Məhkəmə qərarları › İş №1(006)-706/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-706/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-706/2025 19.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X15 və onun müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148 və 148-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148 və 148-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, özü fərdi sahibkardır, adına ********** saylı VÖEN vardır. Özü isə mebel ustası kimi Bakı şəhəri, Koroğlu metrosunun yaxınlığında fəaliyyət göstərir. Belə ki, X13 2021-ci ildən tanıyır. Əvvəllər onlarda müştəri olduğu üçün “İnstagram” sosial şəbəkəsində istifadə etdiyi “@mebel_ustasi.1” adlı profilinin direktinə yazaraq və oradan +**********42 saylı mobil telefonunun nömrəsini götürərək onunla bir usta kimi əlaqə saxlamışdır. Həmin ərəfələrdə o, Aynur Qədirovaya yataq dəstini evində qurmuşdur. Bu ərəfələrdə isə aralarında sıx dostluq yaranmışdır. Lakin, sonradan Aynurun ona yalan danışmağı və onu aldatmasını öyrəndikdən sonra onunla əlaqəni kəsmişdir. Amma Aynur isə bacısı X15 və Lamiyənin əri Orxan Cəfərovla əlbir olaraq ona qarşı çirkin əməllər həyata keçirmişlər. O isə onun istifadəsində olan “Baica115” minik markalı, 2014-cü il buraxılışlı, LNBSCBAJ6ER420080 BAN nömrəli, 90SA578 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə ona nəqliyyat vasitəsini idarə etmək üçün vermişdir. Halbuki o vicdanlı alıcı kimi həmin avtomobili Aynurdan 15.000 (on beş min) manata satın almışdır. Şərt bu idi ki, həmin maşının pulunu o hissə-hissə ödəyib qurtaranadək maşın Aynurun özündə qalmaq şərti ilə razılaşma olmuşdur. Ona görə də ona etibar edib həmin avtomobilin Aynurda qalmasına etiraz etməmişdir. Çünki istifadəsində olan və arvadı X6 məxsus “QAZEL” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. O, Aynurda olan “Baica115” minik markalı, 2014-cü il buraxılışlı, LNBSCBAJ6ER420080 BAN nömrəli, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 15.000 (on beş min) manatı ödəyib qurtardıqdan sonra avtomobili Aynurdan tələb etdikdə, cavabında onu şantaj edərək əlavə 5.000 (beş min) manat pulları da özünə məxsus **********431181, **********347228 və **********706779 saylı kart hesablarından cavabdeh X14 məxsus **********467907, **********439196 və **********547967 saylı kart hesablarına ödənişlər etmişdir. Sonradan bilmişdir ki, Aynur onu aldadaraq “Baica115” minik markalı, 2014-cü il buraxılışlı, LNBSCBAJ6ER420080 BAN nömrəli, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili başqa bir şəxsə satmışdır. O isə Aynur Qədirovadan pulunu tələb etdikdə ona qarşı qarapiar həyata keçirərək barəsində haqsız-ədalətsiz şikayətlər etmişlər ki, onlardan qanuni pulunu almasın. X15 isə 2025-ci ilin mart-aprel aylarında nalayiq söyüşlərlə “İnstagram”da “mebel_ustasi.1” adlı profillə paylaşım etdiyi səhifənin altından özü üçün saxta açdığı (Qwertv, i.r777u.a və agala030) profillərlə cürbəcür təhqirlər və şər böhtanlar yazaraq onun iş fəaliyyətinə nöqsan yetirərək onunla işləyən müştəriləri ondan uzaqlaşdırmışlar. Xüsusi ittihamçı X16 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(056)-72/2025 saylı qərarına əsasən xüsusi ittihamçı X9 xüsusi ittiham qaydasında barəsində şikayət olunan şəxs X5 və X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 148-1-ci maddələri ilə xüsusi ittiham qaydasında vermiş olduğu şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Bundan başqa iddiaçı X5 cavabdeh X14 qarşı pul tələbinə dair mülki iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X3 e-2(006)-3576/2025 saylı mülki iş üzrə icraatındadır. Belə ki, o da, xx.xx.2025-ci il tarixdə saat 13:11 radələrində istifadəsində olan ***-***-**-** saylı “Whatsapp Web” şəbəkə nömrəsi ilə X9 bacısı X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Whatsapp Web” şəbəkəsinə yazaraq heç bir etik normanı pozmadan bacısı X9 harada gizləndiyini və haqq-ədalətin bərpa olunması üçün məhkəmə iclasında iştirak etməsini bildirmişdir. Lamiyə Cəfərova isə onu səsli və yazılı şəkildə özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin ifadələri təsdiq edən diski təqdim edir. O isə bu təhqirlərə dözməyərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Bu şəxs hətta “Whatsapp Web” şəbəkəsində ona səs ataraq işlədiyi müəssisənin də adını çəkərək əvvəlki şikayəti üzrə güldüklərini bildirmişdir. Hətta işlədiyi "xxxx" QSCnin prezidenti Samir Rzayevə belə şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli, 13-2/2-A-320/2-1/2025/4497 saylı “Müraciətə baxılması barədə” məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildirir ki, bundan öncə "Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) göndərilən eyniməzmunlu müraciətin araşdırılması zamanı müəyyən edilmişdir ki, onun AZAL-ın əməkdaşı X15 barədə müraciətdə qeyd etdikləri qeyri-əmək münasibətləri xarakteri daşıdığından, AZAL-ın araşdırmaq səlahiyyətləri çərçivəsində deyil. Bununla əlaqədar, müraciətində qeyd etdiyi məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etmək hüququna malikdir. Bundan başqa onun Daxili İşlər Nazirliyinin 102 Qaynar Xəttinə etdiyi şikayətinə əsasən ünvanlanmış Baki Şəhər Yasamal Rayon Polis İdarəsi 26-ci Polis Bölməsi tərəfindən xx.xx.2025-ci il tarixli, 54/2-A-4389/2025 saylı məktubda isə göstərilmişdir ki, müraciətində göstərilən xususatlar mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunur. Məktubun tarixi də düzgün qeyd edilməmişdir. Göründüyü kimi onun hüquqlarının qorunması ilə bağlı müddəaya belə düzgün hüquqi qiymət verilməmişdir. Əgər belədirsə onda demək vətəndaşların şikayət və müraciətləri kitabında da qeydlər düzgün aparılmır. Halbuki polis tərəfindən X15 barəsində inzibati tənbeh kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsini (Xırda xuliqanlıq, yəni ictimai qaydam pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.) tətbiq etməsi qanunla əsaslıdır. Lakin, bu hala da istinad edilməmişdir. Belə çıxır ki, hər bir şəxs istədiyi şəxsi təhqir etmək hüququ var? Çünki etik-normalara diqqət yetirmək hər bir Azərbaycan vətəndaşının borcudur. Bu şəxs isə bunun heç birinə riayət etmir. Şəxsiyyətin şərəf və ləyaqəti onun ən ali, təbii və ayrılmaz hüququdur. Şərəf və ləyaqətin müdafiəsinin aktuallığı onda ifadə olunur ki, bunlara qarşı törədilən cinayətləri istər Avropa, istərsə də milli qanunvericiliyimizdə tədqiq etməklə, insanların şərəf və ləyaqətinə qəsd edən əməllərin dairəsi və onlara görə tətbiq edilən sanksiyaların növünü müəyyən etməklə bunun kimi ali dəyərə göstərilən həssas münasibət ön plana çəkilir. Bu hüquqlar bir sıra beynəlxalq paktlarda və konvensiyalarda təsbit olunmaqla beynəlxalq səviyyədə də müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin birinci hissəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İkinci hissədə isə qeyd olunur ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəf və ləyaqəti ən yüksək qanunumuz olan - Konstitusiya ilə qorunmaqdadır. X7 “İnstagram” səhifəsində onunla bağlı yaydığı böhtanlar və təhqirlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 böhtan və 148 və 148-1-ci maddələrinin müddəalarına tam uyğundurlar ki, o qeyd olunanları məhkəmənin diqqətinə çatdırmaqla X7 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir. (X7 işlətdiyi İnstagram profili - i.r777u.a) yazdığı comment – “Cuwka”, (X7 işlətdiyi İnstagram profili - agala030) yazdığı comment – “Er arvad ogurru maweyniksiz camnatin evine girib mawinin evin pulun wantajla elinen almaq istiyirsiz haram coreyi Allah bogazinizda qoyacaq, inşallah Guler sene o soyuwderi Werefli erinle birlikde yedizdirecen, bir hissesin yedirtmiwem qalib yarisi”, (X7 işlətdiyi İnstagram profili - agala030) yazdığı comment – “Bilirem elin durmur qawinirsan mene dostluq atırsan at buların hamisi mehkemede subutdu, senen qurtarım, o qohumun Sedirxan var ee buzovnadan sonra onun cezasin verdirecem, wikayyet edib, sen buynuzlu banniyan xoruzsan arvadin demiw, buyuzun qawinir problem deyil qawiyariq” (X7 işlətdiyi İnstagram profili - agala030) yazdığı comment - Guleri Sabirabatda ya burda gizletmisen Arvadin keci qiymetine satan er arvadivin heyati (X7 işlətdiyi İnstagram profili - Qwerty) yazdığı comment – “Wekilleri deyişdin? Bes kişilikdən danışırdın noldu hec kimnen qorxmurdun seni Zaxra maxra edecem az qalib gozde Guler Terbiyeli xanimin Cox terbiyeli ve seviyelisiz yazdiginiz o yazılardan gorunur ki aile terbiyesi gormusuz, az qalib mehkemede cavab veresen her attigin were Aynurun puluna mawinina Sahib sahib cixib Guler terbiyeli siqaret ceken arvdivi Aynurun hesabina mawinli etmek isteyirdin eybi yox Mehkemede baxacam senin daniwigina hele get aftavaya Aftaga dediyin sozu dizgun ifade etmeyi oyren mewq et ozuvu mehkemede biyabr etme savatsiz daniwiginla”, (X7 işlətdiyi İnstagram profili - İ.r777u.a) yazdığı comment – “söhbet kimden gedir bilmirem senol anam bomba kimidi sadece cuwkarski yazmısan, o mebellerin siyirmesine ters soxaram seni bilesən” sözləri yazılmışdır. Bunu təsdiq edəcək şahidləri var və onları məhkəmə iclasına gətirəcəkdir. Çünki bu kommnetləri görüb ona xəbər etmişlər. O isə bunu screenshot edib saxlamış, sonra isə Lamiyə Cəfərova bu yazılan kommentləri silmişdir. Lakin, silməmişdən qabaq bunu görən insanlar olmuşdur. Buda onun şərəfinin ləkələnməsinı gətirib çıxarmışdır. Əalvə olaraq bildirir ki, onun instagram profili “zaxramaxra_beyim” olan profilin altından təhqirlər və şərəf və layəqti alçaldan sözlər yazılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməldə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Eyni zamanda Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının 5-ci maddəsində göstərilmişdir: “CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun”.Həmçinin Xüsusi ittiham Qaydasında Şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx.xx.2014-cü il tarixli qərarında deyilir ki, “İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci ii tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir”. Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Halbuki, Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının qərara aldım hissəsində olan müdəallardan da görünür ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İl və Hİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fikir və söz azadlığı), 50ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronika! proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə, yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Yuxarıda göstərilənlərə əsasən, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2, 148 və 148-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək bildirmişdir ki, onun mebel ustası kimi işlədiyi sosial şəbəkə hesablarına şikayət verdiyi şəxs tərəfindən böhtan və təhqir xarakterli mesajlar yazılmışdır. X22 ilə əvvələr hər hansı pronlemləri olmasa da, sonuncu onun özünü və ailəsini dəfələrlə sosial şəbəkə vasitəsilə təhqir etmişdir. Qeyd olunanları nəzərə alaraq, Lamiyə Cəfərovanın təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X15 bildirdi ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs onun bacısı barədə pis sözlər demişdir. Onun bacısının oğluna xüsusi ittiham qaydasında şikayət verən şəxs həd-qorxu gəlmişdir. Hal-hazırda xüsusi ittihamçı ilə mülki qaydada məhkəmə mübahisələri davam edir. Qeyd etdiklərinin nəzərə alınmasını və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul olunmasından imtina edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi X8 cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Məhkəmə ilk əvvəl onu qeyd edir ki, CM-nin 148-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli xüsusi ittiham qaydasında təqib edilən cinayət əməli deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156-158, 163, 169-1, 175-177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində xüsusi ittiham və ictimai-xüsusi ittiham qaydasında təqib edilməli olan cinayət əməllərinin siyahısı konkret göstərilmişdir. Həmçinin həmin Məcəllənin 302.1.5-ci maddəsində göstərilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin, şikayət ərizəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi, hansı hərəkətləri ilə isə Azərbaycan Respublikasının CM-nin 148-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi fərqləndirilməmiş, şikayət ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulubpozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Bundan başqa, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X11 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X15 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-706/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 hüquqlarının müdafiəsi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X11 göstərilmiş 8 (səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 88 (səksən səkkiz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2, 148 və 148-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. X11 göstərilmiş hüquqi xidmətə görə dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 88 (səksən səkkiz) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar