri götürülərək diskə köçürülməklə materiala əlavə edilmiş və xx.xx.2020-ci il tarixdə materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 xx.xx.2020-ci il tarixli, 418 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol çənə bucağının qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi və sol qulaq seyvanının qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-5 gün əvvəl əmələ gəlmişlər, onun tibbi yardım üçün Bakı Baş Sİ-nin X6 müraciət etdiyi və qərarın rəsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (İ cild, i.v.16-17); - “Videoyazıya baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokol və disklərə əsasən xx.xx.2020-ci il tarixdə, saat 23:05-də Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil ilə “Bravo” hipermarketin qarşısına gəlmiş, avtomobili dayanacaqda park etdikdən sonra mobil telefonla danışadanışa marketin giriş qapısına yaxınlaşmış və həmin vaxtı orada dayanan Təqsirləndirilən şəxs və Şahid1 ilə əvvəlcə sözlü mübahisə etmiş, bu zaman Şahid1 onun üzünə tüpürmüş, daha sonra saat 23:34-də Təqsirləndirilən şəxs sağ ayağı ilə onun ayağından vuraraq sinəsindən itələməklə yerə yıxmış və kənarda olan şəxslərin müdaxiləsindən sonra tərəflər aralanmışlar (İ cild, i.v.42, disklər); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarla Şahid1 barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, həmçinin hadisənin qeydə alındığı görüntülərin olduğu 02 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə olunmuşdur (İ cild, i.v.109-114); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.52); - “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü azyaşlı övladı var (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını iş yeri üzrə çəkməli, cəzasının əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Eyni zamanda onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin, cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar