Məhkəmə qərarları › İş №1(006)-69/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-69/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-69/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1981-ci ildə Şəki şəhəri, Baltalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Şəki şəhəri, Baltalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi 91-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaq məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,872 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 05:15-də ünvan 1 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 21-ci Polis bölməsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan çantasının içərisindən 04 bükümdə təmiz çəkiləri 0,557 qram, 0,883 qram, 0,331 qram, 0,101 qram olmaqla ümumi təmiz çəkisi 1,872 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə ittiham irəli sürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşıması sübuta yetirilməsə də, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıma cinayətinin törədilməsi təsdiq olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə onun evinin elektrik və digər işlərini usta olaraq dəfələrlə təmənnasız görən “Elgün” adlı şəxs ona bükümlər verərək zibil qablarının yanındakı şəxslərə çatdırmasını xahiş etmişdir. O nə üçün “Elgün” adlı şəxsin özünün ora getməməsini soruşduqda sonuncu həmin şəxslərin onu tanımaması üçün qeyd olunan yerə getmək istəmədiyini bildirmişdir. Bundan sonra, o, “Elgün” adlı şəxsin ona dəfələrlə “hörmət” etməsini nəzərə alaraq, qeyd olunan bükümləri çatdıracağını bildirmişdir. Daha sonra, o, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində “Elgün” adlı şəxsin dediyi ünvan üzrə hərəkətdə olarkən qəflətən avtopatrul ona yaxınlaşmış və avtomobildən düşən polis əməkdaşları onun polis şöbəsinə getməsinin zəruri olduğunu bildirmişdir. O, polis əməkdaşlarının tələbini yerinə yetirərək avtomobilə əyləşmiş və birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində o, məhəllədən tanıdığı “Elgün” adlı şəxs tərəfindən ona bükümlərin verildiyini və onun təqsirinin olmadığını bildirsə də, polis əməkdaşları ona “Elgün” adlı şəxsin adını çəkməməsini və həmin bükümləri guya xx.xx.2023-cü il tarixdə 100 manata öz şəxsi istifadəsi üçün “Yasamal bazarı” adlanan yerdən adını “Elgün” kimi tanıdığı şəxsdən alması barədə ifadə verməsini tələb etmişlər. Ona fiziki olaraq polis əməkdaşları hər hansı təsir və ya təzyiq etməsələr də, o, polis əməkdaşlarının istədiyi formada ifadə vermişdir. Bundan sonra videoçəkiliş həyata keçirilmiş və polis əməkdaşları ona hansı formada ifadə verməsinə dair təlimatlar vermiş, o da ittiham aktında göstərilən kimi ifadə vermişdir. İfadəsinin sonunda onkoloji xəstə olduğunu, hətta məhkəmə iclaslarına səhhətindəki problemlərə görə bir neçə dəfə gələ bilmədiyini, xəstəliyi ilə əlaqədar yaranmış ağrılar səbəbindən narkotik vasitələrdən istifadə etdiyini bildirməklə məhkəmədən barəsində qanuni və ədalətli qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin PPXB-nin polis serjantı Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 23 iyul 2023-cü il tarixdə saat 05:15 radələrində Nəsimi RPİ-nin PPXB-nin polis serjantı Şahid1 ilə birlikdə ünvan 3 ünvanında xidmətdə olan zaman tanımadığı bir nəfər şəxs onları görərək qeyri-müəyyən davranışları ilə diqqət cəlb etdiyindən həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, daha sonra xanımın şəxsiyyətini müəyyənləşdirdikləri zaman qeyri-dəqiq danışıq və davranışı onlarda həmin şəxsin narkotik vasitələrin təsiri altında olmasına şübhələr yaratmışdır. Qeyd olunan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyənləşdikdən sonra sonuncu ağrıları olduğundan narkotik maddələrdən istifadə etdiyini bildirmiş, onlar da xidməti vəzifələri ilə əlaqədar həmin şəxsi üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə 21-ci polis bölməsinə gəlmiş və inzibati binada xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üstündə, pallarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu isə əlində olan qara rəngli üzərində “Zara” yazısı olan əl çantasının içərisindən ümumilikdə 04 ədəd olan 01 ədəd gümüşü kağıza bükülmüş, 01 ədəd şəffaf sellofana bükülmüş, 02 ədəd ağ sellofana bükülmüş bükümləri və 01 ədəd “Nokia” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparmağa başlanılmış, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd büküm barədə məlumat verməsi bildirilmiş, sonuncu isə xx.xx.2023-cü il tarixdə 100 manata öz istifadəsi üçün “Yasamal bazarı” adlanan yerdən adını “Elgün” kimi tanıdığı şəxsdən aldığını qeyd etmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan bükümlər zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Nokia” markalı mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyi və istintaqa təhvil verilməsi üçün qablaşdırılaraq zərfə qoyulmuş və zərfin ağzı Nəsimi RPİ-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürlənmişdir. Məhkəmə istintaqında şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin PPXB-nin polis serjantı Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin YYÇ PİTB-nin inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olması ilə bağlı şəxsi axtarış keçirilməsi zərurəti yarandığından və həmin şəxs qadın olduğundan o şəxsi axtarışda iştirak etmək üçün polis bölməsinə getmişdir. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu əlində olan qara rəngli üzərində “Zara” yazısı olan əl çantasının içərisindən ümumilikdə 04 ədəd olan 01 ədəd gümüşü kağıza bükülmüş, 01 ədəd şəffaf sellofana bükülmüş, 02 ədəd ağ sellofana bükülmüş bükümləri və 01 ədəd “Nokia” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparmağa başlanılmış, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd büküm barədə məlumat verməsi bildirilmiş, sonuncu isə xx.xx.2023-cü il tarixdə 100 manata öz istifadəsi üçün “Yasamal bazarı” adlanan yerdən adını “Elgün” kimi tanıdığı şəxsdən aldığını qeyd etmişdir. Bundan sonra iştirakçılara həmin içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Daha sonra içərisində narkotik vasitəyə bənzər maddə olan bükümlər zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmış, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Nokia” markalı mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyi və istintaqa təhvil verilməsi üçün qablaşdırılaraq zərfə qoyulmuş, zərfin ağzı Nəsimi RPİ-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş ”189" nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): - “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 23 iyul 2023-cü il tarixli qərar ilə fakt üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai araşdırma aparılmışdır (i.v. 1); - Nəsimi Rayon Polis İdarəsinin PPXB polis nəfərləri Şahid2 və Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs inzibati ərazidə xidmət olduqları zaman Mərdanov Qardaşları küçəsi 47 ünvanının qarşısında küçənin işıqlanmayan tərəfində avtomobillərin arasında dayandığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və harada yaşamasını və üzərində şəxsiyyəti təsdiq edən sənədin olubolmadığını soruşduqda onlara qeyri-səmimi cavablar verilmiş və sənədinin olmaması bildirilmişdir. Onlar həmin qadının Nəsimi RPİ-nin 21-ci Polis bölməsinə aparılmasını təmin etmişlər. Həmin qadının barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş edilmişdir (i.v. 3); - “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21-22); - “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 24 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 97-98); - “Qətimkan tədbiri seçilməsi haqqında” 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 99-100); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” və ona əlavə edilmiş diskdəki olan videogörüntüdə, habelə “Şübhəli şəxsin dindirmə” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs üzərində aşkar olunan bükümlərdə olan heroini şəxsi istifadəsi üçün əldə edib gəzdirdiyi, onları heç kimə satmaq fikrində olmadığını bildirir (i.v.52-55, 66-68, 87-89); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16-6/3966 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələr ...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,557 qram, 0,883 qram, 0,331 qram, 0,101 qram ümumi təmiz çəkisi 1,872 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir (i.v. 60-62); - “Mobil telefona baxış keçirilməsi haqqında” 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus cinayət işi üzrə sübut əhəmiyyətli ola biləcək bir ədəd “Nokia” markalı mobil telefona baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edə biləcək fotoşəkil, sms mətni, səs yazısı və ya digər məlumat müəyyən edilməmişdir (i.v. 102); - Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ədil Bayramov tərəfindən tərtib edilmiş 24 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Nokia” markalı mobil telefon, “Zara” markalı bel çantası məişətdə gündəlik istifadə edilən əşya sayıldığından Təqsirləndirilən şəxs qaytarılmışdır (i.v. 103); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 haqqında xx.xx.2023-cü il tarixli, 5059 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 128-129); - “Baxış keçirilməsi haqqında” 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə sorğu edilən tarixlərdə çox saylı telefon danışıqları aparılmış və sms mətni daxil olmuşdur. Sms mətnlərinə baxış zamanı orada Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı xüsusat aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən və həmin nömrələrə daxil olan zənglər, anten dairəsi barədə məlumatlar, sms-lərdən ibarət xronoloji ardıcıllıqla sıralanan məlumatlar və abonentlərin şəxsiyyətini müəyyən edən cədvələ baxış keçirilmiş, lakin iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (i.v. 144); - “sübutların qiymətləndirilməsi və tövsif haqqında” 26 oktyabr 2023-cü il tarixli qərarla ********* saylı cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmiş, bundan əlavə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalan 1,672 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (i.v.145- 154); - Bakı şəhər Probasiya İdarəsinin rəisi vəzifəsini icra edən Elşad Əbdülrəhimzadə tərəfindən məhkəməyə ünvanlanmış 21-1/3-0768-2 saylı məktubdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 10 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan məhkəmə hökmü idarənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Məhkum Z.Xəilova idarədə qeydiyyatdan keçməmiş və ona təyin edilmiş cəzanın heç bir hissəsini çəkməmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışdan və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmdən görünür ki, Xəlilova X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il, 10 ay, 18 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.106-107); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və onun axtarış elan edilməsi, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi və Qərarın icrasının Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır; - Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin rəisi Samir Haşımov tərəfindən məhkəməyə ünvanlanmış 15 may 2024-cü il tarixli, 51-3/2-5029/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə 89 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ 21-ci Polis bölməsin gətirilmişdir; - Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış 14 may 2024-cü il tarixli, 3-16-17/40/2-3420/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir; - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir; Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası), həmin Məcəllənin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmasına, yəni satış məqsədi ilə 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,557 qram, 0,883 qram, 0,331 qram və 0,101 qram olmaqla narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib üzərində daşıması və saxlaması barədə ibtidai istintaq orqanının nəticəyə gəlməsində həlledici şəkildə onların bükümlərə qablaşdırılması səbəb olmuşdur. Lakin, “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Göründüyü kimi, Plenum qərarında narkotik vasitələri və ya psixotrop maddələri nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Yəni, aşkar edilmiş belə əşyaların bir neçə bükümdə olması onların məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki cinayət işinin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs götürülmüş 1,872 qram narkotik vasitə heroin 04 ədəd bükümdə olduğu müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitəni xırda bükümlərə qablaşdırması, hazırlanması, çəkilməsi üçün avadanlığın (tərəzi və s.) olması kimi hallar ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması ibtidai istintaq orqanının istinad etdiyi sübutlarla da uzlaşmır. Belə ki, Təqsirləndirilən şəxs istər məhkəmə istintaqı zamanı, istərsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində üzərində aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, heç vaxt satış məqsədi ilə narkotik vasitə əldə etmədiyini, saxlamadığını və daşımadığını bildirmişdir. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokola əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 04 bükümdə narkotik vasitə heroin olsa da, o, həmin vəziyyətdə (bükümlərə bölünmüş halda) narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarından (Şahid2 və Şahid1) heç biri məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər. Onlar xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verənlərə dair məlumatlar verməklə müstəsna olaraq Təqsirləndirilən şəxs üzərindən heroinin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi barədə polis əməkdaşlarının xidməti raportunda da onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatın olması göstərilməmiş, orada sadəcə olaraq Təqsirləndirilən şəxs qeyri-səmimi cavablar verməsi və sənədinin olmaması bildirilmişdir. Həmçinin, ibtidai istintaq zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs məxsus “Nokia” markalı mobil telefona baxış keçirilmiş, lakin Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşımasını təsdiq edəcək fotoşəkil, sms mətni, səs yazısı və ya digər məlumat müəyyən edilməmişdir. Həmçinin, ibtidai istintaq zamanı müstəntiq tərəfindən telefonla aparılan danışıqların və digər məlumatların ələ keçirilməsinə dair vəsatəti əsasında məhkəmə qərarının icrası ilə əlaqədar Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən verilmiş bir ədəd diskdəki məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə sorğu edilən tarixlərdə çox saylı telefon danışıqlarının aparılması və sms mətninin daxil olması müəyyən edilmiş, sms mətnlərinə və Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən və həmin nömrələrə daxil olan zənglər, anten dairəsi barədə məlumatlar, sms-lərdən ibarət xronoloji ardıcıllıqla sıralanan məlumatlar və abonentlərin şəxsiyyətini müəyyən edən cədvələ baxış zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşımasını təsdiq edəcək sübut aşkar edilməmişdir. Bundan əlavə, məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat 23 iyul 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlamış və əməlin tövsif edildiyi 26 oktyabr 2023-cü il tarixədək aparılmış ibtidai istintaq dövründə keçirilmiş istintaq hərəkətləri ilə sonuncunun barəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşıması ittihamı irəli sürülməsinə zəmin yaradacaq hər hansı fakt və sübut aşkar olunmadan yalnız müstəntiqin subyektiv xarakterli mülahizələri əsasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədinin olmasına dair ibtidai istintaq orqanının qənaəti onda aşkar edilmiş narkotik vasitənin 04 bükümdə olması kimi xüsusatlardan irəli gələn ehtimal subyektiv xarakterli mülahizədir. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 haqqında xx.xx.2023-cü il tarixli, 5059 saylı rəyində Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması qeyd edilir. Bununla bağlı məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxsin cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələr ehtimal üzərində qurula bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi də məhkəmənin ittiham hökmünün ehtimallara əsaslanmasına yol vermir və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda belə hökmün çıxarılmasını şərtləndirir. Beləliklə, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib üzərində saxlaması məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunmur. Bununla belə, Təqsirləndirilən şəxs qanunsuz olaraq 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,557 qram, 0,883 qram, 0,331 qram və 0,101 qram, ümumi çəkisi 1,872 qram narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıması öz təsdiqini tapır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib və bir-biri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşıma kimi deyil, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıma (cinayət törədilən zaman qüvvədə olan Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğun olaraq) kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-392/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Təqsirləndirilən şəxs cəzası icra olunmamışdır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)- 392/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 05 (beş) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 13 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, 04 bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,557 qram, 0,883 qram, 0,331 qram, 0,101 qram olmaqla ümumi təmiz çəkisi 1,872 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,672 qram olan narkotik vasitə heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 52 saat üçün nəzərdə tutulan 312 (üç yüz on iki) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-392/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 05 (beş) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 13 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat miqdarında ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,557 qram, 0,883 qram, 0,331 qram, 0,101 qram olmaqla ümumi təmiz çəkisi 1,872 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,672 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 52 (əlli iki) saat üçün nəzərdə tutulan 312 (üç yüz on iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar