Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-70/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1964-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 8F909XM), subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri, Azad Mirzəyev küçəsi, ev 42/44-də qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, ev 39B-də yaşayan, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayı ərzində günorta vaxtı ünvan 1 ünvanda yerləşən “Perron Gallery” ticarət mərkəzində Zərərçəkmiş şəxs işlətdiyi “Ajumal” mağazasından satıcının başının qarışıq olmasından istifadə edib piştaxtaya qoyulmuş, dəyəri 225,00 manat olan bir ədəd 150 qramlıq “Chanel Bleu 2018” markalı ətiri gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, həmin yerdən: • 2022-ci ilin iyun ayının əvvəllərində günorta vaxtı satıcının başının qarışıq olmasından istifadə edib piştaxtaya qoyulmuş, dəyəri 225,00 manat olan bir ədəd 150 qramlıq “PDM Layton”; • 2022-ci ilin iyun ayının ortalarında günorta vaxtı satıcının başının qarışıq olmasından istifadə edib piştaxtaya qoyulmuş, dəyəri 225,00 manat olan bir ədəd 150 qramlıq “X4 Sport” markalı ətirləri gizli yolla talayaraq zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin may ayında Bakı Dəmir Yolu Vağzalının ərazisində yeləşən “Perron Gallery” ticarət mərkəzində olan “Ajumal” mağazasına gələrək ətirlərə baxmış, ətirin iyindən xoşu gəlsə də, onu almağa pulu olmadığından oğurlamaq qərarına gəlmişdir. Həmin vaxtı piştaxtaya qoyulmuş 150 qramlıq şüşə qabdakı ətiri satıcının başının qarışıq olmasından istifadə edərək əynindəki şalvarın cibinə qoyub mağazadan uzaqlaşmışdır. Daha sonra növbəti ayda təkrarən günorta vaxtı həmin mağazaya gələrək piştaxtaya qoyulmuş 150 qramlıq ətirlə dolu şüşə qabı götürüb satıcının başının qarışıq olmasından istifadə edərək çiynindən asılmış çantanın içərisinə qoyub mağazanı tərk etmişdir. Aradan təxminən 5-10 gün keçdikdən sonra günorta saatlarında təkrarən bu mağazaya gələrək piştaxtaya qoyulmuş ətirlə dolu olan 150 qramlıq şüşə qabı götürüb satıcının başının qarışıq olmasından istifadə edərək əynindəki pencəyinin sol çöl cibinə qoyub mağazadan çıxıb getmişdir. Oğurladığı ətirləri satmaq niyyəti olmamış, onları öz yaşadığı evdə saxlamış və könüllü olaraq polisə təqdim etmişdir. Törətdiyi əməllərdən peşmandır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən “Perron Gallery” ticarət mərkəzində “Ajumal” adlı ətir dükanını işlədir, oradakı məhsullar ona məxsusdur. 2022-ci ilin iyun ayında mağazada qramla satılan ətirlərin uçotunu aparanda dəyəri 225,00 manat olan bir ədəd 150 qramlıq “Chanel Bleu 2018” markalı, dəyəri 225,00 manat olan bir ədəd 150 qramlıq “PDM Layton” markalı və dəyəri 225,00 manat olan bir ədəd 150 qramlıq “X4 Sport” markalı ətirlərin piştaxtada olmadığını aşkar etmişdir. Mağazada olan müşahidə kameralarına baxdıqda 2022-ci ilin may və iyun ayları ərzində ayrı-ayrı vaxtlarda mağazaya daxil olan, təxminən 55-60 yaşlı kişinin satıcının başının qarışıq olmasından istifadə edib piştaxtadan həmin ətirləri oğurlayaraq mağazanı tərk etdiyini müəyyən etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində həmin şəxs yenidən oraya gəlib piştaxtada olan, qramı 0,50 manat təşkil edən bir ədəd 150 qramlıq “X3” ətirini götürüb çıxan zaman satıcı tərəfindən saxlanılaraq polisə təhvil verilmişdir. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6405 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilən kustar üsulla hazırlanmış ətirlərin 2022-ci ilin may-iyun aylarına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd üzərində “Chanel Bleu 2018” yazısı olan ətirin bir qramı 1,50 manat, 150 qramı 225,00 manat; 01 ədəd üzərində “PDM Layton” yazısı olan ətirin bir qramı 1,50 manat, 150 qramı 225,00 manat; 01 ədəd üzərində “X4 Sport” yazısı olan ətirin bir qramı 1,50 manat, 150 qramı 225,00 manat. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.28-30); “CD-də olan video görüntülərə baxış keçirilməsi barədə” 16 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanda “Perron Gallery” ticarət mərkəzində yerləşən “Ajumal” mağazasında quraşdırılmış kameraların görüntüləri olan diskə baxış keçirilmişdir. Diskdə “WhatsApp Video 2022-06-24 at 16.43.46 (1)”, “WhatsApp Video 2022-06-24 at 16.43.46 (2)”, “WhatsApp Video 2022-06-24 at 16.43.46” və “WhatsApp Video 2022-06-24 at 16.43.47” adlı qovluqlar var. “WhatsApp Video 2022-06-24 at 16.43.46” adlı qovluqdakı video görüntülər 14 saniyə davam edir. Görüntülərə baxdıqda müəyyən edilir ki, başında ağlı-qaralı rəngdə papaq, əynində tünd rəngli pencək, tünd rəngli şalvar, ayağında qara rəngli ayaqqabı, olan bir kişi görüntünün 01 saniyəsində sol əlini uzadaraq piştaxtadan içərisində ətir olan şüşə qabı götürərək əynindəki pencəyin sol çöl cibinə qoyur. “WhatsApp Video 2022-06-24 at 16.43.46 (2)” adlı qovluqdakı video görüntülər 42 saniyə davam edir. Görüntülərə baxdıqda müəyyən edilir ki, başında ağlıqaralı rəngdə kepka, əynində ön hissəsində qırmızı rəngli “loqo” olan qara rəngli qısaqol köynək, tünd boz rəngli şalvar, ayağında qara rəngli ayaqqabı, üzərində isə çiyindən keçirmə çanta olan bir kişi mağazada qoyulmuş piştaxtalara baxdıqdan sonra görüntünün 07-ci saniyəsində piştaxtadakı içərisində ətir olan şüşə qabı götürür, bir qədər sağa-sola hərəkət etdikdən sonra həmin qabı görüntünün 23-cü saniyəsində əynindəki şalvarın sol yan cibinə qoyaraq dükandan çölə çıxır və dükanın qarşısındakı ağ və qara rəngli polietilen torbaları götürərək oradan uzaqlaşır. “WhatsApp Video 2022-06-24 at 16.43.47” adlı qovluqdakı görüntülər 43 saniyə davam edir. Görüntülərə baxdıqda müəyyən edilir ki, başında qara rəngli papaq, əynində sarısı rəngli pencək, tünd boz rəngli şalvar, ayağında qara rəngli ayaqqabı, əlində qara rəngli polietilen torba olan bir kişi görüntünün 20-ci saniyəsində sol əlini uzadaraq piştaxtadan içərisində ətir olan şüşə qabı götürür, bir qədər əlində saxladıqdan sonra görüntünün 32-ci dəqiqəsində həmin qabı əynindəki pencəyin sol çöl cibinə qoyur və mağazanın çıxışına doğru hərəkətə başlayır. “WhatsApp Video 2022-06-24 at 16.43.46 (1)” adlı qovluqdakı görüntülər 01 dəqiqə 59 saniyə davam edir. Görüntülərə baxdıqda müəyyən edilir ki, başında ağlı-qaralı rəngdə papaq, əynində mirvari qızılı rəngdə qısaqol köynək, tünd boz rəngli şalvar, ayağında qara rəngli ayaqqabı, üzərində isə çiyindən keçirmə çanta olan bir kişi mağazada qoyulmuş piştaxtalara baxdıqdan sonra görüntünün 01:19 dəqiqəsində piştaxtadan içərisində ətir olan şüşə qabı götürür, bir qədər qarşı tərəfə gedib geri qayıtdıqdan sonra həmin qabı görüntünün 01:32 dəqiqəsində əynindəki şalvarın sağ yan cibinə qoyaraq dükandan çıxarkən qapıda satıcı onun qolundan tutub dükana geri qaytarır. Təqsirləndirilən şəxs bildirdi ki, görüntülərdə ətir oğurlayan şəxs ozüdür, həmin ətirləri kolleksiya toplamaq məqsədi ilə oğurlamışdır (İ cild, i.v.51-53); “Maddi sübut kimi tanımaq haqqında” 16 noyabr və 05 dekabr 2022-ci il tarixli qərarlara əsasən ünvan 2 ünvanda “Perron Gallery” ticarət mərkəzində yerləşən Ajumal” mağazasında baş vermiş oğurluq hadisəsinin görüntülərinini əks etdirən “CD” disk və Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən evdən götürülmüş 01 ədəd üzərində “Chanel Bleu 2018” yazısı olan 150 qramlıq, 01 ədəd üzərində “PDM Layton” yazısı olan 150 qramlıq, 01 ədəd üzərində “X4 Sport” yazısı olan 150 qramlıq və dəyərinə görə cinayət tərkibi yaratmayan 01 ədəd “X5 2021” markalı, 01 ədəd “212 X6” markalı, həmçinin oğurlamaq istədiyi 01 ədəd “X3” markalı ətirlər iş üzrə maddi sübut kimi tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş, ətirlər isə saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişdir (İ cild, i.v.54, 70-71, 74); 12 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.108-109); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (İ cild, i.v.57-58). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin aradan qaldırılmasını Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halın olmasını və yaşını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınaraq “Ajumal” mağazasında baş vermiş oğurluq hadisəsinin görüntülərini əks etdirən bir ədəd “CD” disk cinayət işinin materiallarında, 01 ədəd üzərində “Chanel Bleu 2018” yazısı olan 150 qramlıq, 01 ədəd üzərində “PDM Layton” yazısı olan 150 qramlıq, 01 ədəd üzərində “X4 Sport” yazısı olan 150 qramlıq və dəyərinə görə cinayət tərkibi yaratmayan 01 ədəd “X5 2021” markalı, 01 ədəd “212 X6” markalı, 01 ədəd “X3” markalı ətirlər isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, ev 39B-i hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq “Ajumal” mağazasında baş vermiş oğurluq hadisəsinin görüntülərini əks etdirən bir ədəd “CD” disk cinayət işinin materiallarında, 01 ədəd üzərində “Chanel Bleu 2018” yazısı olan 150 qramlıq, 01 ədəd üzərində “PDM Layton” yazısı olan 150 qramlıq, 01 ədəd üzərində “X4 Sport” yazısı olan 150 qramlıq və dəyərinə görə cinayət tərkibi yaratmayan 01 ədəd “X5 2021” markalı, 01 ədəd “212 X6” markalı, 01 ədəd “X3” markalı ətirlər isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-70/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-70/2023
03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver