Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-69/2022 19.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun vəkili X3 oğlunun Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr-n, H.Seyidzadə küçəsi, ev 01, mənzil 89-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, yerdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,918 qram çəkidə narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir nəticəsində 11.08.2021-ci il tarixdə, 21:30-da ünvan 1 ünvanda saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş, orada onun üzərinə videoçəkilişlə axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə həmin narkotik aşkar edilmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 11.08.2021-ci il tarixdə, günorta vaxtı metronun “Memar Əcəmi” stansiyasının yaxınlığından tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata heroin alıb üzərində saxlamışdır. Həmin günü saat 21:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsində yaşadığı 01 saylı binanın qarşısında olarkən özlərini polis əməkdaşı kimi təqdim edən iki nəfər mülki geyimli şəxs yaxınlaşıb ondan narkotik vasitənin gəzdirməsindən şübhəli olduğunu deyib onu 19-cu polis şöbəsinə dəvət etmişlər. Orada videoçəkilişlə üzərinə axtarış keçirmədən əvvəl onda olan qanunsuz əşyaları könüllü təqdim edilməsi təklif olunmuş, o da əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Məhkəməyə dəvət olunmalarına baxmayaraq iş üzrə şahidlər gəlməmiş, müdafiə tərəfinin vəsatəti ilə məhkəmə istintaqında onların ibtidai istintaq zamanı vermiş ifadələri elan olunmuşdur. Şahid1 həmin ifadəsinə əsasən o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 01, mənzil 89-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması barədə idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı müvafiq qərar qəbul olunaraq əməliyyar qrupu yaradılmış, o və Şahid2 həmin günü saat 21 radələrində ünvan 3 ünvanda Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış və özlərini təqdim edərək məsələ barədə məlumat verib onu Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə dəvət etmişlər. Şöbədə onun üzərinə videoçəkilişlə axtarış aparılmadan əvvəl onda ola biləcək qanunsuz əşyaları könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, 10 manat pul, sol yan cibindən isə bir ədəd alışqan və üzərində “Topaz” yazısı olan çeki çıxarıb masanın üzərinə qoymuşdur (İ cild, i.v.77-79). Şahid2 da ifadəsi Şahid1 ifadəsi ilə eyni məzmun təşkil edir (İ cild, i.v.81-83). İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 12 avqust 2021-ci il tarixli, 6/3457 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,918 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,868 qram, aparılmış tədqiqatın dəyəri isə 114 manat təşkil edir (İ cild, i.v.39-41); Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 haqqında 11.10.2021-ci il tarixli, 3902 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.91-92); “Sübutların qiymətləndirilməsi haqqında” 20.10.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,868 qram heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmişdir (İ cild, i.v.94-99); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli, 4(006)- 340/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11.08.2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.71-74); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.11.2021-ci il tarixli, 4(006)- 488/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina olunmuş və o, dərhal həbsdən azad edilmişdir (İİ cild); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12.11.2021-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.93); Doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs 01.02.2019-cu il təvəllüdlü azyaşlı övladı var(İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdardaəldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasının ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə həbsdə olduğu 03 ay müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,868 qram narkotik vasitə olan heroin Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 114 manat pul ondan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə həbsdə olduğu 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 01, mənzil 89-u hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,868 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-69/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-69/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver